Bəşəriyyətin
sülh arzusu
Dünən Azərbaycanın insan
hüquqları üzrə müvəkkili (Ombudsman) və Azərbaycan
Sülh və İnkişaf Alyansının təşkilatçılığı
ilə 21 sentyabr - Beynəlxalq Sülh Gününə həsr
olunmuş dəyirmi masa keçirildi. Tədbirin
açılışında ombudsman Elmira Süleymanova,
BMT-nin Uşaq Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri
Mark Herevard, BMT-nin İctimai İnformasiya Departamentinin ölkəmizdəki
nümayəndəsi Envera Selimoviç Beynəlxalq Sülh
Gününün əhəmiyyətindən, tarixindən
danışaraq dünyada, o cümlədən regionumuzda
sülhün bərqərar olunmasının vacibliyini diqqətə
çatdırdılar.
Sülhün
bütün dünyada vacib amil olduğunu deyən ombudsman
bildirdi ki, 1948-ci ildə BMT-nin İnsan Hüquqları Bəyannaməsi,
1966-cı ildə isə 2 pakt qəbul olunub ki, bunların əsasında
da sülh ideyası durur. Qeyd edildi ki, dünyada sülhün
bərqərar olması istiqamətində çox
böyük fəaliyyətlər həyata keçirilsə də
hələdə insanların, o cümlədən
uşaqların hərbi təcavüzə, genosidə məruz
qalması faktları var. Bugünlərdə 10 illiyi qeyd edilən
11 sentyabr terror aktının bunun bariz nümunəsi
olduğunu deyən ombudsman bildirdi ki, belə əməllərin
qarşısının alınması vacib şərtdir.
Sülh olmadan insanlar öz hüquq və
azadlıqlarını reallaşdıra bilməzlər.
Davamlı inkişafa yönəlmiş Azərbaycanda isə
bütün millətlərin azad və bərabər şəkildə
yaşadığını bildirən E.Süleymanova qeyd etdi
ki, ölkəmizdə yaşayan millətlər bir-birlərinin
mədəniyyətindən, dəyərlərindən bəhrələnərək
daha da inkişaf edirlər. Bu həm də Azərbaycanda
tolerantlıq mühitinin mövcudluğunu bir daha sübut
edir. Tarixən insanlar əbədi
sülh sorağında olub, daim müharibəsiz,
münaqişəsiz, dinc və sakit həyat arzulayıblar.
Lakin müxtəlif maraqlar, sinfi, dini, milli və irqi mənafelər
müharibələri doğurub. Ombudsmanın sözlərinə
görə, torpaqlarının 20 faizi işğal olunmuş,
bir milyondan artıq qaçqın və məcburi
köçkünü olan ölkəmizdə sülh
mövzusu xüsusi əhəmiyyət kəsb edir. Qeyd edildi ki, Ermənistanın Azərbaycana
qarşı 20 ildən çoxdur davam edən təcavüzu
nəticəsində 10 minlərlə insan ermənilər tərəfindən
törədilən soyqırım
qırğınlarının və etnik təmizləmənin
qurbanı olub. Onun sözlərinə görə, atəşkəs
rejiminin elan olunmasına baxmayaraq, ermənilr tərəfindən
hər dəfə atəşkəs pozulur. Bununla
yanaşı, bir faktı bildirmək lazımdır ki, bu il
martın 8-də ermənilər tərəfindən
açılmış atəş zamanı 9 yaşlı
Fariz Bədəlovun dünyasını dəyişməsi,
Tovuzda 13 yaşlı Aygün Şahmaliyevanın faciəli
ölümü bir daha ermənilərin qəddarlığının
sübutudur. E.Süleymanova
vurğuladı ki, Ermənistanın isğalçılıq
siyasəti regionda sülhün bərqərar olmasına imkan
vermir. O, beynəlxalq təşkilatların bu istiqamətdə
zəruru tədbir görülməsi və Ermənistanın
işğalçılıq siyasətindən əl çəkməsi
barədə təsir göstərməsini vacibliyini
bildirdi.BMT-nin Uşaq Fondunu Azərbaycandakı nümayəndəsi
Mark Herevard bildirdi ki, 1981-ci ildən
BMT-nin qərarına əsasən 21 sentyabr tarixi bütün
dünya ölkələrində Beynəlxalq Sülh
Günü kimi qeyd olunur. BMT-nin baş katibi tərəfindən
sülh günü münasibətilə hökumətlər,
icmalar və fərdlər tərəfindən konkret tədbirlərin
görülməsi ilə bağlı dünya xalqlarına
müraciət edilir. Onun sözlərinə görə,
sülh dialoqu, sülh mədəniyyəti, mədəniyyətlərarası,
dinlərarası dialoq hazırda sülh və təhlükəsizliyə
təhlükə yaradan amilləri aradan qaldırmağa və
ən əsası, münaqişələrin həll edilməsinə,
sülh prosesinə dəstək verilməsinə
yardımçı olacaq. BMT-nin İctimai İnformasiya
Departamentinin Azərbaycandakı nümayəndəsi Envera
Selimovic isə çıxışında bildirdi ki,
bütün dünyada, xüsusuilə də müharibə
şəraitində yaşayan insanların ən böyük
arzusu sülh əldə etməsidir. Qeyd edildi ki, BMT
sülhün bərqərar olması üçün əlindən
gələni etsə də hələ ki, buna tam nail ola bilməyib.
Bunun üçün bütün ölkələr əlindən
gələni etməlidirlər.
Tədbirdə Beynəlxalq Sülh Günü ilə
bağlı BMT baş katibinin müraciəti səsləndirildi.
Burada qeyd edilir ki, hər il Beynəlxalq Sülh Günündə
bütün dünyada insanlar zorakılıq, eləcə də
xalqlar və millətlər arasında harmoniyanın əldə
olunması üçün mübarizə aparırlar:
“Sülh bizim missiyamızdır, gündəlik
axtarışlarımızın mövzusudur. Builki mövzu isə
diqqəti sülh və demokratiya məsələsinə cəlb
edir. Demokratiya BMT-nin ən əsas dəyəridir. Sülh
axtarışında olanlar, bu gün sizin
gününüzdür! Biz sizinləyik”. Bir sıra hökumət
qurumlarının nümayəndələri, Milli Məclisin
deputatları, QHT-lərin təmsilçiləri mövzu ilə
bağlı çıxışlar etdi, təklif və
tövsiyələrini irəli sürdülər.
Nigar
Palitra.- 2011.- 13 sentyabr.-S.8.