Azərbaycançılıq milli ideologiya və ədəbi-estetik təlim kimi

 

Azərbaycançılıq ideyası bütün dünya azərbaycanlılarını vahid amal əsasında birləşdirən və onlara milli birliyi, kimliyi, milli mədəniyyəti aşılayan bir məfkurədir. Bu gün bu məfkurənin müxtəlif aspektlərinin incələnməsi və diqqət mərkəzinə gətirilməsi olduqca aktuallıq kəsb edir. Bu baxımdan azərbaycançılığın milli ideologiyaya çevrilməsinin tarixi zəmini və əsas məqamlarının nəzərdən keçirilməsi, eyni zamanda yeni dövrdə fəaliyyət göstərmiş böyük düşüncə adamlarımızın əsərlərində azərbaycançılıq mövzusunun qoyuluşu və tədqiqi, bədii-estetik baxımdan yozumu xüsusilə önəmlidir. Bunu nəzərə alaraq filologiya elmləri namizədi, jurnalist-alim, azərbaycançılıq ideologiyası sahəsində bir neçə kitabın və çoxsaylı məqalələrin müəllifi Sona xanım Vəliyevaya müraciət etdik.  

Sona xanım mövzu ilə bağlı olaraq ümummilli lider Heydər Əliyevin Dünya Azərbaycanlılarının Birinci Qurultayındakı çıxışından sitat gətirdi: “Zəmanəmizin görkəmli xadimi, Azərbaycanın ümummilli lideri Heydər Əliyev Dünya Azərbaycanlılarının Birinci Qurultayında müstəqil Azərbaycanın ideoloji əsaslarından bəhs edərkən deyib ki, hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Ümummilli liderin belə bir deyimi var: “Həmişə fəxr etmişəm ki, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”.S.Vəliyeva hesab edir ki, azərbaycançılıq ideyasının rəsmi tarixi son iki əsrlə bağlıdır: “Bu tezisi görkəmli ədəbiyyatşünas alim Yaşar Qarayev də özünün “Milli “mən” şüuru və etnik yaddaş - azərbaycançılıq” adlı məqaləsində təsdiqləyir və yazır ki, millət - Azərbaycan, milli ideya, dövlətçiliyin sivil ideya modeli - azəraycançılıq -  iki əsrlik nəzəri-ideoloji fikrimizin yekunu, sonuc qənaəti bu gün bu iki düsturla formulə edilir”. Bununla belə, S.Vəliyeva qeyd edir ki, ümumi qəbul olunmuş qənaət belədir ki, bu ideologiyanın tarixi zəmini daha dərindədir, ideya qaynaqları isə təqribən min, min beş yüz il qədimlərə gedib çıxır. Belə ki, xalqımız dünyaya Zərdüştü və “Avesta” kitabını, “Kitabi-Dədə Qorqud”u və qorqudçuluq məfkurəsini, “Koroğlu”nu və Çənlibel sosiologiyasını bəxş edib ki, bunlar da bir tərəfdən ümumazərbaycançılıq məfkurəsinin , məxsusi birgə dəyərlərin, ümumi düşüncə və ictimai davranış tərzinin formalaşması və adət-ənənə sisteminin bərqərar olmasına təkan verib, digər tərəfdən isə Şərqin oxşar mənəvi dünyasının əsaslarının qurulmasında həyati rol oynayıb: “Azərbaycanda Zərdüştə qədərki dövrdə də böyük mədəniyət, fəlsəfə, həyat dünyagörüşü və əxlaq örnəkləri olub. Amma ölkəmizə dair tarixi mənbə və materiallar ərəb istilası dövründə dağıdılıb, ölkəmizin tarixinə dair çox qiymətli qədim yazılı bilgi və məlumatlar sıradan çıxarılmışdı. “Avesta” bu gün bizdən ötrü ona görə ən qiymətli tarixi-mədəni abidədir ki, Azərbaycanın bütün dünyada, Şərq aləmində cahanşümul bir ölkə kimi mənəviyyatın, mədəniyyətin təməl daşlarını qoymuş bir məmləkət olduğunu yazılı təsdiqləmiş ilk sənət nümunəsidir”. “Kitabi-Dədə Qorqud”u xalqımızın ana kitabı adlandırırlar. Bu ədəbi abidəmizi Sona xanım mövzu ilə bağlı olaraq belə səciyyələndirir: “Burada Azərbaycan xalqının ümummilli ruhu ifadə olunub. Dastan Azərbaycan ruhunu, azərbaycanlıları digər millət və etnoslardan fərqləndirən ən mühüm amillərin məcmusunu özündə ehtiva edir. Bu torpaq tarix boyunca çox hücumlara, basqınlara, imperiya hökmlərinə məruz qalıb. Azərbaycançılıq ruhu isə daim yaşayıb və xalqımızın yadellilərin hücumlarına müqavimət qüvvəsini əks etdirib. Dastanda ifadə olunmuş Vətənin müqəddəsliyi ideyası, ana kultu, qadınla kişinin bərabərliyi, demokratizm və ərənlik, ləyaqətlə yaşayıb ali məqsədlər uğrunda ölmək fəlsəfəsi bu gün də milli ideologiyamızın təməlini təşkil edən başlıca prinsiplərdir. “Kitabi Dədə Qorqud”da etnik birlik və ictimai həmrəyliyin oğuz elinin parçalanmasının qarşısını alan ən mühüm şərt kimi təsvir edilməsi müasir dövrdə də aktualdır. Dastanda ölkənin təhlükəsizliyini təmin etmək yolunda böyüklü-kiçikli, qadınlı-kişili bütün xalqın səfərbər olunması, müqəddəs Vətən amalı ətrafında xalqın bütün təbəqələrinin sıx birləşməsi nəinki o dövrdə, eyni zamanda erməni təcavüzünə məruz qaldığımız, xarici və daxili düşmənlər tərəfindən Azərbaycanın parçalanması planlarının qüvvədə saxlanıldığı günümüzdə də ibrətamiz səslənir”. Sona xanım qeyd edir ki, şifahi ədəbiyyatımızda vətənçilik, ideala və torpağa tapınma, mərdlik baxışları XVII-XVIII əsrlərin möhtəşəm abidəsi - “Koroğlu” dastanında daha aydın və açıq mətnlə əksini tapıb: “Dastanda nisbətən sonrakı dövrlərin hadisələri təsvir olunsa da, Azərbaycan xalqının ən qədim və ən yaşarı milli-mənəvi dəyərləri təcəssüm etdirilir. Xalq öz milli varlığının, mütəşəkkillik, birlik və bütövlüyünün rəmzi kimi Çənlibel sosiumunu, bu cəmiyyətin mənəvi prinsiplərə əsaslanan institusional konstruksiyalarını sevə-sevə tərənnüm edir. “Koroğlu” dastanındakı Çənlibel, Koroğlu və onun ətrafında bir yumruq kimi birləşən xalq kütlələri millli Azərbaycan ideyasının azad Vətən, tarixi şəxsiyyət və xalq demokratiyasından ibarət iki mühüm tərkib hissəsinin simvolik arxetipi kimi dərk oluna bilər. Azərbaycançılıq ruhu vahid ümumşərq klassik ədəbiyyatı kontekstində də yaşarılığını qoruyub saxlayıb. Qədim və orta əsrlərə xas yabançı ideologiyalar zəminində bu və digər şəkildə özünü göstərib, dahi sənətkarlarımız tərəfindən təbliğ və tərənnüm edilib. Eləcə də XII əsrin dahi mütəfəkkiri Nizami Gəncəvi məşhur “İskəndərnamə” poemasında yunan fatehi İskəndərin Azərbaycana gəlməsini təsvir edir və Bərdə hökmdarı Nüşabənin dili ilə ona nəsihət verirdi”.Tədqiqatçı S.Vəliyevanın fikrincə, Həsənoğludan başlayaraq əsası qoyulan türkdilli poeziya məhz Nəvai və Füzuli yaradıcılığı ilə kamala yetişir: “Füzuli türk dilində yüksək, ali poetik yaradıcılığının estetik kanonlarını işləyib hazırlayır ki, bunu da azərbaycançılıqda əsl inqilab hesab etmək olardı. Belə ki, Füzuli yaradıcılığı ilə azərbaycançılığın əsaslarından biri və birincisi olan Azərbaycan dili öz inkişafında tamamilə yeni mərhələyə qədəm qoyur, bütün müsəlman mədəniyyəti arealında fars və ərəb dilləri ilə eyni sırada ümumişləklik statusu almışdı. Şah İsmayıl Xətai bu böyük işi davam etdirib və divan ədəbiyyatı dilini canlı xalq dilinə yaxınlaşdırıb. Qüdrətli fateh olmaqla yanaşı həm də ana dilində səmimi şeirlər yaradan Şah İsmayılın hakimiyyəti illərində Azərbaycan dilinin rəsmi dövlət dili statusuna yüksəlməsi öz təməlini məhz Füzuli poetik ənənələrindən götürmüşdü”.S.Vəliyevanın fikrincə, azərbaycanşünaslığın, azərbaycançılığın birinci və ən vacib ünsürü dildir. Hər şey dildən başlayır: “Xalqın dilini onun çoxəsrlik həyatının güzgüsü, nəsillər arasında əlaqə, yaddaş vasitəsi, xalqın tam və həqiqi tarixi adlandırmaq olar. Kitabın, məktəbin olmadığı əyyamlardan üzübəri və bu gün də insanların keçmişi, bu günü, gələcəyi arasında körpü salaraq onları maarifləndirməkdə, milli özünüdərk hisslərini formalaşdırmaqda və onu sonrakı nəsillərə  ötürməkdə milli dil ən mühüm vasitə hesab olunur. Dil xalqın mahiyyəti deməkdir. Əgər o yox olarsa, xalq özü də yer üzündən silinər. Xalqın əlindən alınan hər şeyi yenidən ona qaytarmaq mümkündür, onun dili əlindən alındıqda həmişəlik məhvə məhkum edilir. Odur ki, dilə təkcə ünsiyyət vasitəsi kimi yox, milli fikrin, təfəkkürün, dünyagörüşün, davranışın fundamental nizamı və qaydası kimi yanaşmaq lazımdır. Dil həmişə konkret bədii, fəlsəfi, elmisair mətnlərdə yaranır, cilalanır və milli mentalitetin ən müxtəlif ünsürlərini tarixin yaddaşına hopdurur.Sona xanım qeyd edir ki, bu baxımdan yanaşdıqda etiraf etmək lazımdır ki, çoxəsrlik tariximizdə xalqımızı yaşadan, onu ruhən qoruyanmüasir dövrə gətirib çıxaran ən əsas amillərdən biri onun ədəbiyyatı - söz sənəti və dil mədəniyyəti olub.

 

 

İlkin AĞAYEV

 

Palitra.-2011.-28 oktyabr.- S.6.