Səlim Müslümov: “Əmək pensiyalarının minimum məbləği 3,4 dəfə, orta aylıq məbləği isə 4 dəfə artıb

 Gəncədə dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuşMüstəqil Azərbaycan Respublikasının sığorta-pensiya siyasətimövzusunda ümumrespublika elmi-praktik konfransı keçirilib. Gəncə Şəhər İcra Hakimiyyətinin, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Azərbaycan Dövlət Aqrar Universitetinin birgə təşkilatçılığı ilə keçirilən elmi-praktik konfransdan əvvəl DSMF-nin Gəncə Şəhər Nizami Rayon Şöbəsinin yeni binasının açılışı olub.   

 

Tədbirdə bildirilib ki, rayon şöbəsi 20 min 700 nəfər pensiyaçı, 48 min nəfər isə sosial sığorta ödəyicisinə xidmət göstərir. Yeni istifadəyə verilən 2 mərtəbəli, ən müasir avadanlıqlarla təmin edilən bina əhaliyə göstərilən xidmətin keyfiyyətinin daha da yüksəldilməsinə imkan verəcək. Açılış mərasimində iştirak edən DSMF-nin sədri Səlim Müslümov və Gəncə Şəhər İcra Hakimiyyətinin başcısı Elmar Vəliyev fondun kollektivinə uğurlar arzulayıb və daha nümunəvi xidmət göstərməyi tövsiyə ediblər. Dövlətin bu istiqamətdə apardığı uğurlu siyasətin göz qabağında olduğunu deyən natiqlər bildiriblər ki, indi Azərbaycan MDB məkanında sığorta-pensiya sahəsində həyata keçirilən islahatlara görə aparıcı yerdədir. Daha sonra Azərbaycan Dövlət Aqrar Universitetinin əsas binasında öz işinə başlayan konfransda dövlətimizin son 20 ildə sığorta-pensiya sahəsində əldə etdiyi uğurlar barədə məlumatlar verilib. Konfransı giriş sözü ilə açan Gəncə Şəhər İcra Hakimiyyətinin başcısı E.Vəliyev son 20 ildə Azərbaycanın bütün sahələrdə qazandığı mühüm naliyyətlər, o cümlədən sığorta-pensiya sahəsindəki son islahatlar barədə ətraflı çıxış edib. “Azərbaycan sığorta-pensiya sistemi müstəqilliyimizin mühüm nailiyyətlərindən biridir” mövzusunda məruzə ilə çıxış edən DSMF sədri, iqtisad elimləri doktoru, professor S.Müslümov bildirib ki, Azərbaycanın inkişaf modeli onun sosial-iqtisadi həyatının əsas mərhələlərinin təsiri ilə formalaşıb, dövlət quruculuğu fəlsəfəsinin başlıca elementlərindən biri kimi meydana gəlib. Ölkəmizin müstəqilliyinin 20 ilini müvəffəqiyyətlə başa vurmasını şərtləndirən bu modelin uğurlu nəticələri ümummilli liderimiz Heydər Əliyevin  mili inkişaf strategiyasının və onun icrası sahəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi islahatların alternativsiz olduğunu bir daha təsdiqləyir. DSMF sədri vurğulayıb ki, ulu öndər Heydər Əliyevin  təşəbbüsü və rəhbərliyi ilə hazırlanaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyasında sosial dövlət konsepsiyası öz əksini tapmış, fəaliyyətin son nəticəsi kimi Azərbaycan dövlətinin hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin  qayğısına qaldığı ən yüksək səviyyədə bəyan edilmişdir. Bu baxımdan  Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi ili olan 1995-ci ili  ciddi islahatların həyata keçirilməsinin başlanğıc nöqtəsi kimi də adlandırmaq olar. Həmin ildə həmçinin beş ildən artıq davam edən geriləmə prosesinin qarşısı tam alınmış və sabit inkişaf istiqamətində dönüşün  yaranmasına nail olunmuşdur. Xüsusilə əhalinin gəlirlərinin,  pensiya və müavinətlərin ödənilməsi və digər sosial ödənişlər üzrə xərclərin artımı davamlı xarakter alıb, bu sahədə köklü dəyişikliklər baş verib. 1995-2003-cü illərdə ölkədə orta aylıq real əməkhaqqı 5,1 dəfə, orta aylıq nominal əməkhaqqı 6 dəfə, pensiya və müavinətlərin orta aylıq məbləği isə 7,2 dəfədən çox artıb. S.Müslümov nəzərə çatdırıb ki, Azərbaycan iqtisadiyyatının dirçəlməsi istiqamətində qurulmuş möhkəm təməl 2003-cü ildən sonrakı dövrdə də ölkə həyatında mühüm rol oynayıb, sabit və ardıcıl inkişafın sosial rifahın yaxşılaşdırılmasına yönəldilməsini Azərbaycan dövlətinin sosial-iqtisadi siyasətinin başlıca məqsədi səviyyəsinə qaldırmağa imkan verib. Bu dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə qısa müddətdə beynəlxalq standartlara uyğun yeni sığorta-pensiya sistemi təşəkkül tapıb. Yeni sığorta-pensiya sistemində pensiyaların artırılması mexanizminin bazar iqtisadiyyatının tələblərinə uyğun şəkildə dəyişdirilməsi mövcud maliyyə imkanlarının bütün pensiyaçılar arasında ədalətli bölgüsünə  imkan verib. Bu mexanizm çərçivəsində ölkəmizdə ilk dəfə olaraq istehlak qiymətləri indeksinin illik səviyyəsinə, yəni inflyasiyaya uyğun indeksləşdirmə aparılmağa başlanıb. Ötən 5 ildə Azərbaycan Prezidenti tərəfindən yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması ilə bağlı 7, sığorta hissəsinin artırılması ilə bağlı 5 sərəncam verilib. Nəticədə yeni sistem fəaliyyətə başladığı dövrdən hazıradək əmək pensiyalarının minimum məbləği 3,4 dəfə, orta aylıq məbləği isə 4 dəfə artıb: “Cari ilin 1 iyulundan əvvəlki sistemlə təyin olunmuş pensiyaların yenidən hesablanması nəticəsində 900 min nəfərə yaxın əmək pensiyaçısının pensiyası orta hesabla 40 faiz artırılıb. Bununla da bütün pensiyaçılar yoxsulluq səviyyəsindən yuxarı olan pensiya almağa başlayıblar. Eyni zamanda 25 il elmi-pedaqoji fəaliyyət göstərərək işləməyən elmlər doktorunun pensiyasına 200 manat, elmlər namizədinin pensiyasına isə 120 manat əlavə edilib ki, bununla da həmin şəxslərin pensiyasının məbləği işləyərkən aldıqları əmək haqqına çatdırılıb”. Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə isə  bütövlükdə Azərbaycan iqtisadiyyatında əldə edilən uğurlardan danışıb. O vurğulayıb ki, bügünkü uğurların mərkəzində məhz Prezident İlham Əliyevin radikal islahatçılığı dayanır. Konfransda digərləri də çıxış ediblər. Sonda konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

 

İlkin AĞAYEV 

 

Palitra.-2011.-30 sentyabr.- S. 10.