“Kredit
İttifaqı vasitəsilə kiçik
və orta sahibkarlara
kreditlər paylanır”
Bu gün ölkədə əhalinin
bir qismi Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə
verilən kreditlərdən yararlanır və bu, bütün
bölgələri əhatə edir. Ölkə
başçısı da bildirib ki, verilən kreditlər
hesabına yeni müəssisələr, yeni iş yerləri
yaradılacaq və ölkə iqtisadiyyatının
çoxşaxəli şəkildə inkişaf etməsinə
daha da böyük həcmdə nail olunacaq. Güzəştli
şərtlərlə verilən kreditlər sahibkarlara dəstəkdə
müsbət rol oynayır. Onu da qeyd edək ki, bu gün
dünyada əhalinin kiçikhəcmli kredit əldə etməsində
kredit ittifaqları mühüm rol oynayır. Hazırda ölkəmizdə
fəaliyyət göstərən Azərbaycan Kredit
İttifaqları Assosiasiyası (AKİA) da əhalinin kreditlərdən
yararlanmasına çalışır. Müsahibimiz
AKİA-nın sədri Elçin Bağırovdur:
-Azərbaycan
Kredit İttifaqları Assosiasiyası(AKİA) 2003-cü ildə
yaradılıb və hazırda 74 kredit ittifaqının
(Kİ) 20 min nəfərdən çox üzvünə xidmət
göstərir. Son bir ay müddətində bir sıra kredit
ittifaqlarının lisenziyası da alınıb, yəni onlar
üzvlükdən çıxmaq məcburiyyətində
olublar. Hazırda kredit ittifaqı şəbəkəsi bir
neçə rayon istisna olmaqla ölkənin əksər
rayonlarını əhatə edir. Assosiasiya öz fəaliyyətilə,
apardığı təlimlərlə, konsultasiya vasitəsilə
yeni kredit ittifaqlarının yaradılmasına kömək
edir. Eyni zamanda bizim beynəlxalq şəbəkəmiz də
inkişaf edir. Hazırda 4 beynəlxalq qurumun
üzvüyük. AKİA Ümumdünya Kredit
İttifaqları Şurası (WOCCU), Asiya Ölkələri
Kredit İttifaqlarının Konfederasiyası
Assosiasiyasının (AACCU), Ümumdünya Qeyri-Hökumət
Təşkilatlarının Assosiasiyası (WANGO) və
Mikromaliyyə Mərkəzinin (MFC) üzvüdür. Onu da
qeyd etmək istərdim ki, bizim beynəlxalq səviyyədə
digər kredit ittifaqlarının assosiasiyaları ilə də
sıx əlaqəmiz var. Bunlardan Polşa Kredit İttifaqları
Assosiasiyasını (SKOK) misal göstərmək olar. Bu
yaxınlarda oraya səfər etdim. SKOK-un prezident müavini
Viktor Kaminski ilə görüşərək AKİA ilə
SKOK arasında gələcəkdə həyata keçirilə
biləcək münasibətləri müzakirə etdik.Belə
bir qərara gəlindi ki, kredit ittifaqlarının üzvləri
üçün mübadilə proqramları təşkil
etsinlər. Bizim kredit ittifaqlarının nümayəndələri
oraya getsinlər, eləcə də onların nümayəndələri buraya gəlsinlər. Eyni zamanda
onlarda assosiasiya geniş inkişaf edib və onun nəzdində
nəşriyyat belə fəaliyyət göstərir, depozitlə
bağlı stabilizasiya fondları, özlərinin
sığorta şirkətləri var. Bundan başqa SOFT
proqramı şirkəti də mövcuddur ki, Kİ-nı bu
proqramla təmin etməklə şəbəkəni genişləndirirlər.
Hətta artıq kart sistemi ilə krediti verib-almaq olur. Bizdə
hələ bu sahədə inkişaf zəifdir. Ancaq
ümumdünya praktikası göstərir ki, bunun ölkəmizdə
də tədricən reallaşması mümkün olacaq. Lakin
vaxt tələb edən bir prosesdir.
- AKİA-nın iştirakı ilə
hansı yeni layihələr reallaşdırılır?
2005-ci
ildən başlayaraq AKİA-nın üzvləri olan kredit
ittifaqları Dünya Bankının “Kənd Təsərrüfatının
İnkişafı və Kreditləşməsi” Layihəsində
iştirak edirlər və
hökumətin dəstəyi ilə, xüsusilə kənd
yerlərində bu kreditlərdən bəhrələnirlər.
Hazırda AKİA İslam Bankı
və digər qurumlarla
dövlət səviyyəsində danışıqlar
aparır. Layihənin icrası cari ildə baş tutmasa, yəqin
ki, yaxın gələcəkdə öz həllini tapacaq. Biz
ölkədə kredit ittifaqları haqqında qanunvericiliyin dəyişilməsi
ilə bağlı təkliflər irəli
sürmüşük. Bu yaxınlarda beynəlxalq səviyyədə
tanınmış konsultant Pavel Qrjezik Bakıya dəvət olunub. O,
qanunvericiliyin bəzi maddələrinin dəyişilməsi ilə
bağlı bir sıra təkliflərini Mərkəzi Banka təqdim
edib. Hal-hazırda Mərkəzi Bankın hüquq və nəzarət
departamentinin nümayəndələri yeni təklif üzərində
işlər aparırlar və ümid edirik ki, yaxın gələcəkdə
beynəlxalq standartlara uyğun olan kredit ittifaqları
haqqında yeni qanun hazırlanacaq və ya mövcud
qanunvericiliyə əlavələr olunacaq. Qeyd etmək istərdim
ki, mövcud qanunvericiliyin bəzi müddəaları beynəlxalq
standartlara cavab vermir. Mənim fikrimcə, bu dəyişikliklərlə
kredit ittifaqlarının inkişafına kömək göstərə
bilərik. Eyni zamanda, BMT Baş Assambleyasının 13 iyul
2009-cu il tarixli sessiyasında 2012-ci ilin “Beynəlxalq kooperativlər
ili” elan edilməsi barədə qərar qəbul edilib. Kredit
ittifaqları kooperativlər hesab olunduğu üçün
Beynəlxalq Kredit İttifaqları Şurası bu işə
yaxından cəlb olunub.Oktyabr ayının 20-də Beynəlxalq Kredit İttifaqları
Gününün respublika səviyyəsində qeyd ediləcəyi
gözlənilir. Oktyabrın 30-u noyabrın 1-i Nyu-Yorkda BMT-nin qərargahında bu
barədə geniş iclas keçiriləcək. Məqsəd
odur ki, kooperativlərin, kredit ittifaqlarının rolu
vurğulansın və onlara hər bir ölkə nümayəndələri
tərəfindən dəstək olsun. Dəstək ondan ibarətdir
ki, belə tədbirlər keçirilsin, yarmarkalar, sərgilər,
qanunvericilikdə boşluqlar varsa, aradan qaldırılsın və
bir sıra təkliflər irəli
sürülsün. Onu da qeyd etmək istərdim ki, “Beynəlxalq
kooperativlər ili” ilə bağlı bir çox ölkələrdə
milli komitələr yaradılıb. AKİA Respublikamızda
“Milli Komitə”nin yaradılması üçün dövlət
orqanlarına müraciət etdi. Nazirlər Kabinetindən və
bir sıra nazirliklərdən də müsbət rəy
aldıq. İİN, MN, KTN, VN,MB, MM-in işci qrupu və
BMT-nin Azərbaycandakı nümayəndəliyi və iki QHT və
ASK burada iştirakçıdır. Hazırda
danışıqlar gedir və çox güman ki, komitənin
ilk iclasını keçirəcəyik və 2012-ci il “Beynəlxalq
kooperativlər ili” ilə bağlı tədbirlər planı
hazırlayacağıq.
- Yerlərdə fəaliyyət
sistemi necə qurulur?
- Hazırda kredit ittifaqlarının portfelinin
həcmi də artır. Çünki insanlar artıq
Kİ-yə üzv olmağa və bəhrələnməyə maraq
göstərirlər. Burada yalnız xüsusi proqramlar deyil, ancaq istehlak
kreditinə də ehtiyacı olan şəxslər
də var. Onlar Kİ-yə müəyyən qədər üzvlük payı təqdim edərək kreditlərdən
bəhrələnə bilirlər. Bugün Kİ-lər hökumətin
qərarlarını və
Prezidentin sərəncamlarını
yerinə yetirən bir qurum kimi
fəaliyyət göstərirlər.
Məsələn, “Yoxsulluğun
azaldılması və
iqtisadi inkişaf üzrə ” Dövlət
Proqramına uyğun olaraq Kİ-lər fəaliyyət göstərirlər və
“Regionların sosial-iqtisadi
inkişafı üzrə
Dövlət Proqramı”nda
yaxından iştirak edirlər. Bir sıra hökumət
layihələrində də
iştirak edirlər.
Kİ vasitəsilə kiçik və orta sahibkarlara kreditlər paylanmaqdadır.
Eləcə də Məcburi
köçkünlərin Sosial
İnkişaf Fondu da mövcuddur ki, məhz onun
vasitəsilə məcburi
köçkünlərə vəsait ayrılır.
Kİ də oradan
kredit alaraq məcburi köçkünlərin
ehtiyaclarını ödəyir.
Dövlət Kİ-lərə daim dəstək olub.
- Bu gün ölkədə əhalinin
Kredit İttifaqına
marağı necədir?
- Bu sistem bizdə yenidir, əgər Avropa ölkələri ilə müqayisə etsək, onların 100 ildən artıq təcrübələri var. Məsələn,
Şimali İrlandiyanın
statistikasını götürsək,
əhalisi Azərbaycanla
eyni saydadır və əhalinin 50 faizi Kİ-lərin üzvüdür. Ümumiyyətlə, bu gün dünyada
milyonlarla insan Kİ-lərin üzvüdür.
Çünki bankların xidmət
göstərə bilmədiyi
yerlərdə də
Kİ-lər fəaliyyət
göstərirlər. Məsələn, hansısa bir
bankın filialını
açmaq vəsait tələb edir, amma Kİ ucqar kəndlərdə ən azından nümayəndəliyini
aça bilər və əhali ilə rahat işləyə bilər.
Bu əsasən mikrokreditlərdir. Bu gün AKİA-nın üzvü olan Kİ-lərin nizamnamə kapitalı 9 milyona çatıb.
Dünyada ən böyük
Kİ-lərdən biri
ABŞ-ın Hərbi
Donanmasının Kredit
İttifaqıdır ki,
onun öz nizamnamə kapitalı 30 milyard dollardır. İranda olan bir Kİ-nin nizamnamə kapitalı 2 milyarda çatıb. Amma Polşada
SKOK-un üzvlüyünə daxil olan ümumi
Kİ-lərin nizamnamə
kapitalı 2 milyardı
keçib, üzvləri
2 milyona çatıb.
-Kreditlərin qaytarılması ilə bağlı problemlər yaşanırmı?
-Banklarla müqayisədə
Kİ-lərdə kreditlər
yalnız onun üzvlərinə verilir və ödəmə ilə bağlı problem olanda vəsaiti düzgün idarə etməməyin nəticəsi
ilə üzləşirlər.
Biz bu problemi
təbliğat vasitəsilə
aradan qaldırmaq istəyirik. Kredit mədəniyyəti
Azərbaycanda hələ
yeni-yeni formalaşır.
Bəzi insanlar düşünürlər
ki, vaxt gələr qaytararam, bir də belə
bir psixologiya formalaşıb ki, dövlət bu vəsaiti bizə bağışlayacaq. Ona görə
təbliğat aparılır
ki, bu vəsait
kredit şəklindədir
və dövlət özü də bunu Dünya Bankından alıb və qaytarmalıdır.
Bu, yerində olmalıdır ki, sizə bir daha
verə bilək.
Qaytarmasan, sonra özün
də məhrum olacaqsan. Biz bu
fikirləri aşılamağa
çalışırıq. Ümumiyyətlə, kredit faktoru
pis deyil, işləyir. Bəzi ölkələrlə
məsələn, Moldova ilə
müqayisə etsək,
bizdə daha yaxşıdır. Elə ölkələr
var ki, məsələn,
Afrikada Kİ-ni idarə etməyi bacarmayıblar. Biz isə bu sahənin
inkişafı üçün
əlimizdən gələn
yardımı göstərməyə
çalışırıq.
Nigar
Palitra.- 2011.-21 sentyabr.-S.7.