Rasim Əliquliyev: Virtual məkanda dövlətin qüdrəti elektron informasiya resurslarının xüsusi çəkisi ilə ölçülür

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda Vikipediyanın yaranmasının 10 illiyinə həsr olunan elmi seminar keçirilib. Seminarda çıxış edən institutun direktoru, professor Rasim Əliquliyev bildirib ki, müasir dövrdə internet cəmiyyətdə mühüm fenomenə çevrilməkdədir və hər kəsə siyasi, mədəni, sosial və digər qlobal məsələlərin həllinə öz töhfəsini vermək imkanı yaradır. O, virtual məkanda hər bir dövlətin qüdrəti malik olduğu elektron informasiya resurslarının xüsusi çəkisi ilə ölçüldüyünü nəzərə çatdırıb. 

 

Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, mədəni dəyərlərimizin tanınmasında, dilimizin inkişafında internetin özünəməxsus yeri olduğunu qeyd edən alim respublikamız haqqında məlumatların virtual məkanda yayımının müasir informasiya texnologiyaları ilə silahlanıb, yüksək səviyyəli mütəxəssislərin sayının artırılması nəticəsində mümkün olduğunu bildirib. İnternet mühitində müxtəlif layihələrin reallaşdırıldığını və dünyanın ən nəhəng ensiklopediyası olan Vikipediya (Wikipedia) virtual ensiklopediyasına dünyada marağın yüksəldiyini və son zamanlar ensiklopediyanın müxtəlif dil bölmələrində azərbaycanlı istifadəçilərin fəallığının müşahidə olunmasını sevindirici hal kimi qiymətləndirib. 2007-ci ildə Vikipediyanın Azərbaycan dili bölməsində cəmi 3 min məqalənin yerləşdirildiyini, hazırda isə məqalələrin sayının 49 minə çatdığını nəzərə çatdırıb. İnkişaf etmiş dövlətlərin siyasətində Vikipediyada yüksək səviyyədə təmsil olunmağın böyük önəm daşıdığını, bu layihədə fəal iştirak etməyin Azərbaycan üçün də əhəmiyyətli olduğunu vurğulayıb. Azərbaycanın alim və mütəxəssislərinin zaman-zaman əldə etdikləri təcrübə və biliklərini Vikipediyada yerləşdirməklə virtual Azərbaycanın formalaşmasına və təbliğinə xidmət edən, müasir kompyuter və internet texnologiyalarından istifadə etməyi bacaran gənclərə böyük ehtiyac olduğunu söyləyib. Vikipediyanın Azərbaycan bölməsini virtual vətənin bir parçası kimi dəyərləndirən alim aparılan müşahidələrə əsasən Vikipediyanın dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlıların toplandığı məkana çevrildiyini vurğulayıb. AMEA İTİ-nin sektor müdiri İradə Ələkbərova Vikipediyanın yaranma tarixi haqqında məlumat verib. Daha sonra tədbirdə çıxış edən alim və mütəxəssislər xalqımızın tarixi, adət-ənənələri, musiqisi, mətbəxi və s. özəllikləri haqqında məlumatların dünyada tanınması və qorunması üçün internet resurslarında, ilk növbədə Vikipediyanın bütün layihələrində fəal iştirakın zəruriliyini qeyd ediblər. Azərbaycan haqqında obyektiv və operativ informasiyanın, audio-video materialların Vikipediyaya daxil edilməsini müasir dövrün tələbi kimi dəyərləndiriblər. Yeni nəsil biometrik pasportlar hazırlanır “Artıq Azərbaycanda biometrik pasportlara keçid üçün hazırlıq işləri görülüb. Azərbaycan beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə uyğun olaraq bu işi bu il daha da sürətləndirəcək. Yaxın zamanlarda isə Azərbaycanda yeni nəsil biometrik pasportlar olacaq”- deyən Rasim Əliquliyevin sözlərinə görə, biometrik xüsusiyyətlərdən ilk əvvəl insanların rəqəmli fotosu, əl barmaq izləri biometrik pasportlarda olacaq. Biometrik pasportlara keçid işinin öz axarı ilə getdiyini söyləyən institut direktoru bildirib ki, artıq “Biometrik məlumatlar haqqında” Qanun qəbul edilib. Eyni zamanda ölkə Prezidentinin təsdiqlədiyi “Biometrik eyniləşdirmə sisteminin yaradılması haqqında Dövlət Proqramı”nda qoyulan vəzifələr vaxtında yerinə yetirilir, şəxsiyyəti müəyyənləşdirən yeni nəsil sənədlərin istehsalı ilə əlaqəli müəyyən normativ hüquqi baza yeniləşdirilir. Hazırda ölkədə biometrik pasportların təsdiq olunması, istehsalı ilə bağlı da işlər aparılır: “Digər tərəfdən, ölkədə biometrik sistemin yaradılması üçün işlər aparılır. Çünki bütün sərhəd-keçid məntəqələrində müvafiq avadanlıqların qurulması, həmin pasportlardakı məlumatların oxunması üçün texniki vasitələrin alınması, təsdiq olunması, eyni zamanda biometrik sistemlərin yaratdığı biometrik eyniləşdirmə sisteminin formalaşdırılması üçün böyük işlər görülür. Ölkədə mərkəzi biometrik məlumatlar bazasının formalaşması üçün də araşdırmalar aparılır”.

 

 

Nigar

 

Palitra.- 2011.- 18 yanvar.- S. 6.