“İşlərimizi
Azərbaycan folkloru və musiqisini
tanıtmaq və yaşatmaqla davam etdirəcəyik”
Layihə çərçivəsində
növbəti müsahibimiz Azərbaycan
Türkləri Mədəniyyət-Sənət və Həmrəylik
Dərnəyinin sədri Mütəalib Ulutanrıverdidir:
- Amasya elinə Azərbaycandan
edilən ilk köçlər, XIX əsrdən
əvvəlki fərdi gəlişləri saymasaq,
1828-ci ildən sonra başlayıb. Mövlana İsmayıl Şirvani
ilə başlayan bu
köçlər, onun ölümündən
sonra daha da sıxlaşıb. 1865-ci il
köçü Amasyaya
edilən son Qarapapaq köçüdür. Əsl məskunlaşma
isə 1886-cı ildən sonra
başlayıb. Amasya bölgəsinə Azərbaycandan 1828-ci ildə başlayan Qarapapaq
köçləri, 1886-cı ildən sonra
artaraq davam edib. Əsl sıxlığına və pik nöqtəsinə də 1890-cı ildən
sonra çatıb. 1900-cü ilə qədər davam edən bu
sıxlıq, bu tarixdən sonra azalıb. 1886-1900-cü illər
arasında Amasya tam
mənasıyla bir Qarapapaq
köçünə səhnə olub. Bu tarixlər arasında edilən ən fundamental köç Qarapapaq köçüdür.
Bugünkü Amasya
qarapapaqlarının böyük əksəriyyətinin
ataları bu köçlə Amasyaya gəlib. Bu gün Amasyada olan otuz beş
qarapapaq kəndi, bu böyük köçdə gələnlərlə
qurulub. Azərbaycanın müxtəlif
bölgələrindən Anadoluya 1828-ci
ildən 1920-ci illərə qədər edilən
köçlərə baxıldığı zaman,
bunların bəzi xüsusiyyətlər
daşıdığı bəllidir. Azərbaycandan gələnlərin
əsas bir hissəsinin Qarapapaq
(Tərəkəmə) olması, ən əhəmiyyətli
xüsusiyyətlərdən biridir. Qafqazda Borçalı, Göyçə, və
Qazax kimi bölgələrdə
yaşayan qarapapaqlar, rus və erməni təzyiqlərinə
görə, XIX əsrin başlanğıcından etibarən
Anadoluya köçüblər. Bir başqa əhəmiyyətli
xüsusiyyət isə köçlərin edildiyi
bölgə və bölgələrlə əlaqədardır.
Köçlər, əsasən Şərqi Anadoluya,
ardından da Orta Anadoluya edilib. Az da olsa
Kayseri, Bursa kimi Anadolunun fərqli ellərinə
də immiqrant qrupları gələrək
yerləşib. Amasyaya yerləşən
qarapapaqların keçmişdən günümüzə qədər
gələn həyat formalarında din və
mədəniyyət əhəmiyyətli bir
yer tutub.
- Bu gün onlar öz milli adət-ənənələrini
qoruyub saxlaya biliblərmi?
-
Qarapapaqlar köçdən sonra da toy, yas və s. mərasimlərdəki
ənənələrini və adətlərini böyük
ölçüdə mühafizə ediblər. Bu vəziyyətin
meydana gəlməsində qarapapaqların bölgədə
özlərini azlıq vəziyyətində görmələri,
bu səbəblə ətraf kəndlərlə qurduqları əlaqələrdə
daha diqqətli davranmaları və digər icmalarla
yaxınlıq qurmamağa diqqət göstərmələri
təsirli olub. Qarapapaqlar bölgədə
yaşadıqları müddətin uzun bir hissəsində digər
kəndlərə qız verməməyə diqqət yetirib,
digər kəndlərdən də qız almayıb, bu vəziyyət
icma daxilində qohum evliliklərinin məşhur bir şəkildə
çoxalmasına səbəb olub. Bununla birlikdə toy şənliklərini
köçdən əvvəl olduğu kimi köçdən
sonra da bir həftə ediblər. Bu toylarda kənd
meydanında böyük çadırlar qurulub, bu
çadırlarda “Xəngəl”, “Xəşil”, “Quzu
qovurması” və s. yerli mədəniyyətlərinin
bir parçası olan yeməklər bişirilərək
qonaqlara verilir. Papaqlı toylarındakı bir başqa ənənəvi
tətbiq isə “Şah bəzəmə”dir. Bu adətə
görə, müxtəlif meyvələr iplər vasitəsilə
dəmir çubuqlara bağlanaraq kəndlilər tərəfindən
toy evinə aparılar. Bəzi qarapapaq toylarında baraban,
zurna, akkordeon və s. musiqi alətlərinin müşayiətində
yerli rəqslər oynanarkən, bəzi toylarda isə
mövludlar oxudulub və çalğı
çaldırılmayıb. Qarapapaqların toy ənənələrində
olduğu kimi yas mərasimləri də ətraf icmalardan fərqlidir.
Papaqlı yas mərasimlərində görülən bu ayinlərdən
ən məşhur olanı ağı ənənəsidir.
Eyni zamanda yas evinin bir aylıq ərzağı kəndlilər
tərəfindən təmin edilirmiş. Qonşuları,
qohumları təxminən bir həftə, on gün yemək
bişirb ora apararmışlar.Azərbaycan türklərinin
geydikləri və immiqrantlar vasitəsilə Anadoluya
daşınan papaq, Amasya bölgəsində respublika
dövrünə, şapka inqilabı illərinə qədər
istifadə edilib. İlk vaxtlar stereotip yaradan və yerli xalq tərəfindən
qəribə qarşılanan bu quru papaq, qarapapaqların yerli
xalq tərəfindən tanınması, immiqrantlara
alışılması nəticəsində mühakimə
ünsürü olmaqdan çıxıb. Azərbaycandan gələn
immiqrantların geydiyi papağın bir başqa nəticəsi
də, onların yerli xalq tərəfindən “Papaqlı”
olaraq adlandırılmasıdır. “Papaqlı” adı ilə
bərabər qarapapaqlara “şirvanlı”, “azəri” və
“qarabağlı” da deyilib.
- Azərbaycan Türkləri Mədəniyyət-Sənət
və Həmrəylik Dərnəyinin fəaliyyəti ilə
bağlı nə deyərdiniz?
- Mən
1989-cu ildə Amasyaya gəldikdən sonra dərnək qurma istəyim
baş qaldırdı. Bir neçə dəfə
böyüklərimlə bu mövzunu paylaşsam da, dəstək
ala bilmədim. 1999-cu ildə Ankarada olan Azərbaycan Mədəniyyət
Dərnəyi ilə bu istəyimi bölüşdüm,
oradan da dəstək ala bilmədiyimdən uzun müddət bu
işə ara verdim. 2009-cu ildə təqaüdə
çıxarkən təkrar dərnək yaratmaq fikri meydana gəldi.
2011-ci il yanvarın 2-də Dünya Azərbaycanlılarının
Həmrəylik Günü münasəbəti ilə
Amasyadakı böyüklərimin dəstəyi ilə Amasya
azəbaycanlıları arasında bir bayram süfrəsi
açdım. Bu məclisdə iştirak edənlər olduqca
çox oldu. Qatılan hər kəs dərnək qurulması
istiqamətində məni dəstəklədi. Beləcə,
Azərbaycan Türkləri Mədəniyyət-Sənət və
Həmrəylik Dərnəyini qurdum. İlk fəaliyyətim
Amasya və ətrafındakı Azərbaycan mənşəli
türkləri bir araya gətirib üzv etmək və nələr
ediləcəyi mövzusunda fikir mübadiləsi aparmaq oldu.
İşlərimizə Azərbaycan folkloru və musiqisini
tanıtmaq və yaşatmaqla davam etdirəcəyik. Ayrıca
növbəti aylarda Azərbaycana bir səfər təşkil
edərək atalarımızın torpaqlarını gəzib
oradakı qohumlarımızı yad edəcəyik. Dərnəyimizə
daha çox 40 yaş və bundan yuxarı yaşlı olanlar
maraq göstərir, bunu gənc nəsillərə
ötürmək istəyirik. İndiyə qədər bir dərnək
qurulmasının səbəbi bölgə xalqının bizi
özündən biri bilib heç bir ayrı-seçkilik
göstərməməsindən qaynaqlanır. Onsuz da bizlər
də özümüzü Atatürkün qurmuş olduğu
Türkiyə Cümhuriyyətinin özəyi bilməkdəyik.
Bu səbəblərdən 50 yaş qrupunda yuxarı
böyüklərimiz Azərbaycan ləhcəsini istifadə
ediblər. Mən də daxil artıq Azərbaycan türkcəsini
anlamaqda və danışmaqda çətinlik çəkməkdəyik.
Ancaq ətrafımızda Azərbaycan mənşəli olub
olmamasına baxmayaraq Azərbaycan dilinə, musiqisinə və folkloruna böyük simpatiya
var. Ayrıca, Qarabağın işğalı və Xocalı
soyqırımı kimi hadisələrə bizlər qədər
ətrafımızdakılar da eyni həssaslığı
göstərirlər. Onsuz da dərnəyimizin quruluş məqsədi
“bir millət-iki dövlət” prinsipinə söykənərək
sevinclərimizi və ağrılarımızı
bölüşmək, eyni zamanda inanclara hörmətli
olmaqdır . Bir məqamı da
vurğulayım ki, "Azərbaycan Köçləri"
mövzusu ilə bağlı indiyə qədər
yığcam bir iş görülməyib. Amasya bölgəsinə
edilən Qarapapaq köçləri mövzusunda isə
yazılmış ümumi bir neçə məqalənin
xaricində, edilmiş hər hansı bir iş yoxdur. Buna
görə, Azərbaycandan Amasya bölgəsinə
ağırlıqlı olaraq, XIX əsrin sonlarında edilən
Qarapapaq köçlərinin şahidlərinə söykənən,
çata bildiyimiz ölçüdə yazılı
qaynaqlardan da faydalanaraq ortaya qoymağa
çalışdıq. İşimiz nəticəsində, əhəmiyyətlicə
məlumat və məlumatlar ortaya çıxsa da hələ
araşdırılacaq və ortaya qoyulacaq bir çox əhəmiyyətli
nöqtə var. Bu iş, eyni mövzuda, yaxın bir zamanda nəzərdə
turduğumuz işin
infrastrukturunu meydana gətirəcək. Məqsədimiz, bu
mövzunu araşdıraraq haqqiqətləri ortaya qoya bilmək
və elmə bir töhfə təqdim edə bilməkdir.
- Hazırda Türkiyədəki
milli dərnəklərimiz arasında vahid koordinasiya əlaqələri
necə qurulub?
Bizim
dərnəyimizdə məqsəd bölgə xalqının
mədəni fəaliyyətlərini inkişaf etdirmək və
gələcək nəsillərə ötürmək olub. Hər
dərnək öz bölgəsində fəaliyyətlərini
davam etdirməli, qarşılıqlı olaraq digər dərnəklərlə
görüşlər təşkil olunmalıdır. Ortaq hədəfimiz
mədəni fəaliyyətləri gündəmə gətirməklə
yanaşı Qarabağ probleminin
həlli və “erməni
soyqırımı” iddialarının yox edilməsi
olmalıdır. Mənsub olduğum dərnək Samsun, Tokat,
Çorum, Sivas və Amasya ellərində olan azərbaycanlıları
əhatə edir. Bu bölgələrdə olan azərbaycanlılar
arasında koordinasiyanı təmin etmək birinci vəzifəmizdir.
Nigar
Palitra.- 2011.- 9 sentyabr.- S.6.