Müsabiqələrdə Laçının uşaq musiqi məktəblərinin şagirdləri fəal iştirak edir

     

Layihə çərçivəsində müsahibimiz Laçın Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri İlqar İlyasovdur: 

- Rayon İcra Hakimiyyətinin dəstəyilə keçirilən bütün tədbirlərin bədii hissəsi mədəniyyət işçilərinin fədakar əməyi sayəsində yüksək səviyyədə təşkil edilir. Taxta Körpü ərazisində, qış obalarında, rayon sakinlərinin sıx məskunlaşdığı bir çox ərazilərdə konsert proqramları təşkil edilib, maraqlı səhnəciklər göstərilib, əhalinin asudə vaxtının səmərəli təşkili üçün əməli işlər görülüb. Mədəniyyət və Turizm Nazirliyinin, rayon İcra Hakimiyyətinin yaxından köməkliyi və dəstəyilə “Gül bayramı”, 15 iyun Milli Qurtuluş Günü və digər əlamətdar hadisələr və bayramlarda  respublikanın görkəmli incəsənət xadimləri laçınlıların sıx məskunlaşdığı Taxta Körpü qəsəbəsinə dəvət olunub, onların iştirakı ilə geniş və rəngarəng səhnəciklərlə dolu konsert proqramları təşkil edilib. Bunlardan əlavə 2 fevral Gənclər Günü, 8 mart Beynəlxalq Qadınlar Günü, 20-21 mart Novruz bayramı, 9 may Qələbə Günü, 10 may ümummilli liderin doğum günü münasibətilə “Gül bayramı”, 28 may Respublika Günü, 1 iyun Dünya Uşaqların Müdafiəsi Günü, 15 iyun Milli Qurtuluş Günü, 26 iyun  Silahlı Qüvvələr Günü və s. əlamətdar hadisələr və bayramların təntənəli şəkildə keçirilməsində mədəniyyət işçiləri yaxından iştirak edib, həmçinin ayrı-ayrı müəssisələrdə iş planına uyğun tədbirlər keçirilib. Bu ilin aprel ayının 30-da Mədəniyyət və Turizm Nazirliyi, Respublika Aşıqlar Birliyi və Laçın Rayon İcra  Hakimiyyətinin dəstəyilə M.Maqomayev adına Dövlət Filarmoniyasında “Sarı Aşığın işığında“ adlı Laçın aşıqlarının iştirakı ilə böyük konsert proqramı həyata keçirilib. Ümummilli liderin anadan olmasının ildönümü, xalq qəhrəmanı Sultan bəyin 140 illik yubileyi ilə əlaqədar Rayon Mədəniyyət və Turizm Şöbəsi, Təhsil Şöbəsi və Gənclər və İdman İdarəsi ilə birgə rəsm, mahnı və bədii qiraət nominasiyaları üzrə  ümumrayon müsabiqələri keçirilib, qaliblər və fərqlənən yeniyetmələrə diplomlar və hədiyyələr verilib.Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən müsabiqələrdə rayonumuzun uşaq musiqi məktəblərinin şagirdləri fəal iştirak edib, xüsusi fərqlənən istedadlı uşaqlar münsiflər heyəti tərəfindən mükafatlandırılıb. Bu haqda müxtəlif televiziya kanallarında süjetlər göstərilib, kütləvi informasiya vasitələrində məqalələr çap olunub. Həyata keçirilən abadlıq işlərində də biz mədəniyyət işçiləri üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışırıq.Laçın Rayon Mədəniyyət  Evinin binasının tavanı, döşəmə və divarlarında cari təmir işləri aparılıb. Belə ki, daxili imkanlar hesabına şöbənin inzibatı binasının divarı və həyətyanı sahəsinin barı hissəsi yenidən rənglənərək əsaslı təmiri işləri aparılıb, mərkəzi mühasibatlığın tavanı və döşəməsində isə cari təmir işləri tamamlanıb.Əvvəlki illərdə olduğu kimi, cari ilin ötən ayları ərzində də mədəniyyət müəssisələri lazımi inventar və avadanlıqlarla təchiz edilib.

- Mədəniyyət sahəsində çalışanların hazırıq səviyyəsi necədir?

- Əvvəla, onu deyim ki, bu ilin may ayında Laçın Rayon MKS-nin 35 illik yubileyi ilə bağlı “Kitab bayramı” ümumrayon tədbiri səviyyəsində keçirilib, uzun illər mədəniyyət sahəsində səmərəli əməyinə və xidmətdə fərqləndiyinə görə bir sıra  mədəniyyət işçilərinə fəxri fərman, diplomlar və qiymətli hədiyyələr verilib. 2010-cu ilin ölkə başçısı tərəfindən «Ekologiya ili» elan olunması ilə əlaqədar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən ağacəkmə kampaniyasında mədəniyyət işçiləri də fəal iştirak edib, şöbənin bağ sahəsində çoxlu sayda ağaclar əkilib və bu proses cari il ərzində də davam etdirilir. Belə ki, daxili imkanlar hesabına meşə torpağı, təbii gübrə gətirilərək şöbənin qarşısındakı bağda yeniləşmə işləri aparılıb, 200-dək qızılgül kolu və çoxsaylı dibçəklər əkilib, çaylaq daşları ilə yeni salınmış bağda abadlıq və quruculuq işləri davam etdirilib. Bu kampaniya Laçın Rayon Mədəniyyət və Turizm Şöbəsinin müəssisələrində də həyata keçirilib, şöbənin yerləşdiyi binanın qarşısında yeni salınmış bağa yeraltı su kəməri çəkilərək istifadəyə verilib, gündəlik suvarma və qulluq işləri təşkil olunub. Uzun illər mədəniyyət müəssisələrində çalışan işçilərin əksər hissəsinin ixtisas təhsilli olmadığını nəzərə alaraq Mədəniyyət və Turizm Nazirliyinin Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi ilə qurulmuş müsbət əlaqələr nəticəsində Kənd Mədəniyyət Evi və kənd klublarından 17 nəfər, kitabxana sistemindən 17 nəfər, uşaq musiqi məktəblərindən 16 nəfər, ümumilikdə 50 nəfər mədəniyyət işçisi ixtisasartırma kurslarına göndərilib. Şöbə və onun tabeliyində olan müəsissələrdə işçilərin və vətəndaşların ərizə və şikayətlərinə baxılması mövcud qaydalara uyğun tənzimlənir. Bu istiqamətdə aparılan profilaktik maarifləndirmə işi öz müsbət nəticəsini verməkdədir. Əmək Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanunun icrası dəqiq və vaxtında həyata keçirilib. Qanunun icrası məqsədilə mədəniyyət müəssisələrində 65 və ondan yuxarı yaş həddində olan işçilərlə bağlanmıs müqavilə ləğv edilərkən işə təhsilli, təcrübəli kadrlar qəbul edilib. Mədəniyyət İşçilərinin Həmkarlar Təşkilatının Laçın Rayon Komitəsi tərəfindən xüsusi ehtiyacı və maddi sıxıntısı olan işçilərə maddi yardım edilib, bayram və şənliklərdə mədəniyyət işçilərinə hədiyyələr və sovqatlar paylanıb. Həkim məsləhəti ilə müalicəyə ehtiyacı olan işçilər Həmkarlar Komitəsinə ərizə ilə müraciət edib və sanatoriyalara  yollayışlar verilib.

- Hansı problemləriniz var?

- Qazandığımız uğurlarla bərabər işimizdə müəyyən nöqsanlar da var. Bildiyiniz kimi, Laçın Rayon Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində olan müəssisələrin bütün əmlakı, inventar və avadanlıqlar, texniki qurğular və s. işğal zonasında qaldığından və 1992-ci ilin iyun ayından isə bütün mədəniyyət ocaqları respublikanın 23 rayonunun ərazisində Laçın rayonunun sakinlərinin kompakt yaşadığı ərazilərdə fəaliyyətini bərpa etdiyindən, müəssisəsələrimizin inventar və avadanlıqlara ehtiyacı olduqca böyükdür. Zaman-zaman bu cür ehtiyacların ödənilməsi istiqamətində əməli işlər görülür, inzibati binaların yeniləşməsi, müəsissələrin zəruri avadanlıqlarla təmin edilməsi istiqamətində konkret tədbirlər həyata keçirilir. Bütün çətinliklərə baxmayaraq Laçın Rayon Mədəniyyət və Turizm Şöbəsi öz işini Mədəniyyət və Turizm Nazirliyinin və Rayon İcra Hakimiyyətinin dəstəyilə günün tələbləri səviyyəsində qurmağa çalışır. 

 

 

Anar Miriyev

 

Palitra.-2011.-26 oktyabr.-S.6.