«İsmayıllı kitabxanaları işini müasir tələblər səviyyəsində qurmağa çalışır»

 

Layihə çərçivəsində müsahibimiz İsmayıllı Rayon Mərkəzləşdirilmiş Kitabxana  Sisteminin direktoru Ə.Ələkbərovdur. O, müsahibəyə ölkədə kitabxana işinin qurulması istiqamətində həyata keçirilən işlərə toxunmaqla başladı:

 

- Azərbaycan kitabxanaları Azərbaycan xalqının milli sərvəti olmaqla xalqımızın  yaratdığı tarixi, mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin toplanıb saxlanılmasında, bəşər mədəniyyətinin qazandığı nailiyyətlərin nəsildən-nəsilə çatdırılmasında və cəmiyyətimizin intellektual-mənəvi potensialının artırılmasında əvəzsiz rol oynayır. Bu gün geniş kitabxana-informasiya şəbəkəsinə malik Azərbaycanda 12 mindən çox müxtəlif tipli kitabxana mövcuddur. Bu şəbəkəyə yalnız kütləvi kitabxanalar deyil, həm də elmi-texniki, uşaq, gənclər, musiqi məktəblərinin, muzey və digər mədəniyyət və tədris müəssisələrinin, eləcə də müxtəlif təşkilatların tabeliyində olan kitabxanalar daxildir. Kitabxanalarımızın inkişafı istiqamətində Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramına əsasən xeyli iş həyata keçirilib. Bu proqramın əsas məqsədi “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununda, habelə digər müvafiq hüquqi aktlarda nəzərdə tutulmuş müddəalara uyğun olaraq kitabxana işi sahəsində dövlət siyasətinin həyata keçirilməsini, ölkədə tarixi-mədəni, ədəbi-bədii, elmi-fəlsəfi sərvətlərin toplanılmasını, mühafizəsini və onlardan istifadə imkanlarının artırılmasını təmin etməkdən ibarətdir. Bundan başqa kitabxana-informasiya sahəsində yeni texnologiyaların tətbiqi və istifadəsi nəticəsində müasir kitabxana-informasiya infrastrukturunun yaradılması, istifadəçilərə göstərilən kitabxana-informasiya xidmətinin dünya standartları səviyyəsinə çatdırılması, əhalinin intellektual potensialının və bilik səviyyəsinin inkişafı, habelə fasiləsiz təhsilin təmin edilməsi üçün şəraitin yaradılmasından ibarətdir. Kitabxanaların fəaliyyətinin təkmilləşdirilməsi bu sahədə əsaslı islahatların aparılmasını, fondların müasir informasiya daşıyıcıları ilə zənginləşdirilməsinı, dünyanın qabaqcıl kitabxana-informasiya müəssisələrinin təcrübəsindən istifadə edilməsinı, elektron məlumat banklarının yaradılmasını, kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsini zəruri edir və bütün bunlar mədəniyyət sahəsində dövlət siyasətinin əsas prioritetlərindəndir. Mədəniyyət və Turizm Nazirliyinin kitabxana şəbəkəsində müxtəlif formada 40 milyon nüsxəyə yaxın informasiya daşıyıcıları və digər ənənəvi sənədlər qorunub saxlanılır. Son illər ərzində ölkədə kitabxana işinin inkişafı sahəsində bir sıra mühüm sənədlər qəbul edilib. Biz də işimizi bu sənədlər əsasında, günümüzün tələblərinə uyğun şəkildə qurmağa çalışırıq.

- Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə neçə kitabxana daxildir?

- Öncə onu qeyd edim ki, İsmayıllıda 1947-ci ildə Mərkəzi Kitabxana, 1950-ci ildən sonra isə kənd kitabxanalarının yaradılması işi təşkil olunub. Ümumiyyətlə, rayonun Mədəniyyət və Turizm Nazirliyi sisteminə daxil olan Mərkəzi Kitabxana, Uşaq Kitabxanası, Basqal və Lahıc qəsəbə kitabxanaları və 56 kənd kitabxana filialı fəaliyyət göstərir. Həmin müəssisələrdə texniki işçilər də daxil olmaqla 143 nəfər işçi çalışır ki,  onlardan 17 nəfəri ali, 22 nəfəri orta ixtisas, qalanları isə orta təhsillidir. Oxucunu kitabxanaya cəlb edən başlıca amillər fondun zənginliyi, yeni kitabların və dövri mətbuatın vaxtlı-vaxtında alınmasıdır. Biz bu işi ən yüksək səviyyədə qurmağa çalışırıq. Belə ki, Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində 436885 nüsxə ədəbiyyat var ki, həmin kitablardan 73613 nüsxəsi latın qrafikalı kitablardır. Kitabların 63055 nüsxəsi Prezidentin sərancamı ilə hədiyyə olunmuş ədəbiyyatdır. Bu il ərzində kitabxanadan 26 550 oxucu istifadə edib. Maddi-texniki bazası möhkəm olmayan kitabxana oxuculara yüksək səviyyədə xidmət göstərə bilməz. Ona görə də Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin inzibati binasında 2010-2011-ci ildə 7940 manatlıq, Uşaq Kitabxanasında 8900 manatlıq, Kürdmaşı kənd kitabxanasında 6650  manatlıq, Soltankənd kənd kitabxanasında 4450 manatlıq, Mollaisaqlı və Quşencə kənd kitabxanalarında əsaslı təmir işləri görülüb. Uşaq kitabxanasında istilik sistemi qurulub. 2010-2011-ci illərdə kitabxanaya 7 ədəd kompyuter dəsti alınıb və kitabxananın saytı yaradılmaqla internet şəbəkəsinə qoşulub. Bununla yanaşı rayonun Kürdmaşı, İvanovka və Talıstan kənd kitabxana filiallarına kompyuter dəsti verilməklə birgə telefon xətti çəkilib. 2010-cu ildə Yuxarı Cülyan kəndində əhali sayı az olduğuna görə və bina şəraiti olmadığına görə həmin kitabxana Talış kəndinə uyğunlaşdırılmış binaya köçürülüb. Kitabxanalarımızda kitab təbliğini gücləndirmək məqsədilə  müxtəlif səpgili kütləvi tədbirlər keçirilir. Kitabxana filiallarında tarixi günlər, oxucularla görüşlər, ayrı-ayrı şair və yazıçıların, dövlət incəsənət xadimlərinin yubileyləri keçirilib, kitab və foto-sərgilər təşkil olunub. Konkret olaraq bildirim ki, kitabxana filiallarında 20 Yanvar, Xocalı soyqırımı, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü, 8 Mart Beynəlxalq Qadınlar Günü ilə bağlı tədbirlər keçirilib.

- Yəqin problemlərlə də qarşılaşırsınız?

- Doğrudur, görülən işlərlə yanaşı problemlərimiz də az deyil. Kitabxanaların keçirdiyi tədbirlər müasirlikdən geri qalır. Yeni kitabların təbliği qaneedici deyil. Kitabxana sistemində çalışanlar arasında ixtisaslı təhsillilər azlıq təşkil edir. Təşəbbüskarlıq və yeniliyə can atmaq kifayət qədər nəzərə çarpmır. Rayonun kitabxana filiallarından Kürdeldarbəyli, Xəlilli, Tağlabiyan və Yeniyol kənd kitabxanalarının yerləşdiyi binalar qəza vəziyyətindədir. Lahıc, Ərəgit, Qaraqaya və Buynuz kənd kitabxanaları şəxsi binalarda, köhnəlmiş binalarda yerləşir. Prezidentin 2008-ci il 6 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramını həyata keçirmək  məqsədilə İsmayıllı Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin yerlərdəki filialları fəaliyyətini daha da artıracaq, kitabxana işini müasir tələblər səviyyəsində qurmaq üçün bütün səylərinin səfərbər edəcəklər.

 

 

Anar Miriyev

 

Palitra.- 2011.-21 sentyabr.-S.6.