Azərbaycanda kosmik sənayenin inkişaf perspektivləri

 

Texniki tərəqqi, müasir texnologiyalar, xüsusilə informasiya-kommunikasiya, rabitə sahəsində, elektronika, kosmik sənayedə əldə edilən uğurlar ölkələrin inkişafını və gücünü müəyyən edir. Son illər Azərbaycanda da yeni texnologiyalardan istifadə sahəsində layihələr uğurla həyata keçirilir. Bu istiqamətdə dövlət səviyyəsində mühüm addımlar atılır. Hazırda ölkədə kosmik sənayenin inkişafı da prioritet sahələrdən biridir. Hətta ölkə başçısı tərəfindən “Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” 4 noyabr 2008-ci il tarixli sərəncam imzalanıb.    

 

Prezidentin 17 avqust 2009-cu il sərəncamı ilə Azərbaycanda kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı təsdiq edilib. Nazirlər Kabinetinin 2010-cu ilin yekunlarına həsr olunmuş iclasında informasiya-kommunikasiya texnologiyalarının inkişafı üçün əlavə tədbirlərin görüləcəyini qeyd edən ölkə başçısı bildirib ki, Azərbaycan artıq kosmik sənayesi olan ölkəyə çevrilir: “2012-ci ildə birinci süni peykimiz orbitə çıxarılacaq. Mən hesab edirəm ki, ondan sonra da bu sahədə işlər aparılmalıdır. Başqa peyklər də səmaya çıxarılmalıdır. Beləliklə, Azərbaycan çox ciddi kosmik sənayeyə malik ölkəyə çevriləcək. Bu da gələcəyə atılan bir addımdır. Qısa müddət ərzində Azərbaycanda çox güclü kosmik sənaye yaradılmalıdır. Bu, bizə hər cəhətdən lazımdır”. Beləliklə, ölkə başçısının imzaladığı Dövlət Proqramı və sərəncamlar Azərbaycanın dünya kosmik ailəsinin üzvünə çevrilməsi və ölkəmizdə peyk texnologiyalarının istehsalı, tətbiqi, kosmik sənayenin inkişaf etdirilməsi, həmçinin informasiya təhlükəsizliyinin təmin olunması üçün geniş imkanlar açıb. Sərəncamların icrası ilə əlaqədar olaraq ölkəmizdə məqsədyönlü işlər aparılmaqdadır.Azərbaycanın telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsini təmin etmək məqsədilə Prezidentin 3 may 2010-cu il tarixli sərəncamı ilə "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti təsis edilib. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən reallaşdırılması nəzərdə tutulan qlobal layihələrdən biri də məhz ölkədə kosmik sənayenin yaradılmasıdır. RİTN-də ölkə başçısının təsdiq etdiyi Dövlət Proqramının Əlaqələndirmə Şurası fəaliyyət göstərir. Ümumiyyətlə, ölkəmizin əlverişli coğrafi, eləcə də informasiya magistrallarının kəsişdiyi məkanda yerləşməsi, informasiya mübadiləsində xarici ölkələrdən asılılığının aradan qaldırılması, iqtisadi və informasiya təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın qlobal informasiya mübadiləsi məkanına çevrilməsi baxımından telekommunikasiya peyklərinin hazırlanması və orbitə çıxarılması böyük əhəmiyyət kəsb edir. Onu da qeyd edək ki, kosmik sənayenin inkişafını nəzərdə tutan 4 illik proqram hazırlanıb. 2014-cü ilə qədərki dövrü əhatə edən proqram ölkə başçısının 2009-cu ildə təsdiq etdiyi «Azərbaycanda kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı» çərçivəsində Müdafiə Sənayesi Nazirliyi və adıçəkilən nazirliyin tərkibində fəaliyyət göstərən Milli Aerokosmik Agentlik (MAKA) tərəfindən hazırlanıb. Sənəddə kosmik sənayenin yaradılma yolları, avadanlıqların istehsalı, kadrların hazırlanması, kosmik təhlükəsizliyin təmin olunması kimi çoxsahəli fəaliyyətlər əksini tapıb.Milli Aerokosmik Agentliyin baş direktorunun birinci müavini Tofiq Süleymanovun sözlərinə görə, proqramın özəyində əsasən rabitə peyklərinin əldə edilməsi dayanır. Ondan sonra kadr hazırlığı, kosmik sənayenin yaradılması üçün yerüstü infrastrukturun təşkili, yəni kosmik məlumatların qəbulu, emalı və istehlakçılara çatdırılması kompleksinin yaradılması, sonrakı mərhələlərdə isə bu işlərin tam şəkildə təşkili dayanır. Bütün bunlar müasir texnologiyalar əsasında həll edilən əsas məsələlərdir. Onun sözlərinə görə, kosmik sənayenin yaradılması, ümumiyyətlə, ölkənin özünün fəzada peykinin olması iqtisadi cəhətdən böyük səmərə verir: «İlk növbədə Azərbaycanın öz rabitə sisteminin təkmilləşdirilməsi, sonrakı mərhələdə isə yerin təbii ehtiyatlarının öyrənilməsi sahəsində kosmik məlumatlardan istifadə operativ məlumatların əldə edilməsində səmərəli ola bilər. Biz bu məlumatları hazırda çox çətinliklə başqa ölkələrdən əldə edirik. Ancaq öz peykimizin olması həm öz daxili məsələlərimizin həllinə şərait yaradar, həm də ondan kommersiya məqsədilə istifadə edib başqa ölkələrə də öz xidmətlərimizi təklif edə bilərik». Tofiq Süleymanov deyir ki, rabitə peykləri əldə ediləndən sonra Azərbaycanın təbii ehtiyatlarının tədqiqi peykləri də olmalıdır. Qeyd edək ki, Milli Aerokosmik Agentlik 1973-cü ildən fəaliyyət göstərir və kifayət qədər kadr potensialı var. Hazırda Milli Aviasiya Akademiyasında və xarici ölkələrdə kadr hazırlığı davam edir. Ancaq ölkə başçısının təsdiqlədiyi proqram həm də Amerikanın və Avropanın inkişaf etmiş bir sıra təşkilatlarında kadr hazırlığının həyata keçirilməsini nəzərdə də tutur. Onu da qeyd edək ki, Azərbaycan telekommunikasiya peykinin orbitə çıxarılması, idarə edilməsi və istismarı işlərinin həyata keçirilməsi üçün «Azərkosmos» ASC-yə büdcədən 3,6 mln. manat və 2011-ci illə müqayisədə 1,5 mln. manat və yaxud 75% çox vəsaitin ayrılması nəzərdə tutulub.Ölkə başçısı tərəfindən təsdiq edilən dövlət proqramı və imzalanan müvafiq sərəncamlarla ölkəmizin ilk telekommunikasiya peykinin orbitə çıxarılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə həvalə edilib. Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədovun sözlərinə görə, bu istiqamətdə davamlı işlər həyata keçirilir. Adıçəkilən sərəncamlara uyğun olaraq peykin istehsalı və orbitə çıxarılması sahəsində real işlər görülüb. Mövcud bazar şəraitində Malayziya hökumətinə məxsus və “Measat” şirkəti tərəfindən təklif olunan 46ĞŞ orbital mövqedən birgə istifadə barədə müqavilə bağlanıb. Peyki istehsal edəcək şirkətin seçilməsi məqsədilə tender keçirilib və dünya peyk bazarının tanınmış şirkətləri bu tenderdə iştirak edərək təkliflər təqdim edib. Amerikanın “Orbital” şirkəti qalib elan edilib və müqavilə imzalanıb. Müqaviləyə uyğun olaraq şirkət tərəfindən peykin istehsalına başlanılıb. Peykin orbitə çıxarılmasının əsas komponentlərindən biri olan peyk daşıyıcısı şirkətinin seçilməsi ilə bağlı bu sahədə fəaliyyət göstərən dünyanın peşəkar şirkətləri iştirak edərək öz təkliflərini təqdim edib və Azərbaycan peykinin Fransanın “Arianespace” şirkətinin istehsalı olan ARIANE 5 raketi vasitəsilə qaldırılması məqsədəuyğun hesab edilib, bununla bağlı şirkətlə müqavilə imzalanıb. Nazirlik nümayəndəsinin fikrincə, peykin kommersiya məqsədilə digər ölkələrə satışı ilə yanaşı ölkənin bütün ərazisində keyfiyyətli yayımın təmin edilməsi, simli rabitənin mümkün olmadığı yerlərdə peyk vasitəsilə internet, VPN və s. kimi sürətli IP xidmətlərindən istifadə edilməsi mümkün olacaq. Ekspertlərin və mütəxəssislərin hesablamalarına görə, peyk təxminən fəaliyyətinin 5-7-ci ili ərzində onun istismarına çəkilən xərcləri ödəyə biləcək. Peykin ölkəmizə faydasına gəldikdə yalnız onun gətirəcəyi maliyyə gəlirləri deyil, habelə ölkəmizin nüfuzunun artmasında və inkişafında oynayacağı strateji rolu da xüsusi qeyd edilməlidir. Belə ki, peyk ölkə ərazisində təhsil, səhiyyə, ordu, təhlükəsizlik və digər sahələrdə sürətli inkişafa güclü təkan verəcək. Türkiyədə, Malayziyada bu təcrübələr var və telekommunikasiya peyklərinin orbitə buraxılması ilə həmin ölkələrdə sürətli inkişaf qeydə alınıb. Həmçinin telekommunikasiya peykinin orbitə çıxarılması ilə Azərbaycan MDB məkanında Rusiyadan sonra süni peykə malik ikinci ölkə olacaq və regionda bu sahədə öz liderliyini daha da gücləndirəcək. Ölkəmizin ehtiyacı nəzərə alındıqdan sonra qalan tutumların Avropa, Asiya və Afrika ölkələrinə satışı üçün tədbirlər görüləcək. Bu istiqamətdə tutumlardan istifadə ilə bağlı çoxlu müraciətlər daxil olub. İ.Məmmədovun sözlərinə görə, ölkəmizə ilk peykin gətirəcəyi benefitlər, peykin tutumuna olan tələbat, aparılacaq marketinq araşdırmalarının nəticələri və digər iqtisadi-siyasi faktorlar qiymətləndirildikdən sonra ikinci peykin orbitə çıxarılması vaxtı barədə qəti fikir irəli sürmək olar: “Paralel olaraq onu da qeyd etmək istəyirəm ki, ilk telekommunikasiya peykimiz Malayziyaya məxsus orbital mövqeyə çıxarılsa da, növbəti peyklərimizin Azərbaycanın özünəməxsus orbital mövqedə yerləşdirilməsi nəzərdə tutulur”. Onu da qeyd edək ki, kosmik sənayenin inkişafı ilə bağlı qəbul edilən Dövlət Proqramında kadr hazırlığına geniş yer ayrılıb. Hazırda bu istiqamətdə fəaliyyət göstərən müvafiq qurumlarla yanaşı Texniki Universitetdə bu sahəyə qismən də olsa uyğun dərslər tədris olunur və kadrlar hazırlanır. Eyni zamanda “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na uyğun olaraq xaricdə təhsil almış gənclərin bilik və bacarığından yararlanmaq da nəzərdə tutulur. Dövlət Proqramında kosmik sənayenin yaradılması, bu sahədə istehsalın təşkil olunması da çox vacib məsələlərdən biri kimi qarşıya qoyulur. Bu məsələ proqramın icrası ilə bağlı nazirlikdə yaradılmış Əlaqələndirmə Şurasında da müzakirə olunub, aidiyyəti qurumlar arasında razılıq əldə edilib. Belə ki, tədricən ayrı-ayrı hissələrin istehsalı keyfiyyətcə beynəlxalq standartlara cavab verə biləcək səviyyəyə çatdıqdan sonra digər hissələrin istehsalına hazırlıq görmək olar. Qarşıdakı illərdə isə istehsal tədricən artırılacaq. Azərbaycanda peyklərin istehsalı ilə bağlı ilk olaraq aşağı orbitli peyklərin, kiçik ölçülü pilotsuz uçan aparatların istehsalı reallaşdırıla bilər. Ancaq böyük tutumlu peyklər daha əhatəli olduğundan hələlik dünyanın tanınmış şirkətlərinin imkanlarından istifadə daha məqsədəuyğun hesab edilir.  

 

 

Nigar Abdullayeva 

 

Palitra.-2011.-29 noyabr.- S.12.