«Laçınlılara göstərilən mədəni xidmətin səviyyəsini yaxşılaşdırmaq üçün bütün imkanlar səfərbər edilib»

 

Layihə çərçivəsində müsahibimiz Laçın Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri İlqar İlyasovdur. O, müsahibəyə rəhbərlik etdiyi şöbənin fəaliyyətinə toxunmaqla başladı: 

 

- Laçın Rayon Mədəniyyət və Turizm  şöbəsi Azərbaycan dövlətinin mədəniyyət siyasətinin yerlərdə düzgün və vaxtında icrası üçün əməli tədbirlər həyata keçirir. Şöbəmizin 2011-ci il üçün təsdiq olunmuş illik iş planına uyğun olaraq əhalinin asudə vaxtının səmərəli təşkili sahəsində mədəni maarifləndirmə işləri aparılıb, təbliğat və təşviqat işləri müntəzəm şəkildə davam etdirilib. Rayon sakinlərinə göstərilən mədəni xidmətin səviyyəsini yaxşılaşdırmaq məqsədilə bütün imkanlar səfərbər edilib,  keçirilən bütün tədbirlərdə mədəniyyət işçiləri, o cümlədən musiqi məktəblərinin müəllim və şagird kollektivləri fəal iştirak ediblər.Qeyd edim ki, ötən illərdə olduğu kimi, bu ilin ötən ayları ərzində də şöbənin tabeliyində fəaliyyət göstərən 5 uşaq musiqi məktəbi, Rayon Mədəniyyət Evi, Şəhər Mədəniyyət Evi, 3 şəhər klubu, 119 kitabxana, 2 şəhər kitabxanası, Dövlət Rəsm Qalereyası, Laçın Rayon Tarix- Diyarşünaslıq Muzeyi, Sarı Aşıq Muzeyi, tarixi abidələr üzrə mühafizəçilər və kənd icra nümayəndəlikləri tərəfindən maliyyələşdirilən 45 kənd klubu, 33 kənd mədəniyyət evi öz işlərini davam etdiriblər. Bu il ərzində bir sıra mədəniyyət müəssisələri daxili imkanlar hesabına qismən təmir edilib, büdcədən ayrılmış maliyyə vəsaitləri hesabına alınmış inventar və başqa avadanlıqlarla təchiz edilib. 2010-2011-ci il tədris ilində Taxta Körpü qəsəbəsində yerləşən Şamkənd kənd Uşaq Musiqi Məktəbinin fəaliyyətini yaxşılaşdırmaq üçün icra başçısının qayğısı sayəsində sinif otaqlarının sayı artırılıb. Bu ilin ötən ayları ərzində şöbəmizin iş fəaliyyətində dönüş edilib, müəssisələrə müntəzəm baxışlar keçirilib, işə davamiyyətin təşkili istiqamətində əməli tədbirlər həyata keçirilib. Laçın Rayon Mədəniyyət və Turizm şöbəsində əməkhaqqı alan işçilərin məvacibləri vaxtlı-vaxtında ödənilir və bu sahədə heç bir problemimiz yoxdur. Uşaq musiqi məktəblərində tədris edilən ixtisasların tədris proqramlarının düzgün  təşkili məqsəd kimi qarşıya qoyulub. Təlim və tədris prosesinin təkmilləşdirilməsi istiqamətində məktəb rəhbərlərinə müntəzəm olaraq tövsiyələr verilib. Hesabat dövründə şöbənin illik iş planına uyğun olaraq 5 uşaq musiqi məktəbində tədrisin keyfiyyəti, əmək intizamına ciddi nəzarətin müntəzəm təşkili, məktəblərin ən zəruri  inventar və avadanlıqlarla, musiqi alətləri və tədris ədəbiyyatları ilə təmin edilməsi daim bizim əsas vəzifələrimizdən olub. Xüsusilə 2011-2012-ci tədris ilində nazirlik tərəfindən ayrılmış 131 şagird qəbulu planının vaxtında keçirilməsi üçün tədbirlər uğurla başa çatdırılıb.Bundan başqa büdcədə nəzərdə tutulan məbləğdə inventar və musiqi alətləri alınaraq  məktəblər arasında tələbatlar nəzərə alınmaqla bölgü əsasında paylanıb. 2011-2012-ci tədris ilinin əvvəlində uşaq musiqi məktəblərinin «Nümunəvi Əsasnamə»sinin tələblərinə uyğun olaraq müəllimlərin seçilməsi, onlarla əmək müqaviləsinin bağlanması və dərs bölgüsü şəffaf həyata keçirilib. Yeni tədris ilində şəbəkənin dəqiq və təlimata uyğun tərtib edilməsi üçün hər bir uşaq musiqi məktəbinin şagird kontingenti bir daha yerində ciddi araşdırılmaqla müvafiq normativ hüquqi sənədlər  diqqətlə yoxlanılıb. Uşaq musiqi məktəblərinin müəllim və şagirdlərindən ibarət ansambllar rayonumuzun mədəni-ictimai həyatında da fəal iştirak edirlər. Həmin kollektivlərin ansamblları nümunəvi konsert proqramları ilə dəfələrlə hərbi hissələrdə, tarixi və əlamətdar günlərə həsr olunmuş bayram şənliklərində uğurla çıxış edirlər. Dövlət müstəqilliyimizin 20 illik yubiley tədbirlərində də bizlər bunun bir daha şahidi olduq. Onu da qeyd edim ki, şöbənin və onun tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin illik iş planlarında dövlət müstəqilliyimizin 20 illik yubileyinə həsr olunmuş müxtəlif mədəni-kütləvi tədbirlər, bayram konsertləri, yaradıcılıq gecələri, oxucu konfransları, kitab sərgiləri, tematik gecələr, biblioqrafik icmallar və digər tədbirlər uğurla həyata keçirilir. Onu da bildirim ki, müstəqilliyimizin 20 illik yubileyi ilə bağlı tədbirlər illik iş planlarına uyğun olaraq bu ilin sonuna qədər mədəniyyət müəssisələrində keçiriləcək.

- Qaçqın rayonun kitabxanasının fəaliyyəti hansı vəziyyətdədir?

- Laçın rayonunda fəaliyyət göstərən 119 kitabxana əsasında 1976-cı ildə Laçın Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) yaradılıb. 1991-ci ilin məlumatına əsasən, Laçın Rayon MKS-nin kitab fondu 843 min nüsxə, oxucularının sayı 20 min nəfər, işçilərin sayı 199 nəfər olub. Rayon MKS-nin 115 kənd kitabxana filialı müasir binalarla təmin olunmuşdu. Laçın Rayon Mərkəzi Kitabxanasının fondunda qədim, unikal nadir kitablar saxlanılırdı. Kitabxanada 14 otaq, 2 oxu zalı oxucuların istifadəsinə verilmişdi. MKS rayon respublika əhəmiyyətli tədbirlərin keçirilməsində yaxından iştirak edirdi.18 may 1992-ci ildə Laçın rayonu erməni silahlı birləşmələri tərəfindən işğal olunduqdan sonra rayon ərazisindəki bütün kitabxana kitabxana filialları dağıdılıb, onların kitab fondu kitabxanalara məxsus 123 bina məhv edilib. Hazırda Laçın Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Ağcabədi rayonunun Taxta Körpü adlanan ərazisində müvəqqəti fəaliyyət göstərir. Mərkəzləşdirilmiş Kitabxana Sistemi onun kənd filiallarının fəaliyyəti şöbənin illik planına uyğun olaraq daim diqqət mərkəzində olub. Belə ki, xüsusilə kənd filiallarının müvafiq təlimatlara uyğun fəaliyyətlərinə nəzarət işi gücləndirilib, MKS-nin şöbə rəhbərlərinin, metodistlər digər ixtisaslı kadrlarının yerlərdə metodik göstərişlərinin həyata keçirilməsi üçün  çoxsaylı tədbirlərə göndərişlər, ezamiyyələr olub. Laçın Rayon MKS-nin yerləşdiyi binada əlavə otaqlarının tikilməsi nəzərdə tutulmuş plana uyğun, yəni büdcədə nəzərdə tutulmuş maliyyə vəsaiti hesabına həyata keçirilib. Kitab fonduna cari ilin ötən ayları ərzində xüsusi bölgü əsasında latın qrafikası ilə çap olunmuş 4440 nüsxə yeni ədəbiyyat daxil olub MKS-nin Kitabişləmə şöbəsində kitabişləmə texnikası ilə təlimata uyğun surətdə işləndikdən sonra kənd filialları arasında bölüşdürülüb. Onu da qeyd edim ki, ötən dövr ərzində Respublika Bibkollektoru ilə şöbə arasında bağlanmış müqavilə əsasında 804 manatlıq büdcə vəsaiti hesabına kitabişləmə texnikası alınıb. Bundan başqa kitabxanaların maddi-texniki bazasını yaxşılaşdırmaq üçün bu il büdcədə nəzərdə tutulmuş maliyyə vəsaiti təyinatına uyğun surətdə xərclənməklə kitabxanalar üçün zəruri inventar avadanlıqlar alınıb kənd filialları arasında xüsusi bölgü əsasında paylanıb. Laçın Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi öz işini günün tələblərinə uyğun qurub. Laçın Rayon MKS-nin onun 115 kənd filialının fondunda 249 429 nüsxə kitab var ki, bu kitablar da 119 kitabxana arasında bölünüb. Oxucu siyahılarının tutulması, oxucu sayının artırılması üçün profilaktik tədbirlər həyata keçrilir. Şöbə rəhbərliyi Rayon Mədəniyyət Evi, muzeylər, kənd mədəniyyət evləri, Dövlət Rəsm Qalereyasının işində dönüş yaradılması üçün müəssisə rəhbəri qarşısında konkret vəzifələr qoyulub.  

 

 

Anar Miriyev 

 

Palitra.-2011.-25 oktyabr.-S.6.