“Fransa
ilə əlaqələrin davamlı surətdə dərinləşdirilməsində
maraqlıyıq”
Azərbaycanın
Fransadakı fövqəladə və səlahiyyətli səfiri
Elçin Əmirbəyov “Azadinform”un suallarını cavablandırıb. Həmin
müsahibəni qısa ixtisarla təqdim edirik:
- Azərbaycanla Fransa arasındakı ikitərəfli əlaqələrin
hazırkı vəziyyətini necə dəyərləndirirsiniz?
- Bu
gün Azərbaycan və Fransa arasındakı əlaqələr
sürətlə inkişaf etməkdədir. Siyasi, iqtisadi və
mədəni-humanitar sahələrdə son dövrlər əldə
edilmiş nailiyyətlər qənaətbəxşdir. Azərbaycan
BMT Təhlükəsizlik Şurasının daimi üzvü
və Avropa İttifaqının aparıcı dövləti
olaraq beynəlxalq səhnədə mühüm çəkiyə
malik Fransa ilə əlaqələrinin davamlı surətdə dərinləşdirilməsində
maraqlıdır. Bu marağı şərtləndirən digər
bir vacib məqam Fransanın ATƏT-in Minsk qrupunun həmsədrlərindən
biri qismində Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə
həyata keçirdiyi vasitəçilik fəaliyyətidir.
İki ölkə arasında güclü dayaqlara söykənən
siyasi dialoq bərqərar olub. Azərbaycan Prezidentinin son illər
ərzində Fransaya etdiyi dörd rəsmi səfər Azərbaycanın
öz xarici siyasətində Fransaya verdiyi önəmin
göstərici olmaqla yanaşı əlaqələrimizin
davamlı surətdə inkişafı üçün zəruri
olan təkanı təmin edib. Hal-hazırda Fransa rəsmilərinin
Azərbaycana səfərləri fransız tərəfi ilə
nəzərdən keçirdiyimiz məsələlər
sırasındadır. İkitərəfli əlaqələrin
hüquqi bazasının gücləndirilməsinə xidmət
edəcək bir neçə vacib sənəd üzərində
aparılan iş yekun mərhələyə qədəm
qoyub. İqtisadi və mədəni sahələrdə də
son zamanlar artıq əhəmiyyətli canlanma hiss edilməkdədir
ki, bu da ölkələrimizi və xalqlarımızı həm
ikitərəfli müstəvidə, həm də Avropaya
inteqrasiya kontekstində daha da yaxınlaşdıran amil kimi
çıxış edir.
- İki ölkə
arasındakı iqtisadi əlaqələrin potensialı yetərincə
istifadə olunurmu?
-
Bildiyiniz kimi, dünyanın və Avropa İttifaqının
aparıcı ölkələrindən və inkişaf
etmiş iqtisadiyyatlarından biri olan Fransa informasiya və
kommunikasiya texnologiyaları, xüsusilə də peyk sənayesi,
rəqəmli iqtisadiyyat, rəqəmli innovasiya, habelə, kənd
təsərrüfatı, turizm, alternativ enerji, nəqliyyat, o
cümlədən nəqliyyat infrastrukturunun tikintisi, həmçinin
sənayenin müxtəlif sahələrində qabaqcıl
ölkələrdən biri hesab edilir. Azərbaycanla Fransa arasında
iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi
üçün böyük potensial mövcuddur və bu səbəbdən
də iqtisadi əlaqələrin hazırkı vəziyyəti
bu imkanların tam istifadə edilməsi baxımından qənaətbəxş
hesab edilə bilməz. Bunun üçün də hər iki
ölkənin səfirliklərinin iqtisadi bölmələri
sıx əməkdaşlıq əlaqəsində fəaliyyət
göstərərək iqtisadi əməkdaşlığın
inkişaf etdirilməsi üçün öz səylərini
birləşdirirlər. Hesab edirəm ki, həm ticarət, həm
də investisiyalar sahələrində hər iki ölkənin
iş adamları Azərbaycan və Fransa iqtisadiyyatlarında
investisiya layihələrində iştirak edə bilər, birgə
layihələr reallaşdıra və regionun digər
bazarlarına birgə çıxa bilərlər. Qlobal
iqtisadi böhrandan sonrakı dövrdə Fransız iş
adamları xarici ölkələrə investisiya qoymağa elə
də meyilli deyillər və bu səbəbdən biz
fransız iş adamlarına öz texnologiyalarını və
"know how"larını Azərbaycana gətirərək,
Azərbaycanın yerli iş adamları ilə birgə layihələr
həyata keçirməyə təklif edirik. Təbii ki, Azərbaycanın
iqtisadi prioritetlərinə uyğun olaraq fransız iş
adamları özləri də belə layihələri
reallaşdıra bilər. Digər tərəfdən isə
Azərbaycanda sahibkarlığın sürətlə
inkişaf etdiyini və iş adamlarımızın xarici
ölkələrə investisiya qoyduqlarını nəzərə
alaraq Azərbaycan iş adamlarının da Fransa iqtisadiyyatına
investisiya qoymaları və Fransada biznes qurmaları iqtisadi əlaqələrimizin
inkişafına öz töhfəsini verə bilər. Bu il
biz Azərbaycan-Fransa İkitərəfli İqtisadi
Komissiyanın növbəti 6-cı iclasını keçirəcəyik
və bir neçə həftə bundan əvvəl Parisdə
Azərbaycan-Fransa Biznes Şurasının əsası qoyuldu.
Bu Şuranın məqsədi Azərbaycan və Fransa şirkətlərini
bir araya gətirərək onların biznes əməkdaşlığının
inkişaf etdirilməsindən ibarətdir. Cari ilin sentyabr
ayında qeyd etdiyim Biznes Şuranın ilk iclasının
Parisdə keçirilməsi və Azərbaycan-Fransa Biznes
Forumunun təşkil edilməsi nəzərdə tutulur.
Bununla yanaşı cari ilin 7 iyun tarixində iki ölkə
arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində
Parisdə hər iki ölkənin nazirləri və biznes
nümayəndələrinin iştirakı ilə ilk biznes dəyirmi
masa təşkil edildi. Bu yaxınlarda Mədəniyyət və
Turizm Nazirliyi ilə birgə fransız jurnalistlərinin Azərbaycana
press-turu da təşkil edilib və Fransa kütləvi
informasiya nümayəndələri Bakıda və
regionlarımızda Azərbaycanın turizm potensialı ilə
tanış olublar. Hökumətimizin regionların
sosial-iqtisadi inkişafı üzrə strategiyasına
uyğun olaraq səfirliyimiz Azərbaycanla Fransanın
regionları arasında iqtisadi əməkdaşlığın
inkişaf etdirilməsi təşəbbüsünü irəli
sürüb, bu istiqamətdə konkret addımlar
atmaqdadır.
- Ölkələr
arasındakı mədəni və humanitar sahədəki əməkdaşlıq
hansı səviyyədədir?
- Azərbaycanın
Fransadakı səfirliyinin əsas fəaliyyəti mədəniyyətimizin
müxtəlif tərəflərini keyfiyyətli təqdim etməyə
yönəlib. Heydər Əliyev Fondunun dəstəyi ilə
Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 20
illiyi münasibətilə cari ilin 17 fevral tarixində Parisdə
xalça sərgisi, konsert və milli mətbəxi
özündə əks etdirən geniş tədbir
keçirildi və ictimaiyyətdə geniş əks-səda
doğurdu. Aprel ayında Azərbaycan rəssamlarının əsərlərindən
ibarət “Azərbaycanın müasir incəsənət sərgisi”
təşkil edildi. Bu cür tədbirlərlə
yanaşı Fransanın müxtəlif mədəniyyət
ocaqları ilə əlaqələr genişləndirilib. Luvr
və Qime muzeylərinin direktorlarının Azərbaycana səfərləri
həyata keçirilib və üzümüzə gələn
illərdə həmin muzeylərdə Azərbaycana aid sərgilərin
təşkili planlaşdırılıb. Azərbaycan
hökuməti Fransada mədəni irsin qorunması layihələrinə
maliyyə yardımları ayırmaqla bu əməkdaşlığın
inkişaf etdirilməsinə təkan verir. Luvr Muzeyinin
“İslam incəsənəti bölməsi”nin bərpasına,
Strasburq şəhərinin Kafedralının şüşəbəndlərinin
və Versal sarayının həyətindəki mədəniyyət
obyektlərinin restavrasiya edilməsinə göstərilmiş
maliyyə yardımları bu qəbildən həyata
keçirilən tədbirlərdir.
Eyni zamanda Azərbaycan kinosunun inkişaf etdirilməsi
istiqamətində də Fransa tərəfi ilə müvafiq
danışıqlar aparılıb. Bu il məşhur Kann Film
Festivalı çərçivəsində ilk dəfə
olaraq Azərbaycan pavilyonu təşkil edildi və Fransanın
inkişaf etməkdə olan ölkələrdə kino sahəsinin
inkişaf etdirilməsinə yardım edən “Cənub fondu”
ilə görüşlər keçirildi. Fransa tərəfi
ilə “Azərbaycanfilm” kinostudiyasının müasirləşdirilməsi
layihəsi ətrafında hal-hazırda danışıqlar
davam etdirilir. Fransanın cənubunda yerləşən Ramatuel
şəhərində keçirilən klassik musiqi
festivalında bu yay Azərbaycan qonaq ölkə qismində dəvət
edildi və Heydər Əliyev Fondunun dəstəyi ilə həyata
keçirilmiş bu layihə çərçivəsində
Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri
böyük uğurla ölkəmizi təmsil etdi.
- Avropada Azərbaycanı
böyük enerji resurslarına malik ölkə kimi
tanıyırlar. Təmsil olunduğunuz ölkədə necə,
yalnız bunlarla məhdudlaşırlar, yoxsa Azərbaycan
iqtisadiyyatının digər sahələrinə də maraq
var?
- Məlum
olduğu kimi, Fransanın TOTAL şirkəti Azərbaycanın
enerji sahəsində artıq çoxdan təmsil olunur, “GDF
Suez” şirkətinin də ölkəmizdə bu sahədə
fəaliyyət göstərməyə ciddi niyyəti var.
Hazırda Azərbaycan iqtisadiyyatına maraq göstərən
fransız şirkətlərinin əksəriyyətini
qeyri-neft sektoruna aid etmək olar. Hazırda Azərbaycanda 40-dan
artıq fransız şirkəti qeydiyyatdan keçib,
bunların arasında tam fransız kapitalı ilə fəaliyyət
göstərən şirkətlər mövcuddur, birgə
müəssisələr və qərargahları Parisdə
olan fransız şirkətlərinin filialları var. Məsələn,
Fransanın CNIM şirkəti hazırda Azərbaycanda məişət
tullantıların idarə edilməsi layihəsində,
“Arianespace” şirkəti Azərbaycanın birinci peyk layihəsinin
reallaşdırılması prosesində, TALES şirkəti Gəncə
şəhərinin beynəlxalq hava limanının siqnalizasiya
sisteminin müasirləşməsində, ALSTOM şirkəti
Azərbaycanda müasir dəmiryolu infrastrukturu layihəsində
iştirak edir, SYSTRA şirkəti isə Bakı metropoliteninin
inkişafı layihəsi üzrə müvafiq beynəlxalq
konsorsiumun rəhbəridir. Biz bu şirkətlərlə milli
şirkətlərimizin Azərbaycanda birgə istehsal müəssisələri
yaratmasını və gələcəkdə istehsal etdikləri
əmtəə və xidmətləri digər qonşu
ölkələrə ixrac etməsini görmək istərdik.
Konkret sahələrə gəldikdə isə mən sənaye
sahəsində, o cümlədən maşınqayırma,
qatar lokomotivlərinin, metro vaqonlarının və ya
onların müxtəlif hissələrinin istehsalının
qurulmasında, qida məhsullarının istehsalı
üçün müasir istehsal obyektlərinin və kənd
təsərrüfatı komplekslərinin yaradılmasında,
şərabçılığın inkişafında,
alternativ enerji sahəsində layihələrin həyata
keçirilməsində, müasir turizm obyektlərinin
yaradılmasında, o cümlədən Azərbaycanda fəaliyyət
göstərən “Şərab” və “Alexandr Düma Qafqazda”
adlı mədəni-turizm marşrutları boyu və digər
regionlarda turizm-investisiya layihələrinin
reallaşdırılmasında, həmçinin informasiya və
kommunikasiya texnologiyaları sahəsində və perspektivli
sayılan digər xidmət sahələrinin inkişafında
fransız şirkətləri ilə əməkdaşlıq
üçün böyük imkanlar görürəm.
- Fransa erməni lobbisinin geniş fəaliyyət
göstərdiyi və dəstək aldığı ölkələrdəndir.
Belə bir ölkədə Azərbaycan və Dağlıq
Qarabağla bağlı gerçəklərin təbliği nə
qədər uğurlu aparılır? Bu sahədə hansı
addımlar uğurla nəticələnib?
- Həqiqətən
də bu gün Fransada nüfuzlu və yaxşı təşkilatlanmış,
eyni zamanda Fransada cəmiyyət həyatının ən
müxtəlif sahələrində ciddi təsir imkanlarına
malik təxminən 550 minlik erməni diasporu yaşayır. Təbii
ki, Ermənistan və Azərbaycan arasındakı
Dağlıq Qarabağ münaqişəsi onların öz səylərini
yönəltdikləri məsələlərin
sırasında əsas yerlərdən birini tutur. Fransada bərqərar
olmuş siyasi sistemin xüsusiyyətləri də bu və ya
digər məsələ üzrə ölkədəki qərar
qəbuletmə prosesinə ölkənin müxtəlif yerlərində
kompakt şəkildə yaşayan ermənilərin təsirinə
imkan verir. Bu xüsusda hazırda deputatları seçicilərin
rəylərindən birbaşa surətdə asılı olan
Fransa Milli Assambleyasında Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı məlumatlılıq
səviyyəsinin yüksəldilməsinə hələ də
ehtiyac duyulur ki, səfirlik olaraq bu istiqamətdə davamlı
surətdə iş aparmaqdayıq. Senatdakı vəziyyət
bir qədər daha qənaətbəxş hesab edilə bilər.
Həm Milli Assambleya, həm də Senat üzvləri ilə
apardığımız fəaliyyət çərçivəsində
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı gerçəklərin deputat və senatorlara
çatdırılması, bu yolla hər iki qurumda mövzu
üzrə ədalətli yanaşma və mövqeyə nail
olunması ən başlıca məqsədimizdir. Eyni zamanda
Fransada fəaliyyət göstərən “beyin mərkəzləri”ndə,
ali təhsil ocaqları və kütləvi informasiya vasitələrində
münaqişə ilə bağlı Azərbaycan tərəfinin
mövqeyinin açıqlanması, Ermənistan tərəfindən
Azərbaycana qarşı həyata keçirilmiş təcavüzün
nəticələri barədə məlumatın
yayılması, yerli erməni mənşəli təbliğat
maşınının səylərinin
qarşısının alınması, o cümlədən
Dağlıq Qarabağın Azərbaycanlı icmasının
münaqişənin birbaşa maraqlı tərəfi qismində
mövqeyinin fransız ictimaiyyətinə
çatdırılması istiqamətində müxtəlif
konkret tədbirlər keçirilib. Fransa hökumətinin
Dağlıq Qarabağ üzrə dəfələrlə bəyan
edilmiş mövqeyi isə birmənalıdır. O, Azərbaycanın
ərazi bütövlüyünü tanıyır və
sülh vasitəsilə münaqişənin beynəlxalq
hüquq prinsipləri əsasında həll edilməsinin birmənalı
tərəfdarıdır. Son bir neçə il ərzində
Fransa ATƏT-in Minsk qrupunun üç həmsədrindən
biri olaraq səfir Bernar Fasyenin simasında iki tərəf
arasında aparılan sülh prosesində xüsusi fəallıq
göstərir.
- Fransada
Azərbaycan diasporunun
təşkilatlanma səviyyəsi
necədir? Səfirliyin
diaspor təşkilatları
ilə əlaqələri
necə qurulur, təşkilatların işinə
necə töhfə verilir?
- Əvvəlcə, onu
qeyd edim ki, bu gün
Fransada yaşayan Azərbaycan mənşəli
şəxslərin sayı
çox deyil və bu məsələdə
rəhbər tutduğumuz
yanaşma həmin şəxslərin fransız
cəmiyyətinin tamhüquqlu
üzvü olmaqla iki xalqın daha da yaxınlaşmasına
töhfə verməsinə
çalışmaqdan ibarətdir. Bu baxımdan
Fransa və Azərbaycan arasındakı
dostluq və əməkdaşlıq əlaqələrində
körpü rolunu oynaya biləcək həmyerlilərimizin təşkilatlanması
və məqsədyönlü
fəaliyyət göstərməsində
səfirlik tərəfindən
lazımi səylər
göstərilir
Palitra.- 2011.- 9 sentyabr.- S. 7.