Bələdçilik peşəsi hazırda Azərbaycanın turizm sənayesində ən çox ehtiyac duyulan istiqamətidir

 

Dünən Azərbaycan Turizm İnstitutunda (ATİ) Təlim Mərkəzi tərəfindən təşkil edilən bələdçi kurslarının ilk dinləyicilərinə sertifikatların və vəsiqələrin təqdimetmə mərasimi keçirildi. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Sevda Məmmədəliyeva, nazirliyin elm və təhsil şöbəsinin müdiri Yaşar Əliyev, sektor müdiri Asif Usubəliyev, ATİ-nin rektoru Cəfər Cəfərov, institutun müəllim və tələbə heyəti iştirak edirdi.  

Təqdimetmə mərasimini giriş sözü ilə rektor Cəfər Cəfərov açaraq bildirdi ki, rəhbərlik etdiyi institutun nəzdində fəaliyyət göstərən Təlim Mərkəzi ölkə sənayesinin qısamüddətli təlim ehtiyaclarını ödəmək üçün yaradılıb və ATİ-nin təsərrüfat hesablı struktur vahididir. Təlim Mərkəzi tərəfindən “Turizm Bələdçi”, "Qeydiyyat və ön büro (Front Office)”,  “Turoperator və turagent” kursları artıq başlayıb və davam edir, “Restoran və bar xidmətləri”, “Otaq və koridor (House Keeping)”, “Aşbazlıq”, “Animatorluq” və “Hotellərdə idarəçilik” kursları üzrə isə dinləyici yığımı aparılır. C.Cəfərovun sözlərinə görə, bələdçilik kursunun ilk qrupunu 14 nəfər bitirib: «Bələdçi yeganə kursdur ki, burda iştirak etmək üçün ali təhsilli olmaq və ən azı bir xarici dil bilmək şərti var. Kurslar 120 saat nəzəri, 7 gün praktika hissəsindən ibarətdir. Nəzəri hissədə ümumi turizm bilikləri, bələdçi peşə bilikləri, Azərbaycan tarixi (o cümlədən, müasir dövlət quruluşu), turizm coğrafiyası, mədəniyyəti, ədəbiyyatı və incəsənəti, memarlığı və tətbiqi sənəti, arxeologiyası, iqtisadiyyatı, dinlər tarixi (mifologiya və Şərq mifologiyası da daxil), etnoqrafiya (folklor, xalçaçılıq, kulinariya, xalq yaradıcılığı), ilk tibbi yardım, turizm qanunvericiliyi və turist psixologiyası dərsləri keçirilir. ATİ-nin təcrübəli müəllimləri ilə paralel olaraq sənaye nümayəndələri dərsləri aparıb». C.Cəfərov bildirdi ki, kursun dinləyiciləri Mədəniyyət və Turizm Nazirliyi yanında yaradılmış Bələdçilərin Attestasiya Komissiyasının nəzarəti ilə şifahi və ekskursiya olmaqla 3 mərhələdə imtahan veriblər: «Kursları bitirənlər sertifikat alırlar və attestasiyadan keçmək üçün ərizə ilə birlikdə müvafiq sənədlərini təqdim edirlər. Komissiyadan keçənlərə 5 il müddətində bələdçi kartı və şəhadətnaməsi verilir. Biz nazirliyə məktubla müraciət etmişik ki, mövcud bələdçilər də qısamüddətli kurslara cəlb olunmaqla attestasiyadan keçirilib, sənədlərlə təmin edilsinlər». Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, bələdçilik peşəsi hazırda Azərbaycanın turizm sənayesində ən çox ehtiyac duyulan iş istiqamətidir. Aparılan araşdırmalardan gəlinən nəticəyə görə, Azərbaycanda bir il müddətində bütün bələdçilər sertifikat almalıdırlar. Nazirin sözlərinə görə, dövlət başçısı İlham Əliyevin Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai ilə görüşü zamanı daha çox müzakirə olunan mövzulardan biri də turist xidmətlərinin səviyyəsinin artırılması və bu xidmətlərin müxtəlifliyinin təmin edilməsi yolunda kadr hazırlığı ilə bağlı oldu: «Taleb Rifai ATİ-nin fəxri doktoru adına da layiq görüldü. Artıq bu dövrdən etibarən Turizm İnstitutu ilə DTT arasında müvafiq əməkdaşlığın genişləndirilməsinə biz çox ciddi əsas aldıq. ATİ Dünya Turizm Təşkilatının assosiativ üzvlüyünə daxil olub və bu qurumun bütün proqramlarında fəal iştirak edir. Bütün bunları deməkdə məqsədim odur ki, əgər ölkə başçısı turizm mütəxəssisləri ilə söhbətində diqqəti Azərbaycanda bu sahə üzrə kadr hazırlığı məsələsinə yönəldirsə, deməli, bu, dövlətin prioritet istiqamətlərindən biridir. Biz də bu işə yaxşı başlamışıq. Turizm İnstitutu artıq 3-cü buraxılışına hazırlaşır. Azərbaycana gələn turistlərin sayı ildən-ilə artır. Bunun üçün ölkədə viza rejiminin, hava limanlarının imkanlarının genişləndirilməsi nəzərdə tutulur. Azərbaycanın daha geniş təbliğ edilməsi üçün dövlət tərəfindən maliyyə ayrılır. Yalnız ötən həftə müddətində «CNN İnternational» kanalında «Azərbaycana baxış» silsilə verilişləri yayımlandıqdan sonra tourism.az saytına daxil olanların sayı dəfələrlə artıb. Biz gələn qonaqların qarşısına peşəkar, məlumatı düzgün, aydın çatdırmağı bacaran insanlar çıxarmalıyıq. Ona görə də mən bələdçi kursunun ilk buraxılışını yüksək qiymətləndirirəm. Bütün turizm şirkətlərinə tövsiyə edirəm ki, yalnız sertifikatlı bələdçilərlə işləsinlər». Tədbirin sonunda nazir bələdçi kursunun ilk 14 nəfər dinləyicisinə sertifikatları və vəsiqələri təqdim etdi.  

 

Bələdçi peşəkarlıqla yanaşı xalqın mədəniyyətini, ədəbiyyatını, tarixini, adət-ənənlərini dərindən bilməlidir 

 

Jurnalistlərə açıqlamasında nazir Ə.Qarayev bir daha bu mövzuya toxunaraq bildirdi ki, nazirlik sertifikatsız bələdçilərin fəaliyyətini qanunsuz hesab edəcək və gələn ilin yayına qədər ölkəmizdə bələdçilik fəaliyyəti ilə məşğul olan bütün insanlar sertifikat almalıdır: «Söhbət ondan gedir ki, bələdçilərin müəyyən qismi sovet dövründə yazılmış, bizim milli dəyərlərimizin əhəmiyyətini bugünkü qədər dərk etməyə imkan vernəyən dərsliklər əsasında təhsil alıblar. Biz müstəqil ölkə olaraq, bu sahəyə yeni baxışla baxırıq ». Onun sözlərinə görə, bələdçi peşəkar olmaqla yanaşı mənsub olduğu xalqın mədəniyyətini, ədəbiyyatını, tarixini, adət-ənənlərini dərindən bilməlidir.

 

 

Nigar Abdullayeva

 

Palitra.-2011.-23 noyabr.- S.11.