“Mədəniyyətimizin təbliği ilə bağlı bölgələrdə çalışmaq istəyən gənclərimiz də var

 

Layihə çərçivəsində növbəti müsahibimiz Azərbaycan Turizm İnstitutunun (ATİ) İctimai fənlər kafedrasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Qafarovadır: 

 

-Hazırda ölkədə mədəniyyətin inkişafı və bu istiqamətdə həyata keçirilən tədbirləri çox müsbət qiymətləndirirəm. Xüsusilə də son illər bu istiqamətdə bir sıra mühüm tədbirlər həyata kecirilib. Dövlət səviyyəsində muzeylərə, kitabxanalara diqqət yetirilir, onların texniki bazası müasirləşdirilir. İri muzeylərə milli status verilir, onların elmi potensialının artmasına və kadrların yetişdirilməsinə qayğı göstərilir. Beynəlxalq konfranslar, sərgilər, simpoziumlar və festivallar Azərbaycan mədəniyyətini və irsini dünyada tanıdır, təbliğ edir. İnanıram ki, bu sahəyə diqqət və qayğı artdıqca nailiyyətlər də artacaq. Ümumiyyətlə, bu gün Azərbaycanın iqtisadi inkişafı ilə yanaşı ölkədə mədəniyyətə göstərilən qayğı mühüm əhəmiyyət kəsb edir. Məhz bu qayğı Heydər Əliyev Fondu və onun prezidenti Mehriban Əliyevanın daim diqqət mərkəzindədir.Beləliklə, ötən müddət ərzində Azərbaycanda mədəniyyət sahəsində xeyli dəyişiklik baş verib. Mədəniyyətimizin dünyaya inteqrasiyasında çox böyük intensivlik əmələ gəlib. Azərbaycan xalçaçılıq sənəti YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilib. Həmçinin muğamımız YUNESKO-nun siyahısına salınıb. Bir sıra memarlıq abidələrimiz, teatrlarımız təmir edilib, yeni Muğam Mərkəzi tikilib, böyük sənətkarlarımızın abidəsi ucaldılıb. Hazırda Xalça Muzeyi üçün yeni bina tikilir. Ölkədə mədəniyyətimizin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər xarici qonaqlar tərəfindən çox maraqla qarşılanır. Təsadüfi deyil ki, bu gün ölkəmizdə təşkil olunan beynəlxalq tədbirlərdə iştirak edən xarici qonaqların sayı gündən-günə artır. Bütün bunlar onların ölkəmizə, mədəniyyətimizə verdiyi dəyərin bariz nümunəsidir.

 

- Azərbaycan Turizm İnstitutunda bu sahədə tədris necə qurulub?

- Bilirsiz ki, Azərbaycan Turizm İnstitutu respublikada turizm sahəsində işləyə bilən mütəxəssis hazırlayır. Məlumdur ki, ölkəmizin inkişaf etməkdə olan turizm sənayesini lazımi sayda yüksək keyfiyyətli kadrlarla təmin etmək məqsədilə ölkə Prezidenti İlham Əliyevin 25 avqust 2005-ci il tarixli sərəncamı ilə Azərbaycan Turizm İnstitutu yaradılıb. ATİ fəaliyyətinə Bolonya prosesinə uyğun, kredit sistemi ilə, eyni zamanda beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış tədris planları əsasında başlayıb. Eyni zamanda Avstriyadakı Krems Tətbiqi Elmlər Universiteti ilə əməkdaşlığa dair müqavilə imzalanıb, müqavilə əsasında Avstriya- Azərbaycan Turizm Proqramı(AATP) həyata keçirilir. Proqrama uyğun olaraq ingilis dilini yüksək səviyyədə bilən (İLTES 6.0) tələbələrimiz  milli tədris proqramı ilə paralel Krems Universitetinin tədris proqramına uyğun dərslər keçir və nəticədə iki diplom almaq şansı qazanırlar. Həmin dərslərin böyük əksəriyyəti Krems Universitetinin professor-müəllim heyəti tərəfindən tədris olunur. Qeyd etməliyəm ki, bizim 2010-cu ildəki  ilk məzunlarımızdan 14 nəfəri bu şansdan yararlanaraq milli diplomlarla yanaşı Krems Universitetinin diplomlarını da alıblar. ATİ “ERASMUS-MUNDUS” proqramının tərəfdaşıdır və proqram çərçivəsində tələbələrimiz Avropanın qabaqçıl universitetlərində bakalavr və magistr pillərində təhsil alır, həmçinin əməkdaşlarımız doktoranturada bilik və bacarıqlarını artırırlar. Bununla yanaşı bizim institutda mədəniyyətlə və onun tarixi ilə bağlı fənlər də tədris edilir. Bu da tələbələrimizin dünyagörüşünu, bilik bazasını genişləndirir. Həmçinin tələbələr Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi tədbirlərdə fəal iştirak edirlər. Onların bu fəaliyyəti müsbət qarşılanır. Turizm sahəsi ilə yanaşı institut muzeyşünaslıq və diyarşünaslıq ixtisası üzrə mütəxəssis hazırlayır. Bu il ATİ-də ilk buraxılışımız oldu. Onların bir neçəsi magistraturaya daxil olub. Qeyd etmək lazımdır ki, bu sahədə mütəxəssislərə ehtiyac hiss olunur. Çünki bizim məzunlar öz ixtisasları ilə yanaşı turizm sahəsi ilə tanış olurlar və gələcəkdə bu sahədə də işləyə bilərlər.

-Bu gün gənclərin mədəniyyət tariximizə, milli dəyərlərə münasibəti necədir?

- Bu suala birmənalı cavab vermək olmur. Bir qrup gənc mədəniyyətimizə, tariximizə, milli dəyərlərimizə hörmət ehtiramla yanaşır, lakin müasir Avropa mədəniyyətin müsbət tərəflərini qəbul edir. Digər bir qrup isə əksinə, yalnız Avropa mədəniyyətini müsbət sayır milliliyi geridə qalmış bir fikir kimi qəbul edir. Yaxşı olardı ki, onlar ortaq bir məxrəc seçib iki istiqamətin müsbət cəhətlərini özləri üçün əsas götürsünlər. İnteqrasiya qloballaşma özünəməxsusuluğu itirmək deyil. O, milliliklə müasirliyin vəhdətidir.

-Tədris ocaqlarında bu sahədə mövcud problemlər hansılardır?

-Mənim fikrimcə, əsas problemlərdən biri bu gün tələbələrin dünyagörüşünün bilik səviyyəsinin az olmasıdır. Müasir tələbə mütaliəyə az diqqət yetirir, bu isə  onun bilik bazasının zəifləməsinə gətirib çıxarır. İkincisi isə tələbələrin xarici dilləri, o cümlədən ingilis xüsusilə rus dillərini zəif bilməsidir. Rus dilində olan elmi, mədəni fəlsəfi kitablar insanın dünyagörüşünü xeyli genişləndirir. Əgər buna digər xarici dilləri əlavə etsək, bizdə gələcəkdə bilikli müasir tələbələri görmək olar.

-Tədris prosesi ilə bağlı mədəniyyət ocaqlarına səyahətlərin təşkili nəzərdə tutulurmu?

- Bizim institutda ixtisasdan asılı olaraq bu tipdə tədbirlər keçirilir. Adətən tələbələr muzeylərə mədəni tədbirlərə aparılır. Mədəniyyətimizin təbliği ilə bağlı bölgələrdə çalışmaq istəyən gənclərimiz var. Onların istəyini rallaşdırmaq üçün müvafiq işlər görülməlidir, ilk öncə daha çox lazımı strukturlar yerləri açılmalıdır. Bu sahədə xeylı aparılır güman edirik ki, qısa bir zamanda bizim gənclər regionların inkişafında fəal iştirak edəcəklər.

-Mədəniyyətlə bağlı tədris prosesində dərsliklərin səviyyəsi sizi qane edirmi?

- Təəssüf ki, dərsliklərlin səviyyəsi məni qane etmir. Bizim ixtisasımıza profilimizə aid olan materiallar çox məhduddur. Azərbaycan dilində nəşr edilən ədəbiyyat çox azdır, rus dilində ingilis dilində olan dərs vəsaitləri isə çətin tapılır. Mövcud problemlərin aradan qaldırılmasına gəldikdə isə mən təklif edərdim ki, tələbələrin biliklərini məktəbdən başlayaraq genişləndirmək lazımdır. Gənclərin xarici dillərə mütaliəyə maraqlarını artırmaq lazımdır. Eyni zamanda vacib amil kimi dərsliklərin professional səviyyədə yazılmasını, tərcüməsini çapını təşkil etməkdir.  

 

 

Nigar 

 

Palitra.-2011.-30 sentyabr.- S.6.