Professor Nəriman Əliyev: “Dünyada tanınan “7 möcüzə”dən
ikisi Azərbaycan xalqının payına düşür”
Layihə çərçivəsində
növbəti müsahibimiz Azərbaycan
Memarlıq və İnşaat Universitetinin professoru,
Şərq Ölkələri Beynəlxalq Memarlıq
Akademiyasının müxbir üzvü Nəriman Əliyevdir:
-
Müstəqilliyimizin ən önəmli amillərindən
biri də odur ki, mədəniyyətimiz daha da inkişaf edir,
onun qayğısına qalırlar. Bütövlükdə
memarlıq da mədəniyyət növü kimi o
qayğıların içərisinə daxildir. Memarlıq elə
bir varlıqdır ki, Qoqolun dediyi kimi, “Yaşamış xalq,
millət haqqında söylənən rəvayətlər,
nağıllar susduqdan sonra memarlıq danışır”. Məsələn,
Yunanıstanda, Misirdə qədim memarlıq abidələri
var. İnsan dünyaya gəldiyi zaman daldalanmağa bir yer
axtarırdı və ilk olaraq mağaraları seçsə də,
sonralar özləri evlər tikməyə başladılar.
Bunun da tarixi çox qədimdir. Qobustana istinad etsək, bu
tarix miladdan əvvəl 20-ci minilliyə gedib
çıxır. Azərbaycan bəşər
övladının ən qədim yaşayış məskənlərindən
biridir. Xalqımız daim tikinti ilə məşğul olub.
Dünyada tanınan “7 möcüzə”dən ikisi Azərbaycan
xalqının payına düşür. Biri Dəclə-Fərat
çayları sahilindəki “Asma bağlar”, ikincisi isə
möhtəşəm “Tac Mahal”dır ki, onu Təbrizdən
aparılan memarlar tikiblər. Bundan başqa Azərbaycanda
çox gözəl şəhərlər, yaşayış
məskənləri var. Onlardan biri olan Bakının qəribə
təbii şəraiti var. I amfiteatr dənizin səviyyəsindən
180 metrədək yüksəlir. II amfiteatr isə daha yüksəkdə
qurtarır ki, bu da 345 metr idi. Təbiətdə belə bir
şey yoxdur, təkrarsızdır. Burada iqlimlə
bağlı, təbii radiasiyanın çox yüksəkdə
olması kimi amillərin nəticəsidir ki, milliyyətindən
asılı olmayaraq burada yaşayan insanlar kənarda qala bilmir
və yenidən Bakıya gəlmək istəyir. Bunun səbəbi
həm Bakının təbii şəraiti, həm də
gözəl memarlığıdır. Gözəl memarlıq
əsərlərinə gəldikdə, ilk növbədə
Şirvanşahlar Sarayını qeyd etmək lazımdır.
Şirvanşahlar Sarayının XV əsrdə
tamamlanmış kompleksi dünyada təkrarsızdır.
- Hazırda ölkədə bu
istiqamətdə həyata keçirilən tədbirləri
necə dəyərləndirirsiniz?
- Bu gün müstəqilliyimizin 20-ci ildönümünü qeyd edirik və bütün şəhərlərimiz inkişafdadır. Nəinki böyük şəhərlərdə, kiçik kəndlərdə belə bu inkişafı görmək mümkündür, tikintilər gedir. “Memarlıq mədəniyyətin birincisidir” desək, yanılmarıq. Belə bir fikir var ki, “Memarlıq donmuş musiqidir”. Memarlıq əsərlərinə baxanda sanki orada muğamatın parçalarını, ahəngini eşidirik. Çox böyük sevindirici haldır ki, ölkə başçısı da görülən işlərin gözəl olmasını daim diqqətdə saxlayır. Gələn qonaqlar da bu gözəlliyi dönə-dönə qeyd edirlər. Binalarımız bərpa edilir, yenidən qurulur və bu çox yaxşı haldır. İçərişəhər qoruq elan edilib. Bakını gözəlləşdirmək ilkin məqsədlərdən biridir və buna görə də ancaq sevinmək lazımdır. Bütün bu görülən işlərlə bağlı ölkə başçısına təşəkkür edirik. Memarlıq insanın düşüncə tərzinə təsir edir. Bir kitabı insan bəyənərsə, oxuyur, bəyənməzsə, oxumur, amma memarlıq əsərləri insanı bütün həyatı boyu müşayiət edir. Buna görə də həmin binalar gərək gözəl olsun ki, insanlara müsbət təsir etsin, düşüncələrini yaxşılığa doğru aparsın. Memarlıq çox gözəldir və buna görə də insanlar başqa ölkələrə getdikdə ilk olaraq memarlıq əsərlərini görür. O memarlıq əsərləri ilə həmin xalqın xüsusiyyətini müəyyən edirik. Azərbaycan memarlığına çox ciddi fikir verilir ki, ölkəmizə gələn qonaqlar da xalqımızın xüsusiyyətini hiss etsin. Məşhur dramaturqumuz C.Cabbarlıdan “Məhəmməd Füzuli haqqında nə deyə bilərsiniz?” deyə soruşduqda cavab verib ki, “Məhəmməd Füzuli Azərbaycan poeziyasını alıb çiyinlərinə, elə bir zirvəyə qalxıb ki, bundan sonra nə biz oraya qalxa bilərik, nə də o, oradan aşağı enə bilər”. Azərbaycan mədəniyyəti, memarlığı o qədər yüksəklərdədir ki, onu heç kim, heç vaxt durduğu yerdən endirə bilməz, heç kim də o yerə çata bilməz. Bu gün ölkədə aparılan tikinti-quruculuq işləri təqdirəlayiqdir. Son zamanlar Dənizkənarı Milli Parkda aparılan abadlıq işləri bunun bariz nümunəsidir. Ölkə başçısı tərəfindən şəhərin mərkəzində olan sənaye zonasının buradan çıxarılması tapşırığı verilib: “Bu, çox böyük imkan verir ki, bulvar Bayıl yarımadasından başlayaraq Zığa kimi 16 km yarımzonaya qədər inkişaf etdirilə bilər. Bu da dünyada yeganə belə bulvar olacaq. Eninə, dənizdən sahilə gedəndə isə bu, təqribən 150-200 metrəyə qədər olsa, çox gözəl bir istirahət parkı olacaq. Bunun dünyada təkrarı olmayacaq. Burada həm küləklərin sakitliyi əldə edilir, həm də sakit istirahət zonası alınır. Bu il Bayıl zonasında Bayraq Meydanı yaradılıb ki, burada dünyanın ən hündür bayraq dirəyi qaldırıldı. Hərçənd ki, bu ərazi şəhərin ən yüksək nöqtəsi olmasa da, şəhərin ən qiymətli, gözəl nöqtələrindən biridir. Ona görə də bayrağın ucaldılması bulvara xüsusi bir gözəllik gətirdi. Düşünürəm ki, bulvarın estetik dəyəri daha da gücləndi. Dünyanın heç bir şəhərində Dövlət Bayrağı Meydanı yoxdur. Bu, ilk belə bir meydandır, həm bulvardır, həm də dövlətin rəmzlərindən biri burda qurulub. Bu gün həqiqətən də həyata keçirilən yenidənqurma işləri zamanı milli üslubla beynəlxalq təcrübənin uzlaşdırılması nəticəsində öz gözəlliyi ilə diqqəti çəkən Bakı bulvarı Azərbaycan paytaxtına xüsusi yaraşıq verir.
- Bu gün memarlıq ixtisasına
yiyələnən gənclərin bilik səviyyəsi sizi
qane edirmi?
-
İnsan fiziki cəhətdən tez inkişaf etsə də,
daim dünənki ağlını bəyənmir. Çünki
insanın hər zaman düşüncə tərzi artır.
Şübhə yoxdur ki, bu gün memarlığa gələn
gənclər 50 il bundan əvvəlki gənclərdən daha
ağıllıdırlar. Onlar
özləri də sabah özləri ilə
razı olmayacaqlar. Düşünəcəklər
ki, onlar bundan da yaxşı ola bilərdilər və olacaqlar.
Onlar bizdən də uzaqlara,
yüksəklərə gedəcəklər. Bəzən tələbələr
bizdən soruşurlar ki,
bəs bunlar müəllimlərdən
asılı deyil? Deyirəm əlbəttə
ki, asılıdır, amma
bununla məhdudlaşmaq olmaz.
Müəllimlər əlindən gələni edir, amma hər bir insan sonda
öz qabiliyyətini göstərir. Bizim Nizami, Füzuli,
Xaqani kimi dahilərin
müəllimləri bilinməsə də, onlar
bu gün də
yaşayırlar. Onlar bu gün həyatda olmasa da, biz onlardan dərs alırıq. Müəllimlərimiz də əlindən
gələni edir ki, gənclərimiz bizdən daha yaxşı olsunlar. Memar yalnız yaxşılığa can atır,
müəllimin də
həyatı boyu məqsədi yaxşılıq
etməkdir. Ulu öndər Heydər Əliyevin dediyi fikirləri heç kəs unutmayacaq: “Mən müəllimdən
böyük rütbə
bilmirəm”. Biz əlimizdən gələni
edirik ki, tələbələrimiz bizim
arzularımız səviyyəsində
olsun.
- Onların istedadları gələcəkdə
onların gözəl
sənət əsərləri
yarada biləcəyinə
imkan verirmi?
- İnsanın mənəviyyatını,
nəyə qadir olduğunu bir söhbətlə də müəyyənləşdirmək mümkün olur. Bu gün
ali məktəblərə
qəbul zamanı abituriyentlər testlə yanaşı memarlıq ixtisası üçün
qabiliyyət imtahanı
da verirlər. Əgər memarın o məkanda yaradacağı fəza təsəvvürü yoxdursa,
o, çətin olacaq.
Frank Lyod Rayt
yazır ki, “Mənim sevincimin həddi-hüdudu yox idi, çünki mən memarlığın
tərifini tapmışdım.
Memarlıq - məqsədəuyğun məkanın yaradılmasıdır”.
Amma sonra görür ki, bizim eradan
əvvəl IV əsrdə
çinli mütəxəssis
bunu deyib. Memarlıq bəşəriyyətə üzünü
tutub onun şəraitini yaxşılaşdırmaq
məqsədi daşıyır.
- Memarlıqla bağlı kifayət qədər tədris vəsaitləri varmı?
- Hazırda memarlıqla bağlı tədris vəsaitləri var, eyni zamanda da
yazılmalıdır. Mən “Nizami
Gəncəvinin memarlıq
düşüncələri” adlı kitab yazdım. Tarixi, ədəbiyyatımızı,
mədəniyyətimizi də
unutmamalıyıq. Bu gün müasir memarlığa aid kitablar yazılır. Bizi yetişdirən
müəllimlərimizə borcluyuq. Biz də
bu gün gəncləri yetişdirərkən
imkan daxilində əsərlər yaradıb
verməliyik. Sovet dövründə
tədris vəsaitlərinin
99 faizi rus dilində idi. Lakin artıq müstəqillik dövründə çox
gözəl ədəbiyyatımız
yazılıb. Bizim 5-ə qədər
ədəbiyyatımız var
ki, onların çap olunmasına imkan olsa, yaxşı
olar.
Nigar
Palitra.-2011.-26 oktyabr.-S.7.