Lənkəranda Azərbaycan mədəniyyəti və tarixini əks etdirən qiymətli abidələr

 

Lənkəran rayonunda Azərbaycan mədəniyyətinin müxtəlif çalarlarını özündə birləşdirən çoxlu abidələr var. Bu abidələr sırasında rayondakı muzeylər xüsusi yerə malikdir. Rayonun abidələri barədə bizə Lənkəran Rayon İcra Hakimiyyətinin Mədəniyyət şöbəsi müdirinin müavini İlqar Əzimov məlumat verdi. İ.Əzimov öncə Lənkəran Tarix-Diyarşunaslıq Muzeyi barəsində danışdı: “Muzey tarixi mədəniyyət abidəsi olan Mirəhməd xanın yaşayış evində - Xan evində yerləşir. Muzeydə 6340 eksponat var. Bu ekspozisiya haqqında qısa məlumat verim. Muzeyin aşağıdakı nümayiş otaqları gələn qonaqlarin istifadəsinə verilib.  

 

Bu otaqlar təbiət bölməsi, qədim dövr, erkən orta əsrlər,  yeni dövr, ən yeni dövr, müasir dövrdən ibarətdir”.  İlqar Əzimov qeyd etdi ki, muzey fondunun əsasını təşkil edən əşyalar xalqımızın qədim tarixini əks etdirir: “Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi xalqimizin zəngin və qədim tarixini yaşadır. Daş dövrünə aid  həvəngdəstə, çəkiclər, sümükdən hazırlanmış bıçaqlar, tunc dövrünə aid silahlar və qadın bəzək əşyaları, VII-XII əsrlərə aid qoç fiqurlu qəbir daşları, heç vaxt rəngi solmayan boyalı saxsı qablar çox maraqlıdır. 8-9-cu əsrlərə aid memarlıq abidəsi - Bəlləbur qalasının  tikinti materialları nümunələri, qaladan tapılmış məişət əşyaları xüsusi maraq doğurur. Ekspozisiyada nümayiş etdirilən misgərlik nümunələri, əmək və məişət əşyaları da orta əsrlərə aiddir”.İ.Əzimov bildirdi ki, muzeyin qədim eksponatlarından olan mis manqal XIX əsrə aiddir və evi qızdırmaq üçün istifadə olunurmuş: “Bu manqal cızma naxışlarla  bəzədilib. Şarlı lampalar qızların cehizi olub. Gümüşdən hazırlanmış bəzək əşyaları, kəmər və toqqalar, ətirqabılar Lənkəran zərgərlərinin  əl  işləridir”.XX əsrin əvvəllərində Lənkəranda açılmış “Behcət” məktəbinin adı həkk olunmuş daş lövhə, həmin məktəbin müəllimlərindən M.A.Əliyev, M.Möhsümzadə, T.Bayraməlibəyov, Mirzə Əbülhəsən, tanınmış generallardan Səmədbəy Mehmandarov, İbrahim bəy Talışinski, Mirkazım bəy Talışinski və iki dəfə Sovet İttifaqı qəhrəmani general Həzi Aslanov barədə materiallar nisbətən yaxin  tariximizin  salnaməsi kimi muzeyi bəzəyir. Qeyd edək ki, bu muzey Lənkəran şəhəri, Şirəli Axundov küçəsi 21-də yerləşir. Muzeyin yaranma tarixi 1924-cü ilə təsadüf edir.Rayonda mövcud olan başqa bir muzey isə Lənkəran Şəhər Heydər Əliyev Muzeyidir. Muzey Heydər Əliyev Xatirə parkında xüsusi layihə ilə inşa olunan bir zaldan ibarətdir. Muzeyin fotolardan ibarət aşağıdakı adda 6 stendi gələn qonaqların      istifadəsinə verilmişdir: 1.Azərbaycan xalqı bəşər tarixinə böyük, dəyərli, dahi simalar bəxş edib. 2.Sovet dövründə yaranmış iqtisadi və mədəni potensial da bizim böyük  sərvətimizdir. 3.Tariximizin hər səhifəsi bizim üçün əzizdir. 4. İqtisadiyyatı  güclü olan dövlət hər şeyə qadirdir. 5.Ordu ölkəmizin, dövlətimizin, millətimizin, müstəqilliyimizin dayağıdır. 6.Lənkəranlılar dövlətçiliyimizin  qorunması yolunda həmişə əllərindən gələni etmişlər. Qeyd edək ki, Heydər Əliyev Muzeyi 2007-ci ildə inşa olunub. Burada ümummilli liderin həyat yolusiyasi fəaliyyəti geniş işiqlandırılıb. Ekspozisiya 72 fotoşəkil və rəssam Afaq Kərimovanın 4 rəsm əsərindən ibarətdir. Burada həmçinin Heydər Əliyevə aid  olan  müxtəlif  məzmunlu sənədlər var. Muzey Lənkəran şəhəri, Şirəli Axundov küçəsində yerləşir.İ.Əzimov onu da bildirdi ki, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun Ev Muzeyibu rayonda yerləşir: “Muzeyin yerləşdiyi bina yerli əhəmiyyətli memarlıq abidəsi olan Həzi Aslanovun şəxsi evidir. Muzey eksponatlarının ümumi sayı 2012 ədəddir, 302 ədəd əsas fond, 1710 ədəd köməkçi fond təşkil edir. Muzeyin aşağıdakı nümayiş otaqları gələn qonaqların istifadəsinə verilib:  1.Etnoqrafik otaq, qəhrəmanın doğulub boya-başa çatdığı mühiti əks etdirir. 2. H.Aslanovun Bakı və Leninqrad hərbi məktəblərində təhsil illəri və Finlandiya ilə olan müharibədə iştirakı. 3. MoskvaStalinqrad döyüşlərinə həsr olunmuş otaq. 4. PribaltikaBelarus uğrunda gedən döyüşlərdə iştirak. 5. Ev muzeyinə verilən hədiyyələr və qəhrəmanın döyüş paltarları”.İ.Əzimov muzeyin fondunun əsasını  təşkil edən eksponatlar haqqında qısa  məlumat verdi: “Muzeyin binası birmərtəbəli, açıq eyvanlı həyət evidir. Geniş yaşıllıqlı həyətyanı sahəsi  var. Muzey eksponatlarının ümumi sayı 2012 ədəddir.  Xatirə əşyalarından generalın hərbi geyimi, sırıqlı şalvarı, əl dəsmalı, yorğança, süfrə, məişət əşyaları, 2 boşqab, fincan, üzqırxan tualet dəsti, bıçaq, qaşıq, stolüstü saat, hərbi çanta, çaydan, qəndqabı, yağqabı, 1 ədəd məktub, 2 ədəd teleqramsair qorunub saxlanılır. Həzi Aslanova aid ev muzeyi 38 ildir ki, fəaliyyət göstərir. Bu illər ərzində muzeyi 650 mindən artıq tamaşaçı ziyarət  edib. Muzeyə dünyanın bir çox yerlərindən - Amerika, Norvec, Kanada, Fransa, Bolqarıstan, Latviya, Litva, Kuba, Rusiya, Polşa, Türkiyə, Ukrayna   sair ölkələrdən qonaqlar gəlib.1985-ci il faşizm üzərində qələbənin 40  illiyi münasibəti ilə Həzi Aslanovun Ev Muzeyi “Hərbi vətənpərvərlik sahəsində səmərəli işinə görə, SSR-i Mədəniyyət Nazirliyinin diplomuna layiq  görülüb. 2010-cu ilin yanvar ayında muzeydə tam rekonstruksiya işləri aparılıb və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yenimüasir tələblərə cavab verən ekspozisiya qurulub”. Qeyd edək ki, muzey  Lənkəran şəhəri, İsmət Qayıbov küçəsi 19 ünvanında yerləşir. Muzeyin yaranma tarixi 1969-cu ilə təsadüf edir.  Qeyd edək ki, bunlardan başqa Lənkəran rayonu tarixin şahidləri olan digər zəngin tarix və mədəniyyət abidələri ilə də məhşurdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli, 132 saylı qərarı ilə Lənkəranın ərazisində 87 tarix və mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb. Dövlət qeydiyyatına alınmış abidələrin içərisində respublikayerli əhəmiyyətli bir sıra abidələr var ki, onlar memarlıq üslubuna, çox qədim tarixə malik olduğuna görə Lənkərana gələn hər bir qonaqturisti maraqlandırır. Belə ki, bu sıraya Seyid Xəlifə türbəsi, Kiçik Bazar məscidi, Mir Əhməd xanın yaşayış evi, Lənkəran mayakı, Dairəvi Qala (Zindan 4810), İsa bəyin yaşayış evi, Şeyx Zahid türbəsi,  Boladi kəndində yerləşən Ləm, Bəlləbur qalasının qalıqları və sair maraq kəsb edən və zəngin tarixi əks etdirən qiymətli abidələr aid edilə  bilər. Onu da bildirək ki, gələn saylarımızda bu abidələr barəsində müfəssəl məlumat verən ayrıca məqalə veriləcək.  

 

 

İlkin AĞAYEV 

 

Palitra.-2011.-12 oktyabr.-S.6.