Azərbaycan virtual məkanda: milli maraqlarımızı necə təmin edək

 

İnsan sivilizasiyasının sürətli inkişafı texnologiyaların tamamilə yeni nəslini  -  informasiya texnologiyalarını doğurub və hər bir toplumun inkişafında, zamanla ayaqlaşmasında zərurətə çevirib. Müasir dövrdə - informasiya əsrində hər bir dövlətin və cəmiyyətin real gücünü onun virtual məkanda təmsilçiliyi və hansı səviyyədə mövcud olması xeyli dərəcədə təyin edir.  Bu baxımdan Azərbaycanın virtual məkanda milli maraqlarının təmin edilməsi böyük strateji önəm daşıyır.  

Azərbaycanın nadir geosiyasi mövqeyi, təbii resursları, sosial-iqtisadi qüdrəti, regionda liderliyi kimi uğurlar virtual məkanda üstünlüyü də əldə etməklə qlobal mənada tamamlanmaqdadır. Bunun üçün məqsədyönlü dövlət siyasəti həyata keçirilir. Məlum olduğu kimi, Prezident İlham Əliyev 2007-ci ildə ölkənin milli təhlükəsizlik konsepsiyasını imzalayıb. Orada qeyd olunur ki, təhlükəsizlik təkcə real dünyada yox, həm də virtual dünyada təmin olunmalıdır. Rusiyanın Yekaterinburq şəhərində təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək vəzifəli şəxslərin beynəlxalq görüşündə Prezident Administrasiyasının rəhbəri, Təhlükəsizlik Şurasının katibi, akademik Ramiz Mehdiyev “Beynəlxalq informasiya təhlükəsizliyinin möhkəmləndirilməsinə ümumi yanaşmalar” mövzusunda məruzəsində deyib: “XX əsrin sonu və XXI əsrin əvvəlində elmi-texniki inkişaf postsənaye informasiya cəmiyyətinin yaranmasına gətirib çıxarıb, bununla da dünyanın adi mərkəzçi-dövlət modeli dəyişib. Bu gün müasir informasiya-kommunikasiya texnologiyaları olmadan sosial-siyasi prosesləri səmərəli idarə etmək mümkün deyil”. Buradan görünür ki, hər bir ölkənin, cəmiyyətin mövcudluğu və rifahı informasiya texnologiyaları sahəsində siyasətin praqmatikliyindən və çevikliyindən asılıdır. Qlobal informasiya məkanı və kütləvi kommunikasiya vasitələri şəbəkəsinin təsiri altında dünyada baş verənlər təkcə  keyfiyyət dəyişiklikləri ilə bitmir. Bu proseslər həm də sosial-siyasi sahədə informasiya mübarizəsi və ya təbliğat aparmaq üçün geniş imkanlar açır. Bu imkanlardan maksimum yararlanmaqla Azərbaycan beynəlxalq imicini və xarici təbliğatını daha da gücləndirə, cəmiyyəti, milləti yeni dövrün tələblərinə uyğun mütəşəkkilləşdirə bilər. Bunun üçün isə cəmiyyət strukturlarını virtual məkanda ciddi mobilləşdirmək və beynəlxalq arenaya Azərbaycanın virtual təqdimatını optimal səviyyədə təqdim etmək lazımdır. Qeyd edək ki, Prezident İlham Əliyevin iradəsi ilə ölkədə “Elektron Azərbaycan”ın formalaşması da bu işdə təməl resursların formalaşmasında həlledici rol oynayır.Bu barədə qəzetimizə fikirlərini bildirən AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev də eyni cür düşünür: “Ölkədə virtual məkanın inkişafı sahəsində kifayət qədər tədbirlər görülüb. Bu baxımdan biz dünyanın öncül ölkələri sırasındayıq. Kifayət qədər ciddi internet resurslarımız, təbliğat və maarifləndirmə mənbələrimiz var. Ölkəmizdə internet azadlığı və sərbəstliyi yaradılıb ki, bu da bütün tərəflərin imkanlardan bəhrələnməsinə və virtual məkanda öz töhfəsini verməyə münbit şərait yaradıb.  Bütün hökumət strukturlarının saytları, portallar, həmçinin ölkədə sürətlə inkişaf etməkdə olan bloqçuluq, müxtəlif dillərdə internet təbliğat resursları buna misaldır. Biz bu işdə yaxından iştirak edirik ki, Azərbaycan virtual məkanda yüksək səviyyədə təmsil olunsun, Azərbaycanın maraqları hər məqamda qorunsun. Azərbaycanın milli-mənəvi dəyərlərinə qarşı olan təhlükələr aradan qaldırılsın”. Ölkədə “virtual Vətən”in yaranması təşəbbüsü də milli maraqlar baxımından virtual məkanda təmsilçilikdə çox əlverişlidir. R.Əliquliyev bildirir: “Biz “virtual Vətən” yaratmaqla bağlı müəyyən tədbirlər həyata keçiririk. Bu tədbirlər çox əhatəlidir. Yəni beynəlxalq normalardan başlayaraq ayrı-ayrı İKT tədbirlərinə qədər işlər görülür ki, Azərbaycanın virtual məkanda iştirakı milli və dövlətçilik maraqlarına uyğun olsun”.   Qeyd edək ki, “virtual Vətən” Azərbaycanın maraqlarına xidmət edən, milli-mənəvi dəyərləri özündə birləşdirən bu və ya digər coğrafi məkanla, məsələn, işğal olunmuş torpaqlarımızla, Qərbi Azərbaycan və digər tarixi ərazilərimizlə bağlı informasiya məkanı formalaşdırmağı, virtual baxımdan tarixi-mədəni birliyimizi təmin etməyi hədəfləyir. Bu barədə fikirlərini bildirən professor qeyd edir: “Eyni zamanda bu tarixi Vətən torpaqlarımızın mədəni xüsusiyyətləri, adət-ənənələrinin hamısını yaşatmaq üçün onları virtual məkanda yerləşdirir və canlandırmış oluruq. Bütün bunlarla bağlı dolğun informasiyaların veb-saytlarda olması sodyaşlarımız üçün “virtual Vətən” mühitini canlandırır. Hətta işğal olunmuş Qarabağla bağlı hazırkı informasiya mühitini qoruyub saxlamaq, cəmiyyətimizə və beynəlxalq ictimaiyyətə təqdim etmək, tarixi yaddaş kimi gələcəyə ötürmək üçün “virtual Vətən”i yaratmalıyıq. Eyni zamanda bu gün uğrunda ölməyə hazır olduğumuz real Azərbaycan əsasında da “virtual Azərbaycan” formalaşır. “Virtual Vətən”in ayrı-ayrı komponentləri “virtual Azərbaycan”ın içərisində əksini tapmalıdır”.  Göründüyü kimi, getdikcə qloballaşan dünyanın yaşam tərzi, fəaliyyət prinsipləri artıq “virtual Azərbaycan”ın formalaşmasını zəruri edib. Dünyanın müxtəlif yerlərinə tarixən səpələnmiş soydaşlarımız virtual məkanda Vətənlə sıx əlaqə saxlamalı, milli identikliyimizi qorumalıdırlar. Çünki “virtual dünya”da hər bir dövlətin gücü və qüdrəti onun üzərində qurulduğu cəmiyyətin, millətin intellektual potensiala, informasiya texnologiyalarına nə dərəcədə yiyələnməsi, informasiya resursları vasitəsilə qloballaşan dünyaya təsir imkanları ilə müəyyənləşəcək.  Professor bildirir ki, “Wikipedia” tipli resurslarda azərbaycanca on minlərlə kontentin olması diqqətçəkən müsbət haldır. Bununla belə Azərbaycan haqqında bütün növ dolğun informasiyaların bu portala daxil edilməsi xeyli intensivləşməlidir. Eyni zamanda bizə aid təbliğati xarakterli, müxtəlif dillərdə olan informasiyaların bu portala daxil edilməsi işi yanaşı getməlidir. Başqa bir məqam isə virtual məkandan super güclərin öz məqsədləri üçün istifadə etməsi və bu məkanda hazır olmayan cəmiyyətləri, dövlətləri real təlatümlərə və tənəzzülə məruz qoymalarıdır. XXI əsrin reallıqları bu cür təcrübələri bir daha göz önünə gətirir və virtual məkanın qlobal siyasi kataklizmlərlə yanaşı milli identikliyi də aşıladığını göstərir. Məsələn, bu baxımdan günümüzdə sosial şəbəkələrin destruktiv yox, pozitiv və milli inkişaf məqsədləri ilə istifadə edilməsi xeyli aktuallaşıb. Ümumiyyətlə, virtual məkanın imkanlarından milli strategiya yönümündən yararlanmaq və milli dövlətçilik, azərbaycançılıq mövqeyindən dünyaya informasiya yaymaq günün tələbinə çevrilib. Bu baxımdan eyni zamanda da vətəndaş cəmiyyəti strukturlarının üzərinə məsul iş düşür. Bu barədə bizə fikirlərini bildirən Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov qeyd edir: “Şura hər il ictimai həyatın bütün sahələrində QHT-lərə maliyyə yardımı göstərir. O cümlədən İKT imkanlarının yaxşılaşdırılması, ən son İKT vasitələrinin tətbiqi, bu sahədə maarifləndirmə işinin aparılması məsələləri ətrafında QHT layihələri maliyyələşdirilir. Bu layihələrin əsas mahiyyəti maarifləndirmə xarakterli işləri nəzərdə tutur. QHT-lər hələki bu sahədə maarifləndirici işləri həyata keçirə bilirlər. Əslində hər il İKT məsələləri ilə bağlı layihə təklifləri az daxil olur. Bu da onunla əlaqədardır ki, bu sahədə ixtisaslaşmış təşkilatların sayı azdır. Sırf bu sahədə ixtisaslaşmış təşkilatları barmaqla saymaq olar. İKT imkanlarının yaxşılaşması üçün onlar müəyyən təşəbbüs və layihələrlə çıxış ediblər. Daha böyük  maliyyə təklifi ilə çıxış edən layihələr də olub. Amma onların maliyyələşməsi şuranın imkanları xaricindədir”. F.Qurbanov deyir ki, cari ildə QHT-ləri bu sahəyə yönləndirmək üçün “Gənclərin İKT imkanlarından daha səmərəli istifadə etməsinə dair təşəbbüslər” mövzusunu da müsabiqəyə daxil etdik: “Gənclərin böyük əksəriyyətinin vaxtı internetə sərf olunur. Amma bu işdə həm valideynlərdən, həm də QHT-lərdən çoxsaylı gileylər eşidirik. Gənclər bütün günü internetdə oturur, bu onların səhhətinə, dünyagörüşünə böyük təsir göstərir. Bu təsirin nədən ibarət olmasından ictimaiyyət də narahatdır.  Çünki bu, böyük enerji sərfi deməkdir. Gənclərimiz bu imkanları ucuz məişət və laqqırtı məsələlərinə sərf edirlər. Gənclərin İKT sahəsində səmərəli fəallığı olmalıdır. Sürət əsridir və çevik münasibətlərin olması məqsədəuyğun şəkildə gənclərimiz tərəfindən qavranılmalı, mənimsənilməlidir”.Doğrudan da virtual məkanda Azərbayanla bağlı disskussiyaların əhatə dairəsi xüsusən gənclər tərəfindən genişləndirilməli, gənclər dünya gəncləri ilə əlaqələr quraraq Azərbaycanı ən yaxşı formada təqdim etməyi bacarmalıdır. Vətəndaş cəmiyyəti strukturları - KİV və QHT-lər virtual məkanda manevr imkanlarını xeyli artırmalıdırlar. Milli-mənəvi dəyərlərimiz , tariximiz, mədəniyyətimiz haqqında müzakirələr getməlidir. Virtual məkan gənclərin intellektual imkanlarının yüksəlməsinə xidmət etməlidir. Bunun  üçün isə vətəndaş cəmiyyəti strukturları virtual məkanda Azərbaycanın təqdimatı ilə bağlı müxtəlif  istiqamətlərdə və müxtəlif  tərəflərlə işləməlidirlər. Buna münasibət bildirən F.Qurbanov deyir: “Müxtəlif  hökumət qurumlarının Azərbaycan həqiqətləri ilə bağlı saytları var. Məsələn, Mədəniyyət və Turizm Nazirliyi çox gözəl sayt yaradıb. Bundan başqa çoxlu digər saytlar da var ki, onlar Azərbaycanla bağlı müxtəlif məsələləri özündə əks etdirirlər və xaricilərə informasiya verirlər. Vətəndaş cəmiyyəti strukturları da öz sferalarında öz xarici həmkarları ilə əməkdaşlığa meyilli olmalıdırlar. Ən son yeniliklər vətəndaş cəmiyyəti institutları ilə əcnəbilərə çatdırılmalıdır. Saytar, resurslar var, bunları tanıtmaq üçün QHT-lər virtual dünyada mütəmadi iş aparmalıdırlar”.    Qeyd edək ki, informasiya savaşı birinci növbədə vətəndaş cəmiyyəti institutları tərəfindən aparılır və işğalçı Ermənistanla bu müstəvidə mübarizə şəraitində üçüncü sektor təmsilçilərimizin uğurları ildən-ilə artır. Amma yuxarıda qeyd edildiyi kimi, virtual məkanda  bu işə daha çox dəstək vermək və vətəndaş cəmiyyəti təmsilçiləri ilə müxtəlif əlaqədar tərəflərin koordinasiyasını yeni dövrün şərtləri əsasında qurmaq lazımdır. Eləcə də İKT əsrində elektron informasiya vasitələri vacib olduğu qədər virtual məkanla bağlı güclü fəaliyyəti olan ciddi beyin mərkəzləri də zəruridir. Beyin mərkəzlərinin İKT-nin ən son yeniliklərindən yararlanıb  bu müstəvidə aktivliyini gücləndirməsi virtual məkanda millətimizin real maraqlarını çox gözəl şəkildə təmin etməsində mühüm rol oynayacaq. 

 

 

İlkin AĞAYEV 

 

Palitra.-2011.-23 noyabr.- S.12.