Ahıllarımızı təkcə bayramlarda yox, hər gün diqqətdə saxlayaq

 

Qədim zamanlardan ağsaqqal, ahıl insanlar ən hörmətli və müdrik adamlar hesab olunub, onlara hamı hörmətlə yanaşıb. Bəzən ahıl insanları uşağa da bənzədirlər. Yəni yaşlandıqca onlar da uşaq kimi kövrək, hər sözdən inciyən, yumşaq qəlbli olurlar. Amma uşaqlardan fərqli olaraq onların hansısa bir hədiyyə ilə könlünü almaq olmaz. Onların sadəcə qayğıya, xoş rəftara ehtiyacı var. Artıq geridə qoyduğu, keçib gedən illərin arxasınca baxan həmin insanların qəlbini oxşamaq isə bu gün onlar üçün təsəllidir.  

Yəni artıq gəncliyini geri qaytara bilməyəcək bu insanlar ahıl yaşlarında ən azından rahat bir şəkildə yaşayaraq o günləri xatırlamağa çalışırlar. Onlar üçün bu rahat şəraiti yaratmaq, qayğılarına qalaraq dəstək olmaq isə hər birimizin mənəvi borcudur. Bu gün övladlarının əhatəsində, rahat, gözəl bir şəraitdə yaşlılıq günlərini yaşayan ahıllarla yanaşı parkda skamyada oturaraq keçmişini xatırlayan, mağazadan ərzaq alıb əsasına söykənə-söykənə evinə gedən, yaxud övlad sevgisinə möhtac qalıb ömrünü qocalar evində sürdürən və hər addım səsinə gözü qapıya dikilən ahıllarımız var.   

 

1993-cü ildən oktyabrın 1-i Azərbaycanda Beynəlxalq Ahıllar Günü kimi qeyd edilir  

 

Ahılların hüquqlarının qorunması istiqamətində beynəlxalq təşkilatlar tərəfindən bir sıra addımlar atılır. 3 dekabr 1989-cu ildə yaşlaşma problemləri üzrə Beynəlxalq Fəaliyyət Planı, 1991-ci il 16 dekabrda isə ahıl insanlara münasibətdə BMT tərəfindən prinsiplər müəyyən olunub. 2002-ci il aprelin 12-də Madriddə BMT Baş Assambleyasının tədbiri keçirilib və Madrid Fəaliyyət Planı qəbul olunub. Bütün ölkələrdən ahıl insanlara münasibətdə hökumətin görməli olduğu işlər tövsiyə olunub. BMT Baş Məclisi tərəfindən 1992-ci ildə qəbul edilən qətnaməyə əsasən, ahılların problemlərinə diqqəti yönəltmək məqsədilə hər il oktyabrın 1-i dünyada Beynəlxalq Ahıllar Günü kimi qeyd edilir. Dünya ölkələrinin çoxunda olduğu kimi, Azərbaycanda da əhalinin yaşlaşma prosesi müşahidə olunur. 1950-2010-cu illər ərzində 65 yaşından yuxarı olan əhali kontingentinin sayı dünya üzrə 5 faizdən 8 faizə qədər artıb, 2050-ci il üçün isə bu rəqəmin 16 faizə çatacağı gözlənilir. Azərbaycanda isə bu göstəricinin 2010-cu ildəki 6 faizdən 2050-ci ilədək 12 faizə qədər artacağı proqnozlaşdırılır. Azərbaycanda ahıl vətəndaşların hüquqlarının qorunması, onların sosial müdafiəsinin gücləndirilməsi, sosial və digər həyati tələbatlarının ödənilməsi, bu sahədə mövcud olan qanunvericiliyin beynəlxalq normalara uyğunlaşdırılması dövlətin sosial-iqtisadi siyasətinin prioritet istiqamətlərindən biridir və son illər bu istiqamətdə mühüm işlər görülür. 1993-cü ildən oktyabrın 1-i Azərbaycanda Beynəlxalq Ahıllar Günü kimi qeyd edilir. 2001-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən “Ahıllara sosial xidmət haqqında” qanun imzalanıb.  

 

Ölkəmizdə əlil, tənha və ahıllara xidmət göstərən müəssisələrin sakinləri dövlət qayğısı ilə əhatə olunub  

 

Ahıl vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması və onlara dövlət qayğısının artırılması məqsədilə 2006-cı ildə Prezidentin müvafiq sərəncamı ilə “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı” təsdiq edilib. Qeyd edək ki, 2004-cü ildə “Azərbaycanda demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı”nda, həmçinin 2008-ci ildə təsdiqlənmiş “2008-2015-ci illərdə Azərbaycanda yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nda və digər dövlət proqramlarında ahılların sosial müdafiəsi ilə bağlı tədbirlər nəzərdə tutulur. 2011-ci il ahıllar üçün xüsusilə əlamətdar olub. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə iyulun 1-dən pensiyaların məbləğinin orta hesabla 40 faizdən çox artması ahıl vətəndaşlarımıza olan qayğının bariz nümunəsidir. 2011-ci ilin 6 ayı ərzində ölkəmizdə əmək pensiyaçılarının sayı 1 milyon 280 min 788 nəfər olub ki, onlardan 63,9 faizi məhz yaşa görə pensiya alır. Ölkəmizdə əlil, tənha və ahıllara xidmət göstərən müəssisələrin sakinləri dövlət qayğısı ilə əhatə olunub. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə ahıllara qayğı məqsədilə müxtəlif tədbirlər həyata keçirilir. Onun təşəbbüsü ilə fondda ahıllarla görüşlər keçirilir, onların sağlamlığı diqqətdə saxlanılır. Fond tərəfindən Ahıllar Günündə bu insanlar üçün müxtəlif tədbirlər təşkil olunur. Onu da qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən Müharibə və Əmək Əlilləri üçün Pansionatda tam dövlət təminatında olan ahıl vətəndaşlar yaşayır. 2001-ci ildə yaradılmış Ahılların Resurs Mərkəzində ahıllara təmənnasız hüquqi, tibbi və psixoloji yardım göstərilir. Ölkədə qeyd edilən bayramlarda, eləcə də Ahıllar Günündə bir çox qocalar evində yaşayan, tənha, kimsəsiz yaşlılar üçün dövlət qurumları, müxtəlif təşkilatlar, o cümlədən Ombudsman Aparatı tərəfindən tədbirlər təşkil olunur. Yaşlıların, qocaların yalnız Ahıllar Günündə deyil, hər zaman qayğısına qalmağın vacibliyini qeyd edən insan hüquqları müvəkkili Elmira Süleymanovanın sözlərinə görə, xüsusilə də gənclər bu diqqəti daha da artırmalıdır: “Hər bir insan ayrı-seçkiliyə yol vermədən ehtiram və layiqli yaşayış hüququna malikdir. Hüquqlarının müdafiəsinə, diqqətə, yardıma daha çox ehtiyacı olan ahılların həyat təcrübəsindən, bilik və bacarığından bəhrələnmək isə nəsillər arasında varislik əlaqəsini, mövcud olmuş dəyərli ənənələri yaşatmaq baxımından zəruridir. Ahılların məşğulluğu, inkişaf proseslərinə, təhsilə cəlb edilməsi, onların sosial-iqtisadi durumunun yaxşılaşdırılması zəruridir”. Onu da qeyd edək ki, bugünlərdə ombudsman tərəfindən Azərbaycanda növbəti illərdən birinin “Ahıllar ili” kimi qeyd olunması təklif edilib.  

 

Övlad qayğısı 

 

Beləliklə, müxtəlif istiqamətli dövlət qayğısı ilə əhatə olunan ahılların ən çox ehtiyacı övlad sevgisinədir. Hazırda dünyada bir çox ahıllar var ki, bu sevgidən məhrumdur. Səbəbinə gəldikdə isə onların sırasında yaxınlarını itirərək tənhalığa məhkum olan yaşlılarla yanaşı övladları tərəfindən tərk edilərək yalnız qalanlar da var. Yeni doğulan körpələri üçün böyük sevinclər yaşayan valideynlər bəzən heç düşünmürlər ki, doğumuna sevindikləri bu övladları tərəfindən nə zamansa tərk edilər, hətta qocalar evinin sakininə çevrilə bilərlər. Yəni övladı olsa da, kimsəsiz adını qazanırlar.  Haqqında söhbət açacağımız belə sakinlərdən biri də hazırda tənha yaşayan 77 yaşlı Şükufə Əhmədovadır. Hazırda kirayədə yaşayan bu yaşlı qadına həmin məhəllədə hamı “nənə” deyə müraciət edir. Kiçik bir otaqda yalqız həyat sürməsinin səbəbi isə kimsəsiz olması deyil, çünki hazırda onun bir qız övladı var. Adətən keçmişindən danışmağı çox sevməyən nənə bu yaşam tərzində heç kəsi günahlandırmır və bunu həyatın qəribəliklərindən biri hesab edir. Sadəcə, keçmiş həyatından danışarkən o illəri gözyaşları ilə xatırlayır. Dediyinə görə, Bakıda anadan olub və normal bir uşaqlıq, gənclik həyatı yaşayıb. Gənc yaşlarında ailə qurduqdan sonra iki qız anası olub. Lakin sonralar həyat yoldaşını itirdikdən sonra problemlər artıb. 40 il tikiş fabrikində çalışaraq övladlarına qulluq edib, onları böyüdüb, təhsil verib. Lakin xəstəliklə bağlı qızlarından biri gənc yaşlarında vəfat edib. Beləliklə, bir qızı ilə yaşayan ana onu təhsilli edib, evləndirib. Qızı ailə qurduqdan sonra artıq tənha yaşamağa başlayıb. Lakin sonralar qızının ev problemini həll etmək məqsədilə öz yaşadığı evini satıb ki, onlar da həmin məbləğə yeni ev alıblar. Hazırda həmin evdə qızı ailəsi ilə birgə yaşasa da, ana bu gün kirayədə qalır. Beləliklə, tənha yaşayan Şükufə nənə artıq çalışması mümkün olmadığına görə vaxtının çoxunu evdə keçirir. Bütün yaşlılar kimi, bəzən kiçik radiosunu dinləyir. Hansısa bir problemi olduqda həyətdəkilərdən yardım istəyir. Aldığı pensiyadan kirayə haqqı ödəyir. Qızının ona sahib çıxmamasından danışarkən belə qızının evinin kiçik olduğu, qayınanası gəldiyində sıxıntı yaşandığını deyir. Qonşulardan biri onun üçün çörək alır, digəri mağazaya, həkimə gedəndə qolundan tutaraq yardım edir. Qızı isə bir ay ərzində bir neçə dəfə zəng etməklə, sadəcə necə olduğunu öyrənməklə kifayətlənir. Onunla söhbət edənlərin hər biri bu yaşda ona övlad qayğısının vacibliyini bildirsə də, özü sanki söz tapa bilmir, sadəcə göz yaşları ilə kifayətlənir. Artıq bir neçə ildir ki, nənə kirayədə yaşadığı evin kiçik pəncərəsindən baxaraq yol gözləyir…                Bu, yalnız bir yaşlının həyatını əks etdirsə də, hazırda övlad sevgisinə həsrət qalan neçə-neçə belə insanlar var. Harada yaşamasından asılı olmayaraq tənha, kimsəsiz ömür sürən bu ahıllara məhz bu yaşında diqqət, qayğı göstərilməsi vacibdir. Unutmayaq ki, hər bir insan yaşlanmağa məhkumdur. Bu gün valideynlərini tənha qoyub gedən, onları köməksiz buraxan övladlar bilməlidir ki, həyatın hazırladığı bu imtahana hər kəs hazır olmalıdır.

 

 

Nigar Abdullayeva   

 

Palitra.-2011.-25 oktyabr.-S.11.