Bakıda beynəlxalq səhiyyə sərgisi başlayıb

 

“Baku Expo” sərgi mərkəzində XVII Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi (“BIHE-2011”) işə başlayıb. Sərginin təşkilatçısı rolunda Britaniyanın «ITE Group»un Qafqazdakı eksklüziv tərəfdaşı olan «Iteca Caspian» şirkəti çıxış edir. 

 

Sərginin açılış mərasimində çıxış edən Azərbaycan Sahibkarlar Konfederasiyasının baş katibi Məmmədəli Əfəndiyev bildirdi ki, səhiyyə bir çox sahələri əhatə edir ki, ənənəvi olaraq ölkəmizdə keçirilən səhiyyə sərgisində də bu öz əksinin tapır. Bir çox xarici şirkətlərin iştirakı ilə keçirilən bu sərginin müvəffəqiyyətinə inandığını deyən M.Əfəndiyev bildirdi ki, dinamik inkişaf edən ölkəmizə yeni texnologiyalar gətirilməsi və onların tətbiqi arzuolunan bir haldır: “Sərginin mühüm amillərindən biri də odur ki, burada tərəfdaşlar toplanır. Biz daim sahibkarların yanındayıq”.Son illərdə ölkədə keçirilən islahatların səhiyyə və stomatologiyaya da öz təsirini göstərdiyini deyən Azərbaycan Stomatoloji Assosiasiyasının prezidenti Rəna Əliyeva çıxışında bildirdi ki, bunun bariz nümunəsidir ki, bu gün ölkədə 6-cı Beynəlxalq Stomatologiya və 5-ci Gözəllik və Estetik Sərgisi keçirilir. Hər il bu sərgiyə gələnlərin sayı ildən-ilə artır. Bu sərgidə ən yeni avadanlıqlarla tanış olmaq imkanı əldə edilir. Azərbaycanın yüksək templə inkişaf etdiyini deyən “İteca Caspian” şirkətinin direktoru Fərid Məmməov isə bildirdi ki, builki sərgidə 13 faiz artım olub: “Sərgiyə dəstək göstərənlərə öz təşəkkürümü bildirirəm. Bu sərgi həm də ona görə aktualdır ki, bugünlərdə Bakıda ÜST-nin Avropa Regional Təşkilatının 61-ci  sessiyası keçirilir və həmin tədbirin iştirakçıları da bu sərginin ziyarətçiləri olacaqlar”. Səhiyyə Nazirliyi və Azərbaycan Stomatoloji Assosiasiyasının dəstəyi ilə keçirilən sərgiyə 13 ölkədən, o cümlədən Azərbaycan, Almaniya, Qazaxıstan, Latviya, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrdən 100-dən çox şirkət qatılıb. «BIHE-2011» sərgisində geniş çeşiddə tibbi məhsul və xidmətlər, o cümlədən tibbi və laboratoriya avadanlıqları, əczaçılıq məmulatları, istehlak materialları, gigiyena vasitələri və digər məhsullar təqdim olunub.«BIHE-2011» sərgisi ilə eyni vaxtda VI Azərbaycan Beynəlxalq Stomatologiya Sərgisi keçirilir. Sərgidə stomatoloji avadanlıqlar, istehlak malları və digər məhsullar təqdim olunub. Sərgi çərçivəsində stomatologiya sahəsinin yenilikləri, o cümlədən alman istehsalı olan 3D topoqraf nümayiş etdirilir.Həmçinin paralel olaraq “Baku Expo” sərgi mərkəzində “Beauty Azerbaijan-2011” Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb Sərgisi təşkil olunub. Bu il öz ekspozisiyasını xeyli genişləndirən sərgidə Azərbaycan, Almaniya, Kanada, Çin, Rusiya, Türkiyə və digər ölkələrdən şirkətlər iştirak edir. Sərgidə peşəkar kosmetika və sağlamlıq vasitələri, eləcə də bu sahədə müasir texnologiyalar nümayiş etdirilir. 

 

Azərbaycan Stomatoloji Assosiasiyasının prezidenti: “Bəzi stomatoloji klinikalar Hepatit xəstəliyinin yayılmasına səbəb olur” 

 

Jurnalistlərə açıqlamasında bir sıra məsələlərə aydınlıq gətirən Azərbaycan Stomatologiya Assosiasiyasının (ASA) prezidenti Rəna Əliyeva bildirdi ki, dünyada stomatologiya səhiyyənin ən çevik bir hissəsidir: “Ümumiyyətlə, stomatologiyada yeniliklər son 30 ildə çox tez-tez təqdim olunur. Buna görə də həkimlər bir çox sərgilərdə iştirak etməli olurlar. Məsələn, hazırda Bakıda keçirilən sərgidə müşahidə edilən texniki avadanlıqlardan biri Azərbaycan üçün bir yenilikdir”.Ümumiyyətlə, bu gün ölkədə mövcud ağız boşluğu xəstəliklərinə gəldikdə isə R.Əliyeva bildirdi ki, bu, dünya miqyası çərçivəsində gedir: “Bu xəstəliklər bir neçə amillə əlaqədardır. İlk növbədə ağız boşluğunun gigiyenik vəziyyəti, rasional qidalanma və stomatoloji xidmətin səviyyəsindən asılıdır. Yəni burada həm individual, həm də tibbi vasitələrlə bağlı səbəblər var. Bu istiqamətdə ASA bir sıra işlər aparıb. Artıq 10 ildir ki, Bakıda və digər 5 şəhərdə ağız boşluğuna qulluğa dair proqram həyata keçirmişik. İnanıram ki, sanitar maariflənmə böyük nəticə verir. Ağış boşluğunda bütün dünyada olduğu kimi, Azərbaycanda da ən çox yayılan kariyes və onun fəsadlarıdır. Bir də paradont toxumasının xəstəlikləri və diş-çənə anomaliyalarıdır”. Tibbi xidmətə gəldikdə isə ASA rəhbəri deyir ki, uşaqlara bütün tibbi yardım pulsuzdur. Böyüklərə isə şəhər poliklinikalarında təqdim olunan stomatoloji xidmət, dövlət xəstəxanalarında bütün əməliyyatlar pulsuzdur. Ölkədəki stomatoloji klinikaların fəaliyyəti ilə bağlı mövcud vəziyyətlə bağlı R.Əliyeva bildirdi ki, stamotoloji kabinetlə klinikanın fəaliyyəti qarışdırlmamalıdır: “Azərbaycanda bəzi stomatoloji klinikalar Hepatit və digər yoluxucu xəstəliklərin yayılmasına səbəb olur. Paytaxtda və regionlarda standartlara cavab verməyən klinikalar açılır ki, bunun da fəsadları ağır olur.Stomatoloji klinikaların açılması və fəaliyyət göstərməsi, ağız boşluğuna qulluqla bağlı dünyada qəbul olunmuş normalar və qətnamələr var. İşlər də gərək həmin normalara uyğun aparılsın. Burada pasiyentlərin maarifləndirilməsi də vacib amildir. Pasiyentlər hər hansı bir klinikaya gedərkən həmin klinikanın sertifikatının olması, klinikanın işinin standartlara uyğun şəkildə qurulması ilə maraqlanmalıdırlar”. Əliyeva ümid etdiyini bildirib ki, aidiyyəti qurumlar bu məsələyə ciddi yanaşacaqlar. Onu da qeyd edək ki, bu gün Avropanın ən iri və nüfuzlu klinikalarından biri -Frayburq Şəhər Universitet Klinikasında profilaktika, diaqnostika və müalicə imkanlarına həsr edilən “Almaniyada müalicə” adlı seminar keçiriləcək. Sərgi ayın 15-də başa çatacaq.  

 

 

Nigar

 

Palitra.- 2011.- 14 sentyabr.- S.10.