Milli Kitabxana milli mədəniyyət
xəzinəsidir
Layihə çərçivəsində
növbəti müsahibimiz M.F.Axundov adına Azərbaycan Milli
Kitabxanasının direktoru, Əməkdar mədəniyyət
işçisi, fəlsəfə doktoru Kərim Tahirovdur:
- Azərbaycanın
baş kitabxanası nəinki Qafqazda, yerləşdiyimiz Avropa
qitəsində, eləcə də bütün dünyada
şöhrət tapan ən böyük milli kitabxanalardan və
ən iri kitabsaxlayıcılardan biridir. Kitabxana 1922-ci ildə
yaradılıb, rəsmi açılışı isə
1923-cü ilin may ayının 23-də olub. Kitabxana yarananda
onun fonduna İmperator Texniki Cəmiyyətinin Bakı
şöbəsinin və Bakı İctimai Cəmiyyətinin
kitabxanalarının fondlarından 5000 nüsxə kitab
verilib. 1923-cü ildən sürətlə inkişaf etməyə
başlayan kitabxana əsas diqqəti fondun komplektləşdirilməsinə
yönəldib. 1925-ci ildə öz fondunda 51 000, 1928-ci ildə
isə 300 000 adda kitab, jurnal, qəzet kart və digər
çap məhsullarını toplaya bilib. Təkcə 1928-ci
ildə xaricdən 50 adda dövri mətbuat alınıb.
Oxucuları 3183 nəfər olub ki, onlardan 2957-si kişi,
226-sı isə qadın olub. 13 nəfər işçi ilə
fəaliyyətə başlayan kitabxanada oxu zalı 1927-ci ildə
açılıb. Kitabxana Azərbaycan Elmlər
Akademiyasının binasında bir neçə otaqda yerləşirdi
ki, bu da onun iş fəaliyyətini genişləndirməyə
imkan vermirdi. Buna baxmayaraq artıq 1928-ci ildə kitabxana 6
şöbədən: Şərq, Rus, Qərbi Avropa,
Xüsusi şöbə, Xidmət və Biblioqrafiya
bürosundan ibarət idi. 1939-cu ildə kitabxanaya mütəfəkkir,
dramaturq və maarifçi Mirzə Fətəli Axundovun
adı verilib. İllər keçdikcə kitabxananın fəaliyyət
dairəsi genişlənib, onlarca yeni şöbə
yaranıb, fondlarında ədəbiyyat sayı milyonlara,
işçilərinin sayı yüzlərə
çatıb. Kitabxana memarlıq baxımından tarixi abidə
kimi qiymətləndirilən əzəmətli binaya 1961-ci ildə
köçüb. Hazırda Milli Kitabxanada 27 şöbə fəaliyyət
göstərir. Kitabxana fondunda 4 milyon 539 min 598 nüsxə ədəbiyyat
saxlanılır. Milli Kitabxana artıq
kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və
kitabşünaslıq sahəsində aparıcı müəssisə,
ölkənin bütün kitabxanaları üçün
elmi-metodiki mərkəz, oxuculara kompleks kitabxana - biblioqrafiya,
informasiya xidməti göstərmək, kitabxanalararası
abonement, milli və tövsiyə biblioqrafiyası, beynəlxalq
və ölkədaxili depozitar mərkəz
funksiyalarını yerinə yetirir. Təsadüfi deyil ki, ulu
öndərimiz, elm və mədəniyyətə yüksək
qiymət verən Heydər Əliyev 4 dəfə Milli
Kitabxanaya gəlib və öz şəxsi kitabxanasından
yüzlərlə kitabı kitabxanaya hədiyyə edib. 2005-ci
ildə «Kitabxana işi haqqında» Azərbaycan Respublikası
Qanununun 7-ci maddəsinə müvafiq olaraq M.F.Axundov adına
Azərbaycan Dövlət Kitabxanasına Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 15 aprel 2004-cü il tarixli qərarı
ilə Milli Kitabxana statusu verilib, bu da kitabxanamızın fəaliyyətinə
verilən ən yüksək qiymətdir.
- Bu gün kitabxana oxuculara hansı
yenilikləri təqdim edir?
- Milli
Kitabxana Azərbaycanda kitabxana işi sahəsində dövlət
siyasətini həyata keçirən, milli nəşrləri,
xarici ölkələrdə nəşr olunmuş Azərbaycan
haqqında və Azərbaycan müəlliflərinin əsərlərini,
dünya əhəmiyyətli nəşrləri, o cümlədən
xarici dillərdə qiymətli və digər məlumat
daşıyıcılarını toplayıb mühafizə
edən milli mədəniyyət xəzinəsidir. «Kitabxana
işi haqqında» və «Nəşriyyat işi haqqında» Azərbaycan
Respublikasının qanunlarına əsasən Milli Kitabxana
ölkə ərazisində dərc olunan nəşrlərdən
pulsuz məcburi nüsxələr alır və onların əsasında
milli mətbuatın arxiv fondunu yaradır. Bunun nəticəsi
olaraq 2010-cu ildə kitabxanaya 22 767 nüsxə ədəbiyyat
daxil olub. Milli Kitabxanamızın bir çox şöbələrinin
fəaliyyətində son illər xeyli irəliləyişlər
və yeniliklər baş verib. Nəşriyyatlardan və
poliqrafiya müəssisələrindən alınan məcburi
nüsxələr əsasında Milli Kitabxananın Çap məhsullarının
qeydiyyatı və Milli biblioqrafiya şöbəsi (Kitab
Palatası) 15 illik fasilədən sonra «Birillik Azərbaycan
kitabiyyatı»nın çapını bərpa edərək
respublikamızda dərc olunmuş kitabları əhatə edən
4 buraxılış çap edilib.
İxtisaslaşdırılmış Xarici ədəbiyyat
şöbəsi beynəlxalq kitab mübadiləsini bərpa
edərək dünyanın 60-a yaxın kitabxanası ilə əlaqə
yarada bilib. Kitabxananın metodik fəaliyyətində də
xeyli işlər görülüb. Son ildə 60-70-ci illərdə
çap olunan, kitabxanalar tərəfindən böyük rəğbətlə
qarşılanan «Əlamətdar və tarixi günlər təqvimi»nin
nəşri bərpa olunub və bu metodik və biblioqrafik
materialların 2005-2011-ci illər toplusu çap edilib.
Artıq kitabxananın Kitabxana siyasəti və metodik rəhbərlik
şöbəsi kitabxanalara virtual rejimdə metodik köməklik
göstərməyə başlayıb. Bu iş forması nəticəsində
Milli Kitabxananın hazırladığı materiallar və vəsaitlər,
tövsiyələr kitabxananın saytında yerləşdirilir
və nəticədə bütün nəşrlər
çap olunmamışdan və yerlərə göndərilməmişdən
kitabxanaçıların ixtiyarına verilir. “Heydər Əliyev
irsinin öyrənilməsi və təbliği sahəsində
kitabxanaların vəzifələri”, “Mərkəzləşdirilmiş
Kitabxana Sistemləri haqqında Əsasnamə”, “Mərkəzləşdirilmiş
Kitabxana Sistemlərinin nümunəvi strukturu və
ştatları haqqında təlimat”, “Beynəlxalq terrorizm və
onun Azərbaycana mənfi təsiri”, “Boyalarda yaşayan
ömür”, “Ekologiya və kitabxanalargn qarşısında
duran vəzifələr “Tarixin daş yaddaşı” və s.
nəşrlər bu silsilədəndir. Bu gün elə bir sahə
tapılmaz ki, orada kompyuterlərdən, digər informasiya
texnologiyalarından istifadə olunmasın. M.F.Axundov adına
Milli Kitabxanada isə bu, 1999-cu ildən başlanıb və
2000-ci ildə kitabxanada İnternet zalı istifadəyə
verilib. 2001-ci ildə işə kitabxanada Tədris Mərkəzi
yaradılıb. Milli Kitabxana VTLS VİRTUA proqramında MARC 21
formatı ilə işləyir. VİRTUA proqramı kitabxanalar, arxivlər, muzeylər və
korporasiyalar üçün materialların rəqəmli
formaya çevrilməsini ən yüksək və peşəkar
səviyyədə təmin edir. VİRTUA proqramı muzey kolleksiyalarının analizindən
tutmuş məlumat bazalarının yaradılması və
interfeysin dizaynına qədər informasiyaların rəqəmli
formaya çevrilməsində və əks olunmasında ən
yeni texnologiyalardan istifadə edir.Azərbaycan Milli
Kitabxanası VTLS proqramının bütün
modullarını alıb. Administrator yarımsisteminin köməkliyi
ilə mütəxəssislərimiz
avtomatlaşdırılmış idarəetmə sisteminin yeni
və son versiyasının quraşdırma işlərini
başa çatdırıblar. Bu gün Milli Kitabxana VİRTUA
proqramının 9 moduldan ibarət tam komplektinə malikdir və
hazırda kitab fondunun komplektləşdirilməsi,
kitabların işlənməsi və sistemləşdirilməsi,
diyarşünaslıq və milli biblioqrafiyaların tərtibi,
kataloq kartoçkalarının çapı, dövri mətbuatın
analitik bazasının yaradılması, qramplastinkaların və
səs yazılarının elektron bazasının
yaradılması işləri
avtomatlaşdırılmış formatda həyata
keçirilir.2006-cı ildə informasiya-kommunikasiya
texnologiyalarının kitabxana işinə tətbiqi ilə əlaqədar
olaraq Milli Kitabxanada Kitabxana işinin
avtomatlaşdırılması və informasiya
texnologiyaları, Elektron informasiya xidməti, Elektron
resurslarının yaradılması, Kitabxana İşçilərinin
Təlim və Tədris Mərkəzi kimi şöbələr
açılıb.
- Kitabxananın beynəlxalq əlaqələri
necə qurulub?
- 2005-ci
ildə Milli Kitabxanamız Avropa Milli Kitabxanalar Konfransı Beynəlxalq
Təşkilatına üzvlüyə qəbul edildi.
Keçmiş SSRİ ölkələri arasında Rusiyadan
sonra bu təşkilata üzv olan ikinci dövlət Azərbaycan
oldu. Bu da kitabxanamızın beynəlxalq əməkdaşlıq
üfüqlərinin genişlənməsinə, ümumavropa
və ümumdünya layihələrində iştirakına
real imkanlar yaradır. Bu təşkilat özündə 54
Avropa ölkəsinin kitabxanalarını birləşdirir.
Avropa kitabxanlarının vahid bir sistemdə birləşdirilməsi
ümumavropa elektron kitabxanasının yaranmasına imkan
yaradır. Xarici ədəbiyyat və beynəlxalq kitab
mübadiləsi şöbəsinə beynəlxalq kitab
mübadiləsi yolu ilə 566 nüsxə ədəbiyyat
daxil olub. Eyni zamanda beynəlxalq kitab mübadiləsi xətti
ilə xarici ölkələrin milli kitabxanalarına
onların sorğuları əsasında 736 nüsxə,
ölkədaxili kitab mübadiləsinin xətti ilə isə
2851 nüsxə kitab göndərilib. Beləliklə, beynəlxalq
kitab mübadiləsi yolu ilə 566
nüsxə kitab alınıb, 3587 nüsxə kitab isə
xarici kitabxanalara və təşkilatlara göndərilib.Milli
Kitabxananın fondunda 4 539 598 nüsxə ədəbiyyat
saxlanılır. 2010-cu ildə kitabxanaya 22 767 nüsxə yeni
ədəbiyyat daxil olub. Ötən il ərzində
kitabxananın daimi oxucularının sayı 37 686 nəfər
olub. Virtual oxucuların (saytdan istifadə edənlər)
sayı 281 064 nəfər, virtual sifarişin xidmətlərindən
istifadə edənlər 696 nəfər
olub. Hazırda kitabxanada dövri mətbuat zalı, tələbə
gənclərə xidmət zalı, köməkçi fond,
elmi zallar var. Kitabxananın saytında məsafədən
sifariş - virtual xidmət təklif olunur ki, kitabxanaya üzv
olan hər bir oxucu bu bölməyə daxil olmaqla kitabxanaya gəlmədən
internet vasitəsilə kitab, jurnal və qəzet sifatiş verə
bilər.
- Milli Kitabxana tərəfindən
davamlı olaraq müxtəli tədbirlər reallaşdırılır.
Qarşıda hansı planlarınız var?
- Hər
il olduğu kimi, bu il də tədbirlərimiz zəngin olub. Son
tədbirlərimizdən biri kimi 29 sentyabr 2011-ci il tarixində
Milli Kitabxanada Azərbaycan Respublikasının dövlət
müstəqilliyinin bərpasının 20 illiyinə həsr
olunmuş II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası tədbirləri
çərçivəsində “Azərbaycan
Respublikasının müstəqilliyi və kitab nəşrinin
perspektivləri” adlı elmi-təcrübi konfrans
keçirilib. 4 oktyabr tarixində Milli Kitabxanada Mədəniyyət
və Turizm Nazirliyi M.F.Axundov adına Azərbaycan Milli
Kitabxanası ilə birgə İran İslam
Respublikasının Mədəniyyət Günləri çərçivəsində
“Nizami hikməti, Şəhriyar sözü” adlı dəyirmi
masa keçirdi. 7 oktyabrda Milli Kitabxanada Mədəniyyət və
Turizm Nazirliyi və M.F.Axundov adına Azərbaycan Milli
Kitabxanası birgə Azərbaycan Respublikasının dövlət
müstəqilliyinin bərpa edilməsinin 20-ci
ildönümünə həsr olunmuş kitab sərgisi və
“Azərbaycan dövlət müstəqilliyinin bərpasının
20 illiyi” adlı elektron biblioqrafik göstəricinin təqdimat
mərasimini keçirdi. Bakıda keçirilən Beynəlxalq
Humanitar Forum çərçivəsində 10 oktyabr 2011-ci il
tarixində Milli Kitabxanada “XXI əsrin humanitar
çağırışları” adlı kitabın təqdimat
mərasimi keçirildi. Mərasimində Azərbaycan
Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və
Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey
Narışkin iştirak etdi. Tədbiri mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev açdıqdan sonra
akademik Ramiz Mehdiyev və Sergey Narışkin
çıxış edərək Azərbaycan, rus və ingilis
dillərində nəşr olunmuş kitabın əhəmiyyəti,
eləcə də ölkələrimiz arasındakı dostluq
münasibətləri haqqında məlumat verdilər. Kitabda
Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti
Dmitri Medvedevin humanitar məsələlərlə
bağlı nitqləri, çıxışları, məqalələri,
müsahibələri öz əksini tapıb. Gələcək
tədbirlərimizə gəldikdə isə 31 oktyabrda Milli
Kitabxanada OCLC (Onlayn Kompyuter Kitabxana Mərkəzi) təşkilatının
MDB ölkələri üzrə koordinatoru Reyn van Haldropin
iştirakı ilə “OCLC: üzvlük və servislər yeni
erada” adlı beynəlxalq seminar keçiriləcək.
Üç nəfər beynəlxalq ekspert tərəfindən
informasiya və avtomatlaşdırmaya dair keçiriləcək
seminar milli, kütləvi, akademiya kitabxanalarının
direktorları, şöbə müdirləri, informasiya
mütəxəssisləri üçün nəzərdə
tutulub. Seminarın məqsədi yerli mühitlə
tanış olaraq kitabxanaların dünya informasiya məkanına
inteqrasiyası və onun həlli yollarını müzakirə
etməkdən ibarətdir.
Nigar
Palitra.-2011.-28 oktyabr.-S.7.