Əbülfəz
Süleymanlı: “Türk və Avrasiya cəmiyyətlərinin problemlərini yenə əsas mövzu kimi meydana gətirməyə
davam edəcəyik”
Oktyabrın əvvəlində
Rusiyanın Başqırdıstan Respublikasının
paytaxtı Ufada Türk
Dünyası Sosioloqlar Birliyinin
Dördüncü Konqresi
olacaq. Konqres və türk dünyası sosioloqlarını bir araya gətirən quruluşla bağlı olaraq
Türk Dünyası Sosioloqlar
Birliyinin vitse-prezidenti,
konqresin təşkilat komitəsinin üzvü, dr. Əbülfəz
Süleymanlı ilə söhbətləşdik. Ə.Süleymanlı
birlik haqqında bizə belə məlumat
verdi:
-
Türk Dünyası Sosioloqlar Birliyi, türk
dünyasının çeşidli ölkələrinin
sosioloqlarını bir araya gətirən qurumdur. Qurumun məqsədi
yaxın dövrdə türk dünyasının
qarşılaşdığı daxili problemlərin
açıqlanmasında sosiologiya elminin məlumatlarından
maksimum dərəcədə istifadə edə bilmək,
problemlərin ortaq həllinin tapılması üçün
qarşılıqlı görüşlərin keçirilməsidir.
Necə ki, sosiologiya ictimai problemlərin izahını üzərinə
götürüb, onun təhli edilməsində də əhəmiyyətli
gücə malikdir. Bu baxımdan Orta Asiyanın türk
respublikalarında daxili və xarici ünsürlərdən
qaynaqlanan problemlərin axtarılıb tapılmasında və
həll variantlarının təklif edilməsində
sosiologiyanın əhəmiyyətli təsiri olacağı
heç də mübahisə mövzusu olmamalıdır.
Çünki sosiologiyanın prioritet sahəsi cəmiyyətin
hələ tarixən və indi
qarşılaşdıqları problemlərin səbəblərini
araşdırıb ortaya çıxarmaqdır. Bu məzmunda
Türk Dünyası Sosioloqlar Birliyinin öhdəsinə əhəmiyyətli
vəzifələr düşür.
- Türk Dünyası Sosioloqlar
Birliyi olaraq indiyə qədər hansı fəaliyyətləri
reallaşdırdınız? İzah
edərsinizmi?
-
1990-cı illərin əvvəllərində türk
respublikaları müstəqillik qazandıqdan sonra, uzun
dövr ərzində türk dünyasında dilçilər,
ədiblər, mədəniyyət xadimləri, xüsusilə
də sosioloqlar arasında əlaqələrdə
qırıqlıq var idi. Bu əskikliyi aradan qaldırmaq məqsədi
ilə 2003-cü ilin dekabrında Türkiyə, Azərbaycan və
Qazaxıstan sosioloqlarının iştirakı ilə
İstanbul Universitetinin İqtisadiyyat fakültəsinin ev
sahibliyi etdiyi “Türkiyə-Azərbaycan-Qazaxıstan
Sosioloqlarının Görüşməsi” adlı 2
günlük tədbir keçirdik. Türk dünyası
sosioloqlarının ilk görüşü olan bu
yığıncaqda, aktual mövzularla bağlı dinləmələr
keçirilmiş, fikir mübadiləsi edilmişdi. Tədbirin
sonunda, daha geniş tərkibli bir konqresin təşkil edilməsi
və bununla yanaşı türk düşüncəsi və
sosiologiyasına aid kitabların tərcümə edilərək
bölgə ölkələrinə tanıdılması qərara
alınıb. Qəbul etdiyimiz qərarların nəticəsi
olaraq, 25-27 Noyabr 2005-ci il tarixlərində, Kocaeli
Böyükşəhər Bələdiyyəsinin ev sahibliyi
etdiyi və Türk Əməkdaşlıq və
İnkişaf İdarəsi
Başçılığının (TİKA) dəstək
təmin etdiyi Türk Dünyası Sosioloqları Konqresi
reallaşdırılıb. Üç gün davam edən, Azərbaycan,
Qazaxıstan, Qırğızıstan, Özbəkistan,
Başqırdıstan və Türkiyədən təxminən
80 sosioloq və alimin iştirakıyla reallaşdırılan
konqresdə, "Qloballaşma və Milli Dövlət"
başlığı altında türk dünyasının
dünəni, bu günü və sabahı ilə
bağlı vacib məqamlara toxunulub.Bunun ardınca 2008-ci ilin
mayında Qazaxıstanda ikinci konqres təşkil edildi. Bu
konqresin təşkil edilməsində Qazaxıstan Sosioloji Dərnəyinin
çox böyük xidmətləri olduğunu xüsusilə
ifadə etmək istəyirəm.
- Bu il təşkil ediləcək
konqresin əsas mövzusu nədir? Hansı mövzuların
konqresdə müzakirə edilməsi nəzərdə tutulur?
- Builki
konqres «Avrasiya məkanı: türk ölkələri və
rus bölgələrinin XXI əsrdə əməkdaşlıq
imkanları» adi ilə fəaliyyət göstərəcək.
Belə bir başlığın seçilməsinin bir
çox səbəbi var. Bildiymizi kimi, dünyanın ən
uzun bir qurşağında, Adriatikdən Böyük Çin
Səddinə qədər olan ərazilərdə türklərlə
ruslar iç-içə yaşayıblar və bu gün də
yaşamağa davam etməkdədirlər. Buna görə, bu
bölgədə yaşayan xalqlar ortaq coğrafiyadan qaynaqlanan
Avropa və Asiya xüsusiyyətlərini paylaşmaqdadır.
Digər tərəfdən, bölgə ölkələrinin
və xalqlarının ortaq mənfəətləri istiqamətində
əməkdaşlığı hədəfləyən bu
qonşuluğun bölgədə barış və sülh,
eyni zamanda iqtisadi inkişafa əhəmiyyətli təsiretmə
imkanları çox yüksəkdir.Lakin konqresdə müzakirə
edəcəyimiz mövzular tək bununla məhdudlaşmır.
Türk və Avrasiya cəmiyyətlərinin problemlərini
yenə əsas mövzu kimi meydana gətirməyə davam edəcəyik.
Xüsusilə də ortaq türk sosiologiyasının
yaradılması istiqamətində səylərimiz konqresdə
ağırlıq təşkil edəcək.
- Ortaq türk sosiologiyası
dediniz. Bunu necə düşünürsünüz?
Ümumiyyətlə, sizə görə ortaq ictimai elementlərin
təyin olunmasında sosioloqun faydalanması necə
mümkün olacaq?
- Hər
sahədə qloballaşmanın ən irəli nöqtələrə
çatdığı günümüzdə hər millət
ortaya çıxan yeni vəziyyət qarşısında
öz yerini təyin etməyə çalışır. Məqsədləri
və strategiyaları inkişaf etdirmək üçün
işlər görülür. Bu baxımdan türk
dünyasında 1990-cı ildən sonra meydana gələn yeni
quruluşların geriyə deyil, irəliyə istiqamətlənmiş
olması iqtisadiyyat və texniki inkişafla yanaşı, siyasi
və mədəni əlaqələrlə sıx
bağlıdır. Buna görə də türk
dünyasını təmsil edən ölkələr
arasında məlumat və texnologiya axını, bu ölkələrin
tarixi və mədəni inkişafının müştərək
olması ilə sıx bağlıdır.
- Birliyin qarşısında nə
kimi çətinliklər var?
- Təbii
ki, hər işin başlanğıcında olduğu kimi, bu
işin başlanğıcında da bəzi çətinliklər
yaşandı və bunların bir qisimini hələ də həll
edə bilməmişik. Lakin çətinliklər hər vaxt
olacaq, əhəmiyyətli olan, başlanan işin davam etdirilməsi,
sona çatdırılmasıdır. Rəsmi təşkilatların
da bu layihənin əhəmiyyətini qavrayaraq, bu işə
daha çox dəstək çıxması lazımdır.
Eyni zamanda, birliyin işi yalnız konqreslər təşkil
etməklə məhdudlaşmamalıdır. Bu kimi fəaliyyətləri
bir məqsəd halına gətirməkdən daha çox,
türk dünyasının mədəni problemlərinə
tapılacaq həll təklifləri barədə bir vasitə
olaraq düşünmək lazımdır. Birliyin mərkəzinin
yerləşəcəyi məkanın təsisi, ehtiyaclar
siyahısının başında durur.
-
Türkiyədə “Ötüken” nəşrlərindən
çıxan "Azərbaycan türkləri milletləşmə
mərhələsində" adlı kitabın da müəllifisiniz.
Bir sosioloq olaraq, bu il müstəqilliklərinin 20-çi
ildönümünü qeyd etməyə hazırlaşan
türk respublikalarında millətləşmə prosesini necə
qiymətləndirirsiniz?
-
Müstəqillik qazanan bölgə ölkələrində
millətləşmə bir dövlət siyasəti olaraq həyata
keçirilir. Millətləşmə siyasətinin təməl
məqsədi, Sovetlər Birliyinin yıxılmasından sonra
ortaya çıxan şəxsiyyət və ideologiya
boşluğunu doldurmaq və milli birliyi təmin etməkdir.
Dövlət dilinin inkişafı, milli tarixin
araşdırılması və yazılması, təhsil və
digər bu kimi vasitələrlə milli dəyərlərin
yenidən canlandırlmasına çalışılması
prosesin konkret nümunələrini göstərir.
İlkin AĞAYEV
Tural QABİLOĞLU
Palitra.-2011.-30 sentyabr.- S.8.