Lənkəran - “Azərbaycanın folklor paytaxtı”

 

Azərbaycan xalqının folkloru çox qədim bir tarixə malikdir. Xalqımızın qədim və rəngarəng qeyri-maddi mədəni irsi əsrlərin sınağından keçərək bu gün də yaşamaqdadır. Dünyanın qabaqcıl ölkələrinin mədəniyyət siyasəti sahəsindəki təcrübələri nəzərə alınmaqla, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanın qeyri-maddi mədəni irsinin (diyarşünastlıq, folklor, sənətkarlıq) qorunması və dəstəklənməsi istiqamətində aparılan islahatlara start verilib. Qeyd edək ki, Azərbaycanın qeyri-maddi mədəni irsinin təbliği və təşviqi məqsədilə nazirlik tərəfindən “2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları” proqramı təsdiq olunub. Proqramla əlaqədar olaraq 2011-ci il üçün Lənkəran şəhəri Azərbaycanın folklor paytaxtı elan edilib. 

Bununla bağlı bizə məlumat verən Lənkəran Şəhər İcra Hakimiyyətinin Mədəniyyət və turizm şöbəsi müdirinin müavini İlqar Əzimov bildirdi ki, il ərzində Lənkəranda nominasiyalara uyğun olaraq təntənəli mərasimlərin, respublika və beynəlxalq səviyyəli elmi-praktiki konfrans, dəyirmi masa, konsert, müsabiqə, festival, sərgi və sair tədbirlərin təşkili nəzərdə tutulub. Bu tədbirlərdən “Tarixin canlı şahidləri” adlı qocaman el sənətkarları ilə görüşlərin təşkili, “Bayatı axşamları folklor gecəsinin təşkili”, “Nənələr və nəvələr” folklor gecəsi, Lənkəran mətbəxi festivalını və sair göstərmək olar.İ.Əzimovun dediyinə görə, Lənkəran şəhərinin Azərbaycanın folklor paytaxtı elan olunması xalqımızın şifahi xalq ədəbiyyatını, adət və ənənələrinin bir daha dünyaya tanıdacaq, mədəniyyət tariximizdə yeni bir səhifə olacaq: “Bu əlamətdar hadisə ilə əlaqədar təşkilat komitəsi yaradılıb, tədbirlər planı təsdiq olunub və “Folklor şəhəri”nin rəsmi loqosu şəhərin üç yerində vurulub: “Artıq Lənkəranın Azərbaycanın folklor paytaxtı elan edilməsi ilə əlaqədar 16 mart 2011-ci il tarixində Lənkəran şəhərində, Heydər Əliyev Xatirə Parkında bayram tədbiri təşkil olunub. Burada el sənətkarlarının əl işlərindən, suvenirlərdən ibarət müxtəlif sərgilər nümayiş olunub, rayon idmançılarının çıxışları təşkil olunub, milli mətbəximizin nümunələri nümayiş olunub. Tədbir çərçivəsində qədim oyun növləri olan kəndirdartma, milli güləş yarışları təşkil olunub. Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı T.İbrahimova tədbirin rəmzi aparıcısı olan “Dədə Qorqud” tərəfindən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış kubok təqdim olunub. Tədbirin bədii hissəsində “Nağıllar dünyasına səyahət” başlığı altında folklor kollektivləri, el sənətkarları, rəqs ansamblları, C.Cabbarlı adına, H.Rzayeva adına uşaq musiqi məktəblərinin folklor kollektivləri, mədəniyyət evlərinin özfəaliyyət kollektivləri və yerli müğənnilərin ifasında maraqlı konsert proqramı təşkil olunub. Separadi Mədəniyyət Evinin “Nənələr” folklor mahnı və rəqs kollektivinin, Uşaq Evi Klubunun “Şənlik”, Girdəni Kənd Mədəniyyət Evinin “Vənəvşə”, Boladı və Vilvan kənd klublarının qızlardan ibarət rəqs ansamblının çıxışları, Azərbaycan xalqının qədim folklor bayramı olan Novruzun atributları kosanın, keçəlin zarafatları, bahar qızının faytonla gəlməsi tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Tədbir respublika və yerli televiziya kanalları tərəfindən işıqlandırılıb. “Cənub TV” telekanalı isə tədbiri bütövlüklə nümayiş etdirib.  Bu tədbirdən əlavə  Liman Şəhər Klubunda, Girdəni, Türkəkəran, Şağlaser, Separadi, Şıxəkəran, Göyşəban, Mamusta, Hirkan, Gərmətük kəndlərinin mədəniyyət evlərində, Haftonu, Vilvan, Kərgəlan, Veravul, Boladi, Xanbulan, İstisu, Sütəmurdov kəndlərinin klublarında,  özfəaliyyət kollektivləri tərəfindən 18-21 mart tarixlərində konsertlər təşkil olunub. Heydər Əliyev Muzeyi, Tarix-Diyarşünaslıq və Həzi Aslanovun ev muzeyində bayram münasibətilə açıq qapı günləri keçirilib, bu günlərdə muzeylərə gələn qonaqlara folklorumuz, milli adət-ənənələrimiz haqqında geniş məlumatlar verilib”.Qeyd edək ki, rayonda Mərkəzi Kitabxananın zalında qədim folklor adət-ənənələrimizi tanıtmaq məqsədi ilə folklorşünas alim Y.Ağazadə ilə görüş təşkil olunub: “Görüş zamanı “Folklorumuz və müasir mədəniyyət” başlığı altında  mühazirə  oxunub. Bütün keçirilmiş tədbirlər haqqında AzTV, ANS, “Space”, “Lider”, ATV, “Cənub TV” telekanallarında məlumatlar verilmiş eyni zamanda Mərkəzi Kitabxananın rəsmi veb-saytı olan www.lankaranmks.jimdo.com <http://www.lankaranmks.jimdo.com> saytında mütəmadi olaraq məlumatlar verilir.15 apreldə tədbirlər planına əsasən Mədəniyyət və turizm şöbəsi tərəfindən tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi təşkil olunub. Sərgidə el sənətkarlarının əl işləri dulusçuluq nümunələri, həsirlər və sair nümayiş olunub. Tədbirin bədii hissəsində Separadi Kənd Mədəniyyət Evinin “Nənələr” folklor mahnı və rəqs kollektivinin və Girdəni Kənd Mədəniyyət Evinin “Vənəvşə” folklor rəqs kollektivinin və C.Cabbarlı və H.Rzayeva adına uşaq musiqi məktəblərinin muğam ifaçilarının konserti təşkil olunub. 27 aprel 2011-ci il tarixində Lənkəran uşaq rəssamlıq məktəbində “Folklorumuz və adətlərimiz uşaqların gözü ilə” başlıqı altında uşaqların rəsm əsərlərinin sərgisi təşkil olunub. Sərgidə Uşaq Rəssamlıq Məktəbinin və eləcə də Lənkəran Uşaq Yaradıcılıq Mərkəzinin şagirdlərinin milli folklorumuza, adət-ənənələrimizə həsr olunmuş  rəsm işləri nümayiş olunub. Mayın 6-da İV Ümumrespublika Ənənəvi Kitab Bayramı təşkil olunub. Tədbirdə dövlət rəsmiləri, şəhər sakinləri, yaradıcı ziyalılar, müharibə veteranları iştirak edirdilər. Tədbirdən əvvəl iştirakçılar dahi rəhbərin adını daşıyan xatirə parkında onun abidəsi önünə əklil və gül dəstəsi qoydular. Tədbirin keçirildiyi Mərkəzi Kitabxananın qarşısına diqqəti cəlb edən tərtibat verilib və müxtəlif sərgilər təşkil olunub. Tədbir çərçivəsində 2011-ci ilin Lənkəran şəhərinin Azərbaycanın folklor paytaxtı elan olunması ilə bağlı tətbiqi sənət ustalarının və el sənətkarlarının əl işlərindən ibarət açıq hava altında sərgi təşkil olunub. Sərgidə dulusçuluq nümunələri, həsirtoxuma və gildən düzəldilmiş müxtəlif əşyalar nümayiş olunub. Eyni zamanda kitabxananın qarşısında Uşaq Rəssamlıq Məktəbinin şagirdlərinin rəsm əsərlərindən ibarət sərgi qurulub. Kitabxana tərəfində ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş kitablar, milli adət-ənənələrimizə və folklorumuza həsr olunmuş kitablar, yeni nəşrlər və Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə çap olunmuş latın qrafikalı ədəbiyyat nümayiş olunub. Tədbirdə iştirak edən folklorşünas alım Mirhaşım Talışlı, yazıçı publisist Etibar Əhədov, Lənkəran Türk Liseyinin müdiri Murad bəy və digər natiqlər çıxış edərək. kitabın həyatımızda rolu, milli adət-ənənələrimizin təbliği və ümummilli lider Heydər Əliyevin bu səpkidə apardığı işlər barədə geniş məlumat veriblər. Tədbirin bədii hissəsində uşaq musiqi məktəblərinin folklor kollektivləri, şəhər 5,9 və 15 saylı baxçaların rəqs kollektivləri, şəhər 5 saylı tam orta məktəbin bədii qiraətçiləri və musiqiçilər maraqlı konsert proqramı ilə çıxış ediblər”.   İ.Əzimov onu da qeyd edir ki, Lənkəran şəhərinin Azərbaycanın folklor paytaxtı elan olunması ilə əlaqədar və ümummilli lider Heydər Əliyevin anadan olmasının 88 illiyi münasibətilə təsdiq olunmuş tədbirlər planına əsasən mayın 10-da Lənkəran Dövlət Dram Teatrında İcra Hakimiyyətinin dəstəyi ilə Mədəniyyət və turizm şöbəsi tərəfindən musiqi bayramı təşkil olunub: “Tədbirdə dövlət rəsmiləri, şəhər sakinləri, yaradıcı ziyalılar və musiqi sevənlər iştirak edirdilər. Tədbirdən əvvəl iştirakçılar dahi rəhbərin adını daşıyan xatirə parkında onun abidəsi önünə əklil və gül dəstəsi qoydular. Tədbir çərçivəsində teatrın foyesində Uşaq Rəssamlıq Məktəbi və Dövlət Rəsm Qalereyası tərəfindən tətbiqi sənət ustalarının və el sənətkarlarının əl işlərindən və uşaqların, şagirdlərin rəsm əsərlərindən ibarət sərgi təşkil olunub. Sərgidə dulusçuluq nümunələri, həsirtoxuma və gildən düzəldilmiş müxtəlif əşyalar nümayiş olunub. Tədbirin bədii hissəsi C.Cabbarlı adına 1 saylı və H.Rzayeva adına 2 saylı uşaq musiqi məktəblərinin kollektivləri tərəfindən ifa olunan muğamlar, xalq mahnı və rəqsləri və klassik mahnılarla davam edib. Konsertdə uşaq musiqi məktəblərinin xalq çalğı alətləri orkestri, kanunçalanlar qrupu və xor kollektivi maraqlı nömrələrlə çıxış ediblər. Tədbir bir saat yarım davam edib”. 13 avqustda Lənkəran Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Mədəniyyət və turizm şöbəsi tərəfindən açıq hava altında “Folklor axşamı” adlı tədbir təşkil olunub. Tədbirdə iştirak edən Milli Məclisin deputatı Hadı Rəcəbli və folklorşünas alim Mirhaşım Talışlı Lənkəranda folklor və adət-ənənələrin tarixi haqqında məlumat verib. Sonra tədbirdə iştirak edən Rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədov adət-ənənələr haqqında soz açıb. İlqar Əzimov isə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Lənkəran şəhərinin Azərbaycanın folklor paytaxtı elan olunması ilə bağlı görülmüş işlər və keçirilmiş tədbirlər haqqında məlumat verib. Burada Separadi Kənd Mədəniyyət Evinin “Bacılar” talış folklor mahnı və rəqs kollektivi qədimdə Lənkəranda ifa olunan mahnıları oxuyublar. Tədbirdə iştirak edən qocaman mədəniyyət işçisi, el sənətkarı Surxay Əliyev qədim nəfəsli alətdə maraqlı musiqi nömrələri ifa edib və bu alətin tarixi haqqında məlumat verib. Tədbir çərçivəsində el sənətkarlığı nümunələri də nümayış olunub. Folklor kollektivləri ilə yanaşı tədbirdə tanınmış müğənni Cavad Rəcəbovun ifasında mahnılar səsləndirilib. Tədbir bütövlüklə Xəzər telekanalı tərəfindən çəkilib.  20 sentyabrda Lənkəranda Mədəniyyət və turizm şöbəsi və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz tərəfindən Lənkəran şəhərinin Azərbaycanın folklor paytaxtı elan olunması ilə bağlı dəyirmi masa təşkil olunub. Tədbir çərçivəsində el sənətkarlarının əl işlərindən ibarət tətbiqi sənət ustalarının sənət nümunələrinin sərgisi qurulub. Sərgiylə tanışlıqdan sonra tədbirin rəsmi hissəsinə başlanılıb. Tədbiri giriş sözü ilə Mədəniyyət və turizm şöbəsinin müdiri Vasif Fərzullayev açaraq Lənkəran şəhərinin Azərbaycanın folklor paytaxtı elan olunması ilə bağlı görülmüş işlər və keçirilmiş tədbirlər haqqında geniş məlumat verib və tədbirdə iştirak edən qonaqları və mərüzəçiləri təqdim edib. Sonra Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin nümayəndəsi Polad Zeynalov çıxış edib. Tədbirdə çıxış edən folklorşünas alim Mirhaşim Talışlı, Azərbaycan Dövlət İncəsənət Universitetinin nümayəndəsi folklorşünas alim Asif Rüstəmli, Lənkəran Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədov və digər natiqlər folklorun tarixi, müasir cəmiyyətdə rolu və dövlətimiz tərəfindən bu sahəyə olan diqqət və qayğıdan söz açıblar. Tədbir çərçivəsində keçirilmiş tədbirləri əks etdirən prezentasiya nümayiş olunub. Tədbirin bədii hissəsində Separadi Mədəniyyət Evinin “Nənələr” folklor mahnı və rəqs kollektivi maraqlı repertuarla çıxış edib. Tədbirin sonunda folklorumuzun təbliğ olunması və inkişafında xidmətlərinə görə Lənkəranın Mədəniyyət və turizm şöbəsi, folklorşünas alım Mirhaşim Talışlı, qocaman mədəniyyət işçiləri - Türkəkəran Mədəniyyət Evinin bədii rəhbəri Surxay Əliyev, Şağlaser Kənd Mədəniyyət Evinin bədii rəhbəri Yəhya Hətəmov, Girdəni Mədəniyyət Evinin, Boladi Kənd Klubunun, C.Cabbarlı adına Uşaq Musiqi Məktəbinin, Vilvan Kənd Klubunun, Uşaq Evi Klubunun folklor mahnı və rəqs kollektivləri Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin fəxri fərmanları ilə mükafatlandırılıblar. Tədbir  “Xəzər TV” , CTV, İTV  telekanallarında işıqlandırılıb. Bütün keçirilmiş tədbirlər haqqında AzTV, ANS, “Space”, “Lider”, ATV, “Cənub TV” telekanallarında məlumatlar verilib, eyni zamanda Mərkəzi Kitabxananın rəsmi vebsaytı olan “www.lankaranmks.jimdo.com” saytında mütəmadi olaraq məlumatlar verilir.İ.Əzimov qeyd etdi ki, 2011-ci il ərzində tədbirlər planına əsasən tədbirlər davam etdirilir. 

 

 

İlkin AĞAYEV 

 

Palitra.-2011.-25 oktyabr.-S.7.