Nitq mədəniyyətinin tədrisi təkcə humanitar sahəyə aid edilməməlidir”

 

Layihə çərçivəsində növbəti müsahibimiz Azərbaycan Turizm İnstitutunun Turizmin linqvistik təminatı kafedrasının müəllimi, dosent Sədaqət Mustafayevadır: 

 

-İnsanların nitq mədəniyyətinə malik olması mühüm amillərdən biridir. Bir vaxtlar nitq mədəniyyətinə böyük önəm verirdilər və nitq qabiliyyəti olmayanı heç bir dövlət vəzifəsinə qəbul etmirdilər. Ümumiyyətlə, gözəl danışığı olmayan bir insanın aramızda danışması dilimizi korlaması deməkdir. Azərbaycan dili gözəl və zəngindir. Ona görə də o dildə onun olduğu qədər gözəl danışmaq daha məsləhətdir. Bu məqsədlə də ali məktəbdə tələbələrə nitq mədəniyyətini tədris edirik. Onlara çatdırmağa çalışırıq ki, nitq mədəniyyəti anlayışına nələr daxildir, hansı nitq etiketlərimiz var. Azərbaycan ədəbi dilinin tarixindən başlayaraq müasir dövrə qədər inkişafında rolu olan insanlar barəsində məlumat veririk. Ulu öndər Heydər Əliyevin imzaladığı “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunu çatdırırıq. Nitq mədəniyyəti və üslubiyyət adlı fənni tədris edirik. Turizm sahəsində nitq mədəniyyətinin özünəməxsus yeri var. Belə ki, turizmlə bağlı ölkəmizə səfər edən turistlərə Azərbaycanın siması təqdim edilir. Əgər tələbələrimiz turizm sahəsində çalışarkən gələn qonaqlara yetərincə Azərbaycanı təqdim edə bilməsələr, onlarda ölkəmiz haqda yalnış təsəvvürlər yaranar. Nitq mədəniyyəti olmayan tələbə təbii ki, ölkəmizi də layiqincə təmsil edə bilməyəcək. Onlara bu sahədə xüsusi məşğələlər keçirik, incəlikləri öyrədirik, gözəl nitq vərdişləri aşılamağa çalışırıq. Bundan başqa hətta biz rus bölməsində də Azərbaycan dili ilə bağlı material təqdim edəndə onlara danışıq qaydalarının vacibliyini izah edirik. Amma Azərbaycan dili dərslərində də onların düzgün, səliqəli danışmasına şərait yaradırıq. Hər bir mədəni insan gözəl nitqdən istifadə edəndə onun mədəniyyəti daha aydın, qabarıq görünür. Kobud ifadələrlə danışan heç bir insan haqda heç vaxt belə fikir formalaşmır.

- Nitq mədəniyyətinin tədrisi sizi qane edirmi?

- Dünyanın bir çox ölkələrində ritorika təmayüllü ali məktəblərdə ritorika xüsusi fənn kimi tədris olunur. Yəni bu, nitq mədəniyyəti, gözəl, bəlağətli danışıqdır və artıq Rusiyanın ali məktəblərində də ayrıca bir fənn kimi daxil edilib. Amma bu yalnız humanitar istiqamətli fakültələrə aiddir. Mənim fikrimcə, bu yalnız humanitar sahəyə aid edilməməli, ixtisasından asılı olmayaraq hər bir insan gözəl nitq qabiliyyətinə malik olmalıdır.

- Düzgün tələffüz qaydalarına nitqin inkişafına kömək edən əsas vasitələrdən olan telekanallar, radio verilişlərində nə dərəcədə riayət olunur?

- Əvvəllər ədəbi mühiti formalaşdırmaq üçün xüsusi bir ədəbi mühit vardı.  Buna teatrlar da çox böyük kömək edirdi. Təəssüflər olsun ki, bu gün teatra gedən tamaşaçı auditoriyasının sayında azalma var. Biz teatrlarda ədəbi dilin gözəl nümunələrinin şahidi olurduq ki, indi o yoxdur. Məsələn, Bakıda mərkəz olaraq ədəbi dil yalnız yuxarı mühit, yəni, ziyalıların arasında qalıb. Digər yerlərdə ədəbi dildən qətiyyən istifadə edilmir. Bəzən elə kobud dialekt formasında danışan tələbələrə rast gəlirik ki, təəccüblənirik. Düzəliş edəndə isə həmin tələbə deyir ki, daim belə danışmışıq, niyə xoşunuza gəlmir? Mən onların o inamlarını geri qaytarmağa günlər sərf edirəm. Axı ali təhsil alan bu tələbə sabah ziyalıların siyahıısına qoşulacaq. Məsələn, nə üçün mütləq “mən gələcəm” deməlidir. “Mən gələcəyəm” deyərsə, heç bir problem olmaz. Eləcə də “gələssən” kimi sözlər işlədilir. Vahid bir ədəbi dilimiz var ki, o dilimizi qorumaq hər birimizin borcudur. Bəzi telekanallarda rəğbətlə qarşılanacaq verilişlər var. Bu verilişlərdə bizim çox yaxşı ziyalılarımız iştirak edir. Onlar öz gözəl çıxışları ilə hamıya nümunə ola bilərlər. Amma bəzi verilişlərlə bağlı bunu deyə bilmərəm. Hansısa telekanal, yaxud konkret teleaparacının adını çəkmək istəməzdim. Yaxşı olardı ki, hər bir televiziya kanalının kollektivi  imkan daxilində iki aylıq kurs keçsinlər. Bunun üçün müəllim, yaxud bizim tanınmış diktorlarımız var ki, onları bu işə cəlb edərdilər. Bəzi sözlərin düzgün tələffüzünü öyrənərdilər. Efir vaxtına qənaət etmək üçün sözləri cəld bir şəkildə tələffüz edirlər ki, bu zaman nöqsanlara yol verirlər. Əvəzində bir reklamı iki dəfə efirə verirlər. Amma xalqa gözəl danışıq təqdim etsələr, bəlkə gənclər də onlardan nümunə götürərdi. Bir xarici qonaq müsahibəsində belə bir fikir söyləmişdi ki, “Sizin diliniz gözəldir və mən Azərbaycan dilində şeirlər dinləyirəm, verilişlərə baxıram. Amma küçədə sizin gənclər bu dili qətl etməklə məşğuldurlar”. Bu  mənə çox pis təsir edir ki, niyə gənclərimiz belə səhvlərə yol verirlər. Ona görə ki, ailədə də gözəl danışmırlar və onlara bunu irad tutduqda da əsəbiləşir, qəbul etmək istəmirlər. Bu baxımdan hazırda  gənclərimizin dilimizin qaydalarına əhəmiyyət verməməsi, gözəl danışmaq üçün təşəbbüs göstərməməsi xoş deyil. Üstəlik gözəl yazmağı da yavaş-yavaş unudurlar. Onların yazılarını yoxlayarkən səhvlə rastlaşdıqda tələbələr gülərək deyirlər ki, “biz SMS yazanda bu cür yazırıq”. Burada günahkar mobil rabitə vasitələridir. Mobil rabitənin insan həyatını asanlaşdırması gözəldir, amma gənclərin yazı savadını pozması ilə mən razılaşa bilmərəm.

-Nitq mədəniyyəti ilə bağlı yetərincə tədris vəsaitləri varmı?

-Bu gün nitq mədəniyyətinin tədrisi ilə bağlı vəsaitlər kifayət qədər var. Amma bəzi çatışmazlıqlar da var. Belə ki, mən rus bölməsində Azərbaycan dilini tədris edirəm. Onlar üçün nə qədər çox vəsait olsa yaxşıdır. Həmçinin ölkəmizə xaricdən gəlib Azərbaycan dilini öyrənənlər üçün bir neçə vəsaitimiz var, amma onlar ingilis dilini öyrənmək istəyənlər səviyyəsində deyil. Yəni xarici dili öyrənmək üçün həm audio, həm də video vəsaitlər var. Amma Azərbaycan dilini öyrənmək üçün belə vəsaitlər yoxdur. Vətəndaşlarımız ana dilimizi bilir, bu dildə televizor verilişlərinə baxır, radio dinləyir, amma xarici vətəndaşlar bunu edə bilmir. Onlar üçün də belə vəsaitlərin yaradılması üçün maliyyə ayrılsa, bu vəsaitləri hazırlaya biləcək insanlar kifayət qədərdir. Elə Azərbaycan bölmələri üçün də belə vəsaitlərin hazırlanması yaxşı olardı. Vaxtilə orta məktəblərdə xüsusi vəsaitlər vardı, yəni görkəmli aktyorlarımızın ifasında bədii əsərlərdən parçalar oxuyardular. Onu dərsdə səsləndirirdik və şagirdlər də şeirləri o səslənməyə uyğun deməyə çalışırdılar. Təbii ki, şeri gözəl deməyi öyrənən gözəl danışmağı da öyrənəcək. Biz də ondan istifadə edib onların nitqini cilalayırdıq, qüsurlarını aradan qaldırmağa çalışırdıq. Ancaq həmin vəsaitlər zaman keçdikcə yoxa çıxdı və o zamankı dinlənilən vallar yoxdur. Daha yeni texnologiyalar yaranıb və səsləri başqa şəkildə istifadə etmək olar ki, hazırda bu yoxdu. Olsaydı, gözəl nitq nümunələrini, yaxşı diktorlarımızın ifasında parça səsləndirsəydik həm dərslər daha maraqlı olardı, həm də tələbələr öyrənərdilər. Yaxşı siyasi natiqlik nümunələri olan müasirlərimiz var. Ulu öndər Heydər Əliyevin gözəl nitqləri var, həmçinin yaxşı danışıq qabiliyyətinə malik şairlərimiz var ki, onların nitqləri yazılmış disklərimiz olsaydı dərslərdə onlardan istifadə edib nümunə göstərərdik.     

-Bəzən imtahanlarda test üsulunun tətbiqinin də bu sahədə də problem yaratdığı deyilir...

-Qədim Yunanıstanda ritor məktəbləri olub. Ritor gözəl danışmağı bacaran başqalarına öyrətmək istəyən adamlara deyirdilər. Xüsusilə dövlət qulluğunda çalışmağa hazırlanan gəncləri orada təhsil almağa göndərirdilər. Sonrakı dövlət bunda maraqlı olmayıb. Sonralar o məktəbi bağladılar. İndiki dövrdə həmin məktəblər açılmasa da, məsələn, danışıq kurslarının fəaliyyət göstərməsi yaxşı olardı. Mən ölkəmizdə ali məktəblərə qəbul imtahanlarında test üsulunun tətbiqinin tərəfdarıyam. Amma ziyan onda oldu ki, gəncləri danışdırmadan daha çox testin həll olunmasına öyrətməyə başladılar. Test vasitəsilə yüzlərlə uşaq ədalətli şəkildə ali məktəbə daxil olur. Amma bəzi qabiliyyət imtahanı tələb edən sahələr var. İstərdim ki, heç olmasa müəllimliklə, dil qrupları ilə bağlı ixtisaslarda qabiliyyət imtahanı götürək. Nəticə olaraq onların necə danışdığını bilmədən o ixtisasda təhsil alırlar. Bu zaman isə əlimizdən sadəcə mövcud qüsurları cilalamaq gəlir.

 

 

Nigar 

 

Palitra.-2011.-21 oktyabr.-S.6.