Riyaziyyat elminin inkişafında
xidmətləri olan alim
Ölkəmizdə
riyaziyyat elminin inkişafında xidmətləri olan alimlərimizdən
biri də Məlik-Baxış Əli İkram oğlu
Babayevdir. Beynəlxalq EKO-Energetika Akademiyasının həqiqi
üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının
Riyaziyyat və Mexanika İnstitutunun şöbə müdiri, Əməkdar
elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Məlik-Baxış
Əli İkram oğlu Babayev 1936-cı ildə Bakı şəhərində
anadan olub. 1954-1959-cu illərdə Azərbaycan Dövlət
Pedaqoji İnstitutunun Fizika-riyaziyyat fakültəsində təhsil
alaraq oranı fərqlənmə diplomu ilə bitirib. 1959-cu
ildə Azərbaycan SSR Elmlər Akademiyasının Riyaziyyat və
Mexanika İnstitutunun Funksiyalar nəzəriyyəsi şöbəsində
kiçik elmi işçi kimi fəaliyyətə
başlayıb.
1960-1963-cü
illərdə isə Azərbaycan SSR EA Riyaziyyat və Mexanika
İnstitutunun aspirantı olub. 1964-cü ildə Azərbaycan
Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin
Müdafiə Şurasında namizədlik dissertasiyası
müdafiə edib. İki il sonra Riyaziyyat və Mexanika
İnstitutunun Funksiyalar nəzəriyyəsi şöbəsinin
böyük elmi işçisi olub. Maraqlı faktdır ki,
professor M.Babayev 1959-cu ildən - Elmlər Akademiyasının
Riyaziyyat və Mexanika İnstitutu yaranandan indiyə qədər
fasiləsiz olaraq orada çalışır. Hazırda da
Funksiyalar nəzəriyyəsi şöbəsinə rəhbərlik
edir. 1968-ci ildə elmi işlərindəki müvəffəqiyyətə
görə Riyaziyyat və Mexanika İnstitutunun fəxri fərmanı
ilə təltif edilib. Təltiflər sırasında sosialist
yarışının qalibi medalı ilə Elmlər
Akademiyasının fəxri fərmanlarını da qeyd etmək
mümkündür. 1988-ci ildə uzun illər ərzində
vicdanlı əməyinə görə “Əmək
veteranı” medalı ilə təltif edilib. 1992-ci ildə isə
Özbəkistan Elmlər Akademiyasının Riyaziyyat
İnstitutunda xüsusiləşdirilmiş elmi şurada
doktorluq dissertasiyasını müdafiə edib. Professor Məlik-Baxış
Babayev adına riyazi termin olan ilk azərbaycanlı
riyaziyyatçıdır. Belə ki, 1992-ci ildə
İtaliyada keçirilmiş beynəlxalq konfransda onun tədqiq
etdiyi çoxluqlar “Babaevskie mnojestva” adı ilə riyazi termin
kimi qəbul edilib. Lomonosov adına Moskva Dövlət
Universitetinin professoru S.V.Konyaginin aspirantlar və tələbələr
üçün oxuduğu “Yaxınlaşma nəzəriyyəsi”
kursunun bir fəsli “Babaevskie mnojestva, ix svoystva i primenenie”
adlanır. Onun namizədlik dissertasiyasının opponenti
dünyada tanınmış riyaziyyatçı A.F.Timman,
doktorluq dissertasiyasının opponentləri isə V.N.Temlyakov
(SSRİ Elmlər Akademiyası Steklov adına Riyaziyyat
İnstitutu) və S.V.Konyagin (Lomonosov adına Moskva Dövlət
Universiteti) olublar. SSRİ Elmlər Akademiyasının xəbərlərində
nəşr olunmuş məqalələrini akademiklər
Kolmoqorov, Vekua və Nikolski kimi dünyaca məşhur alimlər
təqdim ediblər. O, 25 il ərzində bütün
dünyada məşhur olan Steçkin və onun elmi məktəbi
ilə sıx əlaqədə işləyib. Hazırda da
akademiklər Nikolski, Sendov, Rusiya EA-nın müxbir üzvləri
Kudryaşev, Besov, Subotin, Berdışevlə, riyazi analiz
üzrə Rusiya, Ukrayna, Gürcüstan, Polşa,
Bolqarıstan, ABŞ, İsrail kimi ölkələrin elmi mərkəzləri
ilə elmi əlaqələr saxlayır. O, 180 elmi işin, o
cümlədən 37 kitabın müəllifidir. Onun rəhbərliyi
altında orta məktəblər üçün 14 kitab nəşr
olunub. Xarici ölkələrdə fəaliyyət göstərən
riyazi mərkəzlərin dəvəti ilə ABŞ,
İsrail kimi ölkələrdə elmi ezamiyyətlərdə
olub, məruzələrlə çıxış edib.
Professor M.Babayev riyaziyyat sahəsi ilə bağlı xarici
ölkələrdə və respublikamızda keçirilən
50-dən çox beynəlxalq və respublika səviyyəli
qurultayların, simpoziumların aktiv iştirakçısı
olub və 10-a yaxın konfransda təşkilat komitəsinin
üzvü olub. Dünyanın 8 ölkəsinin 20
riyaziyyatçı alimi əsərlərində M.Babayevin əsərlərinə
istinad edib. Onun 47 elmi əsəri xarici elmi jurnallarda çap
edilib. 19 elmi əsəri ingilis dilində, 16-sı isə nəşr
olunandan sonra ingilis dilinə tərcümə olunmaqla
ABŞ-ın elmi jurnallarında çap edilib. Professor Məlik-Baxış
Babayev böyük elmi-təşkilatçılıq qabiliyyətinə
malikdir. Onun bilavasitə iştirakı ilə elmlər doktoru
və namizədlər tərəfindən 1998-99-cu illərdə
12 kitab nəşr edilib. Azərbaycan və rus dillərində
yazılmış “Hesab və cəbr”, “Triqonometriya və
analizin başlanğıcı”, “Həndəsə” və
“Riyaziyyatdan ekspres testlər” kitabları şagirdlərin və
abituriyentlərin hazırlıq səviyyəsini yüksəltməyə
və ali məktəblərdə keyfiyyətli kadrlar
hazırlamağa xidmət edir. Bu materialların 15 faizini
ABŞ universitetlərinə və kolleclərinə
hazırlıq materialları təşkil edir. Professor Məlik-Baxış
Babayev 1997-ci ildə insanların məntiqi düşünmə
qabiliyyətini məşq etdirən və yüksək səviyyədə
saxlamağa xidmət edən “Maraq və Məntiq” (MM) təlimi
yaradıb. O, buna aid 15-ə yaxın kitabın müəllifidir.
Onun Azərbaycan Televiziyasında yaratdığı “Maraq və
Məntiq” rubrikası “Səhər” proqramında 7 ildən
çox müddətdə hər həftə olmaqla 500 dəfə
canlı efirdə olub. Bu proqramın respublikanın demək
olar ki bütün rayonlarında yüzlərlə MM
komandaları, 600-dən çox orta məktəb müəllimi
də daxil olmaqla 10 mindən çox
iştirakçısı var. Professor 10 ildir ki Prezident
yanında Dövlət İdarəçilik Akademiyasında
İdarəçilikdə riyaziyyat fənnindən mühazirə
oxuyur. Qeyd edək ki, İdarəçilikdə riyaziyyat fənnini
professor özü yaradıb və 2002-ci ildə rus dilində,
bir il sonra Azərbaycan dilində bu fənnin dərsliyini
yazıb. 30 ildir ki, beynəlxalq “Zentralblatt fur Mathematics”
referativ jurnalının referentidir. Onun bu jurnalda ingilis dilində
100-dən çox riyazi məqalə haqqında rəyləri
çap olunub. 6 il Azərbaycan Prezidenti yanında Ali Attestasiya
Komissiyasının riyaziyyat üzrə ekspert
şurasının üzvü olub. Hazırda Azərbaycan
Riyaziyyatçılar Cəmiyyətinin vites-prezidenti, Respublika
“Maraq və Məntiq” cəmiyyətinin prezidenti, Riyaziyyat və
Mexanika İnstitutu elmi əsərlərin redaksiya heyətinin
üzvüdür. Son 26 il ərzində
çalışdığı institutun Kitabxana
Şurasının sədridir. 2005-ci ildə Azərbaycan
elminin inkişafındakı xidmətlərinə görə
ölkə Prezidentinin sərəncamı ilə “Əməkdar
elm xadimi” adı ilə təltif edilib. 2005-ci ildə dövlət
idarəçiliyində informasiya texnologiyaları üzrə
professor adını alıb. Bir il sonra Azərbaycan
Respublikası Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasında “İlin müəllimi” seçilib. Bu il
yubileyini keçirən Məlik müəllimi təbrik edir,
ona can sağlığı, daim elmi fəaliyyətdə, elmi
axtarışda olmağı arzulayırıq.
Anar Miriyev
Palitra.- 2011.- 14 yanvar.- S. 11.