İlin sonuna kimi Azərbaycana gələn turistlərin
sayının 2 milyon 100 min
nəfərə çatacağı gözlənilir
Dünən
Bakıda Ümumdünya Turizm
Günü münasibətilə Ümumrespublika daxili turizm konfransı və kollegiya
iclası keçirilib. Tədbirdə rayon mədəniyyət və turizm
şöbələrinin müdirləri, turizm
şirkətləri və mehmanxana rəhbərləri
iştirak edib. Tədbiri açıq elan edən
mədəniyyət və turizm naziri Əbülfəs Qarayev
ilk olaraq bu gün münasibətilə
hər kəsi təbrik edərək bildirdi
ki, bu gün,
Ümumdünya Turizm
Təşkilatına üzv olan 165 ölkədə, o
cümlədən 2001-ci ildən etibarən Azərbaycanda
qeyd olunur.
Ölkədə turizmin prioritet sahələrdən olduğunu deyən nazir bu istiqamətdə davamlı addımların atıldığını bildirdi. Bunun nəticəsidir ki, ölkəyə gələn turistlərin sayı getdikcə artır: “Biz 2011-ci ilin sonuna kimi Azərbaycana gələn turistlərin sayının 2 milyon 100 min nəfərə çatacağını güman edirik. Çünki göstəricilərə əsasən demək olar ki, nəticə bu cür olmalıdır”. Nazirin sözlərinə görə, ötən illə müqayisədə bu il Azərbaycana gələn turistlərin sayında 14 faiz artım var. Ə.Qarayev qeyd etdi ki, bu il ərzində Azərbaycanda bir çox turizm obyektləri tikilərək istifadəyə verilib: “Hazırda Azərbaycanda 46 turizm obyekti inşa olunmaqdadır, 22 obyekt isə tikilərək təhvil verilib. On il əvvələ nəzər salsaq, bu müddətdə Azərbaycanda turizmin necə inkişaf etdiyini görə bilərik. 2001-ci ildə bizim turizm obyektləri 6 min turisti tuta bilirdi. Hazırda turistlər üçün nəzərdə tutulan 31 min yataq yeri var, bunun 11 mini Bakının payına düşür”.Nazir yay mövsümündə ölkəyə gələn turistlərin sayında ötən ilə nisbətən çox böyük artım olduğunu açıqladı. İlkin açıqlamalara görə, yayda 30-40 min insan Azərbaycanın müxtəlif turizm obyektlərindən istifadə edib: “Əgər ötən il Azərbaycandan 55 minə yaxın insan turist kimi xaricə getmişdisə, bu il onların sayı 35 min olub. Bu da Azərbaycanda istirahət obyektlərinin yaxşı vəziyyətdə olduğunu göstərir”. Ə.Qarayev bu ilin 6 ayı ərzində Azərbaycana xaricdən 1 mln. 900 min nəfərin gəldiyini deyib. Onların 1 mln. 500 min nəfəri turist olub. Nazir onu da bildirdi ki, Azərbaycanda fəaliyyət göstərən iki turizm obyektinin lisenziyası ləğv edilib. Onun sözlərinə görə, Lənkəranda yerləşən “Xəzər RVR” turizm mərkəzi və Qəbələ rayonu ərazisində fəaliyyət göstərən “Sahil” istirahət mərkəzinin fəaliyyətində ciddi nöqsanlar aşkarlanıb: “Odur ki, kollegiyanın qərarı ilə hər iki turizm obyektinin lisenziyası ləğv edilib. Bu barədə hər iki obyektin yerləşdiyi rayonların icra hakimiyyətlərinə məlumat veriləcək və onların 5 gün daxilində fəaliyyətini dayandırması təmin ediləcək”.Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyev ölkədə turizmin inkişafı istiqamətində görülən işlərdən danışdı. O, hazırda ölkədə beş ulduzlu hotellərlə yanaşı, 46 turizm obyektinin tikildiyini qeyd etdi. Bildirildi ki, hazırda Azərbaycanda 208 turizm obyekti lisenziya əsasında fəaliyyət göstərir. Bu il ərzində 28 turizm obyektinə lisenziya verildiyini deyən A.İsmiyev ölkəyə 1 016 559 turistin gəldiyini vurğuladı: “Azərbaycanda turizm sektorunda 7 439 nəfər şəxs çalışır. İl ərzində ölkənin bölgələrindəki mehmanxana və digər turizm subyektlərində baxışlar olub və xeyli nöqsanlar aşkarlanıb. Bu nöqsanlar xüsusilə reklam və təşviqat işinin təşkilində, lisenziyalaşmada və işçilərin peşə hazırlığının aşağı olmasında özünü göstərib”. A.İsmiyev regionlarda fəaliyyət göstərən turizm obyektlərində çalışanların xüsusilə də peşə hazırlığının səviyyəsindən narazılığını vurğuladı: “İşçilərin peşə hazırlığı yox səviyyəsindədir. Xidmət səviyyəsinin aşağı olması xarici və yerli turistlərin haqlı narazılığına səbəb olur. Nazirlik bu nöqsanların aradan qaldırılması üçün müxtəlif kurslar təşkil edir”.A.İsmiyevin sözlərinə görə, çox az sayda obyektdə müştərilərə əlavə xidmət təklif olunur. O da vurğulandı ki, bu turizm mövsümündə qiymətlər 15%-dən çox endirilib. Ölkəyə gələn turistlərin artım göstəricisinin Azərbaycanda turizm sektorunun inkişafını göstərdiyini deyən Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri Firudin Qurbanovun sözlərinə görə, ölkəmizə turistlər ən çox Rusiya, İran, Türkiyə və Gürcüstandan gəlir. İlin I yarısında Rusiyadan Azərbaycana gələnlərin sayı 20 faizə yaxın, Gürcüstandan gələnlərin sayı 14, İrandan gələnlərin sayı 14,4, Türkiyədən gələnlərin sayı isə 7 faiz çoxalıb. Onun sözlərinə görə, Azərbaycanda qeyri-neft sahələri arasında turizm prioritet sahə kimi qəbul olunub. O, ölkədə turizmin inkişafı üçün müvafiq şəraitin yaradıldığını bildirdi: “Hazırda turizm sahəsindən əldə edilən gəlirlərin yüksəldilməsi üçün dövlət tərəfindən çox ciddi, məqsədyönlü işlər aparılır. Mütəxəssislərin hesablamalarına görə, neftə qoyulan sərmayə 5-6 ildən sonra gəlir gətirirsə, turizmə qoyulan sərmayə artıq bir ildən sonra gəlir əldə etməyə imkan verir. Turizm onunla bağlı sahələrə - kənd təsərrüfatı, nəqliyyat, rabitə, ticarət və digər xidmət sahələrinə stimullaşdırıcı təsir göstərir”. Hələ 2002-ci ildə Azərbaycanda ümummilli lider Heydər Əliyev tərəfindən turizmin inkişafı ilə bağlı 2002-2005-ci illəri əhatə edən dövlət proqramının təsdiq olunduğunu deyən F.Qurbanovun sözlərinə görə, bu proqram çərçivəsində turizmin inkişafını təmin edən ilkin tədbirlər həyata keçirilib. Bu proqramın uğurla yerinə yetirilməsi Azərbaycanda turizmin inkişafının təməlinin qurulmasına imkan yaradıb. O da vurğulandı ki, turizm sektorunda əsas şərtlərdən biri ölkəyə gələn turistləri yerləşdirmə obyektləri ilə təmin etməkdir. Ancaq Azərbaycanın müstəqilliyinin ilk illərində ölkəyə gələn turistlər üçün lazımi şərait yox idi. Həmin dövrdə xaricdən gələn turistləri dünya standartlarına cavab verməsə də, yalnız "İnturist" mehmanxanasında yerləşdirmək olardı. Bu il Bakı və regionlarda istifadəyə veriləcək yeni hotellərin sayının 50-yə yaxın olması onu göstərir ki, Azərbaycanda turizm infrastrukturu güclənir: “Çox yaxşı haldır ki, yeni açılan obyektlər dünya standartlarına cavab verir. Nəzərə alaq ki, Azərbaycanda son illər vacib tədbirlər keçirilir. Bu tədbirlərin keçirilməsi üçün müvafiq infrastruktur və yerləşdirmə obyektləri yaradılmalıdır. Təbii ki, dövlət bununla bağlı müvafiq addımlar atır və onların nəticələri göz qabağındadır. Artıq Azərbaycana gələn turistlər müasir tələblərə cavab verən infrastrukturun yaradılmasını xüsusilə qeyd edirlər”.Konfransda Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov və başqaları çıxış etdi.Daha sonra Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm sahəsində çalışan müəssisələr və şəxslər fərqlənmə diplomları ilə təltif olundular. Qeyd edək ki, Milli Parkda Ümumdünya Turizm Gününə həsr olunmuş konsert proqramı da təşkil olunub. Eyni zamanda Ümumdünya Turizm Günü ilə bağlı Milli Parkda əl sənətkarlıq nümunələrinin sərgisi keçirilib.
Nigar
Palitra.-2011.-28 sentyabr.-S. 12.