Müstəqilliyin iyirmi ili və miqrasiya

 

Azərbaycan Respublikası dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünü qeyd edir. Dövlət müstəqilliyinin möhkəmləndirilməsində digər faktorlarla yanaşı miqrasiya proseslərinin də öz yeri və rolu var. Bu mövzuda müsahibimiz AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitunun dissertantı Yəhya Babanlıdır. 

 

- Müasir dövrdə miqrasiya proseslərinin rolunu və dövlətlərə təsirini necə ifadə etmək olar?

- Öncə qeyd etmək istərdim ki, tarixən mövcud olan miqrasiya prosesləri çağdaş dövrdə daha çox aktuallıq daşımaqla qlobal proseslərə ciddi nüfuz edir. Beynəlxalq münasibətlər sistemində miqrasiya prosesləri - coğrafi yerdəyişmələr ən həssas, problemli məsələ kimi gündəmdədir. Bu gün miqrasiya termini daha çox insanların fərdi və ya kütləvi şəkildə bir coğrafiyadan digərinə köç etməsi, orada məskunlaşması, yaşaması və əmək fəaliyyəti ilə məşğul olması mənasında işlədilir. Tarixdən məlumdur ki, insanların coğrafi yerdəyişməsi bəşəriyyətin  formalaşması və inkişafına, sivilizasiyaların yaranması və qovuşmasına güclü təsir göstərib. Yaşadığımız dövrdə miqrasiya prosesi dövlətlərarası əlaqələrə təsir səviyyəsində və digər proseslər formalarında təzahür etməklə hər bir ölkənin xarici və daxili siyasətində önəmli yerlərdən birini tutur.

- Azərbaycanın müstəqilliyini ikinci dəfə qazanması dönəmində baş verən miqrasiya məsələləri barədə hansı məlumatlar var?

- Qeyd edım ki, Azərbaycanda demokratik dövlət quruculuğunun ilkin mərhələsində baş verən proseslər bir tərəfdən quruculuq xarakteri daşısa da, digər tərəfdən onların dağıdıcı təsiri də açıq-aşkar görünürdü. Qeyd etdiyimiz kimi, müstəqilliyin ilk illərinə təsadüf edən hərbi təcavüz Azərbaycanda dövlət quruculuğu yolunda çox ciddi maneələr və çətinliklər törətdi, bütövlükdə cəmiyyətin inkişaf dinamikasına olduqca mənfi təsir etdi, ölkədə etnik və daxili miqrasiyanın yaranmasına səbəb oldu. Xüsusən də 1988-1992-ci illərdə Ermənistanın planlı şəkildə həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində tarixən həmin ərazidə yaşamış və   öz doğma yurd-yuvasından zorla qovulmuş 250 mindən çox azərbaycanlı, bununla yanaşı, əvvəllər Gürcüstandan qovularaq Orta Asiya respublikalarında yerləşdirilmiş, 1990-cı ildə orada baş vermiş milli münaqişə zəminində didərgin salınmış 50 min məhsəti türkü də ölkəmizdə qaçqın kimi məskunlaşıb. Bununla yanaşı, 1988-ci ildən başlayaraq, Ermənistanın ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunub, nəticədə 800 mindən çox soydaşımız öz doğma ev-eşiyindən məhrum olub və ölkənin müxtəlif bölgələrində yerləşdirilib. Bununla da Azərbaycan dünyanın ən çox qaçqın və məcburi köçkün olan ölkəsinə çevrildi. Bu miqrasiya prosesləri ilk illərdə dövlət quruculuğunda ciddi əngəl idi.

- Bu proseslər sonradan necə tənzimləndi?

- Ümummilli lider Heydər Əliyevin cəmiyyət və dövlət quruculuğu prosesində miqrasiya sahəsinə xüsusi diqqət yetirməsi Azərbaycanda bu proseslərin müstəqil dövlətimizin tərəqqisi naminə istiqamətləndirilməsinə imkan verdi. Ümummilli lider özünün xüsusi bacarıq və idarəçilik istedadını Vətəninin inkişafına sərf etməklə, zamanın tələblərini qabaqlayaraq milli ideyalarını reallığa çevirməyə və onların xalqın, Azərbaycan dövlətçiliyinin inkişafının təminatında durmasına müvəffəq oldu. Belə ki, 1994-cü ilin may ayının 12-də Ermənistan ilə Azərbaycan arasında atəşkəsin elan olunması, 1995-ci ilin noyabr ayının 12-də müstəqil respublikanın Konstitusiyasının qəbul edilməsi, “Əsrin müqaviləsi”nin bağlanması, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin və Bakı-Tbilisi-Ərzurum qaz xəttinin çəkilişi barədə müqavilənin imzalanması, Şərqlə Qərbi birləşdirən qədim İpək yolunun bərpa edilməsi, Azərbaycanın bir sıra beynəlxalq təşkilatlara, o cümlədən, Avropa Şurasına üzv seçilməsi, ölkədə əsaslı iqtisadi islahatların həyata keçirilməsi və başqa mühüm strateji əhəmiyyətli işlər 1993-2003-cü illərdə reallaşdırılıb. 1994-cü il noyabrın 14-də ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar Üzrə Ali Komissarlığının iştirakı ilə ölkəmizdə insan hüquqları və miqrasiya məsələlərinə dair beynəlxalq konfrans keçirildi. Müstəqilliyin ilk illərindən başlayaraq Azərbaycan miqrasiya məsələlərinin tənzimlənməsi ilə məşğul olan bir sıra beynəlxalq təşkilatlarla, o cümlədən, Beynəlxalq Miqrasiya Təşkilatı ilə əməkdaşlıq etməyə başladı və 2001-ci ilin iyun ayında həmin təşkilata tamhüquqlu üzv qəbul edildi. Beynəlxalq Miqrasiya Təşkilatının Bakı, Naxçıvan ofisi yaradıldı. Daha sonra isə əlaqələr daha da genişləndirilərək təşkilatın Mingəçevir ofisi açıldı. Bütün bunlar beynəlxalq hüquqi normalar əsasında milli maraqlar nəzərə alınmaqla, dövlət miqrasiya strategiyası hazırlanması üçün geniş imkanlar açdı. Bununla milli miqrasiya siyasəti formalaşdırıldı və bu sahə ilə bağlı bir sıra proqramlar təsdiq edilərək həyata keçirilməyə başlanıldı. Bütün bunlara baxmayaraq, torpaqların itirilməsi nəticəsində ölkə iqtisadiyyatı iflic vəziyyətinə düşmüş, işsizlik artmış, cəmiyyətdə inamsızlıq yaranmışdı. Belə bir şəraitdə nəinki demokratik dövlət quruculuğundan danışmaq olardı, əhalinin xeyli hissəsi gündəlik çörəkpulu  qazanmaq, özünü və ailəsini bu ağır vəziyyətdən çıxarmaq üçün hər gün mübarizə aparmalı olurdu. Məhz bu sadalanan səbəblərə görə, həmin illərdə əhali arasında ölkədən köçüb getmə halları artmış, əməkqabiliyyətli, yaşı 40-a qədər olan vətəndaşlarımızın iş tapmaq məqsədilə dünyanın müxtəlif ölkələrinə emiqrasiyası geniş vüsət almışdı.1996-cı ildən etibarən iqtisadi inkişaf sahəsində müəyyən tərəqqi müşahidə olunsa da, ölkədəki işsizlik səviyyəsi narahatlıq doğurmaqda davam edirdi. İşləyənlərin də orta aylıq əməkhaqqı onların minimum ehtiyaclarını ödəyə bilmirdi. Buna görə də respublikada əhalinin miqrasiya səviyyəsi yüksək olaraq qalmaqda idi. Nəticədə, xeyli sayda yüksək ixtisaslı mütəxəssislər xarici ölkələrə üz tutaraq əvvəl Türkiyə və Rusiyaya, sonra da onların vasitəsilə Qərbi Avropaya və Şimali Amerikaya köçüb gedirdilər. Sadalanan amillər narahatlıq doğurmaya bilməzdi, çünki miqrasiya demoqrafik problemlə yanaşı, eyni zamanda bu proses xüsusi istedada malik şəxslərin, ziyalı potensialının emiqrasiyasına səbəb olur ki, bu da milli genefondun zədələnməsi təhlükəsini yaradırdı. Çox müsbət haldır ki, Azərbaycandan xaricə gedən miqrantların sayı 1998-ci ildən başlayaraq azalmağa başladı və miqrasiya saldosu müsbət istiqamətdə dəyişdi. Bununla da, Azərbaycan nəinki təyinat ölkəsinə çevrildi, hətta vaxtilə iş axtarmaq üçün xaricə üz tutmuş ölkə vətəndaşları geri qayıtmağa başladı. Həm rəsmi, həm də müstəqil mənbələrə görə son illər Azərbaycandan əhalinin iqtisadi miqrasiyası onun digər növləri ilə müqayisədə xeyli aşağı düşmüşdü. Qeyd edək ki, respublikamızda əmək miqrasiyasının minimuma enməsinin başlıca səbəbi əhalinin öz ölkəsində iş tapmasıdır. Bir faktı da xüsusi ilə vurğulamaq yerinə düşər ki, Azərbaycanda da buna, son illər əldə olunan sürətli iqtisadi inkişaf və digər sosial yönümlü tədbirlərin həyata keçirilməsi nəticəsində nail olunub. Təkcə onu demək kifayət edər ki, son 10 ilə yaxın müddət ərzində 1 milyona yaxın yeni iş yeri açılıb.Eləcə də, bu illər ərzində qəbul olunmuş qanunlarda miqrasiya proseslərinin tənzimlənməsi ayrıca istiqamət kimi nəzərə alınmışdı.

- Hazırkı dövrdə miqrasiya sahəsində hansı proseslər baş verir?

- Ümummilli liderin miqrasiya sahəsində yuxarıda təsvir edilən formada yaratdığı optimal idarəetmə strategiyasından Prezident İlham Əliyev məharətli bir strateq olaraq yararlandı. Hazırda miqrasiya siyasəti dövlətin xüsusi diqqət mərkəzində olmaqla, bunun uğurla davam etdirilməsi üçün əməli işlər görülür və miqrasiya idarəetmə sisteminin inkişaf etdirilməsi prioritet məsələ kimi gündəmdə saxlanılır. Azərbaycanda milli miqrasiya siyasətinin formalaşdırılması, miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsi istiqamətində xeyli işlər görülüb, bu sahədə dövlət nəzarətinin gücləndirilməsi məqsədi ilə zəruri normativ hüquqi aktlar qəbul edilib, bir sıra fərman və sərəncamlar imzalanıb. Eyni zamanda, ikitərəfli və çoxtərəfli əməkdaşlıq inkişaf etdirilir, dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə birgə səmərəli fəaliyyət mexanizmi yaradılıb. Əcnəbilərin ölkəyə gəlməsi və ölkədən getməsi, onların yaşayış yeri üzrə qeydiyyatı sahəsində göstərilən xidmətlərin səviyyəsinin yaxşılaşdırılması, bu sahənin təkmilləşdirilməsi üçün institutsional və təşkilati tədbirlər həyata keçirilib, elektron informasiya resursları formalaşdırılıb. Miqrasiya sahəsində atılan ən mühüm və strateji addımlardan biri - Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılmasıdır. Bu qurumun yaradılması ilə Azərbaycan Respublikasının milli təhlükəsizliyinin və sabit sosial-iqtisadi, demoqrafik inkişafının təşkilində və əmək ehtiyatlarından səmərəli istifadə olunmasında, eyni zamanda, ölkə ərazisində əhalinin mütənasib yerləşdirilməsində, miqrantların  intellektual və əmək potensialından istifadə edilməsində, insan alveri də daxil olmaqla, qeyri-qanuni miqrasiyanın qarşısının alınmasında mühüm irəliləyişlər əldə edilib. Hazırda Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun davam etdirilən miqrasiya siyasəti beynəlxalq aləmdə alqışla qarşılanır. Təsadüfi deyil ki, ötən dövr ərzində dünyada miqrasiya sahəsində ən nüfuzlu təşkilat hesab olunan Beynəlxalq Miqrasiya Təşkilatının Baş katibi ölkəmizə səfər etmiş,   Azərbaycanda bu sahədə aparılan islahatları və görülən işləri xüsusi qeyd etmişdi.Ümumiyyətlə, dünyanın hər hansı bir ölkəsində, o cümlədən Azərbaycanda da, əhalinin miqrasiyasının səviyyəsi orada siyasi və sosial-iqtisadi vəziyyətlə birbaşa əlaqəlidir və ondan asılı olaraq dəyişir. Bu mühüm amil müstəqil dövlət quruculuğunun bütün mərhələlərində böyük rol oynadığından mühüm dövlət proqramları hazırlanarkən nəzərə alınıb və şəffaf nəticə əldə edilib. Həmçinin qeyd etmək istərdim ki, ölkə başçısının imzaladığı Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə və regionların sosial-iqtisadi inkişafına dair bir sıra fərman və sərəncamlar, habelə qəbul olunmuş dövlət proqramları ölkə əhalisinin işlə təmin olunmasında, maddi vəziyyətlərinin yaxşılaşdırılmasında və miqrasiya proseslərinin nizamlanmasında dönüş yaradıb. Bütün bunlar, ölkədə demokratiyanın daha da inkişaf etməsinə, insan hüquq və azadlıqlarının qorunmasına, milli dövlətçiliyin möhkəmlənməsinə öz töhfəsini verib. Şimal və Cənubun, Şərq və Qərbin kəsişməsində yerləşən Azərbaycan Respublikası tranzit miqrasiya prosesləri üçün əlverişli coğrafi məkan olmaqla yanaşı, eyni zamanda, belə bir şəraitdə respublikamız dünyanın müxtəlif ölkələrinin əhalisi, miqrantlar üçün cəlbedici təyinat ölkəsinə çevrilib. Ona görə də əksər ölkələrdən iş tapmaq arzusu ilə əcnəbilər ölkəmizə pənah gətirir, dünyanın bir çox ölkəsindən sərmayə yatırmaq üçün iş adamları, müxtəlif şirkət və korporasiyaların nümayəndələri respublikamıza üz tuturlar. Bu xüsusda, ötən iyirmi il ərzində ölkəmiz bir sıra beynəlxalq təşkilatlara üzv qəbul edilməklə yanaşı, bir çox konvensiyalara, bəyannamələrə, paktlara qoşulub. Azərbaycan MDB dövlətlərinin “Qanunsuz miqrasiyaya qarşı mübarizə üzrə əməkdaşlıq haqqında” Sazişinə, Beynəlxalq Əmək Təşkilatının İcbari əməyin ləğv edilməsi haqqında Konvensiyasına, “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında” Beynəlxalq Konvensiyaya, “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əməkçi miqrantları və onların ailə üzvlərinin hüquqi statusu haqqında” Konvensiyaya qoşulub və BMT-nin miqrant işçilərin və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi üzrə Komitəsinə üzv seçilib. Sonda qurur hissi ilə qeyd etmək istərdim ki, müstəqilliyinin bərpasının  20-ci ildönümünü qeyd edən Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilib. Bu gün region dövlətlərinin iqtisadiyyatının 83 faizi ölkəmizin payına düşür və bölgədə reallaşdırılan irimiqyaslı layihələr Azərbaycan Respublikasının iştirakı və təşəbbüsü ilə reallaşır. Bu gün ölkədə müəyyənləşdirilən və həyata keçirilən miqrasiya siyasəti dövlət müstəqilliyimizin möhkəmlənməsinə, milli maraqların təmin olunmasına və ölkəmizin iqtisadi-sosial tərəqqisinə, xalqımızın sosial rifah halının yüksəldilməsinə və respublikamızın beynəlxalq aləmə sürətli inteqrasiya edərək nüfuzunun daha da güclənməsinə xidmət edir. 

 

 

İlkin AĞAYEV 

 

Palitra.-2011.- 18 oktyabr.-S.10.