“Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin tarixi varisidirmövzusunda beynəlxalq elmi konfrans keçirildi

 

Dünən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin bərpasına həsr olunmuş “Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin tarixi varisidirmövzusunda beynəlxalq elmi konfrans keçirildi.  

 

Konfransda çıxış edən AMEA prezidenti Mahmud Kərimov bildirdi ki, Azərbaycan 5000 illik qədim və zəngin dövlətçilik tarixinə malikdir: “XX yüzilliyin əvvəllərində, 1918-ci ildə Azərbaycanda Şərqdə və türk dünyasında ilk dəfə olaraq respublika yarandı. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixi dövlətçiliyin bərpası yolunda atılan addım idi. Amma xarici müdaxilənin təsiri ilə Azərbaycan Xalq Cümhuriyyəti qısa zaman ərzində süquta uğradı. 1988-ci ildən başlayan erməni təcavüzü, 20 Yanvar, Xocalı faciələri Azərbaycan xalqını müstəqillik istəyindən döndərə bilmədi”.  M. Kərimov dedi ki, Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi istiqamətində ciddi addımların atılmasına səbəb olub: “Heydər Əliyevin səyi ilə Ermənistanla atəşkəs imzalandı, xarici siyasətdə uğurlar əldə edildi, Azərbaycanın yeni dövlət neft strategiyası yarandı. Bunun nəticəsidir ki, hazırda Azərbaycan uğurla inkişaf edir. Bu gün 20 illik müstəqillik bayramını qeyd etmək çox qürurvericidir”. Konfransın plenar iclasında Tarix İnstitutunun direktoru Y.Mahmudov çıxış etdi. O, son illərdə Azərbaycan tarixinin mühüm dövrləri ilə bağlı yeni tədqiqatların aparıldığını, bir neçə irihəcmli monoqrafiyaların nəşr olunduğunu bildirdi. Müasir Azərbaycanın, müstəqilliyin, bütövlüyün qorunub saxlanmasında ümummilli lider Heydər Əliyevin müstəsna rolunu qeyd etdi: “Əgər Heydər Əliyev olmasaydı, düşmən qüvvələr Azərbaycanı dörd yerə parçalayacaqdılar”.          Türkiyəli professor Mehmet Saray da Azərbaycanın son illərdə müxtəlif sahələrdə diqqətalayiq uğurlar qazandığını bildirdi: “Bu gün Türkiyədə yeddi milyon insan oxuyub-yazmağı bilmir. Azərbaycanda isə əhalinin təhsil alma səviyyəsi yüksəkdir”. O, Azərbaycanla Türkiyə arasında dil və mədəni bağlılığın gücləndirilməsi üçün hələ çox işlərin görülməli olduğunu qeyd etdi. Plenar iclasdan sonra konfrans işini davam etdirdi. İştirakçılar üç bölmədə maraqlı məruzələrlə çıxışlar etdilər. Qeyd edək ki, dünənki konfrans çərçivəsində gürcü tarixçisi Quram Marxuliyanın “Ermənilər Ermənistan axtarışında” kitabının təqdimatı keçirilib. Yaqub Mahmudov jurnalistlərə açıqlamasında deyib ki, Marxuliya Azərbaycan xalqının tarixini araşdırdığına görə ermənilər tərəfindən çoxlu təqiblərə məruz qalır: “O, AMEA-nın Tarix İnstitutu ilə birlikdə araşdırmalarını davam etdirir”. Tarix İnstitunun direktoru Marxuliyanın kitabından da söz açıb: “Ermənilər böyük Ermənistan yaratmaqdan ötrü Balkan yarımadasından başlayaraq axtarış aparıblar və sonra gəlib Cənubi Qafqaza çıxıblar. 1828-ci ilə rusların köməyilə bura köçürülüblər. Kitabda bütün bu hadisələr tam təfsilatı ilə verilib”. Dünən həmçinin türk tarixçisi Mehmet Sarayın “QuzeyGüney Azərbaycan türklərinin tarixi” kitablarının təqdimatı keçirilib və hər iki tarixçiyə Tarix İnstitutunun fəxri doktoru diplomu verilib. 

 

AMEA prezidenti: “Metsamor” AES-lə bağlı vəziyyət Azərbaycanı çox narahat edir 

 

Qeyd edək ki, dünən AMEA prezidenti Mahmud Kərimov jurnalistlərin suallarını cavablandırdı. O bildirdi ki, Ermənistandakı “Metsamor” AES region üçün böyük təhlükədir: “Bu stansiya Avropa standartlarına uyğun gəlməyən, öz resurslarını tükətmiş bir stansiyadır, Avropa İttifaqı da dəfələrlə onun bağlanmasını tələb edib. Buna baxmayaraq, Ermənistan hökuməti stansiyanın fəaliyyətini gücləndirib, hətta yeni reaktorun qurulması barədə qərar qəbul edib”. M. Kərimov bildirdi ki, “MetsamorAES-in ərazisi seysmik baxımdan təhlükəlidir, dağlıq ərazi olduğundan orada su çatışmazlığı problemivar: “Ona görə də “Metsamor” AES-lə bağlı vəziyyət Azərbaycanı çox narahat edir. Bu il müxtəlif beynəlxalq təşkilatlar “Metsamor” AES-də 10 dəfə yoxlama keçirib. Amma bu yoxlamaların nəticələri bizə təqdim olunmayıb. Biz Atom Enerjisi üzrə Beynəlxalq Agentliyindən tələb etmişik ki, “Metsamor” AES-lə bağlı şəffaflıq artırılsın, yoxlamaların nəticələri Türkiyə, Azərbaycan və Gürcüstana elan olunsun, qonşu dövlətlər “Metsamor” AES-də aparılan yoxlamalarda iştirak etsin”. 

 

“Oktyabrın əvvəllərində doktoranturaya qəbul imtahanlarına başlaya bilərik” 

 

AMEA prezidenti doktoranturaya qəbul prosesi ilə bağlı da danışdı: “Sənəd qəbulundan da görünür ki, Azərbaycanda doktoranturaya maraq böyükdür. Artıq oktyabrın əvvəllərindən biz doktoranturaya qəbul imtahanlarına başlaya bilərik. Demək olar ki, bütün ixtisaslar üzrə doktoranturaya sənəd verilib. Bəzi ixtisaslar üzrə hətta böyük rəqabət var. Doktoranturaya qəbul qanunauyğun, şəffaflıq şəraitində keçiriləcək. Əfsuslar olsun ki, humanitar sahəyə maraq daha böyükdür. Bu ixtisaslar üzrə sənəd verənlər daha çoxdur. Amma mən istərdim ki, dəqiq elmlərə maraq daha böyük olsun. Çünki Azərbaycanda bu ixtisaslara daha böyük ehtiyac var”. M.Kərimov deyib ki, doktoranturaya qəbul imtahanının günləri yaxın günlərdə Rəyasət Heyətinin iclasında müəyyənləşdiriləcək. 

 

Beş min illik tarixi olan xalq kimi öz tariximizi yazmalıyıq” 

 

 “Azərbaycanın yeni üç cildlik Azərbaycan tarixi yaxın üç-dörd il ərzində hazır olacaq”.Bu barədə də jurnalistlərə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bildirdi. Onun sözlərinə görə, hazırda yeni Azərbaycan tarixinin konsepsiyası hazırlanır: “Bu, tamamilə yeni bir Azərbaycan tarixi olacaq. Bu, bizim tariximizi təhriflərdən xilas eləyəcək. İndiki Azərbaycan tarixi yalnız Azərbaycanın şimalını əhatə edib, Azərbaycan isə çox böyük səltənətdir. Bizim böyük imperiyalarımız olub. Azərbaycanın çoxlu tarixi torpaqlarını işğal ediblər. İndiyə kimi indiki Ermənistan Respublikasının, İrəvan xanlığının ərazisini Azərbaycan tarixinə salmadığımıza görə, o tarixi ermənilər özəlləşdirirlər. Azərbaycanın şimalda və qərbdə xeyli torpaqları zəbt olunub. Cənubi Azərbaycanın tarixiçox qədimdir. Xalqımızın əhatə elədiyi keçmiş tarixi biz 3 cildlik Azərbaycan tarixində əhatə edəcəyik. Tarixin elə səhifələri olub ki, onun üstündən keçiblər. Biz isə 5000 illik tarixi olan xalq kimi öz tariximizi yazmalıyıq”. 

 

 

Ağayev İlkin

 

Palitra.-2011.-30 sentyabr.- S.7.