Bakıda
uşaqların yalnız 25 faizi məktəbəqədər
hazırlıq qruplarından məktəbə gedir
Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin təşkilatçılığı
ilə Bakı təhsil işçilərinin ənənəvi
sentyabr konfransı keçirilib. Konfransda idarə rəhbəri
Nailə Rzaquliyeva məruzəsində bildirib ki, bu il Bakı
şəhərində məktəbəqədər təhsil
müəssisələrindən 9 176 uşaq məktəbə
yola salınacaq.
Onun
sözlərinə görə, hazırda rəhbərlik
etdiyi təhsil idarəsinin tabeliyində 301 tam orta, 3 ümumi
orta, 5 yardımçı, 1 evdə təhsil, 5 cəzaçəkmə
müəssisəsində axşam məktəbi fəaliyyət
göstərir. Həmin təhsil ocaqlarında 316 594 nəfər
şagirdin təlim-tərbiyəsi ilə 31 843 müəllim
məşğul olur. N.Rzaquliyeva qeyd edib ki, ümumtəhsil məktəblərinin
XI siniflərində dərs ilinin sonunda 23 019 şagird olub,
onlardan 20 304 nəfəri (82,2%-i) attestat alaraq tam orta təhsili
başa vurub: “Bu il 14 məzuna qızıl, 4 məzuna
gümüş medal verilib. Onların qəbul imtahanlarında
orta balı 628 olub, ölkə üzrə 700 bal
toplamış 4 abituriyent də Bakı məzunları olub”. N.Rzaquliyeva
əlavə edib ki, yay tətili dövründə dövlət
hesabına 57 uşaq bağçasında, 54 məktəbdə
və 2 məktəbdənkənar təhsil müəssisəsində
təmir-tikinti işləri başlayıb: “Onların əksəriyyətində
iş başa çatdırılıb”. Nailə Rzaquliyeva
bildirib ki, indi Bakı şəhərində uşaqların
yalnız 25 faizi məktəbəqədər hazırlıq
qruplarından məktəbə gedir. Aparılan təhlillər
göstərir ki, Bakı şəhərindəki mövcud
uşaq bağçalarının bazası bu işin öhdəsindən
gələcək səviyyədə deyil. O bildirib ki, 309
uşaq bağçasında olan qrup otağının
1009-dan təyinatı üzrə istifadə olunmur. Bunun səbəbi
onlardan 38-nin təmirsiz olması, 700-də məcburi
köçkünlərin məskunlaşması, 271
otağın təyinatı üzrə istifadə edilməməsi,
bəzi hallarda isə qrup otaqlarında təhsilə aid olmayan
təşkilatların yerləşməsidir: “Uşaq bağçaları
tam gücü ilə işləsə belə biz Bakıda
yalnız 52 min uşağı məktəbəqədər təhsilə
cəlb edə bilərik. Bu da bütün bağça
yaşlı uşaqların təxminən 50 faizi deməkdir”.
N.Rzaquliyevanın sözlərinə görə, paytaxtdakı
113 uşaq bağçası özəlləşməyə
açıq elan olunub, onlardan 44-ü özəlləşdirilib,
69 müəssisə isə hələ də Bakı Şəhər
Təhsil İdarəsinin tabeçiliyində fəaliyyət
göstərir.
Paytaxtdakı orta məktəblərdə
65 yaşı tamam olmuş təxminən 2 min təhsil
işçisi var
Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin
tabeliyindəki orta məktəblərdə 65 yaşı tamam
olmuş təxminən 2 min təhsil işçisi var. Bu barədə
idarənin Strateji təhlil, planlaşdırma və
kadrların idarə olunması sektorunun müdiri Bəhman Nəbiyev
məlumat verib. Onun sözlərinə görə, artıq həmin
işçilərin siyahıları hazırdır və
onlarla əmək müqaviləsinin ləğvinə
başlanılıb. Bəhman Nəbiyev deyib ki, 65
yaşlı işçilərin işdən
çıxarılması nəticəsində kadr problemi
yaranacağı gözlənilmir: "Problem yaranarsa,
qanunvericiliyə uyğun olaraq bir sıra müəllimləri
yenidən işlə təmin edəcəyik". Bəhman Nəbiyev
bildirib ki, 65 yaşı tamam olmuş işçilərin 31-i
məktəb direktorudur və onların siyahısı
artıq Təhsil Nazirliyinə göndərilib. İdarə rəsmisinin
sözlərinə görə, direktorların işdən
azad olunması ilə bağlı Təhsil Nazirliyi müvafiq
qərar verəcək. Çünki məktəb
direktorlarının işə qəbulu və işdən
azad edilməsi nazirliyin sərəncamındadır.
Növbəti tədris ilində 47
yeni orta məktəb istifadəyə veriləcək
Yeri
gəlmişkən qeyd edək ki, 2011-2012-ci tədris ilində
47 yeni orta məktəb şagirdlərin istifadəsinə
veriləcək. Təhsil Nazirliyindən “Azadinform”a verilən
məlumata görə, bunlarla yanaşı 6 məktəb əsaslı
təmir edilib, ayrı-ayrı bölgələrdəki məktəblərə
2 milyon manat dəyərində 12957 parta, 1080 yazı lövhəsi,
2095 müəllim stolu, 3750 müəllim stulu verilib.Müqayisə
üçün qeyd edək ki, 2010-2011-ci dərs ili ərəfəsində
ölkədə 9380 yerlik 26 məktəb inşa olunub. Yeni məktəblərinin
tikintisi, əlavə korpusların inşası, onların əsaslı
təmiri, müasir avadanlıqlarla təminatı,
infrastrukturun yeniləşdirilməsi nəticəsində
ümumilikdə ölkə üzrə 1 milyondan çox
şagirdin təlim şəraiti
yaxşılaşdırılıb. Son 10 ildə məktəb
tikintisi sahəsində həyata keçirilən proqramlar sayəsində
ikinövbəli məktəblərin faizi 73-dən 44-ə,
ikinci növbədə təhsil alan şagirdlərin faizi isə
34,5-dən 21-ə enib. “2011-2013-cü illərdə Bakı
şəhəri və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda tədris
ocaqlarının əsaslı təmiri və yenidənqurulması
ilə bağlı bu il üçün nəzərdə
tutulan tədbirlər planına uyğun olaraq paytaxtda 111 təhsil
müəssisəsinin əsaslı şəkildə təmirinə
başlanılıb. Bunlardan 54-ü məktəb, 57-si isə
uşaq bağçasıdır. Əsaslı təmir və
yenidənqurma işləri ilə yanaşı Dövlət
Proqramına əsasən ehtiyacı olan mövcud məktəblər
üçün əlavə sinif otaqları, yeni tədris
korpusları, idman və akt zalları, yeməkxana
binalarının inşası və lazımi avadanlıqla təchiz
edilməsi də nəzərdə tutulub.Məlumat
üçün onu da qeyd edək ki, 2004-cü ildən Təhsil
Nazirliyi tərəfindən 353 yeni məktəb binası, 184
məktəbin həyətində əlavə sinif otaqları
və tədris korpusu inşa olunub. 176 məktəb əsaslı
təmir edilib, 11 yeni məktəbəqədər təhsil
müəssisəsi tikilib istifadəyə verilib. 50 məktəbəqədər
təhsil müəssisəsində, 9 peşə məktəbində
əsaslı təmir işləri aparılıb, 1 yeni
peşə məktəbi üçün bina tikilib.
Cavidan
Palitra.- 2011.- 7 sentyabr.- S.12.