“İctimaiyyət, eləcə də mədəniyyət, elm xadimləri Azərbaycan mədəniyyətinin təbliğində öz üzərilərinə müəyyən vəzifələr götürməlidirlər”

 

Layihə çərçivəsində müsahibimiz AMEA Şərqşünaslıq İnstitutunun elmi işçisi, Bakı Slavyan Universitetinin müəllimi, fəlsəfə doktoru Sübhan Talıblıdır.  

 

- Azərbaycan mədəniyyətinin dünyada tanıdılması işləri barədə hansı fikirləriniz var?

- Bunun üçün Azərbaycan diaspor təşkilatları, xaricdə yaşayan, fəaliyyət göstərən  azərbaycanlılar xüsusi fəallıq göstərməlidirlər. Bununla bağlı olaraq xaricdə mədəniyyət günləri təşkil edilməli, Azərbaycanın mədəniyyəti, musiqisi, mədəni-mənəvi dəyərləri haqqında kitablar, jurnallar, eləcə ayrı-ayrı ölkələrin kütləvi informasiya vasitələrində verilişlərin və proqramların hazırlanmasının təşkil edilməsi son dərəcə vacibdir. Mədəniyyət və Turuzm NazirliyiXarici İşlər Nazirliyibu işlərdə fəallıq göstərməlidir. Bundan başqa, ümumiyyətlə Azərbaycan cəmiyyətinin özü bu işdə xeyli aktiv olmalıdır. Çünki nəzərə alınmalıdır ki, bu gün Ermənistan Azərbaycan torpaqlarını hələ də işğal altında saxlayır. Bu azmış kimi, düşmən ölkə bizə qarşı işğalçı mövqeyini ideolojitarixi- mədəni müstəvidə də nümayiş etdirməkdədir. Xüsusilə Azərbaycan mədəniyyətinin müxtəlif elementlərini ermənilər öz adlarına çıxmağa başlayıblar. Mədəniyyətimizlə bağlı olan müxtəlif elementlər xarici ölkələrdə düşmənlərimiz tərəfindən mənimsənilmiş formada təqdim edilir. Onlar Azərbaycan mədəniyyəti və dəyərlərini özlərininki kimi təqdim etməklə bizə qarşı informasiya savaşını çoxdan açıblar. Əslində ermənilərin bizə qarşı bu cür qərəzli və fitnəkar mövqeyi hələ sovetlər dönəminə və daha erkən dövrlərə gedib çıxır. Bu informasiya savaşında onlar artıq yetərincə püxtələşiblər, təcrübələri çox artıb.  Ona görə də nəzərə almaq lazımdır ki, ermənilərin bizə qarşı apardıqları informasiya savaşı beş-altı ilin işi deyil. Bunun arxasında qərinələr, bəlkə də əsr dayanır. Bilmək lazımdır ki, ermənilərin bu sahədə peşəkar fəaliyyətinin qarşısına sədd çəkmək üçün biz fasiləsiz fəaliyyət göstərməliyik. Bu məsələdə indiki durumla kifayətlənmək olmaz. Ümumiyyətlə, son dövrlərdə bizim bu sahədə də mövqelərimiz çox güclənib, ardıcıl olaraq keçirilən layihələrlə, beynəlxlaq aksiyalar və tədbirlərlə erməniləri həmişə küncə sıxışdırırıq. Xüsusən də ölkədə və xaricdə fəaliyyət göstərən ictimai qurumlarımız, sanballı təşkilatlarımız bu sahədə ciddi uğurlar əldə ediblər, nailiyyətlər qazanıblar. Amma bu bizi arxayın salmamalıdır. Çünki Azərbaycan mədəniyyətinin təbliği cəmiyyətimizin strateji prioritetlərinə daxil olmalıdır və davamlı, daimi bir prosesə çevrilməlidir. Hər bir cəmiyyət üzvü bu sahədə öz bəhrəsini verməyə çalışmalıdır.

- Bu məsələdə ictimaiyyətin üzərinə hansı vəzifələr düşür?

- Qeyd edildiyi kimi, ictimaiyyət, eləcə də mədəniyyət, elm xadimləri, mətbuat nümayənədləri də Azərbaycan mədəniyyətinin təbliğində öz üzərilərinə müəyyən vəzifələr götürməlidirlər. Bu işdə dövlət də onlara imkan daxilində yardım etməli və istiqamətləndirməlidir. Bu cür fəaliyyətlər dövlət qurumları tərəfindən hər hansı formada stimullaşdırılmalıdır. Son dövrlərdə QHT-lərin və KİV-in bu yöndə aktivliyi müşahidə olunur. Bu da vətənpərvər layihələrin həyata keçirilməsinin dövlət tərəfindən dəstəklənməsindən irəli gəlir. Bununla belə bu dəstək doğan tələbatdan irəli gələrək getdikcə gücləndirilməlidir. 

- Son dövrlərdə bu sahədə hansı keyfiyyət dəyişikliklərinin olduğunu düşünürsünüz?

- Bu sahədə cənab Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva tərəfindən layihələrə ciddi dəstək verilir, uğurlu addımlar atılır. Ölkə rəhbərliyi tərəfindən atılan hər bir addım təbii ki, təqdirəlayiqdir. Bunun nəticəsidir ki, son dövrlərdə nəzərəçarpan keyfiyyət dəyişiklikləri var. Hələ bir neçə il öncə Prezident İlham Əliyev bəyan etmişdi ki, biz bu məsələdə müdafiə mövqeyindən hücum mövqeyinə keçməliyik. Bunun nəticəsidir ki, mədəniyyət müstəvisində baş verən tərəqqi, mədəniyyətimizin qlobal uğurlarının dünyanın ən mötəbər kürsülərindən səslənməsi intensiv təkrarlanan hadisələrə çevrilib. Bütün bunlar Azərbaycan mədəniyyətinin təbliği və uğurları deməkdir.     

- Ermənistanla informasiya savaşı şəraitində mədəniyyətimiz və dəyərlərimizin təbliği gücündən tam yararlanmaq üçün hansı qüvvələri daha çox səfərbər etmək və hansı istiqamətlərdə fəaliyyəti gücləndirmək lazmdır?

- Bu sahəyə elm adamlarını, tədqiqatçıları, xaricdə olan Azərbaycan diaspor nümayəndələrini, eləcə də xaricdə yaşayan azərbaycanlıları, türkləri, cənubdan olan soydaşlarımızı cəlb etməliyik. Bununla bağlı olaraq ayrı-ayrı ökələrin elmi mərkəzləri, institutları, qeyri-hokumət təşkilatları ilə birgə konfrans və tədbirlərin, dəyirmi masaların kecirilməsi vacibdir. Dünyanın müxtəlif dillərində Azərbaycan həqiqətlərini onların diqqətinə çatdırmaq bu işdə əsas məsələlərdən biridir. Yaxşı olardı ki, bu məsələlərdə həmin ölkələrin elm və mədəniyyət xadimləri də bu işlərə cəlb olunsun.

- Azərbaycan cəmiyyətini daxildən bu məsələ ilə bağlı maarifləndirməyə və xüsusən də gəncləri daha çox bu işdə səfərbər etməyə də ehtiyac olduğu tez-tez bildirilir. Sizin bu barədə hansı mövqeyiniz var? Cəmiyyətin özü mədəniyyətimiz və dəyərlərimizlə bağlı təbliğat aparmağa hazırlıqlıdırmı?  Çatışmayan nələr var?

- Doğrudur ki, cəmiyyətimiz ilk növbədə daxilən bu təbliğat məsələlərinə hazır olmalıdır. Bunun üçün isə birinci olaraq cəmiyyətin müxtəlif təbəqələrini geniş və əhatəli şəkildə aktivləşdirmək, təşkilatlandırmaq zəruridir. Bu məsələdə isə əsasən müxtəlif kateqoriyalı gənclərdən istifadə edilməlidir. Həm gənclərin enerjili olması, müasir proseslərə daha çevik reaksiya vermək bacarıqları, həm də gələcəyimizin gənclərin əlində olacağı məsələsi burada da öz sözünü deyir. Ona görə də bu sahəni daha çox gənclərə həvalə etsək, onların bu sahədə optimal bir şəkildə təşkilatlanmasına nail olsaq, tamamilə doğru olar. Bunun üçün də gənc nəsli tərbiyə etmək, ruhlandırmaq və onları gələcəyə hazırlamaq lazımdır. Buna görə də gənclərə dövlət qayğısının sistemləşdirilməsi,  ölkə daxilində və xaricində gənclərin Azərbaycanın təbliğatı və təşviqatı işlərinə cəlb edilməsi, elmi sahədə gənclərin yetişdirilməsi, dövlət qulluğunda gənc kadrların hazırlanması, bir sözlə, Azərbaycanın mədəniyyətinin, eləcə də dövlətçiliyinin istər ölkəmizdə, istərsə də ölkəmizdən kənarda təbliğatında gənclərdən maksimum istifadə edilməsi bu sahədə daha da çox nailiyyətlər əldə etməyə imkan verər. Son dövrlərdə bu sahədə həyata keçirilən dövlət proqramları, Azərbaycan gəncliyinin hərtərəfli inkişafına yönəlmiş proqramlar bu məsələ barəsində xeyli nikbin olmağa xeyli əsas verir. Xüsusən də Prezident tərəfindən “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının təsdiqlənməsi bu sahənin də inkişafına böyük töhfədir. Gənclərin mədəniyyət sahələrində uğurlu fəaliyyətinin stimullaşdırılması, onların yaradıcılığının dəstəklənməsi də bu işə böyük töhfə ola bilər.

 

 

İlkin AĞAYEV  

 

Palitra.- 2011.- 23 sentyabr.- S.7.