Sənətşünas
Aydın Talıbzadə: “Artıq “Azərbaycan teatrını
zəif pyeslərdən qoruyaq” devizinin irəli sürülməsinin vaxtı
çatıb”
Layihə çərçivəsində
növbəti müsahibimiz sənətşünas Aydın
Talıbzadədir:
- “Ölkədə mədəniyyətin
inkişafı istiqamətində bir
sıra addımlar atılır” ifadəsi mənim fikrimcə,
məmləkətdə mədəniyyətin inkişafı
ilə bağlı gerçəkləşən proyektlərin
miqyasına adekvat deyil.
Niyə? Çünki
dövlətimizin mədəniyyət siyasətinin əsas
tendensiyası budur ki,
Azərbaycan mədəniyyəti total bir şəkildə inkişaf
etdirilsin və mədəniyyətin heç bir sahəsi unudulub kölgədə qalmasın. Çox mühüm bir fakt da
ondan ibarətdir ki, bu iş birbaşa
Azərbaycan Prezidentinin və onun xanımının nəzarəti
altındadır. Başqa sözlə, Azərbaycan
mədəniyyətinin bugünkü total inkişafının müəllifi və
ilkin təkanverici qüvvəsi məhz
onlardır. Odur ki, Azərbaycan dövlətinin
mədəniyyət siyasətini əməldə gerçəkləşdirən
Mədəniyyət və Turizm Nazirliyi hətta bəlkə də ara vermədən, 365 gündən də yararlanmaq şərtilə tədbiri tədbirə
calayır, lokal miqyaslı tədbirlərlə
beynəlxalq miqyaslı tədbirləri balanslaşdırmağa
çalışır. Bu isə bir sıra atılan addımlar demək deyil, əməlli-başlı yürüşdür,
mədəniyyətimizin dirçəlişi yolunda
startı verilmiş yürüşdür.
Lakin bütün hallarda
dövlətin mədəniyyət siyasətinin Alfa və Omeqası Azərbaycanın ənənəvi
mədəniyyətini yaşatmaqdır, onu
dünya xalqlarına tanıtmaqdır, dünyaya sevdirməkdir, məmləkətimizin
qədim bir mədəniyyətin varisi olduğunu hamıya
anlatmaqdır. Bu səbəbdən muğam, xalçaçılıq,
aşıq sənəti, mətbəx mədəniyyəti prioritetlər
fövqündə dayanır. Bununla yanaşı Azərbaycan dövləti istəyir ki, müasir Azərbaycan mədəniyyəti
çağdaş dünya
mədəniyyəti içində də özünə yer tapa bilsin,
mədəniyyətin müasir
tendensiyaları çərçivəsində müasir düşüncə sərgiləsin,
ünsiyyət şəbəkəsində özünü
rahat hiss edib aktiv dialoqlarda
iştirak etsin. Bu prosesdə Azərbaycanın uğurları
yetərincədir. Mən indi heç bilmirəm ki,
söylədiklərimə nəyi nümunə göstərim.
Nəyə barmağını tuşlayırsan, o da nümunədir. Ona görə də mən söhbətimizdə
“total inkişaf” kəlməsindən
faydalanıram. Bugün Azərbaycanın özü hər bir imkandan yararlanır ki, bir daha, yenidən, növbəti
dəfə dünyaya xatırlatsın ki, Azərbaycan yüksək mədəniyyətə
malik sivil bir ölkədir. Və bu, çox mühüm bir dövlət
proqramıdır.O ki qaldı teatr binalarının yenidən qurulması, Avropa standartlarına
uyğunlaşdırılması məsələsinə,
dövlət başçısının qərar və fərmanları
nəticəsində teatrların təmiri prosesi
demək olar ki, qısa
bir müddətdə tamamlandı. Əgər
mən səhv eləmirəmsə, yalnız Opera
və Balet Teatrı yaxın zamanlarda əsaslı təmirə dayanacaq. Digər teatrlarsa
təmirdən sonra aktiv
yaradıcı fəaliyyətə qoşulublar.
Teatr binalarının bərpası da respublikada mədəniyyətin
inkişafı ilə əlaqədar aparılan
çoxsaylı işlər zəncirinin bir
həlqəsidir. Bir sözlə, Azərbaycan
dövlətinin başlıca məramı kompleks
tədbirlər sistemilə Azərbaycan mədəniyyətinə
bir dirçəliş yaşatmaqdır.
Mən bu yaxınlarda yazdığım bir məqalədə Bakını
“Nağıllar aləminin Zümrüd
şəhəri” adlandırmışdım. Deməli, bu şəhərin mədəniyyəti də
zümrüd qismində olmalıdır.
- Siz sənətşünas kimi bu
gün teatrlarımızın inkişaf perspektivini necə dəyərləndirirsiniz?
-
Bilirsiniz, mən teatr binalarının əsaslı təmirinə
bir tənqidçi kimi də çox sevinirəm. Çünki
əvvəllər rejissora onun tamaşası ilə
bağlı bir irad bildirəndə başlayırdı
özünə bəraət qazandırmağa ki, bəs filan
şərait, filan imkanlar bizdə olsaydı...
Şükürlər olsun ki, daha bu bəhanələrin
hamısı kəsilib. Ancaq səhnənin təklif etdiyi
imkanlardan (dizayn, işıq, səs, perspektiv və s.) tam bəhrələnə
biləcək adamlarsa hələlik yoxdur. Bugün istedad,
peşəkarlıq və savad... məsələsi hər sahədə
olduğu kimi, teatr sənətində də yaman
aktuallaşıb. Gündəm ilk növbədə teatr sənətçilərindən
bunu tələb edir. Əgər bu sadaladığım keyfiyyətlər
varsa, digər nə lazımdırsa, hamısını tapmaq,
əldə etmək indi artıq asanca mümkündür. Mədəniyyət
və Turizm Nazirliyi hər bir ideyanı, dəyərli
başlanğıcı, perspektivli proyekti dəstəkləyir.
Elə bunun təsdiqidir ki, bugün Azərbaycan teatrları
aktiv şəkildə “açıq qapı” siyasəti
yeridir. Bu “qapılar” heç kimin, heç bir sənət
tendensiyasının, heç bir sənət üslubunun,
heç bir yeniliyin üzünə bağlı deyil.
Bütün teatrlarda yeniləşmək, dövrlə, zamanla
ayaqlaşmaq, müasir olmaq, dünya arenasına
çıxmaq, festivallara qatılmaq, çağdaş teatr dəblərini
tanımaq, öyrənmək, onların hansı ehtiyaclardan
doğduğunu aydınlaşdırmaq cəhdləri
güclüdür. Ona görə teatrlar çəkinmədən
ayrı-ayrı ölkələrdən müxtəlif
rejissorları, rəssamları, plastika üzrə mütəxəssisləri
tamaşaların hazırlanması prosesində bizlərə
yardımçı olmağa dəvət edirlər.
Bunların hamısı çox yaxşı bir əlamətdir
və teatr sənətinin inkişaf perspektivlərini
eyhamlaşdırır.
- Bəzən teatrlara əvvəlki
tamaşaçı sevgisinin olmamasından şikayətlənirlər.
Sizcə, bu problemin səbəbkarı teatrlardır, yoxsa əksinə?
- Kim
nə deyirsə-desin, avropa tipli teatrın özülündə
ədəbi mətn - pyes dayanır. Səhnədə
canlı, dinamik və maraqlı ünsiyyət şəbəkəsinin
yaradılması üçün birinci növbədə
yaxşı pyes lazımdır. Pyes yoxdursa, teatr öz
ilkinliyinə qayıdıb yamsılama ilə məşğul
olur. Pyes monoloq, dialoq, söz toplusu deyil, əməl toplusudur. Əgər
pyes zəvzək və ya intellektual çərənləmədən
ibarətdirsə və burada personajların əməl xətti
yoxdursa, hadisə yoxdursa, onda aktyor obrazı yox, aktyorluğu
oynamağa başlayır, sözləri oynamağa
başlayır. Gəlin, Azərbaycan teatrının tarixinə
ötəri bir ekskurs eləyək və baxaq görək,
keçən əsrin 30-cu illərindən bəri hansı
tamaşalar Azərbaycan teatrının simvoluna, nişanəsinə,
brendinə çevrilib: “Vaqif” (Səməd Vurğun), “Otello”
(U.Şekspir), “Sən həmişə mənimləsən”
(İlyas Əfəndiyev), “Ölülər” (Cəlil Məmmədquluzadə),
“Canlı meyit” (L.N.Tolstoy), “Dəli
yığıncağı” (Cəlil Məmmədquluzadə)...
Fikir verirsinizmi, bu sırada bir dənə də olsun, təsadüfi
pyes yazarı yoxdur. Düzdür, bu tarix boyunca yüzlərlə
müəllifin əsərləri oynanılıb səhnəmizdə...
Ancaq ən çox xatırlanan tamaşalar elə
bunlardır. Yəni mükəmməl pyes olmayanda tamaşa da
mükəmməl alınmır. “Mən telefon
kitabçasını da tamaşaya qoyaram” deyən rejissorlar
isə adətən telefon kitabçası əsasında
hazırlanmış tamaşalarına yalnız özləri
baxıb duyğulanırlar. Tamaşaçı
marağını yönləndirən başlıca amillərdən
biri pyesdir, pyesdə danışılan tarixçədir. Mən
Amerika kəşf eləmirəm, “iki üstəgəl iki”dən
söz açıram. Pyesdə öncə olaydır,
mübarizə xəttidir, personajın istəyidir, bu istəyə
çatmaq üçün onun gördüyü işdir və
dediyi sözdür, sözdə gerçəkləşən
mübarizədir. Tamaşa üçün bu, kökdür,
zəmindir, yerdə qalan nə varsa, hətta janrın
özü belə üstqurumdur. İkinci amil isə aktyor
ifasıdır. İzləyici bu iki faktora görə teatra gəlir:
bugün hansı pyes oynanılır və bu pyesdə kimlər
oynayır. Görürsünüzmü,
hər şey necə sadədir. Bax, bunlar həll olunarsa, hər şey öz qaydasına düşəcək. Məncə,
artıq “Azərbaycan teatrını zəif pyeslərdən qoruyaq” devizinin irəli
sürülməsinin vaxtı çatıb. Yadımızdan
çıxarmayaq ki, keçən əsrin
səksəninci illərindən bəri teatrın pillə-pillə
aşağı yuvarlanmasının bir
nömrəli səbəbi məhz zəif pyeslərin bu və ya digər yollarla teatra ayaq açması olub.Əgər izləyici bilet alıb teatra gəlirsə,
deməli, o, müştəridir.
Müştərisə heç vaxt günahkar olmur. Bu, aksiomdur.
Odur ki, bütün problemlərin səbəbini teatrda aramaq
lazımdır. Teatr dövrlə ayaqlaşa bilmirsə, müasirləşə
bilmirsə, öz
tamaşaçısını tanıya bilmirsə, çağdaş dünyanı və bu dünyada yaşayan insanı refleksiya
eləyə bilmirsə, kənarda günahkar
axtarmaq iddiası absurd görünür.
- Tamaşaçılar da bəzən
əvvəlki teatr tamaşalarının, filmlərin
olmamasından, eləcə də möhtəşəm sənətkarların
yoxluğundan şikayətlənirlər. Siz bu fikirlə nə
dərəcədə razılaşırsınız?
-
İnsan öz keçmişini ideallaşdırmağa meyilli
varlıqdır. Çünki keçmişdə onun gəncliyi,
cavanlığı, sevgisi qalır. Bir də bilirsiniz, hər
nəsil öz teatrını yaradır və bəyənir.
Biz bu faktla barışmalıyıq. Heç köhnə
fotoşəkillərdə valideynlərinizin geyimlərinə
fikir vermisiniz? Təbəssüm doğurur. Eləcə də
müasir geyim dəbləri valideynlərimiz üçün
gülməli və qəribədir. Bizə isə bu, normal
görünür. Teatr da eləcə. Bir dəfə mən
Abbas Mirzənin ifasında Biləgənli Elxanın monoloqunun
lent yazısına qulaq asdım və gülümsədim.
Lakin Abbas Mirzənin necə bir qüdrətli monoloq ustası
olduğunu şahidlərin dilindən eşitmişdim və
görmüşdüm ki, onlar Abbas Mirzədən necə vəcdlə
danışırlar. Mən ümumiyyətlə, elə
adamlardanam ki, heç vaxt keçmişə qayıtmaq istəmirəm.
Biz onsuz da keçmişdə nə olduğunu bilirik. Odur ki,
mən gələcəyi görməyə tələsirəm.
Amma təəssüf ki, ən uzaq bir gələcək də
sürətlə gəlib keçir və keçmiş olur.
- Bugünlərdə Bakıda Beynəlxalq
Kukla Teatrları Festivalı keçirildi. Belə beynəlxalq
tədbirlərin keçirilməsi teatrımızın
inkişafına hansı töhfələr verə bilər?
- Hər
bir festival öz ictimai-sosial mahiyyətinə görə
xoşməramlı aksiyadır, cəmiyyətə göndərilən
humanist bir mesajdır, sənətçilərin ünsiyyət
bayramıdır, sənət törənidir,
tanınıb-tanımaqdır, öyrədib-öyrənməkdir,
geniş ilişkilər sistemidir, dünya üçün
önəmli bədii-estetik tendensiyaları əyani şəkildə
anındaca nəzərdən keçirib onları müzakirə
etmək, zövqü, düşüncəni korrektə etmək
imkanıdır və həm də... bir ruh, intellekt, ovqatlar
yarmarkasıdır. Bundan əlavə festival şəhərin,
əhalinin həyatına rəng qatır, onun yaşam ritmini
dəyişir, tempi başqalaşdırır. Çünki
festival ömrü çox qısa bir ömürdür: ya bir
həftə, ya da on gün sürür. Odur ki, hamı
festivala qatılmaq istəyir, festival həyatı ilə
yaşamaq istəyir. Bax, bu duyğunun özü də
çox gözəldir.
- Bir pedaqoq olaraq bu gün gənclərin
sənətə, teatra münasibəti sizi qane edirmi?
-
Bunu konkret demək çətindir. Situasiya ilbəil dəyişib
başqalaşır. Respublikada mədəniyyətə olan
diqqət və qayğı tələbələrin sənətə,
teatra münasibətinə də effektiv təsir göstərir.
Çox vacib məsələdir ki, tələbə öz
seçdiyi peşəsində özünü
reallaşdıra biləcəyinə inansın. Əgər bu
ümid, bu inam yoxdursa, tələbə peşəyə
münasibətdə laqeyd qalacaq. Və bir də tələbə
əmin olmalıdır ki, seçdiyi peşə sabah onun
maddi təminatının qarantı olacaq.
- Bu gün tədris vəsaitlərinin
səviyyəsinə münasibətiniz necədir?
- Bu
yaxınlarda mən I Bakı Beynəlxalq Kukla Teatrları
Festivalı çərçivəsində Gürcüstan
İliya Dövlət Universitetinin Sənət
Araşdırmaları İnstitutunun rektoru professor Levan Xetaquri
ilə tanış oldum. O, həm də ispan kukla
teatrının prodüsseri idi. Mən onunla ətraflı
söhbət eləyəndə özüm üçün
aydınlaşdırdım ki, bu adam Avropada teatr aləmində
yaşanan bütün hadisələrdən xəbərdardır,
onlarla aktiv əlaqədədir, bu əlaqələri
gerçəkləşdirməklə, hətta bu əlaqələrdən
qazanmaqla məşğuldur və öz təcrübəsilə
bizimlə də bölüşməyə hazırdır. Tədris
vəsaitlərinə gəldikdə isə o, çiyinlərini
çəkib mənə dedi ki, bu sahədə nə problem
ola bilər ki... Razıyam, düzdür. Kim nə istəyirsə,
bugün internetdən tapıb oxuya bilər, videomateriallar da
yetərincədir. Təki tələbənin istəyi və
savadı olsun. Lakin bu fakt tədris vəsaitlərinin təkmilləşdirilməsi
məsələsini heç də gündəmdən
çıxarmır.
Nigar
Palitra.-2011.-29 noyabr.- S.6.