“İslamda ayətullah
institut yoxdur”
İlahiyyatçı ekspert
hesab edir ki, İran ayətullahlarının
çıxardıqları ölüm fətvalarının
heç bir dini əsası ola bilməz
İslam dininin ümumi fəlsəfəsində humanizm
durur. Dinimizin ilahi kitabı
olan Qurani Kərim də insanları mənəviyyata,
yaxşı əməllərə
və humanizmə səsləyir. Bu səmavi kitabda Allah bağışlayan bir yaradıcı kimi təqdim olunur. Burada Allahın adlarından biri də Rəhman
kimi təqdim olunur. Amma bütün bunlara baxmayaraq, İslamdan cəza mexanizmi kimi istifadə edənlər də var. Dindən öz siyasi məqsədləri üçün yararlananlar
da az
deyil. Tez-tez din təmsilçisi kimi çıxış edən
şəxslər digərlərinin
haqqında müxtəlif
fətvalar verirlər.
Xüsusilə də, yaxın
qonşumuz olan İran İslam Respublikasının ayətullahların
tez-tez müxtəlif insanların haqqında ölüm fətvası çıxardıqlarının şahidi oluruq. İran ayətullahılarından biri
2006-cı ildə azərbaycanlı
yazıçı Rafiq
Tağının haqqında
da belə bir fətva vermişdi. Bu günlərdə isə yazıçı naməlum
şəxslər tərəfindən
bıçaqlanaraq qətlə
yetirildi. Müsahibimiz
ilahiyyatçı Elşad
Miri ilə söhbətimizdə islamda
ayətullah institutu,
din adından ölüm
fətvalarının verilməsinin
İslam prinsiplərinə
nə dərəcədə
uyğun olması kimi məsələlərə
toxunduq.
- Elşad müəllim, İslamda bir nəfərin başqaları haqqında
ölümlə bağlı
fətva verməsi varmı?
- İslamda belə
bir qayda yoxdur. Durduğu yerdə
heç kim
başqa birinin haqqında ölüm hökmü verə bilməz. Nə adi bir şəxs, nə də hər hansı dini rütbə sahibi belə bir qərar
vermək hüququna malik deyil. Cəmiyyətdə törədilən hər hansı bir pis əməllə
bağlı cəza tədbiri məhkəmə
qərarları vasitəsi
ilə verilməlidir.
Ortada hər hansı bir cinayət varsa, ilk növbədə
həbs qəti-imkan tədbiri həyata keçirilməli, sonra baş vermiş hadisə ilə bağlı ciddi araşdırmalar aparılmalı
və yalnız bundan sonra qərar
verilməlidir. Əgər təqsirləndirilən
şəxsin əməlləri
ilə bağlı təkzibolunmaz faktlar varsa, cinayətin onun tərəfindən törədilməsi qəti
şəkildə təsdiqini
taparsa, dövlətlərin
müəyyənləşdirdiyi qaydalara uyğun olaraq, cəza kəsilir. Bu cəza
ölüm hökmü
də, azadlıqdan məhrumetmə də ola bilər.
Amma əfsuslar olsun ki, bu gün
yerindən duran başqaları haqqında
ölüm fətvası
verir. Xüsusilə də din əleyhinə
danışanlar haqqında
söylədikləri fikirlərə
görə, ölüm
hökm çıxarılır.
Bu, İslamın mahiyyətinə, fəlsəfəsinə,
dinimizin gətirdiyi həqiqətlərə ziddir.
Heç
kimə söylədiyi
fikrə görə ölüm hökmü verilə bilməz.
- Ümumiyyətlə,
İslam fəlsəfəsində
insanın öldürülməsinə
yanaşma necədir?
- Quranda bununla bağlı konkret ayə var. Allah-təala buyurur ki, bir
insanı öldürmək,
bütün bəşəri
öldürmək kimidir.
Eyni zamanda, bir insanı
ölümdən xilas
etmək bütün bəşəri xilas etmək anlamına gəlir.
- Qonşu İranın müxtəlif
ayətullahları tez-tez
dünyanın müxtəlif
yerlərində yaşayan
insanlar, o cümlədən
də bizim vətəndaşlarımız haqqında da ölüm fətvası verirlər. Bunun hər hansı
hüquqi və dini əsası varmı?
- Belə fətvaların verilməsinin təbii ki, heç bir hüquqi əsası yoxdur. Təbii ki, bir ölkənin
vətəndaşı digər
ölkənin daxilində
baş verənlərə
görə həmin ölkənin vətəndaşları
haqqında fətva vermək hüququna malik deyil. Dini baxımdan da İran ayətullahlarının
bizim vətəndaşlarımız
haqqında ölüm
fətvası vermələri
doğru deyil. Məsələ burasındadır ki, bu gün
İrandakı hər
bir ayətullah özünü ayrıca bir dövlət kimi görür. Onlar ayrı-ayrılıqda müxtəlif
məsələlərlə bağlı fətvalar verirlər. Baş verənləri izlədikdə
görürük ki, məsələlərə bu
cür yanaşma ciddi xaosa səbəb
olur. Cəfəri təriqətində ayətullahların fətvaları
əmr kimi qəbul olunur. Təsəvvür edin ki, Azərbaycanda da bu təriqətə yaxın olan insanlar var və
onlar ayətullahların
fətvalarını özləri
üçün əmr
kimi qəbul edirlər. Amma Azərbaycan dünyəvi
dövlət olduğundan
bizdə insanların taleyini həll edən, mübahisəli məsələlərlə bağlı
qərarlar məhkəmələr
tərəfindən verilir.
Xaos da onda yaranır
ki, vətəndaş
bilmir ki, məhkəmənin çıxardığı
qərara uysun, yoxsa ayətullahın?
Mənim
fikrimcə, bu, çox təhlükəli
tendensiyadır. Ona görə
də Azərbaycan dövləti yubanmadan yaranmış vəziyyətdən
çıxmaq üçün
müəyyən alternativ
haqqında düşünməlidir.
Görürük ki, ayətullahlar
heç bir sərhəd tanımadan Azərbaycanla İranı
bir tuturlar. Ölkəmizdə baş verən
hadisələrə açıq
müdaxilə edirlər.
Amma onların qonşu bir ölkədə baş verən hər hansı bir hadisə ilə bağlı hökm vermələrinin heç bir əsası yoxdur.
- Ümumiyyətlə,
İslamda ayətullah
institutu varmı?
- Təbii ki, İslamda belə bir institut yoxdur.
Heç bir insan heç bir halda Allahın
ayəsi ola
bilməz. Hətta Məhəmməd Peyğəmbərimizin özü
belə heç vaxt özünü Allahın ayəsi kimi təqdim etməyib. O, həmişə
özünü Allahın
qulu kimi tanıdıb. Biz kəlmeyi-şəhadətimizi də deyəndə də şəhadət gətiririk ki, Məhəmməd Allahın
qulu və elçisidir. Bu baxımdan ayətullah institutunun dini əsasları yoxdur.
Bu institut ancaq
İranda fəaliyyətdədir.
Yerli rejim ölkəni bu tipli institutlar
vasitəsi ilə idarə edir.
- Biz nə qədər desək ki, İrandakı ayətullahların Azərbaycanla
bağlı fətva vermək hüquqları yoxdur, reallıqda bunun əksini görürük. Belə olan
şəraitdə vətəndaşlarımızı
bu cür çağırışların icraçısına çevrilməməkdən
necə xilas edə bilərik.
- Bu son dərəcə ciddi məsələlərdir. Bu cür zərərli təsirlərdən yayınmaq
üçün əlbəttə
ki, vətəndaşlarımızın
dini maariflənmə səviyyəsi yüksək
olmalıdır. İnsanlarımız kiməsə imkan verməməlidirlər ki,
onların səmimi
Allah eşqindən öz
məqsədləri üçün
istifadə etsinlər.
Bunun üçün isə
ilk növbədə orta
məktəblərimizdə dinin tədrisinə diqqət yetirməliyik.
Əgər bizim övladlarımız
orta məktəbdə
oxuyarkən lazımi dini bilgilərə yiyələnərlərsə, heç vaxt təsir altına düşməzlər, əksinə
öz bilgilərini başqaları ilə də bölüşərlər.
Hesab edirəm ki, bu sahədə
KİV də genişhəcmli
təbliğatı iş
aparmalıdır. Bütün bunları
edə bilsək, düzgün maarifləndirmə
sistemi yarada bilsək, vətəndaşlarımızı
zərərli təsirlərə
uymaqdan qorumuş olarıq.
- Bəs
Qafqaz Müsəlmanları
İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu sahədə hansı addımları ata bilər?
- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi adından da göründüyü kimi
dövlət komitəsidir. Bu qurum dini proseslərə
dövlətin nəzarətini
həyata keçirir və bu sahədə
hər hansı addımları atmaq imkanlarına malik deyil. Qafqaz Müsəlmanları İdarəsinə gəldikdə
isə etiraf etmək lazımdır ki, bu qurumun
dindarlar arasında elə də böyük nüfuzu yoxdur. Onların dini qurumların,
dindarların fəaliyyəti
ilə bağlı nələrəsə təsir
etmək imkanları da böyük deyil. Mən deyərdim ki,
idarənin belə bir mexanizmi də
yoxdur. Hesab edirəm ki,
qeyd etdiyimiz mübarizəni təkcə
bu iki qurumla
aparmaq doğru deyil, işə kompleks yanaşılmalıdır.
Həm dövlət qurumları, həm də cəmiyyət olaraq biz hamımız bu işə dəstək verməliyik.
İlham QULİYEV
Kaspi.-2011.-29 noyabr.- S.5.