BSU Poltavada “Azərbaycanşünaslıq”
Tədris-Mədəniyyət Mərkəzi açdı
Ölkəmizin nüfuzlu ali təhsil
ocaqlarından biri kimi tanınan Bakı Slavyan Universitetinin
elmi, tədris və mədəni həyatı olduqca zəngindir.
Qeyd etmək istərdik ki, onun çoxşaxəli fəaliyyətində
əsas istiqamətlərdən biri də azərbaycanşünaslığın
dünyanın bir sıra xarici ölkələrinin
nüfruzlu təhsil ocaqlarında, tələbə gənclər
arasında tədrisi, təbliğı və tədqiqidir. Məhz
bu üç istiqamət universitetin fəaliyyətində əsas
yer tutur. Məlum məsələdir ki, universitetin Filologiya
fakültəsində filoloqlar, Tərcümə fakültəsində
tərcüməçilər hazırlanır.
BSU-nun
fəaliyyətini təzahür edən əsas istiqamətlərdən
biri də, xarici ölkə universitetlərində Azərbaycan
Mədəniyyət Mərkəzlərinin
açılması, onların uğurlu fəaliyyətinin
nizamlanması və təmin edilməsidir. Yeni tədris ilinin
başlanmasına az qalmış Ukraynanın Poltava
İqtisadiyyat və Ticarət Universitetində “Azərbaycanşünaslıq”
Tədris-Mədəniyyət Mərkəzinin
açılması BSU-nun fəaliyyətinə bir daha
güzgü tutur. Layihə cərcəvəsində bu məsələ
ilə bağlı universitetin tərbiyə işləri prorektoru Oktay Səmədovla
söhbətləşdik:
- Öncə əlamətdar
hadisə ilə bağlı sizi və bütün Azərbaycanı sevənləri təbrik
edirik. İstərdik ki,
söhbətimizin əvvəlində qəzetimizə bu mərkəzlər haqqında məlumat verəsiniz.
- Artıq bir neçə ildir ki, Rusiyanın nüfuzlu təhsil ocağı sayılan Moskva Dövlət Linqvistik Universitetində “Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi” fəaliyyət göstərir. Həmin mərkəzdə silsilə tədbirlər həyata keçirilir, Azərbaycan dili tədris olunur. Mərkəz 2009-cu ildə açılsa da Azərbaycan dili müstəqil dil kimi 2007-ci ildən tədris edilir. Burada Rusiyalı tələbələr Azərbaycan dili və ədəbiyyatı ilə bağlı məlumat əldə edə bilir. Bakı Slavyan Universitetinin dəstəyi ilə ötən ilin dekabrında Belarusun M. Tank adına Minsk Dövlət Pedaqoji Universitetində də Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb. Bu mərkəzdə də kifayət qədər tədris və bədii ədəbiyyat, fonoteka, filmoteka və digər əyani vəsaitlər yer alıb. Hazırda Belarus universitetində Azərbaycanşünaslığın tədrisi, Azərbaycan dili və ədəbiyyatının bir ixtisas kimi öyrənilməsi istiqamətində məsləhətləşmələr aparılır və inanırıq ki, tezliklə danışıqlarımız uğurlu nəticə verəcək.Nəhayət, məlum olduğu kimi, bu ay həmin istiqamətdə yeni bir addım da atıldı. Sentyabrın 8-də Ukraynanın Poltava İqtisadiyyat və Ticarət Universitetində “Azərbaycanşünaslıq” Tədris-Mədəniyyət Mərkəzinin açılışı oldu. Xatırlatmaq istərdim ki, bu universitetdə dünyanın müxtəlif ölkələrindən 17 mindən artıq tələbə təhsil alır və kifayət qədər nüfuzlu ali təhsil müəssisəsidir. Açılış mərasimi olduqca maraqlı keçdi. İstərdim bu mərasim haqqında ətraflı məlumat verim. Poltavaya Bakı Slavyan Universitetinin beş nəfərdən ibarət nümayəndə heyəti yola düşmüşdü. Onlar arasında üç prorektor, bir şöbə müdiri və bir dosent var idi. 7-10 sentyabr tarixlərini əhatə edən səfər proqramı çox zəngin oldu. Sentyabrın 8-də PİTU-nun rektoru prof. A.A.Nestulya ilə görüş keçirildi və burada BSU təmsilçiləri açılış mərasiminin proqramı ilə tanış edilərək, mərkəzin gələcək fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparıldı. Bir faktı qeyd etmək yerinə düşərdi ki, mərkəz çox geniş otaqla təmin edilib və bütün lazımi maddi-texniki təchizatla təmin edilib. Nəzərə almaq lazımdır ki, PİTU iqtisadiyyat və ticarət təmayüllü ali-təhsil müəssisəsidir və burada xeyli sayda Azərbaycanın sosial və iqtisadi durumunu əks etdirən məlumatlar və eksponatlar var. Biz BSU-nun adından mərkəzə müxtəlif ədəbiyyatlar, audio-video vasitələr, müxtəlif növ lüğətlər hədiyyə etdik.Açılış tədbirində universitetimizin nümayəndə heyəti ilə yanaşı Azərbaycanın Ukraynadakı səfirliyinin katibi Fərid Babayev, Poltava Vilayəti Dövlət Administrasiyası rəhbərinin müavini V.V. Zamikula, Poltava Vilayət Şurası sədrinin müavini V.A.Marçenko, yerli icra hakimiyyəti başçısının humanitar işlər üzrə müavini S.K.Poroxnya, PİTU-nun Tələbə və Aspirantlar Şurasının sədri M.Smetanina da iştirak edirdi. Biz ordakı qonaqlarla birlikdə mərkəzlə tanış olduq. Daha sonra isə rəsmi açılışı barədə ikitərəfli müqavilə imzalandı. Xatırladaq ki, BSU-nun dosenti Y.K.Alxasov mərkəzin müdiri vəzifəsinə təyin edilib və bu barədə hörmətli rektorumuz, professor kamal Abdulla tərəfindən imzalanmış əmri mərasim iştirakçılarının nəzərinə çatdırdıq.Açılış mərasimindən sonra PİTU-nun 500 nəfərlik Akt zalında yığıncaq keçirildi. Tədbirdə universitetin professor-müəllim və tələbə heyəti, vilayət administrasiyası və yerli icra hakimiyyəti nümayəndələri, Azərbaycanın Ukraynadakı səfirliyi əməkdaşları və KİV nümayəndələri iştirak edirdi. Tədbirin ardınca konsert proqramı oldu. Maraqlısı ondadır ki, məhz bu konsert proqramını ilk dəfə PİTU-da dil təcrübəsi keçən BSU-nun tələbələri hazırlamişdılar. Təqdirəlayiq hal olaraq deməliyəm ki, həm Azərbaycanın, həm də Ukraynanın dövlət himnlərini də məhz bu ölkədə təcrübə keçən tələbələrimiz səsləndirdilər. PİTU-nun akt zalında keçirilən mərasimdə çıxış edən universitetin rektoru professor A. A. Nestulya belə mərkəzin yaradılmasında göstərdiyi hərtərəfli dəstəyə görə hörmətli rektorumuz, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Kamal Abdullaya minnətdarlığını çatdırmağınızı xahiş etdi. Cənab rektor da öz çıxışında etiraf etdi ki, «Azərbaycanşünaslıq Tədris-Mədəniyyət Mərkəzi»nin açılışı universitetin həyatında ən əlamətdar hadisələrdən biri kimi qiymətləndirilməlidir. Sonra isə Azərbaycandan təşrif buyurmuş nümayəndə heyətinə söz verildi və mən tədbir iştirakçılarına BSU-nun rektoru, hörmətli K. M. Abdullayevin təbrik məktubunun mətni ilə tədbir iştirakçılarını tanış edərək, onun hədiyyəsini PİTU-nun rektoruna təqdim etdim.Mərasimin gedişatında digər qonaqlar çıxış edərək öz təəssüratlarını bölüşdülər. Maraqlıdır ki, Poltava Vilayəti Dövlət Administrasiyası rəhbərinin müavini V. V. Zamikula PİTU-nun rektorunu “xoşbəxt rektor” kimi qələmə verdi: “Çünki, o, il ərzində artıq yeni ili Novruz bayramı da əlavə olunmaqla dörd dəfə qeyd edəcək.”PİTU-nun (www.pusku.edu.ua) və Ukraynanın Elm və Təhsil Nazirliyinin rəsmi saytında (www.mon.gov.ua) bu barədə ətraflı məlumat verilib. Bu isə təbii ki, mərkəzin əhəmiyyətinin göstəricisidir. Poltavada olduğumuz müddətdə Ukraynanın bir çox KİV-lərinə, o cümlədən “Lutava” və “İRT” kanallarına müsahibələr verdik.
- Ümumiyyətlə, bu mərkəzlərin
fəaliyyəti nədən ibarətdir?
- Qarşıda hər üç mərkəzi qızğın fəaliyyət gözləyir. Sözsüz ki, onların fəaliyyəti universitetimizin “Azərbaycanşünaslıq” Tədris Mədəniyyət Mərkəzi tərəfindən koordinasiya ediləcək və həmin mədəniyyət ocaqları xüsusi iş planına əsasən fəaliyyət göstərəcək. Bu iş planına ölkəmizdə qeyd edilən əlamətdar bayramlar, respublikamızın siyası və ictimai həyatındakı hadisələr haqqında məlumatlar daxildir. Mərkəzlərin fəaliyyəti hər iki universitetin saytında öz əksini tapacaq və bu fəaliyyəti həmin veb adreslərdən də izləmək olar. Düşünürük ki, bu mərkəzlər vasitəsi ilə tələbə və müəllim mübadiləsinə, ixtisasartırma kurslarının başlanmasına, “Azərbaycan dili bazar gunu məktəbi”nin təşkilinə, eyni zamanda danışıq dili üzrə hazırlıq kurslarının keçirilməsinə nail olacağıq.İlk olaraq onu qeyd etmək istərdim ki, xarici ölkələrin ali təhsil müəssisələrində belə mərkəzlərin açılışı hörmətli rektorumuz Kamal Abdullanın təşəbbüsü, onun birbaşa bu proseslərə müdaxiləsi ilə həyata keçirilir. Məncə bundan yaxşı, bundan uğurlu heç nə ola bilməz.
Anar
Palitra.- 2011.- 14 sentyabr.- S. 6.