Behbud ağa Şahtaxtinski bütün
həyatı boyu milli
mənafelər uğrunda
çalışıb
Naxçıvan Muxtar Respublikasının Ali
Məclisində Behbud ağa
Şahtaxtinskinin 130 illik
yubileyi və beynəlxalq Qars
müqaviləsinin 90-cı ildönümünə həsr olunmuş konfrans keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədri Vasif Talıbov və konfrans iştirakçıları əvvəlcə
Behbud ağa Şahtaxtinskinin 130 illik yubileyi və Qars
müqaviləsinin 90 illiyi ilə
bağlı kitab, monoqrafiya,
qəzet və jurnal materiallarından, tarixi sənəd və fotoşəkillərdən
ibarət sərgiyə baxıblar. Sonra
konfrans öz işinə
başlayıb.
Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin sədri Vasif Talıbov konfransda məruzə
ilə çıxış edərək
deyib: «Azərbaycan tarixində xalqın ümummilli maraqları naminə xidmətlər
göstərmiş şəxsiyyətlər çoxdur.
Onlardan bir çoxunun həyat və fəaliyyəti
öyrənilib, dərsliklərə salınıb, gənc nəslə
nümunə kimi təbliğ olunub. Tariximizdə elə şəxsiyyətlər
də var ki, layiq olduqları qiyməti vaxtında ala bilməyib, unudulub və
ya unutdurulub. Belə
şəxsiyyətlərdən biri də
Behbud ağa Şahtaxtinskidir. Behbud ağa Şahtaxtinski kimdir, onun ictimai-siyasi
tariximizdə rolu və xidmətləri nədən
ibarətdir? Onun keçdiyi qısa, lakin mənalı həyat yoluna
nəzər salsaq, gözlərimiz
önündə Azərbaycanın ərazi bütövlüyü
uğrunda siyasi və
diplomatik mübarizə səngərində
daxili və xarici
qüvvələrlə çarpışan, azərbaycançılıq
ideyasının təntənəsi uğrunda
mübarizə aparan və bu
mübarizənin qurbanlarından olan bir insanın - siyasi xadim, diplomat və sözün əsl mənasında, həqiqi vətəndaşın
obrazı canlanar. Behbud ağa
Şahtaxtinski fəhlə, kontor qulluqçusu və
inqilabçı həyatı yaşaya-yaşaya,
Azərbaycan naminə mübarizə apara-apara
fərdi qaydada təhsillənib, öz fitri istedadı sayəsində
dövrünün bütöv
bir ziyalı nəslinin önündə
gedə bilib. Şübhəsiz, Behbud ağa Şahtaxtinski, hər şeydən əvvəl
siyasətçi idi. O, diplomatik
təhsil almayıb və ya diplomatik fəaliyyəti qarşısına məqsəd
qoymayıb. Lakin Azərbaycan ərazisinin
parçalanmasına yönəlmiş hərbi və siyasi qəsdlərə qarşı mübarizə
sahəsində fədakar fəaliyyət onu
peşəkar diplomata çevirib.
Milli mənafelər
naminə diplomatik fəaliyyətin zəif
təşkilindən şikayətlənərək “başqa ölkələrin diplomatları nə
qədər fəndgir və qəlizdirsə, bizim
siyasətin rəhbərləri bir o qədər tərs və dəymədüşərdir”
- deyən Behbud ağa
Şahtaxtinski regionda
marağı olan dövlətlərin əsrlərlə
formalaşmış diplomatiyasına qarşı gənc Azərbaycan
dövlətinin milli maraqlarını qoyub və onu axıradək
müdafiə etməyi bacarıb». Ali Məclisin
sədri daha sonra deyib: «Qalib gəlmiş
yeni sosializm cəmiyyətinin
Azərbaycandakı liderlərindən biri
olan, yüksək partiya
və dövlət vəzifələri tutan
Behbud ağa Şahtaxtinski bu quruluşun Azərbaycanda tətbiq olunan bir çox
prinsipləri ilə razılaşmır, öz
şəxsi həyatını ağırlaşdırır, lakin tutduğu yoldan dönmürdü.
Hansı vəzifədə işləməsindən
asılı olmayaraq, Behbud
ağa Şahtaxtinski öz prinsiplərinə sadiq
qalıb, milli mənafelər uğrunda çalışıb, Azərbaycanın
taleyi ilə bağlı məsələlərdə
fəal vətəndaşlıq və vətənpərvərlik
mövqeyi tutub və
həmişə bu mövqedən
çıxış edib. Behbud ağa Şahtaxtinskinin bütün siyasi, diplomatik və publisistik fəaliyyətindən
azərbaycançılıq qırmızı xətlə keçir. O, nə edibsə, Azərbaycan
naminə edib. Ötən əsrin əvvəllərində
siyasi publisistikanın ən yaxşı
nümunələrini yaradan Behbud ağa Şahtaxtinski ictimai-siyasi
təsir vasitəsi kimi mətbuatın rolunu düzgün qiymətləndirib,
milləti oyatmaq, milli-mənəvi
yaddaşı bərpa etmək üçün
publisistik fəaliyyətdən bir vasitə kimi
faydalanıb. O, 1918-ci ildə “Azərbaycan” qəzetində
dərc etdirdiyi “Həyatın əks-sədaları”
məqaləsində milli mədəniyyətin
inkişaf etdirilməsinin nə üçün vacib olduğunu əsaslandıraraq yazıb:
”Özünəməxsus mədəniyyətə malik olmadan, millət
müstəqil ola bilməz”. Xalqımızın vətənpərvər oğlu Azərbaycan Kommunist
Partiyasında və mərkəzi hökumətdə rəhbər
vəzifə tutmuş ermənilərin təzyiqi
ilə 1920-ci il dekabrın 1-də Bakı
Sovetinin iclasında Zəngəzur və
Naxçıvanın Ermənistana verilməsi barədə elan olunmuş bəyanatı kəskin hiddətlə
qarşılayıb, ədliyyə komissarı kimi
üzvü olduğu
hökumətin qərarının əleyhinə
çıxaraq Naxçıvanda mitinqlər yolu
ilə xalqı ayağa qaldırıb, əhaliyə
həqiqəti çatdıraraq deyib ki, əgər o, bu qərar qəbul olunarkən Bakıda
olsaydı, ona etiraz edər
və mane olardı. Siyasi və diplomatik
gedişlər edərək həmin dövrdə
imzalanmış Gümrü müqaviləsinin
şərtlərini bilərəkdən qabardan
və bu müqaviləni Bakı Sovetinin qərarına qarşı qoyan Behbud ağa
Şahtaxtinski Bakı Soveti
tərəfindən verilən qərarın hüquqi
qüvvəyə malik
olmadığını bəyan edib,
çıxış yolunu xalqın
birliyində və azad iradənin ifadəsi
kimi referendum
keçirilməsində görmüşdür.
Behbud ağa Şahtaxtinski tərəfindən
mərkəzi hökumətlə
razılaşdırılmadan Naxçıvanın ərazi mənsubiyyəti
ilə bağlı 1921-ci ilin yanvarında
keçirilən referendum
xalqımızın tarixi taleyində mühüm rol oynayıb,
qədim Naxçıvan torpağı Azərbaycan ərazisi kimi qorunaraq saxlanıb.
Qeyd etmək lazımdır ki, əgər Naxçıvanda keçirilən
1921-ci il referendumu
olmasaydı, Naxçıvanın muxtariyyət məsələsi
gündəlikdən çıxarılacaq, Moskva
və Qars müqavilələrində öz əksini tapa bilməyəcəkdi.
Bu referendum siyasi tariximizdə Behbud ağa Şahtaxtinski qətiyyətinin
və diplomatik məharətinin parlaq nümunəsi kimi qalacaq». Qeyd olunub ki, 43 illik mübarizələrlə dolu
qısa, lakin mənalı həyatında
Behbud ağa Şahtaxtinski heç nə
etməsəydi belə, xalqımızın tarixi
taleyində mühüm rol
oynayan Moskva və Qars beynəlxalq müqavilələrinin
imzalanmasında göstərdiyi
vətənpərvərlik və siyasi
uzaqgörənlik onun adını Azərbaycanın
görkəmli şəxsiyyətləri ilə bir sırada qoymağa
tamamilə əsas verir. Qars müqaviləsi dünən
olduğu kimi, bu gün də, gələcəkdə
də Naxçıvanın muxtariyyət statusuna
təminat verən çox mühüm hüquqi, siyasi və beynəlxalq sənəddir. Ümummilli liderimiz Heydər
Əliyev beynəlxalq Qars müqaviləsinin
və onun müəlliflərindən biri olan Behbud ağa Şahtaxtinskinin tariximizdəki yerini
və rolunu yüksək qiymətləndirərək
deyib: “Naxçıvan Azərbaycanın
əsas torpağından ayrı düşdüyünə
görə Naxçıvanın bütövlüyünü,
təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini
gələcəkdə də təmin etmək üçün
Qars müqaviləsi bizim
üçün çox
böyük, əvəzi olmayan
sənəddir.... Kim Azərbaycanın
milli mənafelərinin keşiyində durubsa, ona xidmət
göstəribsə, o insanlar
bizim tariximizdə həmişə
hörmətlə yada
salınmalıdırlar və tariximizə daxil
olmalıdırlar. Qars müqaviləsinin
altında Behbud ağa
Şahtaxtinskinin imzası vardır”.Hazırda Azərbaycanda və onun
Naxçıvan Muxtar Respublikasında ümummilli liderimizin
tövsiyəsi əsas götürülərək
xalqımızın milli maraqları uğrunda mübarizə tarixinin
araşdırılması, bu sahədə
xidmətləri olmuş görkəmli
şəxsiyyətlərin həyatının və fəaliyyətinin
öyrənilməsi ilə bağlı
ardıcıl tədbirlərin görüldüyünü,
Behbud ağa Şahtaxtinskinin anadan
olmasının 130 illik yubileyinə və
beynəlxalq Qars müqaviləsinin
90-cı ildönümünə həsr olunmuş
konfransın həmin tədbirlərin davamı olduğunu bildirən Ali Məclisin
sədri Vasif Talıbov tədbirin
işinə uğurlar arzulayıb. Konfransda Naxçıvan Dövlət Universitetinin
rektoru, akademik İsa Həbibbəyli “Behbud
ağa Şahtaxtinskinin
dövlətçilik fəaliyyəti və siyasi
mübarizəsi”, Azərbaycan Milli Elmlər
Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Behbud ağa Şahtaxtinskinin diplomatik fəaliyyəti
və Naxçıvan məsələsi”,
Azərbaycan Milli Elmlər Akademiyası
Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun
direktoru, Azərbaycan Milli
Elmlər Akademiyasının müxbir üzvü Əbülfəz Quliyev
“Behbud ağa Şahtaxtinskinin jurnalistik
fəaliyyəti və publisistikası”, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan
Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun
şöbə müdiri, tarix
üzrə fəlsəfə doktoru Emin Şıxəliyev “Beynəlxalq Qars müqaviləsi və
Naxçıvanın muxtariyyət statusu”,
Azərbaycan Milli Elmlər Akademiyası
Naxçıvan Bölməsinin elmi işçisi Musa Quliyev ”Behbud ağa Şahtaxtinski
haqqında yeni araşdırmalar”, tarix üzrə fəlsəfə doktoru İbrahim Kazımbəyli
“Beynəlxalq Qars müqaviləsinin tarixi əhəmiyyəti” mövzularında
çıxış ediblər. Sonra
aktyorların ifasında Behbud ağa Şahtaxtinskinin məktub
və məqalələrindən ibarət parçalar
oxunub. Behbud ağa Şahtaxtinskinin 130
illik yubileyinə və beynəlxalq Qars müqaviləsinin 90-cı
ildönümünə həsr olunmuş
konfransın plenar iclasına yekun vuran Ali
Məclisin sədri deyib: «Azərbaycan
xalqı qarşısında böyük
xidmətlər göstərmiş Behbud ağa Şahtaxtinskiyə və beynəlxalq Qars müqaviləsinə həsr olunmuş konfrans bir daha göstərdi ki, bu məsələ elmi və siyasi fikir tariximizdə xüsusi
aktuallıq kəsb edir. Ona görə də alim və
tədqiqatçılarımız xalqın milli
mənafeyi, real fakt və
sənədlər əsas götürülməklə bu sahəni bir daha yenidən işləməli və tədqiq
etməlidirlər. Konfrans onu da
göstərdi ki, Behbud
ağa Şahtaxtinskinin
ictimai-siyasi, diplomatik
və publisistik fəaliyyəti, eləcə
də beynəlxalq Qars müqaviləsi, onun imzalandığı tarixi
şərait hələ uzun illər bundan sonra da
tədqiqatçıları özünə cəlb edəcək,
müzakirə mövzusu olacaq
və araşdırılacaq». Ali Məclisin sədri
konfransın böyük elmi
əhəmiyyətini qeyd edib,
tədbirin təşkilatçılarına təşəkkürünü
bildirib, konfransın bölmələr
üzrə bundan sonrakı işinin də məhsuldar, elmi
araşdırmalar baxımından nəticəli
olacağına inamını ifadə edib
və bu sahənin tədqiqatçılarına
uğurlar arzulayıb. Konfrans
öz işini
bölmələr üzrə Azərbaycan Milli
Elmlər Akademiyasının Naxçıvan Bölməsində
və Naxçıvan Dövlət Universitetində davam etdirib.
Palitra.-2011.-14 oktyabr.-S.5.