“Təəssüf ki, pedaqoji sahədə fəaliyyət göstərənlərin bəziləri çoxu hələ də zamanla ayaqlaşa bilmir”

 

Azərbaycanın dövlət siyasətində təhsil demək olar ki, prioritet məsələlərdəndir. Təhsil məsələlərinə ayrılan büdcə xərcləri ildən-ilə artmaqdadır. Həm orta məktəblər üçün binalar, həm ali məktəblərdə yeni korpuslar tikilir, avadanlıq alınır. Ölkə başçısı da bildirib ki, təhsil hər bir ölkənin gələcəyini müəyyən edir: “Biz bu məsələyə məhz ona görə diqqət göstəririk ki, istəyirik gənc nəsil bilikli olsun, savadlı olsun və Azərbaycanın uzunmüddətli inkişafını təmin etsin”. Layihə çərçivəsində müsahibimiz Azərbaycan Turizm İnstitutunun müəllimi, psixologiya üzrə fəlsəfə doktoru, psixoloq Vasif Muradzadədir: 

 

- Son zamanlar dünyanın hər bir ölkəsində olduğu kimi, Azərbaycanda da təhsil ümumbəşəri dəyərlər kəsb etməyə başlayıb. Belə ki, mədəniyyətin hər sahəsində qloballaşma getdiyi kimi, bu qloballaşma təhsildən də kənarda qalmayıb. Bu mənada Azərbaycanın təhsil sistemində müəyyən dəyişikliklər, irəliləyişlər özünü göstərir. Təhsilin ilk pilləsindən, yəni məktəbəqədər təhsil müəssisəsindən başlayaraq orta məktəblərdə, ali təhsil müəssisələrində də təhsilin səviyyəsinin artması, təhsil-tərbiyənin günün tələblərinə cavab verməsi üçün müəyyən addımlar atılır. Bu sahədə pedaqoqların, psixoloqların rolunu xüsusi qiymətləndirmək lazımdır. Orta məktəblərdə müəyyən dəyişikliklər olub ki, son zamanlar artıq verilən biliyin qiymətləndirilməsi test yolu ilə aparılır. Əgər əvvəllər məzunlara sonuncu imtahandan sonra kamal attestatı verilirdisə, indi bu, test yolu ilə aparılır. Ali məktəblərə gəldikdə isə TQDK tərəfindən uğurlu iş aparılır, test üsulu ilə imtahanların keçirilməsi son zamanlar gənclərin oxumağa olan meylinin daha da artmasına gətirib çıxarır. Hətta ali məktəblərə daxil olan abituriyentlərin bilik səviyyəsi, sonra isə onların oradakı təhsilinin göstəriciləri buna əsas verir. Əgər əvvəllər kütləvi şəkildə ali məktəbləri bitirmək tendensiyası var idisə, yəni bütün tələbələr məktəbi “uğurla başa vurub, diplom ala bilirdisə”, indi artıq tələbələr testlə imtahan verdiklərindən onların bir qismi büdrəyir, dövlət imtahanları ərəfəsində müəyyən çətinliklərlə üzləşirlər. Eyni zamanda ali məktəblərin özləri artıq təhsil problemləri ilə rastlaşdığından və dünya təhsilinə inteqrasiya etmək üçün Azərbaycanda son zamanlar Bolonya sisteminə keçid öz əksini tapıb. Bu təhsil sistemində də tələbələrə sərbəstlik verilib ki, mən bunu bir pedaqoq kimi yüksək qiymətləndirirəm. Bolonya sistemində tələbələr öz bilik və bacarıqlarını inkişaf etdirməklə bərabər həm də qabiliyyətlərini nümayiş etdirə bilirlər. Bəzi ali məktəblərdə tələbələr biliklərini müəyyən səbəblərdən nümayiş etdirə, hansısa bir fənni yaxşı mənimsəyə bilmirsə, imtahandan kəsilər, kursda qalar. Bolonya sistemində isə bunun üçün yaxşı imkanlar açılıb ki, həmin tələbə növbəti kursda bu fənni yenidən mənimsəyə və yenidən imtahan verib təhsilini davam etdirə bilər. Bundan başqa əgər əvvəllər, sovet dövründə məktəbə dövlət, cəmiyyət tərəfindən sosial sifariş verilirdisə, hər şeyə uğurla cavab verən insanlar yetişdirmək tələbi qoyulurdusa, indi artıq Azərbaycan dövlətinin qarşısında başqa tələblər qoyulur: “Mənə orta məktəblərdə pedaqoji təfəkkürə, yüksək inkişaf etmiş səviyyəyə, dərk edə bilmək bacarığına malik olan elmi dünyagörüşlü şəxsiyyətlər yetişdir”. Bu mənada həm orta məktəblərdə pedaqoqların dərs demək üsulları, metodikaları dəyişib, həmçinin ali təhsil müəssisələrində müəllimlərin, bütün pedaqoji heyətin iş üsulunda dəyişikliklər özünü göstərir. Bu gün müasir təhsilin tətbiqi istiqamətində dövlət səviyyəsində addımlar atılır. Məsələn, bu sahədə orta məktəblərdə tətbiq olunan “Xalq kompyuteri” layihəsini mən uğurlu addım kimi qiymətləndirirəm. Onu da qeyd edim ki, ölkədə müəllimlər sosial cəhətdən inkişaf etsə də, maddi cəhətdən problemlər var. Bununla yanaşı müəllimlərə “Xalq kompyuteri”nin faizsiz kreditlə verilməsi onların pedaqoji ustalığının artırılmasına imkan verir. Dünyada hazırda elektron hesablama maşınlarından, kompyuterlərdən geniş istifadə olunur. Artıq müəllim də internet vasitəsilə dünyada çıxan bütün yeniliklərdən xəbərdar olmalıdır. Mən də adıçəkilən layihədən bəhrələnmişəm. Beləliklə, təhsil sistemində müxtəlif islahatlar aparılır, layihələr irəli sürülür. Son zamanlar nəhayət ki süzgəcdən keçirildikdən sonra “Təhsil qanunu” həllini tapdı. Bu artıq pedaqoji sahədə fəaliyyət göstərənlər, təhsil sistemində xidmət göstərənlər üçün mayak rolunu oynamağa başlayıb.

 

- Təhsilin inkişafı ilə yanaşı hansı mövcud problemləri göstərə bilərsiniz?

- Hazırda təhsildə inkişaf var, təəssüf ki, pedaqoji sahədə fəaliyyət göstərənlərin bəziləri çoxu hələ də zamanla ayaqlaşa bilmir. Müəllimlər öz üzərlərində çalışmalıdırlar, pedaqoqun nüfuzu, səriştəsi, pedaqoji ustalığı, qabiliyyəti nə qədər yüksək səviyyədə olarsa, onun yetişdirdiyi, öyrətdiyi şagirdlər, tələbələrin bilik səviyyəsi də yüksək olar. Müəllim təhsil sistemində aparıcı qüvvədir. Əgər müəllim nümunə ola bilirsə, onu dinləyən şagirdin, tələbənin hörmətini qazanmış olur. Məsələn, biz orta məktəb dövründə hansısa müəllimi özümüz üçün prioritet seçmişdik, bir müəllimi nüfuzlu bir şəxsiyyət kimi beynimizdə canlandırıb gələcək həyatda həmin müəllimə oxşamağa çalışırdıq. Müəllim daim maddi baxımdan imkanlı şəxs olmasa da, maraqlı faktdır ki, orta məktəbdə şagirdlərin böyük bir qismi hansısa müəllimə oxsamaq istədiyini söyləyir. Demək, müəllim aparıcı qüvvədir. Ancaq bu gün müəllimlərin bir qismində bu sahədə öz üzərində işləmək azdır. Pedaqoji ustalığı inkişaf etdirmək lazımdır. Digər bir fakt kimi onu qeyd etmək istərdim ki, hazırda orta məktəblərdə repetitorluq baş alıb gedir. Bu zaman sual meydana çıxır ki, repetitor nə zaman lazımdır? Repetitor o zaman lazımdır ki, şagird yaxşı mənimsəyə bilməyib yüksək səviyyədə mənimsəmək istəyir. Yaxşı mənimsəməməyim səbəbinə gəldikdə isə müəllim yaxşı dərs keçməyib, yaxşı öyrədə bilməyib. Bu da pedaqogikanın qanunlarının pozulmasına gətirib çıxarır. Tələblərdə vahidlik prinsipinə əməl olunmadığından müəllimlərin böyük bir qismi 45 dəqiqə ərzində dərs öyrətməkdənsə birtəhər yola verib dərsdən sonra əlavə şagird hazırlığına davam edir. Onu da qeyd edim ki, son zamanlar TN tərəfindən proqramlarda yaxşı mənada dəyişiklik aparılıb. Ancaq şagirdlərin yaxşı mənimsəməməsinə gəldikdə isə proqramlara uyğun yazılmış dərslikləri şagirdlərə çatdıran vasitələr və o vasitələri həyata keçirən müəllimlər günahkardır. Müəllimlərin yüksək keyfiyyətli olmamasının səbəbləri başqa yerlərə gedib çıxır.

- Bu gün ölkədə psixologiyanın inkişafını necə qiymətləndirirsiniz?

- Azərbaycanda psixologiya elmi qədimdən inkişaf edib. Mənim müəllimlərimin kitablarında da göstərilir ki, psixologiya elmi Avropa ölkələrində yaransa da, Rusiyaya, oradan da Azərbaycana keçib. Amma təəssüflər olsun ki, psixologiya sahəsində biliklərimiz azdır. XII əsrdə N.Gəncəvi kimi dahiləri bəxş edən Azərbaycan psixologiyanın məkanı deyildimi? N.Gəncəvi yaradıcılığında bütün qaynaqlar gedib psixologiyaya gedib çıxır. Məsələn, “Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da”. Bundan başqa bir misal da göstərmək olar: “Uzunun ağlı dabanında olar”. Azərbaycanda psixologiya son zamanlar yüksək inkişaf edir. Sovet dövründə müəyyən məhdudiyyətlər vardı və psixologiya sahəsində alimlərin yetişdirilməsinə imkan yox idi.  Müasir dövrdə psixologiyanın aparıcı mütəxəssisləri olan Ə.Əlizadə, C.Təhmasib, R.İbrahimbəyova və bir sıra alimlərin köməyilə 90-cı illərdə BDU-nun nəzdində praktik psixoloq kursları yaradıldı. Həmin kurslar məktəblərə psixoloq göndərirdi. Bu, Azərbaycanda psixologiyanın inkişafına kömək edən bir addım oldu. Orta məktəblərdə sırf praktik formada fəaliyyətə başlanılıb. Beləliklə, məktəblərdə psixoloji xidmət təhsilin keyfiyyətinə təsir etməlidir. Burada da bir sıra çatışmazlıqlar var. Psixoloqların peşəkar olmaları psixologiyanın inkişafına kömək edərdi. Son vaxtlar bakalavriat təhsili alan tələbələrin magistraturaya qəbulu zamanı artıq psixoloji məqamlara toxunulur, TN-in, TQDK-nın xətti ilə ali məktəblərə qəbul testlərinin hazırlanmasında sırf psixoloqlar iştirak edir. Deməli, məntiqi məsələlərin həlli psixoloji baxımdan araşdırılır. Bundan başqa son illərdə BDU, ADPU, AMİ və bir sıra yerlərdəki filiallarda psixologiya fakültəsi fəaliyyət göstərir. Bunlar gələcəkdə ölkədə psixologiyanın inkişafına təkan verən amillərdir. Bundan başqa son vaxtlar KİV-lərdə psixoloqların çıxışları yer alır. Eləcə də məktəbəqədər təhsil müəssisələrində psixoloji yardım göstərilir.

- Xarici ölkələrin bir çoxunda psixoloqlara daha çox müraciət olunduğu halda bizdə bu istiqamətdə fəallıq nəzərə çatmır. Bunu nə ilə izah edərdiniz? 

- Psixologiya ölkəmizdə qədimdən olsa da, elm kimi XX əsrin əvvəllərindən rus psixoloqlarının köməyilə formalaşıb və tədris olunmağa başlanılıb. Ölkəmizdəki Ə.Əlizadə, Ə.Bayramov, B.Əliyev, S.Seyidov kimi psixoloqların hamısı Rusiya psixologiyasından bəhrələniblər. Hətta psixoloqların inkişafı Gürcüstanda bizdən üstün idi. Ancaq indi biz onlara çatmaq ərəfəsindəyik. Ölkəmizdə bu sahə yenidir və sosial psixologiyanın inkişafı müəyyən qədər büdrəyir. Son vaxtlar müəyyən qədər inkişaf edib. İnkişaf etmiş Avropa ölkələrində psixoloqlara daha çox ehtiyac duyulur. Bizdə də ehtiyac duyulsa da, psixoloji biliyin aşağı olmasından bu ehtiyacı ödəyə bilmirik. Hələ bu sahədə çox addımlar atılmalıdır. Bu gün KİV-in də bundan istifadə etməsi çox müsbət haldır və xalq kütləsi də bunu anlaya biləcək. İnkişaf etmiş ölkələrin əksəriyyətində psixoloq mühüm rol oynayır. Hər ailənin öz psixoloqu var, amma bizdə bu fərqlidir. Həm bizdə o sayda psixoloq ordusu yoxdur, həm də psixologiyanı dərk etmədiyimizdən onların yardımına az müraciət edirlər. Amma son zamanlar ailələrdə, təhsil müəssisələrində, kollektivlərdə psixoloqlara müraciət edirlər. Gender məsələlərində psixoloq mühüm rol oynayır. İndi ailə sağlamlıq mərkəzlərində, tibbi müəssisələrdə psixoloqlar fəaliyyət göstərir, demoqrafik problemlərin içərisində psixologiya mühüm yer tutur və insanlar da müraciət edirlər. Amma fakt budur ki, bizdə psixoloqu o qədər də yaxşı tanımırlar, halbuki müraciət edənlərin böyük bir qismi ondan bəhrələnirlər. Bu, çox faydalı və lazımlıdır. Şəxsən mənə də müraciət edənlərin sayı gündən-günə artır. İndi psxologiya sahəsində müdafiə edənlərin sayı getdikcə artır. Demək, yaxın zamanlarda psixologiya sahəsində uğurlar qazanılacaq.  Ölkədə artıq psixoloji xidmətin əsasları yaranıb.

 

 

Nigar

 

Palitra.- 2011.- 11 yanvar.- S. 7.