“Lənkəranın
mədəniyyət və turizm
imkanlarını əks etdirən bələdçi
kitabı, turizm marşrutu
xəritələri və videoçarx
hazırlanacaq”
Lənkəran
rayonunda həyata keçirilən mədəniyyət siyasəti,
rayonun mədəniyyət ocaqları və tarixi abidələri
haqqında suallarımızı Lənkəran Rayon İcra
Hakimiyyətinin Mədəniyyət və turizm şöbəsi
müdirinin müavini İlqar Əzimov
cavablandırır.
- Son dövrlərdə rayonda həyata
keçirilən mədəniyyət siyasəti barədə
fikirlərinizi bilmək istərdik.
- Ulu
öndərin layiqli davamçısı olan Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi
ilə respublikamız, inkişafını uğurla davam etdirərək
bütün sahələrdə olduğu kimi mədəniyyət
sahəsində də inanılmaz nailiyyətlərə imza
atıb. Son illər respublikada həyata keçirilən
uğurlu mədəniyyət siyasəti öz çoxşaxəli
olması və uzun müddət ərzində səmərə
verməsi ilə diqqət çəkməkdədir. Heç
də təsadüfi deyil ki, 2011-ci il cənab Prezident tərəfindən
“Turizm ili” kimi qəbul olunub. Rayonumuzda da bu sahəyə olan
diqqət və qayğı gündən-günə
artmaqdadır. İctimaiyyətimizə
məlum olduğu kimi, Lənkəran rayonu özünün təbiəti,
zəngin təbii-coğrafi ehtiyatlarının, əlverişli
iqliminin və digər potensial üstünlüklərinin
mövcudluğu ilə geniş turizm imkanlarına malikdir. Bir tərəfdən dağlarla,
digər tərəfdən isə dənizlə əhatə
olunan Lənkəranda turizmin
inkişafı üçün əlverişli şərait
mövcuddur. Rayonumuzda turizmin inkişafı ilə
bağlı genişmiqyaslı kompleks tədbirlər
görülüb və hazırda da görülməkdədir.
Belə ki, şəhər demək olar ki, inanılmaz dərəcədə
dəyişilib, şəhərin mərkəzində
respublikada analoqu olmayan, ulu öndər Heydər Əliyevin
adını daşıyan xatirə istirahət parkı və
muzey əhalinin və şəhərimizin qonaqlarının
istifadəsinə verilib. Rayonun bir sıra yerlərində yeni
park və istirahət guşələri yaradılıb.
Rayonda turizmin inkişafı məqsədi ilə şəhərin
girəcəyində, Göyşaban ərazi vahidliyində
Xalq sənətkərlıq şəhərciyi
salınıb, onun açılışında iştirak edən
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
bu şəhərciyin salınmasını yüksək qiymətləndirib. Mədəniyyət
və turizm naziri Əbülfəs
Qarayevin iştirakı ilə
açılmış Lənkəran Turizm İnformasiya Mərkəzinın
turizmin inkişafında mühüm rol oynayacağı
hamıya aydındlr.
- Rayonunuzda el sənətkarlığının
inkişaf etdirilməsi ilə bağlı hansı tədbirlər
həyata keçirilir?
-
Turizm sahəsi və qədim mədəniyyətimiz ilə əlaqəli
olan el sənətkarlığının inkişafı və
təbliği məqsədi ilə artıq bizdə
dulusçuluq, həsirtoxuma və xalçaçılıq
ilə məşğul olanların siyahısı
hazırlanıb. Bu siyahı əsasında el sənətkarlarının
adları, fəaliyyəti və sənətkarlıq məhsulları
ilə əhatəli tanış olmaq mümkündür.
Bildiyiniz kimi, el sənətkarlarının fəaliyyəti və
orijinal sənətkarlıq nümunələri
baxımından rayonumuz xüsusi statusa malikdir. Bununla
bağlı keçirilən tədbirlər və düzənlənən
sərgilər də dediklərimizə əyani misaldır.
Bundan başqa rayonda turizmin xidmət səviyyəsinin və
ümumiyyətlə, turizm mədəniyyətinin xeyli
yüksəldilməsinə də çox ciddi fikir verilir. Gələn
qonaqlara müasir tələblərə cavab verə biləcək
xidmətin göstərilməsi ilə bağlı mehmanxana və
mehmanxana tipli obyektlərin rəhbərlərinə xəbərdarlıq
məktubları verilib, nəticədə rayonda fəaliyyət
göstərən mehmanxana tipli obyektlərin əksəriyyəti
lisenziya alıb. Mehmanxanalarda yerli ənənələr və
mədəniyyət əsasında, milli koloriti ehtiva edən,
eyni zamanda yüksək standartlara əsaslanan xidmətin
formalaşdırılması uğurla davam etdirilir. Heç də
təsadüfi deyil ki, Mədəniyyət və turizm
şöbəsi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
“Azərbaycan regionlarının turizm resurslarının aktiv təbliğinə
görə” diplomu ilə təltif olunub. 2010-cu il ərzində
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
mehmanxana və mehmanxana tipli obyektlərin əməkdaşları
üçün Türkiyədən dəvət olunmuş
mütəxəssislərin iştirakı ilə xüsusi
hazırlıq kursları keçirilib və sertifikatlar verilib.
2011-ci ilin may ayında da nazirlik tərəfindən mehmanxana
menecerləri və aşpazlar üçün təlim
kursları təşkil olunacaq. Sevindirici haldır ki, bu təlim
kursları ilk dəfə olaraq Lənkəranda təşkil
olunacaq və burada təlim Azərbaycan Turizm İnstitutu və
Milli Kulinariya Mərkəzinin əməkdaşları tərəfindən
aparılacaq.
- Lənkəran rayonu mədəniyyət
və turizm sərgilərində necə təmsil olunur?
-
Rayonumuz 2010-cu ildə Bakı şəhərində təşkil
olunmuş turizm sərgisində uğurla iştirak edib. Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən 27-30 aprel 2011-ci il
tarixlərində Bakı şəhərində İİ
Ümumrespublika Daxili Turizm sərgisi təşkil olunub.
Burada Lənkəran rayonu
layiqincə təmsil olunub. Belə ki, bu ümumrespublika tədbirində “Nənələr” folklor mahnı və
rəqs kollektivinin
çıxışları olub, el sənətkarlarının,
tətbiqi sənət ustalarının əl işləri,
dulusçuluq nümünələri nümayiş olunub. Tədbirdə
ayrıca stenddə rayonun mehmanxana və mehmanxana tipli obyektləri
haqqında geniş məlumatlar verilib. Məlum olduğu kimi,
tədbirdə Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev iştirak edib.
- Mədəni irsin qorunması və
təbliği istiqamətində hansı işlər
görülür?
-
Turizm sahəsinin bir qolu olan mədəni irsin qorunması və
mühafizəsi dövlətimizin daim nəzarətindədir.
Bildiyimiz kimi, turizm sektorunun inkişafında abidələrin
lazımi səviyyədə təbliği və təqdim
olunması xüsusi rol oynayır. Rayon rəhbərliyi tərəfindən
bu sahəyə daim diqqət və qayğı göstərilir.
Hal-hazırda Nazirlər Kabinetinin 132 saylı qərarı ilə
rayonda 87 tarix və mədəniyyət abidəsi qeydiyyata
alınıb və dövlət mühafizəsinə
götürülüb. Hazırda bu abidələrin turizm
üçün müəyyən edilmiş marşrutlar
üzrə istifadə edilməsi məqsədi ilə
hazırlıq işləri tamamlanmaq üzrədir. Eyni zamanda
rayonun ərazisində yerləşən tarix və mədəniyyət
abidələrinin mühafizəsi ilə bağlı kompleks tədbirlər
həyata keçirilir. Belə ki, abidələr haqda
üç dildə (ingilis, rus, azərbaycan) məlumatlar
hazırlanıb. Lənkəran Tarix-Diyarşünaslıq
Muzeyində rayonun turizm potensialını əks etdirən yeni
ekspozisiya qurulub. Bu sahədə tədbirlər davam etdirilir.
- Lənkəran
şəhərində Azərbaycan Respublikası
Regionlarının Sosial-İqdisadi İnkişafı Dövlət
Proqramında nəzərdə tutulduğu kimi, “Dairəvi
Qala” abidəsinin bərpası 2010-cu ildə başa
çatdırılıb və bu abidənin turizm nümayiş
obyekti kimi istifadəsi nəzərdə tutulub. İki dəfə
Sovet İttifaqı Qəhrəmanı, general Həzi Aslanovun
ev muzeyində Şəhər İcra Hakimiyyəti tərəfindən
tam bərpa-rekonstruksiya işləri aparılıb, orada Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən yeni ekspozisiya qurulub.
Tarix-diyarşünaslıq muzeyində təmir-bərpa
işlərinin aparılması
2011-2012-ci illərdə Dövlət Proqramında nəzərdə
tutulub. Bununla əlaqədar olaraq artıq Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən layihə-smeta sənədləri
hazırlanıb və yaxında abidənin bərpasına
başlanacaq. Turizm sahəsində kiçik və orta
sahibkarlığın inkişafına lazımi şərait
yaradılır. Rayonumuzda ekoturizmin inkişafı ilə
bağlı kəndlərdə müvafiq məişət
şəraitinə malik evlərin aşkarlanması və
sahiblərinin razılığı əsasında tələb
olunan şərait və xidmət reallaşdıqdan sonra
turistlərin qəbulu tələb olunan səviyyədə
gerçəkləşdiriləcək. Lənkəran hava
limanının, dəmir yolu və avtomobil
vağzalının, dəniz limanının, Hirkan Milli
Parkının turizmin inkişafında səmərəli
istifadə edilməsi, balıqçılıq və
ovçuluqla məşqul olmaq istəyən turistlər
üçün razılaşdırılmış ərazilərdə
ov mövsümlərinin təşkil edilməsi imkanları
araşdırılır. Hirkan Milli Parkında xüsusi
ekoturizm marşrutları əsasında gəzintilər təşkil
olunur. Dövlətimizin turizm sahəsinə olan diqqət və
qayğısı nəticəsində rayona gələn
turistlərin sayı da ildən ilə artmaqdadır. Heç
də təsadüfi deyil ki, 2010-cu ildə rayonumuza gələn
turistlərin sayı 8 mindən artıq olub, onlardan 34%-ni əcnəbi
turistlər təşkil edib ki, bu da 2006-cı illə
müqayisədə 50% çoxdur. 2011-ci ildə
görülmüş işlər nəticəsində bu rəqəm
daha da çox olacaq. Bunu rayonda yeni tikilən turizm obyektləri
də sübut edir. Belə ki,
2011-ci ilin birinci rübündə rayonumuzda iki yeni turizm obyekti
istifadəyə verilib. Mədəniyyət və Turizm
Nazirliyi tərəfindən “Lənkəran şəhərinin
2011-ci il Azərbaycanın Folklor Paytaxtı” seçilməsi
royonumuza gələn turistlərin sayına da müsbət təsir
göstərəcək. Yaxın günlərdə Lənkəran
Şəhər İcra Hakimiyyəti tərəfindən Lənkəranın
turizm və mədəniyyət imkanlarını əks etdirən
bələdçi kitabının, turizm marşrutu xəritələrinin
və videoçarxın hazırlanması gerçəkləşəcək.
Onlar da gələn turistlərə təqdim olunacaq. Yaxın
gələcəkdə dağ turizminin inkişafı məqsədilə
kanat yollarının çəkilməsi imkanları
araşdırılır. Rayonun
mədəniyyət mərkəzləri və
ocaqlarının, turizm potensialının təbliği məqsədi
ilə Lənkəran Şəhər İcra Hakimiyyətinin
azərbaycan, rus və ingilis dillərində internet saytı fəaliyyət
göstərir, burada yeniliklər haqqında mütəmadi məlumatlar
verilir. Eyni zamanda “www.lankaranmks.jimdo.com” adı altında fəaliyyət
göstərən Mədəniyyət və turizm şöbəsinin
rəsmi saytında rayonun turizm
potensialı və bu sahədə görülən işlər
davamlı olaraq təbliğ olunur. Bu sahədə
görülən işlər yaxın gələcəkdə
rayonumuzu turizm mərkəzinə çevirəcək.
İlkin AĞAYEV
Palitra.-2011.-19 oktyabr.-S.6.