Gələn il əməkhaqları artırılacaq

 

Dünən parlamentdə 2012-ci ilin dövlət büdcəsi layihəsinin müzakirələri zamanı deputatlar tərəfindən qaldırılan məsələlərə  hökumət nümayəndələri fikirlərini bildirdilər.    

 

Maliyyə naziri Samir Şərifov çıxışında bildirdi ki, büdcə layihəsi parlamentə təqdim olunmazdan əvvəl nazirliyin saytında yerləşdirilib: “Belə ki, ictimai müzakirələrə imkan yaradılıb. Biz ictimai müzakirədən qaçmırıq, amma bunun formatı müəyyən olunmalıdır. Parlamentdə də xalqın təmsilçiləri iştirak edir və tövsiyələrini verirlər. Məsələn, deputatlar seçildikləri dairələrdə məktəb və yol tikintisi barədə təkliflərlə çıxış ediblər. “Biz əvvəllər də bu təklifləri təhlil etmişikbir çox məsələlər həllini tapıb”.Nazir onu da vurğuladı ki, gələn il büdcədə əməkhaqlarının artırılmasına 800 milyon manat ayrılıb: “Hər bir millət vəkili məsuliyyətini bilib, təklif verməlidir. Nəyisə 3-4 dəfə artırıb, sonra bunun davamlılığını təmin edə bilməyəcəyiksə, problem yaranacaq. Avropanın bir çox ölkələrində hökumətlər sosial sahədə verilən vədlərə görə pis vəziyyətə düşüblər. Azərbaycanda isə bu məsələlər ardıcıllıqla, tədricən həllini tapır. Məsələn, 2012-ci ildə pensiya sahəsində böyük addım atılıb. Pensiya təminatı sistemində ikipilləli yanaşma dəyişdirilib. Bu, irəliyə doğru böyük addım idiböyük vəsait tələb edirdi. Maliyyə öhdəliklərini nəzərə almalıyıq. Onu da nəzərə almalıyıq ki, bütün problemlər bir büdcə ilə həll oluna bilməz.Bundan başqa, son 2 ildə müdafiə xərcləri kəskin artırılıb: “Pensiya təminatı sahəsində də məbləğ kəskin artıb. 2010-cu illə müqayisədə 40 faiz artımdan söhbət gedir. Bunlar böyük məbləğlərdir. Dövlət tərəfindən bir çox tarixi əhəmiyyətli layihələr həyata keçirilir. Regionların sukanalizasiya problemlərinin həlli üçün addım atılır. Regionlarda sukanalizasiya şəbəkələri yaradılacaq. Bu layihənin ölkə üzrə tam başa çatdırılması üçün 7 milyard manat xərclənə bilər. Bu infrastrukturların yaradılması üçün əlavə vəsaitə ehtiyac var. Digər tərəfdən, keçən ilbu il təbii fəlakətlərin aradan qaldırılması üçün böyük vəsait ayrılır. Nəqliyyat infrastrukturu layihələrimiz də var. Bakı-Tiflis-Qars layihəsinə icmal büdcənin hesabına vəsait ayrılır. Bu layihədən Azərbaycanın regionları da bəhrələnəcək.Həmçinin, infrastruktur layihələr üçün böyük vəsaitlər tələb olunur. Enerji sahəsində də əksər problemlər həllini tapıb. Dövlət büdcəsindən “Azərenerji” QSC-yə böyük vəsaitlər ayrılıb, enerji istehsalı artıb. İndi əsas məsələ enerji paylayıcı və ötürücü şəbəkələrin qurulmasıdır. Bunun üçünböyük vəsait lazımdır. Bu sahədə paytaxtda problemlər xeyli azalıb, regionlarda isə problemin həlli üçün daha böyük vəsait lazımdır. Bütün bu məsələlər büdcədə əksini tapıb. Bir sıra deputatlar neft pullarının xərclənməsindən narahatçılıqlarını bildirirlər, amma ölkənin infrastrukturunun tezliklə müasirləşdirilməsi tələb olunur”.Maliyyə naziri ipoteka vəsaitinin artırılması təklif barədə belə dedi: “Bəziləri dedilər ki, bu vəsait ildə 600 ailəyə çatacaq, ildə isə 25 min ailəyə lazımdır. 25 min ailə üçün 1 milyard manatdan çox vəsait lazımdır. Biz bunu davamlı verə bilərikmi? Bir çox ölkələrdə maliyyə böhranı böyük ipoteka kreditlərinin verilməsi ilə bağlıdır. Dövlət çox ucuz faizlə 20 illiyə ipoteka krediti versə, bunu davam etdirmək çətin olar. Bu məsələyə ehtiyatla yanaşmalıyıq”.Ali məktəblərin yataqxanalarının tikintisinə nazir müsbət yanaşdı: “Ancaq təşkilati işlər görülməli, yerlər ayrılmalıdır. O cümlədən qaçqın və köçkünlər yataqxanalardan köçürülməlidir. Yəni onlar üçünbina tikilməlidir. Bununla belə, mən ümid edirəm ki, 2012-ci ildə yeni yataqxana kompleksləri istifadəyə verilə bilər. Daha sonra nazir QHT-lərə ayrılan vəsaitin artırılması ilə bağlı təklifə də toxundu: “Bu məsələyə baxıla bilər. Lakin QHT-lərin illik maliyyə dövriyyəsinin 30 milyon manat olmasından çıxış edərək vəsaitlərin artırılmasını istəmək olmaz. Gələn il bu məbləğ 100 milyon manat da olar”. Maliyyə naziri sovet dövründən qalmış əmanətlərlə bağlı problemə toxundu: “Əmanətlərin indeksləşməsi ilə bağlı Milli Məclisdə də müzakirələr gedir. Biz digər dövlətlərə köçmüş əmanətçilərin məsələsinə baxmalı, buna çarə tapmalıyıq. Digər tərəfdən, indeksləşmə və əmanətlərin qaytarılması müddətini müəyyənləşdirməliyik. Elə etməliyik ki, beynəlxalq məhkəmələrin sanksiyaları ilə üzləşməyək. Azərbaycandakı vəziyyəti digər MDB ölkələri ilə müqayisə etmək olmaz. Həm də o ölkələrdə hələ qərarlar icradadır, ya da ləng icra olunur. Milli Məclisdə əmanətlərlə bağlı qiymətli kağızlar verilməsi də təklif olunmuşdu, bunun da qüsurları var. Yaxın vaxtlarda hökumət hazırladığı layihəni təqdim edəcək. Bu, həm hökumətin məsuliyyətidir, həm də parlament qanun qəbul etməlidir. Müvafiq qanun qəbul edilməsə, əmanətlərin qaytarılması mümkün deyil. Qanun qəbul edilsə, 2012-ci ildə vəsait ayırmaq imkanımız var”. Spiker Oqtay Əsədov  bu məsələyə münasibətini bildirərək dedi ki, əmanətlər uzun müddətə verilsə, dəyərini itirər. Ona görə də hökumət bu məsələ üzərində diqqətlə işləyir.Dövlət büdcəsinin layihəsi ilə bağlı vergilər naziri Fazil Məmmədov dedi ki, dünyada mənfi iqtisadi proseslər gedirbu, MDB ölkələrinin iqtisadiyyatına təsir edir, qeyri-neft sektorundan, neftqazdan gələn gəlirlərin azalmasına səbəb olur: “Bu il qeyri-neft sektorunda 8,6 faiz artım baş verib, neft-qaz hesabına 21 faiz çox vəsait daxil olub. Layihələrin də maliyyələşdirilməsi davam etdirilib. Tikinti sektorunda 26,5 faiz artım olub, 114,1 milyon manat vergi yığılıb. Sosial sahədə vəziyyət davamlı olaraq yaxşılaşıb. Qonşu ölkələrdə əhali şirkətlərin fəaliyyətini dayandırması ilə üzləşib. Azərbaycanda işsizlərin sayı məşğul əhalinin 0,8 faizini təşkil edir.  

Vergi daxilolmalarında regionların çəkisi artıb  Cari ildə əhalinin pul gəlirləri 19 faiz artıb, işçilərin orta aylıq əməkhaqqı 355.1 manata çatıb. Əhalinin banklara qoyulan əmanəti 29,5 faiz artıb. Əhalinin ümumi gəlirləri 19 faiz artıb, inflyasiya 5,3 faiz təşkil edib. Manatın məzənnəsi sabit saxlanılıb. Vergi daxilolmalarında regionların çəkisi artıb. Əvvəlki illərdə regionlardan daxil olan vergilər ümumi vergi yükünün 2-3 faizini təşkil edirdisə, bu il 14,2 faizə çatacağı gözlənilir”. F.Məmmədov dedi ki, əlavə dəyər vergisi üzrə 1 faiz belə yayınmaq artıq mümkün deyil, 99 faizdən çoxu büdcəyə daxil olur: “Vergi borcunun 1 milyard 300 milyon manatı fırıldaqçılıq və saxtakarlıqla bağlıdır. Həmin insanlar haqqında cinayət işi qaldırılıb və bu borcların geri qayıtması gözlənilmir. Yəni vergi borclarından danışanda bu məqamı nəzərə almaq lazımdır”. O da bildirildi ki, xarici sahibkarların qeydiyyata alınmasında 1,7 faiz artım müşahidə edilib.Vergi dərəcələrinin aşağı salınması ilə bağlı irəli sürülən təkliflərlə bağlı nazir dedi: “Bəzi qonşu dövlətlərdən müqayisələr gətirilir. Müqayisələr həddən artıq yersizdir. Deputatlardan biri hətta Ermənistanla yersiz müqayisə apardı. Azərbaycanın iqtisadi siyasətinin əsası olan vergi siyasəti Azərbaycanın müstəqil həyata keçirdiyi siyasətdir. Azərbaycanın forpost olan ölkələrlə müqayisəsini etikaya uyğun hesab etmirəm. Vergi yükünün az olması ilə o ölkələrə hansı investisiyalar qoyulub? Ölkədə ilk növbədə sabitlik lazımdır. Milli Məclisdə əlavə dəyər  vergisinin azaldılmasından danışıldı. Qonşu ölkələrdə əlavə dəyər vergisi də yüksəkdir”.  Nazir dedi ki, neft-qaz ölkələri olan Xəzəryanı ölkələrdə belə, bank və iqtisadiyyatın hansı vəziyyətə düşdüyü göz önündədir. Azərbaycanda isə bankların vəziyyəti stabil qaldı, ikirəqəmli inflyasiya olmadı. Nazir neft pulları hesabına infrastruktur layihələrinə vəsait ayrılmasını məntiqli addım hesab edir: “Hansı xarici sahibkar elektrik enerjisi olmazsa, Azərbaycana investisiya qoyar? Böyük İpək Yolu liman tikilmədən, yollar salınmadan necə mümkün ola bilər? Azərbaycanda şəffaf Neft Fondu yaradılıb və transferlərin hara getdiyi məlumdur. Həmçinin, Azərbaycanda böyük vergi yükü yoxdur. Azərbaycan azad iqtisadi zona deyil. Azərbaycan hələ xaricə də kreditlər verir, bizdə vergi yükü stabildir. Məsələn, Almaniyada 44, Böyük Britaniyada 37, İspaniyada 35, Fransada 45. Lüksemburqda 41, Hollandiyada 38 faiz vergi yükü var. Azərbaycanda sosial ayırmalarla 21,5, ayrıca isə 17 ,5 faiz civarındadır. Hansı yüksək vergi yükündən danışmaq olar? Azərbaycanda sahibkarlıq üçün bütün şərait yaradılıb. 9 ayın yekunlarına görə Azərbaycana 9 milyard dollara yaxın investisiya qoyulub. Bu, çox düzgün vergi və maliyyə siyasəti aparıldığını göstərir. Azərbaycan vergi yükünə görə 92-ci yerdədir Amma bizdən qabaq olan ölkələr inkişaf etməmiş, bizdən sonra olan ölkələr inkişaf etmiş ölkələrdir. Biz sivil dünyanın təcrübəsini əsas götürürük, populist məsələlər əsasında yox. Dünya İqtisadi Forumunun hesabatına görə, Azərbaycan 133 ölkə arasında 51-ci yerə, MDB ölkələri arasında 1-ci yerə yüksəlib. Dünən haqqında danışılan Gürcüstan 91-ci yerdədir”. F.Məmmədov aqrar sektorda vergi güzəştlərinin 5 il də uzadıldığını diqqətə çatdırdı: “Aqrar sektor ümumi daxili məhsulda (ÜDM) 20 faiz yer tutur. Bu sektordan vergi alınmaması niyə unudulur? Söhbət kifayət qədər böyük vəsaitdən gedir. Təkcə mənfəət vergisində qeyri-neft sektoru üzrə 53,5 faiz artıma nail olub. Atılan bu addımlar sahibkarlığın inkişafını stimullaşdıracaq və vergi daxilolmalarının artmasına imkan yaradacaq”. Nazir ölkə iqtisadiyyatının neft amilindən asılılığının aradan qaldırılma istiqamətində ciddi addımlar atıldığını, qeyri-neft sektorundan daxil olan vergilərin ümumi çəkisinin ilbəil artdığını vurğuladı. Nazir qeyd etdi ki, 2011-ci ilin ötən dövrü ərzində Azərbaycanda rəqabətə davamlı iqtisadiyyatın qurulması istiqamətində ciddi addımlar  atılıb. 

 

Yaşayış minimumu haqqında qanun layihəsinin müzakirəsi yekunlaşdı 

 

Qeyd edək ki, dünən parlamentdə 2012-ci il üçün yaşayış minimumu haqqında qanun layihəsi müzakirəyə çıxarıldı. İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib ki, əgər borcların əksər hissəsi ölü borclardırsa, onu hökumət silməlidir: “Vergilər naziri çıxışında mənim qaldırdığım məsələlərə münasibət bildirdi. Dediyim fikirləri istənilən yerdə müdafiə edə bilərəm. Həm də yaşayış minimum və ehtiyac meyarı məsələsinə baxmaq lazımdır”. Spiker Oqtay Əsədov millət vəkillərinə münasibət və üslub məsələsini həmişə diqqət mərkəzində saxladığını dedi: “Ancaq hökumət üzvlərinə də çıxışlar üçün vaxt ayırmaq lazımdır. Digər tərəfdən, yaşayış minimum və ehtiyac meyarının bir məfhumla ifadə olunması barədə Vahid Əhmədovun fikri ilə razıyam. Hökumət bu məsələyə baxa bilər”.İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə yaşayış minimumunun mövcud məbləğdə müəyyənləşdirilməsini müdafiə etdi. Sonda yaşayış minimumu haqqında qanun layihəsinin müzakirəsi yekunlaşdı. 

 

 

İlkin AĞAYEV

 

Palitra.-2011.-25 noyabr.- S.4.