Regional QHT-lər əhatəsini genişləndirməkdədir

 

Hər bir demokratik cəmiyyətin inkişafını labüd edən, onun formalaşmasına müəyyən təsir göstərən vasitələr sırasında ictimai qurumlar da var. Azərbaycanda da qeyri-hökumət təşkilatlarının mövcudluğu və fəaliyyət aktivliyi respublikamızda bu sahədə uğurlu addımlar atıldığını göstərir. Ölkəmizdə paytaxtda çalışan ictimai təşkilatlarla yanaşı regional birliklər də var. Bəzi hallarda onların fəaliyyəti mediada az işıqlandırılır və ya heç işıqlandırılmır. “Palitra” olaraq regional QHT-lərin fəaliyyətinin işıqlandırılması missiyasını həyata keçirməyə başladığımız andan indiyə qədər bir neçə rayonu əhatə edən 10-a qədər ictimai birliyin fəaliyyətini oxucularımızla bölüşmüşük. 

Bu missiyanın davamı olaraq Göyçayda fəaliyyət göstərən “Göyçay İnkişaf Mərkəzi” İctimai Birliyinin (GİM) sədri Əzizağa Atakişiyevlə söhbətləşdik.

- Öncə istərdim təşkilatınızla bizi tanış edəsiniz.

- “Göyçay İnkişaf Mərkəzi” 2007-ci ildə ilk dəfə təşəbbüs qrupu olaraq yaradılıb, 23 aprel 2009-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınıb. Əsas məqsədi Göyçayın və ətraf regionların ictimai, sosial, iqtisadi, mədəni həyatında yerli əhalinin, xüsusilə gənclərin iştirakını təmin etməklə regionların sosial-iqtisadi inkişafına yönəlik proqramların həyata keçirilməsinə dəstək verməkdir. Birliyimiz qısa vaxt ərzində bir çox uğurlu layihələr həyata keçirib. Region gənclərinin müxtəlif sahələrdə maarifləndirilməsinə, onların ictimai aktivliklərinin artırılmasına, intellektual inkişafına, yerli və beynəlxalq təcrübə mübadiləsinə şərait yaradırıq. Təşəbbüskar təşkilat olaraq biz Göyçayda innovativ proqramların, layihələrin, beynəlxalq tədbir və seminarların keçirilməsinə səy göstəririk. İstəyirik ki, bir məsul təşkilat kimi regionumuzda dayanıqlı insan kapitalı, sağlam vətəndaş cəmiyyəti mühiti formalaşsın və digər rayonlarımız kimi, Göyçay da hər sahədə ən öndə gedən şəhərlər sırasında olsun. Göyçay rayonunda çox potensiallı, savadlı gənclər var. Təşkilat olaraq biz həmin gəncləri müəyyənləşdirib onların təşkilatlanmasına və ictimai fəaliyyətə aktiv cəlb olunmalarına maraq yaradırıq.

- Kifayət qədər böyük iddialarınız var. Bəs bu iddiaların bəhrəsi olaraq hansı layihələri reallaşdırmısınız?

- Təşkilatımız mütəmadi olaraq gənclər arasında müsabiqələr, idman yarışmaları, sərgilər, aksiyalar, sosial təşəbbüslər və s. həyata keçirir. 2011-ci ildə reallaşdırdığımız ən uğurlu fəaliyyətlərimizdən 3-nü xüsusilə qeyd etmək istərdim. Almaniya Xalq Universitetləri Birliyinin (DVV İnternational) və “British Council”in Fəal Vətəndaşlar Proqramının dəstəyilə Göyçay rayonunda yaşayan gənclər üçün “Gənclərin sosial həyata inteqrasiya edilməsində imkanların artırılması” layihəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə ərsəyə gətirdiyimiz “Üçüncü Dünya savaşı - hədəf Azərbaycan” sənədli filmi və nəhayət, “Aznar” şirkətinin sponsorluğu ilə ümumrespublika səviyyəsində həyata keçirdiyimiz “Göyçay elim, Nar sərvətim” müsabiqəsi birliyimiz tərəfindən uğurla həyata keçirilib. Bununla əlaqədar birliyimizin keçən il ən uğurlu layihələrindən biri də “Bir dünya, min millət” layihəsi oldu. Bu layihəni həyata keçirməkdə əsas məqsədimiz Azərbaycanımızın adət-ənənələrini Avropada tanıtmaq idi. Amma digər bir məqsədimiz də vardı: “Nar bayramı”nın, nar meyvəsinin Azərbaycana məxsus olduğunu və ən yaxşı növlərinin Göyçay rayonunda yetişdirildiyini layihəmizdə iştirak edəcək gənclərə əyani olaraq göstərmək. Bu layihə Azərbaycan, Rusiya Federasiyası, Gürcüstan, Rumıniya, Amerika Birləşmiş Ştatları, Ukrayna və Türkiyədən 6 gənclər təşkilatının və 50 nəfər gəncin iştirakı ilə 7-15 noyabr 2010-cu il tarixlərində Göyçay rayonunda həyata keçirilib.  Xüsusi olaraq bu il “Nar bayramı” ərəfəsində təşkil etdiyimiz ümumrespublika yaradıcılıq müsabiqəsi haqqında ətraflı danışmaq istərdim. “Göyçay İnkişaf Mərkəzi” 2011-ci ildə “Nar Festivalı”nın ümumrespublika səviyyəsində yayımlanıb daha çox maraq və məsuliyyət yaratmaq üçün “Göyçay elim, Nar sərvətim” ümumrespublika yaradıcılıq müsabiqəsini keçirməyə nail oldu. Birliyimiz müsabiqəni “Aznar” şirkətinin dəstəyi, “İrəli” İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində reallaşdırdı. Müsabiqənin informasiya dəstəyini “Resurs.Az” internet portalı təmin edib. Məqsədimiz nar haqqında ən yaxşı rəsm əsəri, ən yaxşı şeir, ən yaxşı bloq yazısı, ən yaxşı reportaj (foto - video) və Göyçay narının və festivalının təbliğatı haqqında ən yaxşı layihə ideyası hazırlayan 5 nəfəri seçməklə festivalı daha çox tanıtmaq idi. Mövzular üzrə müsabiqəyə 64 nəfər ideya təklifi ilə müraciət etmiş və 38 ideya təklifi müsabiqənin şərtlərinə uyğun gəldiyi üçün seçim mərhələsinə buraxılmışdı. Beləliklə, 5 nəfər müsabiqədə ən yaxşı ideya təklifi təqdim etdikləri üçün “Nar bayramı” günü “Aznar” QSC-nin Müşahidə Şurasının sədri Fərhad Əhmədovun, Göyçay rayon icra başçısı Mənsur Məmmədovun, millət vəkili Fəttah Heydərovun, Azərbaycan Respublikası İqtisad Universitetinin rektoru, millət vəkili Şəmsəddin Hacıyevin, ABŞ-ın ölkəmizdəki səfiri Metyu Brayzanın və dəvət olunmuş digər rəsmilərin iştirakı ilə mükafatlandırıldı. Təşkilatımız tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirdiyimiz digər bir layihəmiz “Üçüncü Dünya savaşı - hədəf Azərbaycan” sənədli filmidir. Filmin hazırlanması üçün dünya mətbuatında son 10 il ərzində Ermənistanın Azərbaycana qarşı apardığı informasiya savaşının mahiyyəti araşdırılıb. Aydın oldu ki, əslində biz bu savaşı çox mifləşdirir və mücərrəd erməni lobbisinin gücünü artırırıq. Bu səbəbdən də müdafiə yolu tutduğumuzu gördük. Amma sevindirici hal budur ki, son bir neçə ildə Azərbaycan müdafiə taktikasından imtina edərək hücum taktikasına üstünlük verib. Bir sözlə, film tamaşaçıya bir sıra yenilikləri göstərə biləcək. Hazırda filmin həm yerli telekanallarda, həm sosial şəbəkələrdə yayımlanması üzərində iş aparırıq. Təmsil etdiyim təşkilat regional təşkilat adı altında fəaliyyət göstərməyinə baxmayaraq hər zaman beynəlxalq təcrübələrdən də öyrənib tətbiq etməkdə maraqlıyıq. Təşkilatımızın üzvləri Azərbaycanı və təşkilatımızı Danimarkada, Rumuniyada, Türkiyədə, İtaliyada, Gürcüstanda təmsil edib. 2009-cu ildə GİM-in bir qrup üzvü Forum Teatrının (FT) təşkil olunub idarə edilməsi haqqında Rumıniyada təlim keçib. Biz digər QHT-lərə, maraqlı gənclər qruplarına FT-nin təşkil olunması ilə bağlı məlumatlar verir və təlimlər təşkil edirik.FT-də məqsəd sosial təsiretmə aləti kimi ictimai təhsil müəssisələrində uşaq və gənclərin vətəndaş təhsili, xüsusilə onları ictimai və sosial həyatda fəallığa həvəsləndirmək, eyni zamanda bütün yerli ictimai məsələlərdə yaranan problemləri digər uşaq, gənclər və aidiyyəti dövlət və bələdiyyə orqanları nümayəndələrinə çatdırmaqdır. Ən maraqlı təcrübə səfərlərimizdən biri “British Council”in Fəal Vətəndaşlar Proqramı çərçivəsində bu ilin iyun ayında gerçəkləşən Böyük Britaniyaya səfərimiz oldu. Fəal Vətəndaşlar Proqramı icmalararası beynəlxalq dialoqu və qlobal vətəndaşlığı təbliğ edir. Səfərdə mən də iştirak edirdim. Səfərin məqsədi Britaniyada olan təşkilatlar və icmalar ilə təcrübə mübadiləsi aparmaq və qarşılıqlı öyrənmək idi. Biz orda əsasən Mançester və Liverpul şəhərlərinin arasında yerləşən Saint-Helens şəhərində qaldıq. Həmçinin bizə Böyük Britaniyanın Mançester, Liverpul, hətta Londona da səfər etmək imkanı yaradıldı. Eyni zamanda biz ordakı icmaların fəaliyyətləri, yerli konsulların icmanın problemləri ilə necə maraqlanmaları, həlli istiqamətində işlərin planlaşdırılması və təşkilatların fəaliyyətləri ilə tanış olduq.

- Sizcə, bu gün regional QHT-lərin hansı problemləri var və tanıdılması, potensialını üzə çıxarmaq üçün hansı işlər görmək lazımdır?

 

 

- İlk olaraq onu qeyd etmək istərdim ki, ölkədə QHT-lərin əksər hissəsi paytaxt Bakı və böyük şəhərlərdə fəaliyyət göstərir. Şəhərlərdən fərqli olaraq regionlarda QHT-lərin sayı və fəaliyyətləri olduqca aşağı səviyyədədir. Regionlarda isə QHT-lərin formalaşması və inkişafı prosesi zəif gedir. Bu da ondan irəli gəlir ki, mövcud olmuş və hazırda fəaliyyət göstərən QHT-lər öz regionlarında səmərəli işlər görsələr də, yerli icmalarına fəaliyyətlərini düzgün çatdırmır, ixtisaslı QHT-lər isə beyin axınının paytaxda və şəhərlərdə cəmləşməsindən istifadə edərək işlərini ancaq şəhərdə görür və layihələri olduqda öz nümayəndəliklərini regionlarda açırlar. Əksər region QHT-ləri PR işlərini düzgün qurmur və fəaliyyətləri çərçivəsində yerli KİV-lə çox az əməkdaşlıq edirlər. Bəzi region QHT-ləri bacarıqlı, peşəkar kadr çatışmazlığı üzündən, maddi-texniki resursların məhdudluğundan, layihələrin fundreyzinqinin və hazırlanması təcrübəsinin aşağı olmasından da müəyyən problemlərlə rastlaşırlar. Regionlarda da çox potensiallı və peşəkar insanlar var. Bu gün həmin insanların təşəbbüs qrupları və ətraflarında olan təşkilatlara maraqları hiss olunur. Lakin öncə də qeyd etdiyim kimi, 90-cı illərə nisbətdə son 10 ildə bütün sahələrdə olduğu kimi, ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafında müəyyən uğurlar və irəliləyişlər olduğu hiss olunmaqdadır. Fikrimcə, mütəmadi olaraq regionlarda fəaliyyət göstərən QHT-lərin əksəriyyətinin layihə yazmaq, layihələri idarə etmək vərdişlərinin inkişafına yönələn təlimlər keçirmək, onların nümayəndələrinin Bakıda nüfuzlu təşkilatlarda interşip (təcrübə) proqramlarında iştirakını təşkil etmək onların bacarıqlarının daha da artmasına yardım edərdi. Həmçinin QHT-lər yerli icra və bələdiyyə orqanları ilə də münasibətlərini qursalar, əməkdaşlıq etsələr, bu, həm region, həm də QHT-lər üçün səmərəli olar.

 

Tural

Palitra.-2011.-30 noyabr.-S.11.