Rayonda ənənəvi olaraqKitab bayramı” keçiririk

 

Layihə çərçivəsində müsahibimiz Biləsuvar Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Rəfiqə xanım Cəfərovadır: 

 

- Əvvəla, qeyd edim ki, dövlət rəhbərliyinin hər bir ölkə vətəndaşının mənafeyinə hesablanan siyasi-hüquqi və sosial-iqtisadi islahatlar kursu respublikamızda hər bir sahənin sürətli inkişafına boyük təkan verib. Dövlət başçısının böyük uzaqgörənliklə həyata keçirdiyi məqsədyönlü inkişaf strategiyası nəticəsində cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunması respublikamızın tərəqqisində yüksək dinamizmi təmin edib. Bu gün Azərbaycan çox sürətlə inkişaf edir, respublikamızın hər bir yerində, bütün şəhər və rayonlarda nəhəng quruculuq işləri aparılır. Respublikamız iqtisadi inkişaf sürətinə görə dünyada liderlər sırasındadır. Ölkəmizdə bütün sahələrlə yanaşı mədəniyyətin və turizmin inkişafına respublika rəhbərliyi tərəfindən göstərilən qayğı və diqqət bu sahədə əsl canlanmaya səbəb olub. Bu qayğı və diqqətin Heydər Əliyev Fondu tərəfindən dəstəklənməsi, fond tərəfindən bir sıra mühüm layihələrin həyata keçirilməsi son illərin ən böyuk uğurlarından sayılır. Biləsuvar Rayon Mədəniyyət və Turizm Şöbəsi də ötən müddət ərzində mövcud sənəd və tövsiyyələri rəhbər tutaraq əhalinin asudə vaxtının səmərəli təşkili, milli-mənəvi dəyərlərimizin öyrənilməsi, qorunması və təbliği, bədii özfəaliyyətin inkişaf etdirilməsi, kitabxana və muzeylərin işinin yaxşılaşdırılması, gənc nəslin estetik tərbiyəsinin yüksəldilməsi sahəsində müəyyən işlər görməyə nail olub. Biləsuvar Rayon Mədəniyyət və Turizm Şöbəsi cari ilin ötən ayları ərzində tarixi hadisələrin və bayramların, habelə əlamətdar yubileylərin qeyd edilməsi ilə bağlı müvafiq göstəriş və sərəncamların icrasını təmin etmək məqsədilə bir sıra tədbirlər hazırlayaraq həyata keçirib və hazırda da bu sahədə işlər davam etdirilir. Azərbaycan Respublikasının  dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında ölkə başçısının 21 yanvar 2011-ci il tarixli sərəncamının icrası məqsədilə qrafik hazırlanaraq təsdiq edilib. Təsdiq edilmiş qrafikə uyğun olaraq rayon mərkəzi və kəndlərdə silsilə tədbirlər həyata keçirilir. İl ərzində keçirilən tədbirlərə gəldikdə isə ilin əvvəlində 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar rayon Mədəniyyət Evində ədəbi-bədii kompozisiya hazırlanaraq rayon əhalisinə təqdim edilib, Tarix-Diyarşünaslıq Muzeyində dəyirmi masa keçirilib. Həmin faciənin ildönümü ilə əlaqədar rayon Dövlət Rəsm Qalereyasında məktəbli və gənclərin faciə qurbanlarına həsr edilmiş rəsm əsərlərinin sərgisi keçirilib. Fevral ayında Gənclər Günü münasibətilə rayon Mədəniyyət Evi və "N " saylı hərbi hissədə gənclər qarşısında konsert verilib. Fevral ayının 7-də rayon Dövlət Rəsm Qalereyasında Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü münasibətilə məktəbli və gənclərin qəhrəmanımıza həsr olunmuş rəsm sərgisi keçirilib. Qeyd edim ki, bu sərgi əhali tərəfindən çox böyük maraqla qarşılandı. Gənclər tərəfindən çəkilmiş rəsm əsərləri Milli Qəhrəmanın ailəsinə bağışlandı. Xocalı faciəsinin ildönümü münasibətilə Dövlət Rəsm Qalereyasında məktəbli və gənclərin faciəyə həsr edilən rəsm sərgisi keçirilib. 25 fevral tarixində isə rayon Mədəniyyət Evində faciəyə həsr olunmuş tədbir keçirilib, "Xocalı harayı" adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Ənənəvi olaraq hər il martın 8-də qadınlarımıza həsr edilən tədbir keçiririk. Bu il də ənənəmizə sadiq qaldıq. Martın 8-də qadınlar bayramına həsr olunmuş ümumrayon tədbiri hazırlanaraq rayon əhalisinə təqdim edilib. Əhali Novruz bayramı münasibətilə keçirdiyimiz tədbirlərə həmişə böyük maraq göstərir. Bu il də Novruz bayramı münasibətilə teatrlaşdırılmış meydan tədbiri təşkil etmişdik. Əhali qarşısında təşkil edilən konsert əsil bayram əhval-ruhiyyəsi yaratmışdı. «N» saylı hərbi hissədə də tərəfimizdən bayram tədbiri təşkil edildi. 31 mart Azərbaycanlıların Soyqırım Günü ilə bağlı  rayon internat məktəbində və "N" saylı hərbi hissədə məktəblilərin rəsm sərgisi təşkil edilib. Ümummilli liderimiz Heydər Əliyevin doğum gününün rayon ictimaiyyətinin iştirakı ilə geniş şəkildə qeyd edilməsi artiq ənənəyə çevrilib. 10 may tarixində ulu öndərin abidəsi ziyarət edilib, Heydər Əliyev Məktəbi və Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyətini əks etdirən sənədli filmlər nümayiş etdirilib, bayram konserti verilib. Alman faşizmi üzərində qələbənin ildönümü münasibətilə isə rayon "Gənclər parkı"nda bayram konserti təşkil edilib.

- Rayonda «Kitab bayramı»nın keçirilməsi ilə bağlı nə deyə bilərsiniz?

- May ayında ənənəvi olaraq rayonda "Kitab bayramı" keçirilir. Həmin bayramda əhaliyə yeni nəşr olunmuş kitablar barədə məlumat verilir. Təşkil edilən kitab sərgisi xeyli sayda əhali tərəfindən izlənir. Sərgiyə gələnlər yeni kitablara böyük maraq göstərirlər. Bundan savayı Beynəlxalq Ailə Günü də rayonda geniş şəkildə qeyd edilir, Rayon Mərkəzi Kitabxanasında dəyirmi masa keçirilir. Biz bu bayramın keçirilməsinə böyük önəm veririk. Azərbaycan xalqının ailə ənənəsini, mənəvi dəyərlərimizi təbliğ edir, bu dəyərlərimizi gənclərə daha geniş şəkildə aşılamağa çalışırıq. Adətən təşkil etdiyimiz dəyirmi masada gənc ailələr və rayon ziyalıları iştirak edirlər. Uşaqları da unutmuruq. Hər il iyun ayının 1-i Uşaqları Beynəlxalq Müdafiə Günü bütün dünyada qeyd edilir. Biz də uşaqları unutmayaraq hər il ənənəvi olaraq «Uşaqlar bizim gələcəyimizdir» adlı tədbir keçiririk. Bu il də Biləsuvar əyləncə mərkəzində uşaqlara maraqlı-əyləncəli proqram təqdim edilib.

- Mədəni dəyərlərimizin gənclərə təbliği istiqamətində hansı işləri görürsünüz?

- Mədəni dəyərlərimizin təbliğ edilməsi, bu ənənələrin yaşadılması, gənclərə aşılanması daim diqqət mərkəzində saxlanılır. Məsələn, hərbi xidmətə çağrılan gənclərin ordu sıralarına yola salınmasını təntənəli şəkildə təşkil edirik. Ağsaqqalların onlara tövsiyyələri, Vətən, torpaq, dövlətlə bağlı məsləhətləri çox dəyərlidir. Hər il iyun ayının 15-i Milli Qurtuluş Günü münasibətilə ulu öndərə həs edilən tədbirlər keçiririk. Bu tədbirlərdə gənclərə Qurtuluş Gününün mahiyyəti, ulu öndərin xidmətləri aşılanır. Bu il keçirdiyimiz tədbirdə gənclərə bu günün xalqımızın tarixindəki rolundan danışılıb. Həmin gün bayram konserti də təşkil etmişik. Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü münasibətilə təsdiq etdiyi qrafikə uyğun olaraq Biləsuvar rayon Dövlət Rəsm  Qalereyasında "Azərbaycan dövlət müstəqilliyimizin iyirminci ilində" adlı foto-sərgi təşkil edilib. Rayonda ilk dəfə keçirilən fotosərgi əhali tərəfindən çox böyük maraqla qarşılanıb. Bunlarla yanaşı Rayon Tarix-Diyarşünaslıq Muzeyində "Muzeylər gecəsi" və 18 may Beynəlxalq Muzeylər Günü tərəfimizdən geniş qeyd edilib. Yay aylarında əhalinin asudə vaxtının təşkili ilə əlaqədar qrafik təsdiq edilib və həmin qrafikə uyğun olaraq şənbə və bazar günləri əhali qarşısında  müxtəlif əyləncəli tədbirlərin keçirilməsi təmin olunub. Keçirilən tədbirlərin bir çoxu mərkəzi və yerli mətbuatda işıqlandırılıb. 

 

 

Anar Miriyev

 

Palitra.-2011.-11 oktyabr.-S.6.