Gürcüstanda Azərbaycanın
müstəqilliyinin 20 illiyinə həsr olunmuş
konfrans keçirilib
Gürcüstanın Batumi şəhərində
Azərbaycanın müstəqilliyinin bərpa
olunmasının XX ildönümünə həsr olunmuş
tədbirlər çərçivəsində “Azərbaycan
dövlət müstəqilliyinin bərpasının iyirminci
ilində” adlı konfrans keçirilib. Konfransı giriş
sözü ilə Diasporla İş üzrə Dövlət
Komitəsinin sədri Nazim İbrahimov açaraq konfransın
məqsədinin müstəqilliyimizin iyirmi ilinə nəzər
yetirmək, əldə olunmuş nailiyyətlərə qiymət
vermək olduğunu vurğulayıb. Azərbaycan və
Gürcüstan xalqlarının dostluğunun dərin tarixi
köklərə əsaslandığını qeyd edən
N.İbrahimov bu baxımdan belə bir tədbirin
Gürcüstanda keçirilməsinin təsadüfi
olmadığını qeyd edib.
Sovet İttifaqının süqutu ərəfəsində Azərbaycan və gürcü xalqlarının eyni tarixi taleyi yaşadıqlarını söyləyən Diaspor Komitəsinin sədri Azərbaycanda 20 Yanvar, Gürcüstanda 9 aprel faciəsinin xalqlarımızın şərəfli tarixinin qəhrəmanlıq salnaməsi kimi hər zaman böyük ehtiramla xatırlanacağını vurğulayıb. Ötən əsrin 90-cı illərində hər iki ölkədə baş qaldıran etnik separatizmin çox ağır itkilərlə nəticələndiyini söyləyən N.İbrahimov bu münaqişə nəticəsində Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünün pozulduğunu, minlərlə insanın öz həyatını itirdiyini bildirib. Dövlət komitəsinin sədri, buna baxmayaraq, xalqlarımızın öz müstəqilliyini qoruyub saxlayaraq müasir dünyaya sürətlə inteqrasiya etməkdə olduqlarını qeyd edib: “Bizi birləşdirən yalnız tarixi dostluq ənənələri deyil. Biz həm də regionda həyata keçirilən qlobal əhəmiyyətli layihələrdə etibarlı tərəfdaş kimi çıxış edirik. Azərbaycan və Gürcüstanın iştirakı olmadan, bu gün uğurla həyata keçirilən transregional layihələrin reallaşdırılması mümkün deyil. Bizim ölkələrimizi yalnız irimiqyaslı iqtisadi layihələr deyil, həm də xalqlarımızın milli maraqları birləşdirir.Azərbaycan və Gürcüstan demokratik dəyərlərin uğurla tətbiqi, müasir milli dövlət quruculuğu yolunda inamla addımlamaqdadır. Ölkələrimizin birliyi seçdiyimiz strateji inkişaf xəttini müvəffəqiyyətlə həyata keçirməyə imkan verən əsas amillərdəndir”. Bu toplantının Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonrakı iyirmi il ərzində görülmüş işlərə, əldə olunmuş nailiyyətlərə, o cümlədən Azərbaycan-Gürcüstan münasibətlərinin müxtəlif aspektlərinə dair məruzələri dinləmək, Gürcüstan azərbaycanlılarının cəmiyyətə inteqrasiyası sahəsində görülmüş işlərə nəzər salmaq imkanı verəcəyini qeyd edən komitə sədri daha sonra bu müzakirələrin ölkələrimiz arasındakı strateji tərəfdaşlığın möhkəm təməllərə əsaslandığını bir daha təsdiq edəcəyinə inamını ifadə edib.
Mirza Davitaya: “Azərbaycan
və Gürcüstanın dostluğu dünyaya nümunə ola
biləcək dostluq əlaqələridir”
Tədbirdə “Müstəqilliyimiz əbədidir”
adlı sənədli filmin
nümayişindən sonra söz
Gürcüstanın diaspor məsələləri
üzrə dövlət naziri Mirza (Papuna) Davitayaya verilib. Gürcüstan hər zaman Azərbaycanın
inkişafını fəxr hissi ilə
müşahidə etdiyini söyləyən
nazirin sözlərinə görə, Azərbaycanla
Gürcüstanın tarixləri hər zaman
bir-birilərinə bağlı olub və
bir-birilərinin davamıdır: “XX əsrin əvvəllərində
sovet qoşunları Azərbaycanı işğal etdikdən və ölkə
müstəqilliyini itirdikdən sonra Gürcüstan da müstəqilliyini
itirmişdi. Bundan başqa SSRİ dağıldıqdan sonra Bakıda baş verən
hadisələr sonradan Gürcüstanda
da baş vermişdi. Bu və bunun kimi digər hadisələr
göstərir ki, hər iki
ölkə bir-birinə nə dərəcədə
bağlıdır. Bizim tarixlərimiz demək
olar ki, bir-birinə hopub”. Azərbaycan və
Gürcüstanın dostluğunu dünyaya nümunə ola
biləcək dostluq əlaqələri kimi səciyyələndirən Mirza Davitaya bildirib ki, Azərbaycan
xalqının ümummilli lideri
Heydər Əliyev iki ölkənin dostluq münasibətlərinin perspektivlərini
görürdü və bu
istiqamətdə addımlar atırdı: “Hazırda Azərbaycan
Prezidenti İlham Əliyev
və Gürcüstan prezidenti
Mixail Saakaşvili bu siyasəti uğurla davam etdirirlər. Bu dostluq sayəsində biz
inkişafımızın ən yüksək mərhələsinə
nail olacağıq”. Kvemo-Kartli
bölgəsinin qubernatoru David
Kirkitadze öz
çıxışına Dünya Azərbaycanlılarının
III Qurultayının əhəmiyyətini xatırlamaqla
başlayıb. Onun fikrincə, həmin qurultay Azərbaycanın nə dərəcədə
inkişaf etdiyini nümayiş etdirib və
hazırkı konfrans sanki
həmin qurultayın davamıdır. Gürcüstan
azərbaycanlılarının Gürcüstan
dövlətinin inkişafına əhəmiyyətli töhfə
verdiklərini qeyd edən David
Kirkitadze onlara öz təşəkkürünü bildirib. Gürcüstanın Acarıstan Muxtar Respublikasının iqtisadiyyat
və maliyyə naziri Vaya
Bolkvadze Acarıstanın inkişaf
etməsində Azərbaycandan yönələn
investisiyaların da rolu
olduğunu bildirib. Azərbaycanın
Batumi şəhərində baş konsulu Hüseyn Nəcəfov Baş
konsulluğun fəaliyyəti müddətində
gördüyü işlərdən
danışıb, Batumi ilə Lənkəran
arasında əməkdaşlıq üçün
yaxşı zəmin yarandığını bildirib.
“Azərbaycan Gürcüstanda yaşayan
azərbaycanlıların, ümumilikdə Gürcüstan
vətəndaşlarının firavan həyatının
təmin olunmasında maraqlıdır”
Konfransda ilk məruzə ilə çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, Azərbaycan dövləti ölkəsinin inkişafı ilə yanaşı Gürcüstanın inkişaf etməsinə də səy göstərir: “Azərbaycanın dövlət rəsmiləri, vətəndaşları öz xalqının inkişafı barədə düşündüyü kimi, Gürcüstanın inkişafı haqqında da düşünür. Azərbaycan Gürcüstanda yaşayan azərbaycanlıların, ümumilikdə Gürcüstan vətəndaşlarının firavan həyatının təmin olunmasında maraqlıdır”. Ə.Həsənovun sözlərinə görə, hər bir xalq, hər bir dövlət ilk növbədə özünün müstəqilliyi, inkişafı haqqında düşünərkən, öz dövlətinin, millətinin maraqlarını düşünür və dövlətin prinsiplərini müəyyən edir, inkişafla bağlı məqsəd və məramları müəyyən edir və onu həyata keçirir: “İlk növbədə öz xalqının, öz vətəndaşlarının maddi-mənəvi tələblərinin təminatı, iqtisadi, siyasi və sosial təhlükəsizliyi məsələləri, dövlətin təhlükəsizlik maraqları və onların təmin olunması yollarını düşünür. Eyni zamanda, hər bir dövlət özünün geosiyasi əhatəsini, malik olduğu resursların istifadəsi taktikasını müəyyən etmədən, yaşadığı coğrafiyanın reallıqlarını nəzərə almadan, heç zaman fərdi qaydada izolyasiya edilmiş formada inkişaf edə bilməz. Bu anlamda Cənubi Qafqazın coğrafi və geosiyasi reallıqları elədir ki, burada yaşayan xalqlar, hansı əqidəyə, hansı mənəviyyata xidmət etməsindən asılı olmayaraq, bir yerdə, sülh şəraitində yaşamağa, bir-birinə dəstək verməyə məhkumdurlar. Cənubi Qafqazın tarixində hər zaman belə olub, bu gün də belədir və gələcəkdə də belə olacaq. Keçmiş zamanlarda burada yaşayan bütün xalqlar yadelli işğalçılara qarşı birgə mübarizə tədbirləri görüblər. Cənubi Qafqazın hər üç dövləti demək olar ki, eyni vaxtda müstəqillik qazanıb və bir-biri ilə əlaqələndirilmiş siyasət yürüdüblər. 1918-1920-ci illərdə Cənubi Qafqazda milli dövlətlərin yaranması da bir-biri ilə əlaqəli şəkildə həyata keçirilib”. Konfransın sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Gürcüstan prezidenti Mixail Saakaşviliyə müraciət qəbul olunub.
Batumidə dəyirmi
masa
Batumi şəhərində Azərbaycanın müstəqilliyinin
20 illiyinə həsr olunmuş tədbirlər
çərçivəsində keçirilən "Gürcüstan azərbaycanlılarının
cəmiyyətə inteqrasiyası Azərbaycan-Gürcüstan
strateji tərəfdaşlığı
kontekstində" mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada
çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin
sədri Nazim İbrahimov
bildirib ki, bu dəyirmi masada məqsəd
Gürcüstanda yaşayan
azərbaycanlıların Azərbaycan-Gürcüstan
münasibətlərinin inkişafındakı roluna dair müzakirələrin
təşkilinə nail olmaqdır. Gürcüstan azərbaycanlılarının yerli
cəmiyyətə inteqrasiyası məsələsinin həm
Azərbaycan, həm də Gürcüstan
dövlətinin daim diqqət mərkəzində
olduğunu qeyd edən
komitə sədri bu istiqamətdə
ötən müddət ərzində bir
sıra tədbirlərin həyata keçirildiyini
bildirib. Dəyirmi masada
məruzə ilə çıxış edən
Gürcüstanın reinteqrasiya məsələləri
üzrə dövlət naziri Yekaterina Txeşeloşvili
ölkə hakimiyyətinin etnik
azlıqların hüquqlarının aktiv
şəkildə qorunmasında maraqlı olduğunu
bildirib. Onun sözlərinə görə, etnik
mənsubiyyətindən asılı olmayaraq
bütün Gürcüstan
vətəndaşları cəmiyyətə inteqrasiya
olunmalıdırlar. 2009-cu ildə "Tolerantlıq və vətəndaşların
inteqrasiyası" konsepsiyasının qəbul olunduğunu qeyd edən nazir, həmin konsepsiyanın etnik
azlıqların da cəmiyyətə
inteqrasiyasını özündə ehtiva
etdiyini bildirib. O, Gürcüstanda etnik
azlıqların özünəməxsusluqlarını qoruyub saxlaya bilmələri
üçün də işlərin görüldüyünü qeyd
edib: “Gürcüstanda
təhsil sferası müxtəlifliklərin qorunmasını
özündə ehtiva edir.
Azərbaycanlılara gürcü dilinin öyrədilməsi sahəsində də
işlər görülür. Dövlət
dilini bilmədiklərinə görə, onlar cəmiyyət həyatından təcrid
olunmamalıdırlar. Azərbaycanlılar üçün
ali məktəblərdə kvotalar var. Ali
təhsilə qədər azərbaycanlılar gürcü
dilindən hazırlıq keçirlər. Həmin
hazırlıq dövlət tərəfindən həyata keçirilir. Statistika
göstərir ki, bu təşəbbüsümüz
uğurlu alınıb və Gürcüstanın
ali təhsil müəssisələrində
təhsil alan azərbaycanlıların
sayı artır”. Y. Txeşeloşvili Gürcüstan dövlətinin azərbaycanlıların
ənənələrinin qorunmasında da
maraqlı olduğunu vurğulayıb. Tədbirin
sonunda dəyirmi masa
iştirakçıları tərəfindən bəyanat qəbul olunub.
Nigar
Palitra.- 2011.- 2 sentyabr.- S.4.