“Vətəndaşların kitablara tələbatı hiss ediləcək dərəcədə artmaqdadır”

 

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş tədbirlərdən biri də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 28-30 sentyabr tarixlərində keçiriləcək II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasıdır. Layihə çərçivəsində bu tədbirlə bağlı olaraq Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli suallarımızı cavablandırır: 

 

- II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında digər mövzulara aid kitablarla yanaşı əhalinin sosial hüquqlarına, qanunvericilik məsələlərinə və kulturoloji maarifləndirməyə həsr olunmuş kitabların da nümayişi planlaşdırılırmı? Bu cür maarifləndirici kitabların da stendləri olacaqmı?

- Ümumiyyətlə, bildirim ki, kitabla bağlı sərgilər mövzular üzrə deyil. Sadəcə olaraq biz hər bir nəşriyyata imkan yaradırıq ki, onların çap elədikləri nə varsa, hamısı nümayiş olunsun. Qanunların təbliği, kulturoloji biliklər və sosial hüquqlara aid kitablar isə çap edilir. Mənim bildiyimə görə, bu cür kitablar son dövrlərdə daha intensiv nəşr edilir. Xüsusilə qanunvericiliyə aid kitabların sayı çoxdur. Nazirliyin öz təşəbbüsü ilə də bu cür kitablar çap edilir. Məsələn, son dövrlərdə estetikaya aid kitab çap olunub. Yaxud Stanislavskinin seçilmiş əsərləri iki cilddə nazirliyin təşəbbüsü ilə tərcümə olunub. Bütün bunların hamısı kulturoloji xarakterlidir. Səttar Bəhlulzadənin yaradıcılığından bəhs edən nəhəng bir kitab da çap olunub. Prezident İlham Əliyevin 2008-ci ilə qədər mədəniyyət sahəsində həyata keçirdiyi tədbirlərdən bəhs edən “Prezident İlham Əliyev və mədəniyyət” adlı ikicildlik kitab nəşr edilmişdi. Hazırda isə bu kitabın 3-cü cildi nəşrə hazırlanır. Həmçinin “Heydər Əliyev və mədəniyyət” adlı üçcildlik kitab da nəşr edilib. Bu kitablarda mədəniyyətin təbliği, mədəniyyətin bir dövlət siyasəti olaraq həyata keçirilməsi təfərrüatı ilə, sənədlərin dili ilə göstərilir. Bu cür kitablarımız var və sərgi-yarmarkada nəşriyyatların stendləri ilə tanış olanda bu cür maarifləndirici kitabları çox görmək olar. Amma sırf tematik sərgilər isə nazirlik tərəfindən gələcəkdə təşkil olunacaq. Qarabağla, Naxçıvanla bağlı bu cür sərgilərimiz yenə də keçiriləcək. Bu cür tematik sərgilər olduqca aktuallıq kəsb edir. - Onu da qeyd edim ki, Prezidentin sərəncamı ilə respublikanın simasının yeniləşməsi göz qabağındadır. Məsələn, beş il bundan qabaqkı Bakı və regionlar xeyli dərəcədə dəyişib. İndi istər mərkəzdə, istərsə də regional mərkəzlərdə gözəl mədəniyyət mərkəzləri fəaliyyətə başlayıb. Prezidentin quruculuq planına mədəniyyət müəssisələrinin, ocaqlarının yenidən qurulması və bərpası da daxildir. Məsələn, Heydər Əliyev Sarayı, Kukla Teatrı, Rus Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı tamamilə yenidən qurulub istifadəyə verilib, ölkədə Film Fondu tikilib və fəaliyyətə başlayıb. Nazirliyin təşəbbüsü ilə bunlara aid beşcildlik nəfis kitablar nəşr edilib. Bu kitabların təqdimatlarının keçirilməsi də nəzərdə tutulur.

- Yerli əhalinin, vətəndaşların kitabla bağlı keçirilən bu cür tədbirlərə, sərgilərə marağı nə səviyyədədir? Siz sərgilər təşkil edilərkən bu barədə olan vəziyyəti müşahidə edirsiniz. Bununla bağlı fikirlərinizi bilmək istərdik.

- Nazirlik sözün həqiqi mənasında kitabın təbliği ilə bağlı xüsusi plan hazırlayıb. Bu plan əsasında biz tədbirlər həyata keçirəcəyik və təbliğati çağırışlar edəcəyik. Amma sərgiyə gəlmək, maraq göstərmək və hər hansı bir kitabı alıb oxumaq artıq konkret bir tələblə baş tutan deyil. Bircə faktı deyim ki, ötən sərgidə 40 min ziyarətçi iştirak edirdi. İlk dəfə belə bir sərgi keçirdiyimizi nəzərə alsaq, bu, Azərbaycan üçün böyük bir rəqəmdir. Ola bilsin ki, deyəsiniz ki, məsələn, Frankfurt sərgisində hər il 700-800 min nəfər adam iştirak edir. Amma 40 min nəfərlik ziyarətçi Azərbaycanda kitabla bağlı keçirilən sərgi üçün özlüyündə çox böyük bir göstəricidir. Mən güman edirəm ki, bu il keçiriləcək növbəti sərgidə ziyarətçilərin fəallığı daha da yüksək olacaq və onların sayı da artmış olacaq. Çünki ali məktəblərə, əlaqədar nazirliklərə, səfirliklərə müraciət edirik ki, onlar da öz sahələrinə və maraqlarına uyğun olaraq köməklik göstərsinlər. Bu barədə gedir. Həmçinin KİV-də kitabla bağlı sərginin geniş miqyasda təbliğatını planlaşdırırıq. Həmçinin şəhərdə reklam materialları da yerləşdiriləcək. Elə sizin qəzetinizdə bu barədə gedən müsahibələr də oxucular üçün yaxşı bir çağırış ola bilər ki, kitab aləmindən xəbərdar olmaq istəyənlər gəlsinlər, kitab və əsər reallıqları ilə tanış olsunlar. İnanırıq ki, bu vasitələrlə oxucuların kütləvi marağını sərgiyə cəlb edə biləcəyik. Məlumdur ki, kitab çox böyük sərvətdir, kitabdan ayrılmaq olmaz. İndiki zamanda kitabı daha çox müdafiə etmək lazımdır. Ona görə ki, insanların informasiya mənbələrinin sayı həddindən artıq rəngarəngdir və çoxdur. Bütün bunların hamısı çox gözəldir. Amma kitab belə bir şəraitdə unudulmamalıdır, çünki o, yenə də ən əhəmiyyətli bilik mənbəyi kimi önəmini qoruyub saxlayır. Buna görə də kitabların sayının artırılması, məzmununun  və keyfiyyətinin       yüksəldilməsi nəşriyyatların əsas vəzifələrindən olmalıdır. Biz də çalışırıq ki, nəşriyyatlara bu işdə kömək edək. Kitab mağazalarının, kitab satışının və mütaliəsinin artması çox məqsədəuyğun olardı, çünki birinci növbədə bu, əhalinin intellektual səviyyəsinin yüksəlməsinə xidmət edir. Eyni zamanda qeyd edim ki, kitab mağazalarının və kitabların açıq satışının fonunda kitabxanaların bəziləri öz funksiyasını itirdi. Bəziləri isə başqa təyinatlarla xidmət göstərməyə başladı. Amma indi yenidən şəhərdə kitab satışı mərkəzlərinin fəaliyyətə başlaması müşahidə edilir. Deməli, vətəndaşların bu kitablara tələbatı varbu tələbat hissediləcək dərəcədə artmaqdadır. Əslində bu sərgi-yarmarkanın özüoxucularkitab alıcıları ilə birbaşa təmasda olmaq üçün bir stimul və yaxşı bir imkandır. Güman edirik ki, üç gün ərzində 50-60 min insan bu kitablara maraq göstərəcək. Halbuki bu, il ərzində kitab mağazalarına girən adamların sayı ilə müqayisə edilə bilər. İndiki halda kitabın daha çox müdafiəyə ehtiyacı olduğunu qeyd etdim. Dövlət də, nazirlikbunu çox yaxşı dərk edir və qiymətləndirir, ona görə də kitabın cəmiyyətimizdə daha çox populyarlaşmasının, mütaliənin güclənməsinin tərəfdarı kimi çıxış edirik. Kitabın ən yaxşı bir şəkildə təbliğ olunmasına çalışırıq. Həm naşirlər gəlir əldə etmək imkanı qazanmalıdır, həm nəşriyyatların fəaliyyəti intensivləşməlidir, həm də oxucuların, kitab həvəskarlarının və mütaliəçilərin sayı olduqca artmalıdır. Biz bütün bunlar barədə ətraflı düşünürük və sərgi-yarmarkanı təşkil etməklə, həm də kitab bazarının və mütaliə səviyyəsinin durumunu analiz etməyi planlaşdırırıq. Həmçinin bu mədəni-kulturoloji sahədə kitabla bağlı beynəlxalq əməkdaşlığı, mübadilələri təmin etməyi qarşımıza məqsəd qoymuşuq. Təsadüfi deyil ki, bu sahədə xeyli inkişaf etmiş xarici ölkələrin nəşriyyatları, əlaqədar qurumları sərgi-yarmarkaya dəvət olunub. Xarici nəşriyyatlar bu cür tədbirlərdə bizim müvafiq qurumlarla birbaşa ünsiyyətdə olur, müzakirələr aparırlar. Onlar əməkdaşlıq müqavilələrinin perspektivlərini müzakirə ediryaxud da bu cür müqavilələr bağlayırlar. İkinci bir tərəfdən, xarici müəlliflər bu cür tədbirlərə qatılmaqla nəşriyyatlarla əməkdaşlıq imkanlarını müzakirə edir və əsərlərinin çap edilib yayılması ilə bağlı müqavilələr bağlayırlar. Həmçinin xaricilər hansı mövzularda və məzmunda olan kitablara daha çox tələbat olduğu barədə də öyrənməyə çox meyil göstərirlər. Onlar gələcəkdə kitabçılığı həmin istiqamətə yönəltmək üçün əhalinin rəyini öyrənməyə üstünlük verirlər. 

 

 

İlkin AĞAYEV     

 

Palitra.- 2011.- 7 sentyabr.- S. 6.