Qarşıdakı illərdə iqtisadi uğurlar və sosial rifah ən yüksək səviyyədə olacaq

 

Korrekt iqtisadi və dəqiq düşünülmüş sosial siyasət nəticəsində Azərbaycan son illərin bütün sınaqlarından uğurla çıxdı. Sosial-iqtisadi sahədə ciddi uğurlara imza atmış Azərbaycan üçün 2011-ci ilin də xeyli dərəcədə uğurlu olacağı proqnozlaşdırılır. Bunun konkret göstəriciləri var. 

 

Birinci, qeyd etmək lazımdır ki, iqtisadiyyatımız uğurlu diversifikasiya olunub. Azərbaycan iqtisadiyyatı dedikdə müxtəlif sahələrin, o cümlədən qeyri-neft sektorunun çox sürətli inkişaf etdiyi iqtisadi sfera nəzərdə tutulur. Bunu sübut edən əsas göstəricilərdən biri odur ki, 2008-ci ilin sonlarından başlayaraq 2009-cu ildə dünyada neftin qiymətinin bir neçə dəfə aşağı düşməsinə baxmayaraq Azərbaycan iqtisadiyyatı ötən il 5 faiz artdı. Neftin qiymətinin artıq 40 dollar civarından 100 dollara qədər artması isə neft gəlirlərinin qarşıdakı ildə iqtisadiyyatımız üçün ciddi artım stimulu olacağı deməkdir. Buna görə də cari ildə Azərbaycandakı iqtisadi inkişaf bumu daha intensiv və fasiləsiz olacaq. Bundan başqa ötən il iqtisadiyyatımız 5 faiz artıb. Makroiqtisadi vəziyyət isə dünyadakı iqtisadi təlatümlərə baxmayaraq sabit qalıb. Bu sabitlik isə iqtisadi inkişafın əsas təməl sütunlarından biri kimi dəyərləndirilir. Üstəgəl, manatın sabit qalması da bu sahədə yaxşı manevr imkanları yaradır. Ötən il iqtisadiyyatımıza qoyulan 15,5 milyard dollarlıq investisiyaların strukturunda isə daxili investisiyalar xarici investisiyaları üstələyir. Çünki həm dövlət, həm də özəl sektor tərəfindən ölkə iqtisadiyyatına böyük məbləğdə investisiyalar qoyulur ki, bu da xarici yatırımları üstələməklə müsbət tendensiya yaradır. Burada əsas keyfiyyət fərqi odur ki, qeyri-neft sektoruna qoyulan investisiyalar neft sektorundakından çoxdur. Belə ki, ötən il qoyulan 15,5 milyard dollardan 9,3 milyard dollar qeyri-neft sektoruna qoyulan yatırımdır. Bu, iqtisadiyyatımızın neft sektorundan asılılığını azaltmaq yönündə ciddi məqamdır. Qeyd edildiyi kimi, makroiqtisadi sabitlik və neft gəlirlərinin daha da artacağı şəraitdə cari ildə və gələcəkdə iqtisadiyyatımıza daha böyük məbləğdə investisiyalar qoyulacaq. Burada isə təbii ki, qeyri-neft sektorunun payının müvafiq səviyyədə artırılacağı gözlənilir.  Prezident İlham Əliyev bu barədə Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında belə bildirir: “Biz elə etməliyik ki, bu investisiyalar daha da böyük rəqəmlərlə ölçülsün və beləliklə, ölkə iqtisadiyyatı daha da sürətlə inkişaf etsin”. Ölkənin valyuta ehtiyatları sürətlə artmaqdadır ki, bu da beynəlxalq arenada iqtisadi sahədə ciddi göstərici hesab olunur. 2010-cu ildə bəzi ölkələrdə valyuta ehtiyatlarının aşağı düşməsinə baxmayaraq, Azərbaycanda valyuta ehtiyatları artaraq 30 milyard dollara çatmaqdadır. Qeyd edək ki, neft-qaz sektorunda gözlənilən uğurlardan biri neftin qiymətinin ciddi artımı ilə yanaşı bu il qazın hasilatı və ixracının artırılacağıdır. Çünki Dövlət Neft Şirkəti tərəfindən böyük “Ümid” yatağı aşkar edilib. Artıq təsdiq edilmiş qaz ehtiyatlarımız 2,2 trilyon kubmetrdir ki, aparılacaq kəşfiyyat nəticəsində bu rəqəmin daha da artacağı proqnozlaşdırlır.  Böyük iqtisadi göstəricilərdən biri həm də nəqliyyat sektorunda müşahidə olunur. Belə ki, yeni avtomobil yolları tikintisi, yeni təyyarələr alınması, Ələtdə beynəlxalq ticarət limanının, gəmiqayırma zavodunun tikintisinə başlanması ciddi və önəmli iqtisadi uğurlar və infrastruktur quruculuğu sırasında qeyd edilməlidir. Buna əlavə olaraq dəniz nəqliyyatının inkişafı üçün tankerlər, quru yük gəmiləri alınır, dəmiryolunun inkişafı üçün proqram icra edilir, beynəlxalq aeroportlar tikilir. Həmçinin cari ildə Azərbaycanın aparıcı təşəbbüskar olduğu meqalayihələrdən biri olan Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisi davam etdiriləcək və bunun uğurla başa çatdırılması növbəti böyük beynəlxalq iqtisadi nailiyyət hesab olunacaq. Bu isə onu göstərir ki, Azərbaycan artıq bölgədə mühüm regional amilə çevrilib. Azərbaycan bu cür layihələrlə artıq yerləşdiyi regionun, Cənubi Qafqaz və Kiçik Asiyanın nəqliyyat infrastrukturunun formalaşmasında, cizgisinin müəyyən edilməsində moderator rolunu oynamağa başlayıb. Azərbaycan iqtisadiyyatının, pul gəlirlərinin artması qarşıdakı illərdə bu cür layihələrin daha sürətlə reallaşacağını şərtləndirəcək ki, bu da ölkəmizin regionda lider statusunu, daim istinad ediləcək qüdrətli iqtisadi faktor əmsalını daha da möhkəmlətmiş olacaq.  Sosial rifah dövlətin diqqət mərkəzindədir Sosial rifah isə həmişə dövlətin diqqət mərkəzindədir. Son göstəricilər də sübut edir ki, Azərbaycan əhalisinin sosial rifahı dünyadakı ən kritik iqtisadi şəraitlərdə belə qorunub. Məsələn, ötən il inflyasiya cəmi 5,7 faiz təşkil edib, əhalinin pul gəlirləri isə 12,3 faiz artıb. Bu isə sosial rifah göstəricisidir, çünki əhalinin gəlirləri inflyasiyadan artıqdır. Buna müvafiq olaraq ötən il yoxsulluğun səviyyəsi daha da aşağı düşüb və artıq yoxsullar 9,1 faiz təşkil edir. Artıq yoxsulluq faizi təkrəqəmli həddədir və bu, böyük nailiyyət hesab olunur. Prezidentin müşavirədə qeyd etdiyi kimi, yeddi il ərzində ölkədə yoxsulluq 4-5 dəfə aşağı düşüb. Bu, onu deməyə əsas verir ki, cari ildə və gələcək illərdə yoxsulluğun azaldılması üzrə dövlət tədbirlərinin daha intensiv reallaşacağı təqdirdə ölkədə yoxsulluğun səviyyəsi sıfra enəcək. Buna ölkədə aparılan ciddi siyasi islahatlar, dövlət başçısının “ölkədə yoxsul olmayacaq” prinsipini bütün sosial-iqtisadi siyasətində rəhbər tutması, əhalinin rifah halının yaxşılaşdırılması yönündə göstərilən iradə, baş verən iqtisadi artım ciddi münbit zəmin yaradacaq.  Bura onu da əlavə edək ki, enerji sektorundan ölkə xəzinəsinə daxil olunan vəsait ədalətli bölünür və beləliklə, Azərbaycanda sosial ədalət prinsipi həmişə yüksək səviyyədə tətbiq olunur. Bu da yoxsulluğa birdəfəlik “yox” demək üçün çox önəmlidir. Görülən işlər sırasında qeyd edək ki, ötən il bütün sosial proqramlar icra edildi. Minimum əməkhaqqı və pensiyanın baza hissəsi 75 manatdan 85 manata qaldırıldı, ünvanlı sosial yardım proqramı çərçivəsində 550 min nəfər dövlətdən yardım alır. İnsanlarımızın həyat səviyyəsinin yaxşılaşdırılması nəticəsində sosial infrastruktur ən müasir standartlara uyğun qurulur. Artıq Bakı və eləcə də regional mərkəzlərin bir çoxu inkişaf etmiş ölkələrdəki şəhər yerlərindən bir elə də fərqlənmir. Son bir ildə ölkədə 40-dan çox tibb müəssisəsi, 70-dən çox məktəb tikilib, təmir edilib. 5 olimpiya mərkəzi tikilib, mədəniyyət ocaqlarının tikilməsi və təmirinə vəsait ayrılır. Regionlarda işlər yaxşı gedir, regional inkişaf proqramı icra edilir. Keçən il 70 mindən çox iş yeri açılıb, onun 53 mini daimi iş yeridir. Regional inkişaf proqramlarının icrasının başlanmasından, yəni 2004-cü ilin fevralından bu günə qədər ölkəmizdə 900 mindən artıq iş yeri açılıb ki, bu da işsizliyin aradan qaldırılması üçün əsas amillərdəndir. İş yerlərinin açılması, yeni müəssisələrin işə salınması nəticəsində ölkədə istehsal olunan malların sayı artır. Bu isə ixracdan asılılığın azalması deməkdir. Azərbaycan qeyri-neft sektorunun inkişafı nəticəsində artıq qeyri-neft ixrac etməyə qadir ölkəyə çevrilib. Artıq Azərbaycan məhsulları ən inkişaf etmiş ölkələrdə sərgilənir. Məsələn, yanvarın 21-30-da Almaniyanın paytaxtı Berlində ənənəvi “Beynəlxalq Yaşıl Həftə - 2011” (“Green Week 2011”) sərgisində ölkəmiz 40-a yaxın şirkətlə təmsil olunacaq.  Azərbaycan son illər öz keyfiyyətli ixrac məhsulları ilə tez-tez bu cür mötəbər beynəlxalq iqtisadi sərgilərdə çıxış edir və sərgi pavilyonunun həcmi də hər dəfə xeyli dərəcədə artır. Bu, artıq dünya çapında və keyfiyyətli, çoxçeşidli Azərbaycan məhsullarından xəbər verir. Deməli, bu məhsullar ölkədaxili üçün də kifayət qədər istehsal olunur və bu istehsal qarşıdakı illərdə qeyri-neft sektoruna yatırılan sərmayələrin artacağı şəraitdə xeyli dərəcədə çoxalacaq.

 

 

İlkin Ağayev

 

Palitra.- 2011.- 18 yanvar.- S. 4.