“Xarici
turistlər bizim eksponatlara
böyük maraq
göstərirlər”
Layihə çərçivəsində
regionlarda həyata keçirilən mədəniyyət tədbirləri,
mədəni mərkəzlər və muzeylərin fəaliyyətinə,
rayonların bu barədəki potensialı məsələlərinə
də toxunmuşuq. Bu dəfə isə Masallıda fəaliyyət
göstərən tarix-diyarşünaslıq muzeyi ilə
bağlı oxucuları məlumatlandırmaq istəyirik.
Beləliklə, qəzetimizə Masallı Tarix-Diyarşünaslıq Muzeyinin fəaliyyəti barədə məlumat verən muzeyin direktoru Əntiqə Tağıyeva bildirdi ki, bu muzey 1963-cü ildən Hişkədərə kənd orta məktəbinin müəllimi Rəhim Kərim oğlu Tağıyevin təşəbbüsü və rəhbərliyi altında Hişkədərə kənd orta məktəbində təşkil edilib: “Qeyd edim ki, bu muzeyin təşkil edilməsi işinə Rəhim müəllim ürəkdən bağlanır. O, gündən-günə muzeydəki maraqlı, əhəmiyyətli eksponatların sayını artırırmış”. Onu da qeyd edək ki, sözügedən muzey 15 il ictimai əsaslarla, heç bir dövlət vəsaiti sərf olunmadan təmənnasız fəaliyyət göstərib, eksponatlar isə dövlət vəsaiti sərf olunmadan əldə edilib. Bu barədə fikirlərini bildirən muzeyin direktoru belə deyir: “Muzeyin təşkilində kənd zəhmətkeşləri, məktəbin şagirdləri, rayon ziyalıları da kömək etmişlər. O dövrdə maarif naziri olmuş Mehdi Mehdizadənin köməyi ilə Hişkədərə kəndində 6 otaqdan ibarət 266 m2-lik muzey binası inşa edilib. Eksponatlar isə 1975-ci ildən yeni tikilmiş binada yerləşdirilib. Muzey Azərbaycan Respublikasının Nazirlər Sovetinin 13.08.1977-ci il 283 nömrəli qərarına, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin 16.09.1977-ci il 299 nömrəli əmrinə əsasən dövlət statusu alıb. 1978-ci ildən Masallı rayon Tarix-diyarşünaslıq muzeyi adı altında fəaliyyət göstərməyə başlayıb”.Qeyd edək ki, muzey 2005-ci ildən onu yaradanın - Rəhim Tağıyevin adını daşıyır.Muzeydə bir sıra maraqlı eksponatlar var. Belə ki, muzeyin əsas fondunda 6927 eksponat mövcuddur. Muzeyin fondu və kolleksiyaları nəqqaşlıq, qrafika, heykəltəraşlıq, tətbiqi incəsənət, arxeoloqiya, numizmatika, etnoqrafiya, fotoşəkillər, sənədlər bölmələrindən ibarətdir. Muzeyin fondunu artırmaq üçün hər il muzey əməkdaşları kəndlərə ezam olunaraq materiallar əldə edirlər. Bu barədə məlumat verən Ə.Tağıyeva dedi ki, yeni materialların əldə edilməsi üçün il ərzində xüsusi tədbirlər planı hazırlanır: “Muzeyin tədbirlər planına uyğun olaraq bayram tədbirləri, anım günləri, əlamətdar hadisələr, dövlət əhəmiyyətli tədbirlər muzeydə və muzeydən kənarda keçirilir”. Məlumat üçün bildirək ki, muzey Masallı rayonunun təbiətinin, arxeologiyasının, etnoqrafiyasının, bölgənin geyim və bəzək əşyalarının nümayişində və tanınmasında böyük rol oynayır. Muzeyin direktoru ekspozisiyada əksini tapan eksponatların sayı ilə bağlı belə bildirdi: “Muzeyin ekspozisiyasında 2 minə qədər eksponat nümyiş etdirilir. Muzeyə hər il minlərlə insan gəlir. Yerli sakinlərlə yanaşı, xarici turistlər də muzeyə gəlirlər. Onlar üçün muzeydə nümayiş etdirilən eksponatlar həddindən artıq maraq kəsb edir. Onların muzeydəki eksponatlarla çox yaxından maraqlanması, özlərində qeydlər aparması da bundan xəbər verir”. Qeyd edək ki, muzeyin ekspozisiyasını miladdan öncə IV minillikdən başlamış, müasir dövrümüzə qədər olan müxtəlif eksponatlar təşkil edir. Direktor onu da bildirdi ki, ölkənin tanınmış alimləri, tarixçiləri buraya gələrək zəngin təəssüratlarını xatirə kitabına köçürüblər: “Rəy kitabında xarici turistlərin də təəssüratlarına tez-tez rast gəlinir. Bu təəssüratlar 16 rəy kitabında cəmlənib”. O da bildirildi ki, yarandığı vaxtdan bu günə kimi muzeyin fondunun tanınma dairəsi genişlənib: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı muzeydə və muzeydən kənarda silsilə tədbirlər həyata keçirilir”. Əlavə olaraq onu da bildirək ki, Masallıda fəaliyyət göstərən mədəniyyət ocaqları çoxluq təşkil edir. Belə ki, sözügedən muzeydən rayonda ümumilikdə 15 mədəniyyət evi, 28 kənd klubu, 75 kitabxana, o cümlədən 1 rayon mərkəzi, 1 şəhər, 1 rayon uşaq, 2 qəsəbə, 74 kənd kitabxanası, Heydər Əliyev Muzeyi, rəsm qalereyası, 1 mədəniyyət və istirahət parkı, 26 turist obyekti, 117 tarix və mədəniyyət abidəsi, rayon Uşaq İncəsənət Məktəbi fəaliyyət göstərir. Həmçinin rayonun klub və mədəniyyət evlərində 118 bədii-özfəaliyyət dərnəkləri fəaliyyət göstərir ki, burada 2795 nəfər həvəskar istedadlı gənc çalışır. Həmin kollektivlərdən 2-si “Xalq” kollektivi adını daşıyır. Bunlar rayon Mədəniyyət Evinin dram kollektivi, Mahmudavar kənd Mədəniyyət Evinin “Halay” mahnı və rəqs kollektividir. Respublikanın ictimai-siyasi həyatında baş verən dəyişikliklər və əlamətdar tarixi hadisələr mədəniyyət sahəsində görülən işlərin daha da canlanmasına təsir göstərib. Cari ildə rayonun mədəni-maarif müəssisələrində yeni il şənliklərinin keçirilməsi, həmçinin 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar rayon Mədəniyyət Evinin xalq teatrı “Bu meşə qanla sulanıb” tamaşasını hazırlayaraq rayon Mədəniyyət Evində, rayon Mərkəzi Kitabxanasında və Heydər Əliyev Muzeyində olmaqla Mahmudavar, İskəndərli, Digah kənd məktəblərində oynayıb və 1 dəqiqəlik sükutla rayon mərkəzindəki abidələrin önündə yekunlaşdırıb. Bundan başqa rayonda 2 Fevral Gənclər Günü, 14-16 fevral tarixlərində “Çal oyna” Respublika Rəqs Kollektivlərinin II Ümumrespublika Müsabiqəsinin zona turu da keçirilib. Həmin baxış müsabiqəsində rayon Mədəniyyət Evinin “Masallı” rəqs kollektivi və “Halay” folklor xalq kollektivi zona üzrə I yeri tutaraq yekun turunda Bakı şəhərində iştirak etmək hüququ qazanıb. Həmçinin Xocalı faciəsinin ildönümü ilə əlaqədar “Xocalıdan gələn səslər” tamaşası hazırlanıb və rayonda keçirilən tədbirdə tamaşa oynanılıb. Bundan başqa həmin tamaşa rayonun Həsənli, Kalinovka, Şərəfə kəndlərində və qonşu rayonda yerləşən hərbi hissədə də nümayiş olunub. Qeyd etmək lazımdır ki, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə rayon Mədəniyyət Evində və Mərkəzi Kitabxanada “İşdə qəhrəman, evdə anasan” ədəbi-bədii gecə hazırlanaraq nümayiş etdirilib. Novruz bayramının təntənəli keçirilməsi də rayonda artıq bir ənənə şəklini alıb. May ayında isə rayonun bütün mədəni-maarif müəssisələrində ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilib. Həmin tədbirlərdən ənənəvi “Yaz” festivalı daha maraqlı və məzmunlu olub. Bu baxış-müsabiqə rayon gənclərinin və yeniyetmələrin ən maraqlı və məzmunlu yarışması olub. 1200 nəfərdən çox istedadlı yeniyetmə və gəncin iştirak etdıyı “Yaz” festivalı 5 janr üzrə 3 turdan ibarət olmaqla keçirilib, I və II turun qalibləri III yekun turunda, ən yaxşı və istedadlılar isə yekun turunda ulu öndərin 88-ci ildönümü günündə keçirilmiş konsertdə iştirak edib və qaliblər Rayon İcra Hakimiyyətinin Mədəniyyət və turizm şöbəsi və Rayon Gənclər və İdman idarəsi tərəfindən mükafatlandırılıb, fəxri fərman və diplomla təltif ediliblər. Ulu öndərin ad günü ərəfəsində mayın 6-da yeni bərpa olunmuş Nizami parkında Ümumrayon Kitab bayramı kecirilib, həmin bayramda “Masallının söz çələngi” kitabının təqdimatı da keçirilib. Ulu öndərin ad günündə - may ayının 10-da keçirilən tədbirdə rayonun bədii özfəaliyyət kollektivləri ilə yanaşı “Dan ulduzu” instrumental ansamblının çıxışı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.Ümumiyyətlə, cari ilin “Turizm ili” elan olunması ilə bağlı olaraq rayonda mədəniyyət və eləcə də turizm tədbirlərinin keçirilməsi daha intensiv xarakter alıb. Rayonun mədəniyyət mərkəzləri də bu məqsədlə tam hazır vəziyyətə gətirilib və lazımi səviyyədə fəaliyyət göstərir.
İlkin AĞAYEV
Palitra.-2011.-27 sentyabr.- S.6.