Dünya arenasında Azərbaycanı ləyaqətlə təmsil edən, dövlətçiliyə öz töhfələrini verməyə qabil gəncliyimiz formalaşıb”

 

Son zamanlarda ölkədə həyata keçirilən gənclər siyasəti gənc nəslin dövrün yeni tələblərinə uyğun formalaşmasında, onların məşğulluğunun təmin olunmasında və vətənpərvərlik tərbiyəsində ciddi dönüş yaradıb.  O da məlum olduğu kimi, Prezident İlham Əliyev tərəfindən “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı təsdiq edildi. Azərbaycan gəncləri bu proqramdan irəli gələn məsələlərin həlli ilə bağlı olduqca nikbindirlər. Ölkədə həyata keçirilən gənclər siyasəti ilə bağlı olaraq, Yeni Azərbaycan Partiyasının Nərimanov Rayon Gənclər Təşkilatının sədri, Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbə-gənclərlə iş üzrə prorektoru,  gənclər sahəsində fəal olan Yusif Babanlı ilə söhbətləşdik. 

 

- Ölkədə həyata keçirilən gənclər siyasəti ilə bağlı hansı fikirləriniz var?

- Ölkədə yürüdülən gənclər siyasəti gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında Azərbaycan xalqının tarixi-mədəni irsinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması istiqamətində aparılır. Cəmiyyətin müxtəlif sferalarında gənclərin fəal iştirakının təmin edilməsi, onların intellektual və yaradıcılıq potensialının ümummilli məsələlərin həllinə yönəldilməsi bu məsələdə əsas götürülür. Ölkədə gənc mütəxəssislərin formalaşmasına, gənclərin insan kapitalının formalaşmasında aparıcı rola malik olması məsələlərinə də xüsusi diqqət yetirilir. Bunu eləcə də hazırda ölkədə insan kapitalının tam mənada bərqərar olmasının zəruriliyi diktə etməkdədir. Eyni zamanda gənc liderlərin, insan kapitalının lazımi səviyyədə formalaşmasında töhfəsini verməyə çalışan gənc kadrların roluna yüksək qiymət verilir. Prezident İlham Əliyev də dəfələrlə bəyan edib ki, neft kapitalını insan kapitalına çevirmək lazımdır. Bu məsələnin reallaşmasında bir çox fəaliyyət növləri həyata keçirilməkdədir. Artıq sadaladıqlarım daxil olmaqla xaricdə təhsil, müxtəlif dövlət proqramları, peşəkarlar üçün treninqlər, konfranslar, müxtəlif tədbirlər və sair reallaşdırılan məsələlər qeyd edilə bilər. Bütün bunlar gənclərlə bağlı yürüdülən siyasətin əsas tərkib hissələrini təşkil edir.Bir sözlə, gənclər siyasəti - gənclərin öz bilik və bacarıqlarının, təbii potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir. Bu inkişaf ölkənin qlobal rəqabətə davamlılığının, milli inkişafının vacib şərtlərindəndir.

- “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı ölkədə gənclərlə bağlı keyfiyyətcə tam yeni dövrün başlanğıcı hesab edilir. Siz bu barədə nə düşünürsünüz?

- Öncə qeyd edim ki, bu proqramdan qabaq 2005-ci ildə Prezident tərəfindən imzalanmış,  2005-2009-cu illəri əhatə edən “Azərbaycan Gəncliyi” Dövlət Proqramı da bir çox vacib məsələlərin reallaşmasına zəmin yaratdı. Bu sırada gənc nəslin Vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi, onların hərbi xidmətə hazırlanması, gənclər arasında hüquq pozuntularının, narkomaniyanın və digər zərərli vərdişlərin profilaktikası sahəsində tədbirlərin həyata keçirilməsi; istedadlı gənclərin aşkar edilməsi, onların öz qabiliyyətlərini inkişaf etdirə bilmələri üçün şəraitin yaradılması və sair məsələlər qeyd edilə bilər. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı isə ölkə gəncliyinin ümumi inkişafı baxımından tam yeni və daha yüksək bir mərhələnin başlanması deməkdir. Bu proqram gənclərin idarəçiliyə cəlb olunması, onların sosial problemlərinin həlli və gənclərin potensialının tam realizə olunması üçün təşəbbüslərin dəstəklənməsi baxımından çox önəmlidir. Əsas məqamlardan biri odur ki, proqramda ilk növbədə gənclərin məşğulluğu məsələləri öz həllini tapıb. Məlumdur ki, son illər ölkəmizdə işsizliyin aradan qaldırılması üçün böyük işlər görülüb, 900 min yeni iş yeri, yeni müəssisələr açılıb. Sözügedən proqram isə gənclər sahəsi baxımından bu işlərin mükəmməl bir şəkildə tamamlanması deməkdir. Məlumdur ki, gənclərin yüksək peşə hazırlığı ilə bağlı məsələlər hazırda çox aktualdır. Prezident də bəyan edib ki, bizim qarşımızda duran ən ciddi məsələlərdən biri peşəkar kadrların hazırlanmasıdır. Çünki bizim artan iqtisadi potensialımız, yeni yaradılan sənaye müəssisələrimiz peşəkar kadrlar tələb edir. İnkişaf etmiş ölkələrin təcrübəsindən bu sahədə yaxşı yararlanmaq lazımdır. Bu baxımdan texniki peşə təhslinin təkmilləşdirilməsi işində daha da böyük işlər görüləcəyi gözlənilir. Təhsil sahəsi, ilk növbədə, gənclərlə bağlıdır və xaricdə gənclərin təhsil alması üçün əlavə tədbirlər görüləcəyi də gözlənilən müsbət dəyişiklikləri şərtləndirəcək. Beləliklə, gənc kadrların hazırlanması ölkənin ümumi iqtisadi inkişafı ilə daha çox uzlaşdırılmış olacaq. Bundan başqa, dünyanın hər yanında olan gənclərimizin təşəbbüslərin sürətlə reallaşdığı və dəstəkləndiyi yeni plotformalara və mexanizmlərə ehtiyacı var. Bununla bağlı olaraq proqram çərçivəsində gənclərlə bağlı yeni koordinasiyaedici və təşkilatlandırıcı qurumların yaradılması çox yerinə düşən məsələdir.

- Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi məsələləri ilə bağlı hansı fikirləriniz var?

- Bu yöndə son zamanlar ciddi və intensiv tədbirlər həyata keçirilir. Təmsil etdiyim sahələrdə bu məsələ ilə bağlı mütəmadi olaraq tədbirlər həyata keçirilir. Tələbələr və gənclərin öz potensiallarını, enerjilərini millətin, dövlətinin gələcəyinə yönətmələri məsələsinə ciddi diqqət yetirilir. Ümumiyyətlə, son zamanlar gənclərin elmə, təhsilə və maariflənməyə maraq və həvəsləri də artıb. Gənclər arasında asudə vaxtlarını idmana həsr edənlərin sayı daha da kütləviləşib ki, bu da bir daha ölkəmizin uğurlu bir idman ölkəsi olduğuna dəlalət edir. Gənclərimiz ölkə rəhbərliyi tərəfindən əzmlə aparılan olimpiya hərəkatından çox həvəslə bəhrələnməyə çalışırlar. Bundan isə dövlətimiz və ölkəmiz çox xeyir görəcək. Gənclərin sağlam düşüncədə və vətənpərvər ruhda olması onun öz həyatını düzgün istiqamətdə  qurması deməkdir. Bütün bunlarla bərabər savadlı, yüksək təhsil almış, peşəkar mütəxəssis olan gənclərimiz mükəmməl, dünya səviyyəsində sözünü deyən, gerçəkdən vətənpərvər bir Azərbaycan gəncliyi deməkdir. Hesab edirəm ki, hər biz Azərbaycan gənci özünü bu istiqamətə yönəltməlidir. Bu gün Azərbaycanın qarşısında Qarabağ probleminin həlli durur. Prezident İlham Əliyev bu məsələnin həlli üçün bütün gücünü ortaya qoyub. Bu, hər birimiz üçün örnəkdir. Azərbaycan gəncləri bu məsələləri yaxşı dərk edir və bu gün həqiqətən də dünya arenasında Azərbaycanı ləyaqətlə təmsil edən, dövlətçiliyə öz töhfələrini verməyə qabil bir gəncliyimiz formalaşıb.

 

 

İlkin AĞAYEV  

 

Palitra.-2011.-12 oktyabr.-S.11.