Turizm sahəsində kadrlara
artan ehtiyac ATİ məzunlarının
iş problemini aradan qaldırıb
Dünən Azərbaycan Turizm
İnstitutunda (ATİ) yeni dərs ilinin başlanması
münasibətilə tədbir keçirildi. Tədbiri
giriş sözü ilə açan ATİ-nin rektoru Cəfər
Cəfərov bildirdi ki, artıq 6 ildir fəaliyyət göstərən
institutun Azərbaycanın ali təhsil müəssisələri
içərisində öz yeri var.
Bu
yerin qazanılmasında institutun müəllim və tələbə
heyətinin və Mədəniyyət və Turizm Nazirliyinin
xüsusi rolu olduğunu qeyd edən rektorun dediyinə görə,
ölkə rəhbərliyinin dəstəyi olmasaydı, bu
uğurların heç birini qazanmaq mümkün olmazdı.
Rektor qeyd etdi ki, ATİ qısa müddət ərzində
çox böyük inkişaf yolu keçib. 200 tələbə,
3 ixtisasla 2006-cı ildə fəaliyyətə başlayan bu
ali məktəbin hazırda 1400-dən artıq tələbəsi
var: “ İki məzun buraxılışımız olub. Azərbaycanda
ilk dəfə ATİ ikili təhsil verən proqrama imza
atıb. Bundan əlavə institutumuz digər beynəlxalq
proqramlarda iştirak edir ki, onlar da tələbələrimiz
üçün böyük imkanlar açır. Turizm İnstitutu
10 illərlə tarixi olan ali məktəblər
sırasında özünün şərəfli yerini tutub.
Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasının tərtib etdiyi reytinq sıralarında 50-dən
artıq ali məktəb arasında son illər 3-5-ci
sıralarda təmsil olunmuşuq. Bu bizim üçün həm
fəxr məqamıdır, həm də məsuliyyətimizi
daha da artıran bir faktordur. Bizim məzunlarımız
artıq ölkəmizin turizm sənayesində önəmli
yerdə olan müəssisələrdə
çalışırlar. Bakıda fəaliyyət göstərən
5 ulduzlu hotellərin işçi heyəti bizim məzunlarımızla
formalaşır. Onların bəziləri isə xarici ölkələrdə
işləyirlər. Turizm sənayesinin ixtisaslı kadrlara
ehtiyacı o qədərdir ki, məzunlarımızın
işə düzəlməklə bağlı problemləri
olmayacaq. Amma həmin işin içərisində daha
yaxşı mövqelərə sahib olmaq üçün
hamımızın səylə çalışmağımıza
ehtiyac var”. Mədəniyyət və turizm nazirinin birinci
müavini Vaqif Əliyev nazirlik adından bu il tələbə
adını qazanan gəncləri təbrik edərək
bildirdi ki, 15 sentyabr Azərbaycanın hər yerində Bilik
Günü kimi qeyd edilir: “Hər bir dövlət öz təhsilinə
böyük diqqət və qayğı ilə yanaşır.
Ölkəmizdə bilik gününün əsası ulu
öndər Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycan
öz müstəqilliyini əldə etdikdən sonra onun
müstəqil düşünən gəncləri, müstəqil
təfəkkürə malik insanları formalaşmağa
başladı. Buna isə ancaq güclü təhsillə nail
olmaq mümkündür. Bu baxımdan ölkəmizdə təhsilə
olan diqqət daim artır. Ölkə başçısı
İlham Əliyev respublikanın təhsil sistemini, onun
maddi-texniki bazasının gücləndirilməsini, bu sahədə
beynəlxalq əlaqələrin formalaşmasını, yeni təhsil
ocaqlarının yaranmasını şəxsən diqqətində
saxlayır”. Nazir müavininin sözlərinə görə,
müstəqillik dövründə bütün sahələr,
xüsusilə ölkə iqtisadiyyatı sürətlə
inkişaf edib: “İqtisadiyyatın ən gəlirli sahələrindən
biri də turizmdir. Azərbaycanın coğrafi mövqeyini,
iqlimini, təbiətini, ləziz mətbəxini nəzərə
aldıqda bu sahənin ölkəmizdə nə qədər
potensiallı bir sahə olduğunu görürük.
Bunları nəzərə alaraq dövlət turizm sahəsinin
inkişafına da çox böyük diqqət və
qayğı göstərir. Bu diqqətin ən bariz nümunəsi
isə Azərbaycanda yeni, müasir tələbələrə
cavab verən Turizm İnstitutunun yaradılmasıdır. Hər
sahədə olduğu kimi, turizmin inkişafı da orada
çalışan insanlardan asılıdır. Turizm ölkəmizdə
yeni bir sahə olduğundan burada ixtisaslı mütəxəssislər
yetişdirən ali təhsil ocağına böyük ehtiyac
var. ATİ-nin 6 illik fəaliyyəti sübut edir ki, burada
turizm üzrə bilikli və savadlı mütəxəssislər
hazırlanır. İnstitut qısa bir zamanda
qarşısına qoyulan vəzifələrin öhdəsindən
layiqincə gəlib. Burada ən mütərəqqi təhsil
formalarından istifadə olunur. İnanıram ki, yaxın gələcəkdə
ATİ bütün dünyada tanınan bir ali təhsil
ocağına çevriləcək”. Bu il həm də Azərbaycan
vətəndaşlarının dövlət müstəqilliyimizin
20 illiyini qeyd etdiyini deyən V. Əliyev bildirdi ki, bu illər ərzində
ölkəmiz bir çox uğurlu layihələrə imza
atıb, daha da möhkəmlənib, nüfuzlu beynəlxalq təşkilatların
üzvü olub: “Artıq regionda bir çox layihələr Azərbaycanın
iştirakı olmadan həyata keçirilmir. Bütün
bunlarla bərabər müstəqil turizm siyasətinin həyata
keçirilməsi də bizim üçün vacibdir. Bu yolda
sizin hamınıza uğurlar arzulayıram».Sonda V.Əliyev bu
il ATİ-yə yüksək balla qəbul edilmiş tələbələrə
tələbə biletini təqdim etdi və onlara təhsildə
uğurlar arzuladı.
Nigar
Palitra.- 2011.- 16 sentyabr.- S. 10.