“İsveçdə
bizim mədəniyyətimizə, musiqimizə böyük
maraq göstərirlər”
Layihə çərçivəsində
müsahibimiz "Xəzər"
Azərbaycan-İsveç dostluq cəmiyyətinin sədri,
Fosie İcra hakimiyyətinin sosial təminatı şöbəsinin
baş məsləhətçisi Leyla Kianidir:
-Diaspor təşhkilatlarının ən ümdə vəzifəsi azərbaycanlıların yaşadıqları ölkələrdə təşkilatlanmasını, bir qurumda toplanmasını təmin etmək, eləcə də milli dəyərlərimizi qoruyub saxlamaq, ana dilimizi yaşatmaqdan və s. ibarətdir. Mədəniyyətimizin təbliği isə diasporun nəinki vəzifəsi, ilk borcudur. Bir xalqı onun mədəniyyəti, idmanı, musiqisi ilə tanıyırlar.Hər bir təşkilat aktiv və passiv üzvlərdən ibarətdir. Heç bir təşkilatın rəhbəri “bizim təşkilat 100 nəfərdən ibarətdir və hamisi aktivdir” deyə bilməz. Təşkilatın əsas işləri aktiv üzvləri tərəfindən görülür. "Xəzər" cəmiyyətinin mədəniyyət məsələləri ilə təşkilatın 10 nəfərdən ibarət büro üzvləri məşğul olurlar. Belə ki, biz yaxınlarda rəqs qrupu yaratmışıq və artıq bu qrupa yalnız öz üzvlərimizi deyil, isveçli dostlarımızı da cəlb etmişik. 2 il öncə Azərbaycan tarixi və mədəniyyətinin təbliği məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə dəstəyi ilə İsveçin Malmö şəhərindəki Muzeylər mərkəzinin direktoru və sərgi komplekslərinin rəisinin Bakıya səfərini təşkil etmişdim. Səfər çərçivəsində isveçli həmkarlarımız Azərbaycan mədəniyyəti, musiqisi, incəsənəti ilə yaxından tanış olmaq imkanını əldə etmişdilər. Hazırda isveçli muzey rəhbərliyi ilə Azərbaycanın tarix və mədəniyyətinə aid sərgi keçirmək üçün proyekt üzərində çalışırıq. Keçən il və bu il ərzində şəhərin 4 kitabxanasında "Azərbaycanın tarixi və mədəniyyəti" adı altında təqdimatlar keçirmişəm. Dünya Azərbaycanlılarının Həmrəylik Günündə isə şeir gecəsi keçirməyi nəzərdə tuturuq. Maraq dairəsi böyük olduğuna və isveçli, eləcə də digər xalqların nümayəndələrinin də bu tədbirə qatılmaq istəyini nəzərə alaraq tədbirə çox ciddi hazırlaşırıq. Artıq ssenarimiz hazırdır. Çox böyuk ehtimalla Nyu-Yorkda fəaliyyət göstərən, Əməkdar artist Telman Cəlilovun rəhbərliyi altında gözəl repertuarlarla çıxış edən Azərbaycan rəqs qrupu gecəmizin gonağı olacaq. Artıq danışıqlar aparılıb və razılaşma da əldə edilib.
- Bu istiqamətdə həyata
keçirilməsi vacib olan amillər hansılardır?
- Hər
bir tədbirin yaxşı keçirilməsi üçün
onu gözəl təbliğ etmək lazımdır. Təbliğata
isə maddi baza gərəkdir. Bu sahədə çətinliklərimiz
olsa da öz gücümüzə arxalanaraq bu işlərin
öhdəsindən gəlməyə
çalışırıq. Bəzən isə şərait
yol verəndə İsveç dövlət orqanlarının
köməyindən bəhrələnirik. Məsələn,
mayın 28-də Respublika Günü və Azərbaycanın
“Eurovizion-2011” musabiqəsinin qalib olması ilə əlaqədar
işlədiyim şəhər icra hakimiyyətində
möhtəşəm sərgi və kiçik təqdimat
keçirdim. Sərginin materiallarına Azərbaycan Mədəniyyət
və Turizm Nazirliyi, digər xərcləri isə icra hakimiyyəti
sponsorluq etmişdi.Tədbir olduqca gözəl səviyyədə
keçirildi və İsveç mətbuatında
işıqlandırıldı. Sevindirici haldır ki,
isveçli dostlarımız bizim mədəniyyətimiz,
musiqimizə belə böyük maraq göstərirlər. Bu
isə ilk növbədə apardığımız
güclü təbliğatın nəticəsidir.Lakin
bütün bunlarla yanaşı həm Diasporla İş
üzrə Dövlət Komitəsindən, həm də Mədəniyyət
və Turizm Nazirliyindən gözləntilərimiz çoxdur.
Yaxşı olardı ki, onlar diaspor təşkilatları ilə
birbaşa əlaqədə olaraq bizim istəklərimizə
uygun gördüyumuz işlər üçün bir sıra
lazımi materiallarla, kitablarla, bukletlərlə bizi təmin
etsinlər. Bundan əlavə musiqimizin təbliği məqsədi
ilə tanınmış Azərbaycan müğənnilərinin,
teatr xadimlərimizin yaşadığımız ölkələrdə
çıxışlarını təmin etsinlər.Yaxında
şəhərimizdə gürcü xalq folklor musiqisinin 10 nəfərdən
ibarət xoru çıxış
edirdi. İnanın ki, isveçlilər ayaq üstə
alqışlayırdılar. Onların uğuruna biz də
sevinirik, amma bizim də mədəniyyətimizin belə yuksək
səviyyədə təbliğinin arzusundayıq.
Sentyabrın 10-da Malmö şəhərində Bolşoy
Teatrın balet qrupunun ifasında “Qu gölü” baleti
nümayiş edildi. Mən və digər azərbaycanlı
dostlarımla birgə baletə baxmağa getdik. Möhtəşəm
idi və elə ordaca ürəyimizdə böyük bir arzu
yarandı. Niyə bizim "Yeddi gözəl" baletimiz bu səhnədə
yer almasın? Çox istərdik
ki, bizim də balet ustalarımız İsveç publikası
qarşısında çıxış etsinlər. Bunun
üçün lazım olan bütün
imkanlarımızı səfərbər etməyə
hazırıq, lakin yalnız diaspor təşkilatının
istəyi yetərli deyil. MTN-in birbaşa bu işdə fəallığı
mühümdür.
- Ümumiyyətlə, bu gün
xaricdə mədəniyyətimizin tətbliği istiqamətində
yetərincə addımlar atılırmı?
- Təəssüflər
olsun ki, dövlət səviyyəsində təşkil olunan
tədbirlərin hamısı yaşadığımız
ölkələrin paytaxt şəhərlərində
keçirilir. Dünya Azərbaycanlılarının III
Qurultayının 2-ci günündə bu sualla mən nazir Əbülfəs
Qarayevə müraciət etdim və arzumu bildirdim. Nazir bunu nəzərə
alacağını və gələcəkdə tədbirlərin
məhz ölkənin əsas digər böyük şəhərlərində
də keçirəcəyinə bizi əmin etdi. Oktyabr
ayının 11-də Əməkdar artist Tünzalə
Ağayevanın Stokholmda konserti keçiriləcək. Təəssüf
ki, bu dəfə də tədbir yalnız paytaxda keçiriləcək.
Malmö şəhərində
(ölkənin 3-cü böyük şəhəridir) və
ətrafdakı digər şəhərlərdə yaşayan
azərbaycanlıların adından bir daha ölkə
başçısına müraciət etmək və istəklərimizi
nəzərə almalarını xahiş etmək istəyirəm.
Amma buna baxmayaraq bir diaspor olaraq demək istəyirəm ki, istər
bizim dərnəyin üzvləri, istərsə də digər
dərnəklərdə fəaliyyət göstərən həmvətənlərimiz
mədəniyyətimizin təbligatı işində olduqca fəaldırlar.
Hamı öz gücü, səyi sayəsində əlindən
gələni əsirgəmirlər. Əsl vətənpərvərlik
də elə budur.Azərbaycandakı mədəniyyət
ocaqları ilə əlaqələrimizə gəldikdə isə
əsasən televiziya, MTN, dostlar vasitəsilə, eləcə
də “Facebook”, “Twitter” sayəsində əlaqə
saxlayırıq.
- Xaricilər tərəfindən
Azərbaycan mədəniyyəti necə qarşılanır?
-
Çox gözəldir. Bizim üçün digər millətlərin
mədəniyyəti maraqlı olduğu kimi, başqa millətlərə
də Azərbaycan mədəniyyəti, musiqisi, folkloru olduqca
maraqlıdır.
- Qarşıda
hansı planlarınız var?
- Oktyabr ayında ölkəmizin müstəqilliyinin elan olunması günü münasibətilə tədbir keçiriləcək. Tədbirdə müstəqilliyimizə aid filmə baxıldıqdan sonra milli mədəniyyətimizin təbligatı zəminində Azərbaycan kulinariyasından nümunələr nümayiş etdirəcəyik. Bu dəfə bir az fərqli etməyi düşünürük, belə ki, masa üzərində xanımlarımızın bişirdiyi çeşidli mürəbbələr nümayiş ediləcək və daha sonra ən dadlı mürəbbə bişirən xanım mükafatlandırılacaq. Gecədə eləcə də sərgi düzənləməyi nəzərdə tutmuşuq. Tədbirimizə digər xalqların nümayəndələri və təşkilat rəhbərləri də dəvət olunacaqlar. Tədbirin davamını Danimarkada fəaliyyət göstərən və bizimlə sıx həmkarlıq edən “Vətən” Cəmiyyəti ilə keçirməyi düşünürük. Bundan əlavə oktyabr ayının sonunda Kopenhagendə muğam gecəsi keçiriləcək və biz artıq şəhərimizdə bu tədbirin reklamını aparırıq. Ümid edirik ki, tədbirə bizimlə bərabər isveçli və danimarkali dostlarımız da qatılacaqlar.Dekabr ayında isə Dünya Azərbaycanlılarının Həmrəylik Gününü yüksək səviyyədə keçirməyi planlaşdırırıq.
Nigar
Palitra.- 2011.- 16 sentyabr.- S. 6.