“Təəssüflər olsun ki, Azərbaycanda
Heydər Əliyev Fondundan başqa heç bir fond təhsilə
kapital qoyuluşu ilə məşğul olmur”
Bu
gün təhsil sahəsi dövlətin daim diqqətində
saxladığı ən mühüm sahələrdən
biridir. Bu istiqamətdə
aparılan işlər də bunu sübut edir. Təhsildə
yeniliklər baş verməkdədir. Təhsil sahəsində
baş verən proseslər və mövcud problemlərlə
bağlı müsahibimiz Azərbaycan Universitetinin elmi işlər
üzrə prorektoru, tarix elmləri doktoru, Azərbaycan
Universitetinin İctimai elmlər kafedrasının müdiri,
professor Xaləddin İbrahimlidir.
- Xaləddin
müəllim, bugünkü təhsil prosesini necə qiymətləndirirsiniz?
- Bu gün təhsil sahəsi Azərbaycan
dövləti üçün prioritet bir sahədir. Bunu elə
büdcədən təhsilə ayrılan xərclərə
baxan zaman hiss etmək olur. Bundan başqa dövlət tərəfindən
həyata keçirilən islahatlar və xüsusilə də
təhsil sahəsində həyata keçirilən dövlət
proqramları və bununla yanaşı elm sahəsində
islahatlar proqramından dövlətin təhsildə islahatlara,
Qərb standartlarının tətbiqinə diqqət yetirdiyini
görmək olar. Amma islahatların gedişində müəyyən
problemlər var. Mövcud olan bəzi problemlər
özünün optimal həllini tapmayıb. Məsələn,
Azərbaycan ali təhsilinin Bolonya Bəyannaməsinin müddəaları
əsasında fəaliyyətində müəyyən
çatışmazlıqlar var. Hesab edirəm ki, bütün
bunlar bir-bir deyilməlidir. Mən çatışmazlıq
deyəndə müəyyən ləngimələri nəzərdə
tuturam. Təəssüflər olsun ki, Azərbaycan hələ
müəllim və tələbə mübadiləsi prosesinə
qoşula bilməyib. Düzdür, bu çətindir və
ciddi hazırlıq prosesi tələb edir. Amma, onu da bildirmək
lazımdır ki, müəllim, tələbə mübadiləsi
Bolonya prosesinin əzalarından biridir. Əgər bu həyata
keçirilməsə, Bolonya prosesinin Azərbaycan
üçün pozitiv təsiri, bir önəmi olmur. Digər
bir məsələ, kredit, çoxballı qiymətləndirmə
sisteminin tətbiqidir. Burada bir sıra məsələlər
var ki, bunlar da standart şəkildə ali məktəblərə
təqdim olunur. Bir sıra məsələlər var ki, bu məsələlərdə
ali məktəblərə avtonomiya verilir. Qeyd etmək
lazımdır ki, elə proseslər var ki, onları standartlaşdırmaq
düzgün deyil və onları standart şəkildə ali
məktəblərə təqdim etmək düzgün olmaz.
Elə məsələlər də var ki, o, avtonom qaydada yox,
dövlət standartı şəklində ali məktəblərə
təqdim olunmalıdır. Problemlərdən danışarkən
məsələn, keçid balı məsələsinə diqqət
yetirmək olar. Standartda göstərilir ki, ali məktəblər
üçün keçid balı hamısı
üçün tutaq ki, 51 və yaxud da 61-dir. Mən hesab edirəm
ki, bunu ali məktəbin özü müəyyənləşdirməlidir.
Ali məktəb keçid balını təhsilin, tələbələrin
və müəllim heyətinin səviyyəsinə uyğun
olaraq özü müəyyənləşdirməlidir. Eyni
zamanda akkreditasiya, ali məktəblərin qiymətləndirilməsi
məsələsinə də toxunmaq olar. Ali məktəblərin
qiymətləndirilməsi kriteriyaları hələ də bəlli
deyil. Dünyada bəlli kriteriyalar var. Azərbaycan ali təhsili
hansı akkreditasiya kriteriyaları ilə akkreditasiya olunur və
yaxud da olunmalıdır. Bu barədə standart hazırlamaq
lazımdır. Hesab edirəm ki, bununla bağlı dövlət
standartı hazırlanmalıdır ki, onun da əsasında Azərbaycan
təhsil qurumlarını yoxlayan dövlət strukturu fəaliyyət
göstərsin.
-Azərbaycanda
özəl təhsil müəssisələrinə əvvəlki
münasibətlə indiki arasında hansı fərq var?
- Əvvəl
münasibət yaxşı deyildi. Özəl təhsil müəssisələrinə
ikinci növ təhsil müəsissələri kimi
baxılırdı. Bunun da şübhəsiz ki, obyektiv və
subyektiv səbəbləri var idi.
Elə özəl ali müəssisələr var idi ki,
onlar ali təhsil müəssisəsi adına ləkə idi.
Ona elə o cür də baxmaq lazımdır. Amma bir sıra
özəl ali təhsil müəssisələri var ki, onlara
ögey gözü ilə baxmaq ədalətsizlikdir. Mən
hesab edirəm ki, bu, son illər aradan qaldırıldı.
Adambaşına maliyyələşmə məsələsinin
dövlət təhsil siyasətində tətbiqi göstərdi
ki, dövlət ali təhsil müəssisələri ilə
özəl ali təhsil müəssisələri arasında
artıq heç bir fərq, heç bir ayrı-seçkilik
yoxdur. Belə ki, ötən il Prezidentin adambaşına maliyyələşmənin
tətbiqi haqqında sərəncamı oldu. Bu gün özəl
ali təhsil müəssisələri də dövlət ali təhsil
müəssisələri kimi bundan eyni dərəcədə
bəhrələnir. İndi yavaş-yavaş sular durulur, hər
şey öz yerini tapır. Şükürlər olsun ki, bir
sıra ali məktəblər öz fəaliyyətini
dayandırır. Bir sıra ali məktəblərin fəaliyyətini
dövlət strukturları dayandırırlar. Mən bunu
alqışlayıram və hesab edirəm ki, bu, düzgün
siyasətdir. Çünki təhsil şəffaf və
dürüst olmalıdır, əks təqdirdə təhsildə
şəffaflığı və dürüstlüyü təmin
etmək çətin olar. İndi özəl ali təhsil
müəssisələrinin içində də
sayılıb-seçilənlər və cəmiyyət
arasında adı hörmətlə qarşılanan və
nüfuzu olanlar var. Düzdür, bir sıra fəaliyyəti
dayandırılan universitetlərə bənzər universitetlər
hələ də qalır. Amma, məsələn, Qafqaz
Universiteti, Azərbaycan Universiteti, Xəzər Universiteti kimi
özəl universitetlərin adını çəkmək
olar ki, bunlar həm də ölkə xaricində
tanınırlar.
-Azərbaycanda
olan özəl təhsil müəssisələrinin Qərb
dövlətlərində olan universitetlərin səviyyəsinə
çatması üçün nə kimi işlər
görülməlidir?
- Bu,
çox çətin bir məsələdir. Azərbaycan ali
təhsilinin Qərb universitetləri səviyyəsinə
çatması üçün hələ bir müddət
gözləməliyik. Bunun üçün bir çox işlər
görülməlidir və bunun üçün görüləsi
işləri biz yuxarıda sadaladıq. Məsələn, əgər
tələbə, müəllim mübadiləsi gedərsə,
onda Azərbaycan universitetləri ilə Böyük Britaniya
universitetləri arasında fərq azalar. Bizim tələbələr
orada təhsil ala bilərsə və onların da müəllimləri
burada tədris edə bilərsə və ya bizim müəllim
gedib xarici dövlətlərin nüfuzlu universitetlərində
bir semestr dərs deyə bilərsə, bu o demək olar ki,
artıq biz o tələb olunan səviyyəyə demək
olar ki, çatarıq. Ona görə də buna çox ciddi
hazırlıq getməlidir. Tələbə-müəllim
mübadiləsi prosesində ciddi hazırlıqlar
olmalıdır. Amma, eyni zamanda ali məktəblərin orta məktəbdən
aldığı məhsulun keyfiyyəti də dəyişməlidir.
Bunsuz irəli getmək olmaz. Açıq şəkildə
demək lazımdır ki, orta məktəbdən alınan məhsul
heç də keyfiyyətli deyil. Ona görə də orta məktəblərdəki
təhsil bazasının səviyyəsini qaldırmaq
lazımdır. Məhsulun keyfiyyətini yuxarı, biz istədiyimiz
səviyyəyə qaldırsaq, onda biz də öz istəklərimizə,
niyyətlərimizə daha tez nail olacağıq. Burada bir məsələni
qeyd edim. Bir var ki, universitet 250-300 balla, bir də var 500-600 balla
tələbə qəbul etsin. Onu da qeyd etməliyik ki, bu
nöqteyi-nəzərdən Azərbaycan ali məktəb məkanını
Avropa və ümumilikdə Qərb sisteminə
uyğunlaşdırmaq uğrunda mübarizə
aparılır və aparılmalıdır. İstər təhsilin
maddi-texniki bazasının, istər infrastrukturunun
hazırlanmasında və cəmiyyətin buna münasibətində
dəyişikliklər olmalıdır. Azərbaycan ali təhsili
texnokənd ali təhsilinə çevrilməlidir. Ali təhsil
müəssisələrinin
kampusları olmalıdır, onlar maddi-texniki baza ilə təmin
edilməlidir. Ali təhsil müəssisəsi avtonom bir zavoda
bənzəməlidir. O, hansı məhsul istehsal edirsə, həmin
məhsulun bütün komponentlərini özündə ehtiva
etməlidir. Özü-özü üçün hər bir
şeyi hazırlamalıdır. Bütün bunlar da ali təhsilin
qarşısında duran çox ciddi məsələlərdir.
Bunları həll etmədən biz deyə bilmərik ki, Avropa
təhsil sisteminə yaxınlaşırıq.
- Azərbaycan
ali təhsil müəssisələrində tələbə-müəllim
mübadiləsi hansı səviyyədədir?
-
Ümumiyyətlə, tələbə-müəllim
mübadiləsi heç bir təhsil müəssisəsində
yoxdur. Amma ümumilikdə bizdə bunun ilkin
hazırlığı var ki, öz tələbələrimizi
hələki birtərəfli qaydada xaricə göndəririk.
Onlar gedib bir və ya iki semestr orada təhsil alırlar və
qayıdırlar. Azərbaycan Universiteti olaraq biz də xarici tərəfdaşlarımızla
bu istiqamətdə addımlar atırıq. Biz tərəfdaşlarımızdan
müəllim də alırıq. Düzdür, burada
qısamüddətli treninq proqramları tətbiq olunur, amma
bu mübadilənin ilkin şərtləridir. Təhsildən
kənar bizim çoxlu əməkdaşlıqlarımız
var ki, bu da çoxşaxəli əməkdaşlıqdır.
Məsələn, Şimali Kiprin Yakın Doğu Universitetinin
elektron kitabxanasına bizim tələbə və müəllimlərimizin
çıxışı var. Yəni bizim o universitetdə
olan 150 milyon qaynağa çıxışımız var. Bundan
başqa Türkiyənin Yaşar Universiteti ilə media sahəsinin
qurulması və “açıq öyrətim”, yəni distant
təhsil sahələrində əməkdaşlıq
müqaviləmiz var. ABŞ-ın Corciya Dövlət
Universiteti ilə birgə proqram həyata keçiririk. Bu
proqramı biz çox uğurlu şəkildə həyata
keçiririk və mən onu da qeyd edim ki, Corciya Universiteti
biznes idarəçiliyi, bakalavriat və magistratura
proqramlarını Azərbaycanda bir neçə universitetlə
birgə tətbiq etmişdi. İndi ancaq bizlə əməkdaşlıq
edirlər və bu əməkdaşlıqdan da məmnundurlar.
Bu, çox mükəmməl bir proqramdır. Bu, müştərək
bir proqramdır və bu proqramın sonunda bizim diplom və
Corciya Dövlət Universitetinin sertifikatı verilir. Bilirsiniz
ki, Corciya Dövlət Universitetinin sertifikatı ilk 100-lükdə
olan universitetin sertifikatıdır. Onun sertifikatı bir
çox hörmətli universitetlərin diplomuna bərabərdir.
Amma bu, sertifikat səviyyəsində qalmayacaq və yaxın
illərdə dual diplom səviyyəsinə qalxacaq. Bundan
başqa İsveçin Lund Universiteti ilə sosial iş
ixtisası üzrə əməkdaşlıq edirik. Bu da Azərbaycanda
tamamilə yeni bir sahədir və cəmi üç
universitetdə sosial iş ixtisası tətbiq olunur ki,
bunlardan da biri Azərbaycan Universitetidir. Biz bu ixtisasın ən
mükəmməl tətbiqi imkanları sahəsində Lund
Universiteti ilə əməkdaşlıq edirik. Bütün
bunlar Azərbaycan Universitetini fərqləndirən cəhətlərdir
və Azərbaycan Universitetinin Bolonya tələblərinə
uyğun qurulmasına, tələbə, müəllim
mübadiləsinə hazırlıq məsələsinə əsaslı
şəkildə baza yaradan məsələlərdir.
-Təhsilin
inkişafını dövlət tərəfindən
ayrılan milyardlarla ölçmək nə qədər
düzgündür?
- Bu,
çox maraqlı bir məsələdir. Azərbaycan
Universitetinin bu sahədə hazır düşüncələri
və təhlilləri də var. Bizim universitet həm də
müxtəlif sahələr üzrə araşdırmalar
aparır. Dövlət nə qədər güclü olsa da,
təhsili ən yüksək pilləyə qaldırmaqda onun
tam gücü çatmaz. Çünki təhsil layihələri
çox bahalıdır. Bu, çoxlu maddi vəsait tələb
edir. Dünya səviyyəsində təhsilə ən
çox vəsait ayıran ABŞ-dır və o, dünyada
bilik istehsal edən əsas dövlətdir. Bu da onunla əlaqədardır
ki, ABŞ-da təhsilə təkcə dövlət deyil,
bütün qeyri-dövlət strukturları da qoşulub. Təhsilə
vəsait ayıran çoxlu sayda donor və biznes təşkilatları
var. Məsələn, “Microsoft” şirkətinin rəhbəri
Bill Qeyts özünün bütün varidatından, haradasa 60
milyard dollardan yalnız 200 milyon dolları öz ailə
büdcəsinə ayırır. Yerdə qalan bütün vəsaiti
isə təhsilə xərcləyir. Bu yaxınlarda
universitetimizdə ABŞ-ın Oklahoma ştatının
Oklahoma Dövlət Universiteti ilə videokonfrans oldu. Konfrans
ABŞ səfirliyinin vasitəçiliyi ilə baş tutdu.
Onlar çox maraqlı məsələlərə toxundular.
Onlar bildirdilər ki, bizim universitetin kurrikulum
proqramlarının və sair sənədlərinin
hazırlanmasında 500-ə yaxın şirkətin nümayəndəsi
iştirak edir. Sual yaranır: niyə? Ona görə ki, o universitet məhsul
hazırlayır və o şirkətlərə qətiyyən
maraqlı deyil ki, oradan keyfiyyətsiz kadr alsın. Kadrlar ən
yüksək səviyyədə olmalıdırlar. Onlar fikirləşirlər
ki, hansı fənlərin tədrisi daha effektivdir. Burada da cəmiyyətin
potensialının təhsilə sərfi məsələsi
çox mühümdür. Çox təəssüf ki, Azərbaycanda
Heydər Əliyev Fondundan başqa heç bir fond təhsilə
kapital qoyuluşu ilə məşğul olmur. Belə insanlar
da çox azdır. Elə bil ki, Hacı Zeynalabdin
Tağıyevin nümunəsi unudulub. Amma ümumilikdə, Qərbdə
yüzlərlə və minlərlə fondlar var ki, onlar təhsilə
kapital qoyurlar və elmə külli miqdarda vəsait
ayırırlar.
Əlimərdan Sultanov
Palitra.- 2011.- 12 yanvar.- S. 6.