Rauf İsmayılov: «Qabiliyyət
imtahanı tələb olunan ixtisaslarda bir qədər yumşaltma olmalıdır»
Layihə çərçivəsində
növbəti müsahibimiz Qərb Universitetinin Dizayn kafedrasının baş müəllimi, Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin
müəllimi, Rəssamlar və Reklamçılar
ittifaqlarının üzvü Rauf İsmayılovdur:
- 1957-ci ildə
Mingəçevir şəhərində anadan
olmuşam və
oradakı 10 saylı orta məktəbi
bitirdikdən sonra
1974-cü ildə Ə.Əzimzadə
adına Dövlət Rəssamlıq Məktəbinə daxil olmuşam, 1980-ci ildə
isə oranı qırmızı diplomla
bitirmişəm. Həmin dövrdə ulu
öndər Heydər
Əliyevin təşəbbüsü ilə gənclər SSRİ-nin digər şəhərlərinə oxumağa
göndərilirdi. O zaman mən
də daxil olmaqla 6 nəfəri Sankt-Peterburqa
göndərdilər. Orada ali
məktəbə sənəd
verdim, bir neçə imtahandan keçdim, lakin
rusların daxil olmasına
daha çox üstünlük verdikləri
üçün həmin
ərəfədə mən son imtahandan keçə bilmədim və orada
qalmalı oldum. Sonra hazırlıq kursunda təhsil almağa
başladım. Bakıda mən Bədii nəqqaşlıq
fakültəsini bitirmişdim, orada isə Avropa incəsənətinə
yiyələnirdim. 6 il orada
hazırlıq kursunda
oxudum və əziyyətlər
nəticəsində bir çox,
o cümlədən Amerika,
Meksika sənətkarları
ilə tanış oldum. Nəhayət,
mən Bakıda İncəsənət İnstitutuna
imtahan verdim və təsadüfi
seçim nəticəsində
Xalçaçılıq fakültəsinə
daxil oldum. L.Kərimov
kimi böyük sənətkarın sinfində oxumaq
mənim üçün
böyük xoşbəxtlik
idi. Orada təhsil aldıqdan
sonra 1991-ci ildə Ali Tətbiqi Elmlər Kolleci açıldı və orada sırf sənətdən dərslər keçilirdi ki, bu ali təhsil
ocağı 2003-cü ilə qədər
fəaliyyət göstərdi və mən orada
müəllim kimi
çalışdım. Eyni zamanda Yerli Sənaye Texnoloji Texnikumunda (YSTT) da tədrislə məşğul olurdum. Onu da qeyd
edim ki, Azərbaycanda ilk dəfə olaraq Ali Tətbiqi
Elmlər Kollecində Batik
fakültəsi açdıq. YSTT-də isə Reklam fakültəsi açıldı. Sonra mən Dövlət Mədəniyyət və İncəsənət
Universitetinə dəvət aldım və orada
xalçaçılıqla bağlı çalışmağa
başladım. Ümumiyyətlə, sənətkar gərək
hərtərəfli sənətkar kimi yetişsin.
Yaxşı müəllim olmaq olar, amma yaxşı sənətçi
olmaq olmaz. Yaxud yaxşı sənətçilər var, amma yaxşı
müəllim deyillər, yəni tədris edə bilmirlər.
Mən çalışırdım ki, özümü həm
yaxşı rəssam, həm də yaxşı pedaqoq kimi təqdim
edim.
- Hazırda təhsil verdiyiniz
gənclərin bilik səviyyəsi
sizi qane edirmi?
- Bir vaxtlar
gənclərdə sənətə
olan məhəbbəti
müşahidə edirdim.
Ancaq bu, bir qədər sovet dövrünə gedib
cıxırdı. Həmin gənclərdə başqa
cür fikirlər özünü göstərirdi. Ancaq indiki gənclər
bir az nə
isə bilirlərsə, artıq özlərini
rəssam sayırlar. Mən onların bu düşüncəsinə qarşı
gəlmirəm. Pedaqoq gərək
həm də psixoloq olsun və tələbəyə
psixoloji cəhətdən
yanaşa bilsin. Hər bir tələbəyə
özü kimi yaxınlaşmaq lazımdır. Gərək sənətdə
insanı sındırmayasan. Ümumiyyətlə, incəsənət
adamları kövrəkqəlbli olurlar. Hazırda mən Qərb
Universitetində Dizayn, İncəsənət
Universitetində isə Rəsm-rəngkarlıq
kafedrasında dərs deyirəm.
İndiki gənclər
rəsm adı çəkildikdə onu adi
qarşılayır. Yəni düşünürlər ki, adi dəftər
vərəqinə rəsm çəkəcəklər.
Axı onlarda anlayış
olmalıdır. Əvvəllər, sovet dövründə Pionerlər
Evi var idi.
İndi də uşaq yaradıcılıq mərkəzləri
var, amma bu mərkəzlər yaxşı işləmirlər.
Mən orta məktəbdə
oxuyarkən rəsm dərsinin əvəzinə
riyaziyyat, nəğmə, bədən tərbiyəsi
dərslərinin də yerinə başqa dərslər keçilirdi.
Biz təbii ki, uşaq olarkən
bunu dəqiq anlamırdıq. Amma böyüdükdən
sonra bunun niyə belə olduğunu düşünməyə
başladım. Həmin dərslər tədris olunarsa, bəlkə elə gələcəyin
idmançısı, musiqiçisi, rəssamı,
aktyoru yetişə bilər. Bu bir faktdır
və hazırda da bunlar
var. Niyə hansısa bir
başqa fənnin
müəllimi rəsm dərsi deməlidir? Amma
rəssam başqa bir fənni tədris edə bilməz. Çünki
buna rəssamın
icazəsi yoxdur. Demək, müəllimin
dərs saatı, maaşı çox olsun deyə, ona həmin dərsləri tədris
etməyə icazə verirlər. Onlar fikirləşməlidirlər ki,
sənəti sıradan çıxarırlar. Ona
görə də indi gələn gənclərdə axsamalar
var.
- Mövcud problemlərin aradan qaldırılması ilə bağlı hansı tədbirlərin reallaşması vacibdir?
- Hazırda da bölgələrdəki
məktəblərin 90 faizində
adıçəkilən dərsləri
keçmirlər. Yaxşı olardı ki, ibtidai siniflərdə
tədris üçün normal
rəsm kitabı çap
olunardı. Bu hazırda yox
dərəcəsindədir. Rəssamlıq onlar
üçün rəsm
dərsidir və bu dərsə
adi baxmaq lazım deyil. Unutmaq olmaz ki,
ölkəmizi xaricdə tanıtdıranlar məhz
idmançılar, rəssamlar, bəstəkarlar,
yazıçılardır. Ancaq bir sıra mövcud problemlərin nəticəsində gələcəyin rəssamlarında
geriləmələr özünü
göstərir. Çünki orta məktəbdə onlar ixtisas müəllimi
görməyiblər və sonra da bir
qismi uşaq yaradıcılıq mərkəzlərində
olub. Bu da bir faktdır
ki, hazırda ucqar bölgələrdə həmin
mərkəzlər yoxdur. Bəzi
rayonlarda mədəniyyət ocaqları
işləmir. Yaxşı olardı ki, bu problemlər aradan qaldırılardı, sənət də
orada yaranır. Sənətkar
olmalıdır ki, onları
da öyrətsin. Təhsil nazirinin yaxşı bir fikri var
ki, müəllimlər attestasiyadan
keçməlidir. Məncə, həmin uşaq
yaradıcılıq mərkəzlərində
də müəllimlər məhz attestasiyadan
keçməlidirlər. Niyə Uşaq Yaradıcılıq Mərkəzindən
çıxan uşaq zəif
olmalıdır? Demək, onun müəllimi zəifdir, müəllim nə
qədər güclü olarsa,
şagird də o qədər güclü olar. Ötən il mənim tələbələrimdən iki nəfər ölkə üzrə rəsm sərgisində
ilk yerləri tutdular. Sonra da Türkiyədə qalib oldular. Yəni müəllimdən
çox şey
asılıdır. Ötən il Xocalı soyqırımı
ilə bağlı müsabiqədə də mənim Qərb
Universitetindəki iki tələbəm
yer tutub. Bu, mənim üçün
də böyük
nailiyyətdir. Demək, mən nə isə tədris edə
bilmişəm ki, onlar
da uğur
qazanıblar. Rəssamlar İttifaqı bizim
ümumi evimizdir və
buraya müəllim də,
rəssam da, heykəltəraş
da gəlir. Orada tədris edən müəllimlər
də güclü rəssamlardır. Onlar pedaqoq kimi
də güclüdürlər. Sadəcə
olaraq indi orta məktəb, sonra da uşaq
yaradıcılıq mərkəzlərində uşaqlar problemlə
üzləşirlər. Onu da qeyd edim
ki, ali məktəbə
daxil olanların əksəriyyətinin Bakı, Gəncə,
Mingəçevir məktəblərinin məzunu olması bir sıra rayonlarda
bu istiqamətdə problemlərin olduğunu
göstərir. Məsələn, Qarabağda
daim məşhur sənətkarlar
yetişib və bu gün də
qaçqın uşaqların gözəl
səsləri var, çünki
onun kökü davam edir. Ancaq
rəssamlıqda bu kök sındırılır. Orta məktəblərdə dərs zamanı kimya, fizika, riyaziyyat siniflərinə daxil
olarkən ləvazimatlar
var. Amma rəsm dərslərində, xüsusilə də
yerlərdə belə dərs otaqları, ləvazimatlar yoxdur. Şagird sinfə daxil olanda məsələn, malbertin
nə olduğunu bilməlidir.
Yazı masasının üzərində rəssamlıqla məşğul
olmaq olmaz. Burada valideynin də mühüm rolu var. Mənim rəssam kimi yetişməyimdə atamın böyük rolu olub. O, mənə rəssam
kimi ləvazimatlar
alırdı. Müəllim həftədə bir
neçə saat tələbəylə
görüşürsə, valideyn daha çox onunla birlikdə olur və gərək ona kömək etsin. Bu bir faktdır
ki, Azərbaycan rəssamlığı dünyaya
səs salıb və
S.Bəhlulzadə, T.Salahov, M.Abdullayev, R.Babayev, F.Xəlilov
kimi sənətkarları
ilə tanınır. Yəni yetişən
sənətkarı ortaya çıxarmaq
və bunun üçün imkanlardan istifadə
etmək lazımdır.
- Ali məktəbə sənəd qəbulu zamanı abituriyentlər qabiliyyət imtahanı verərkən özlərini göstərə bilirlərmi?
- Mən iki ildir ki,
sənəd qəbulu
zamanı İncəsənət
Universiteti ilə Rəssamlıq Akademiyasına
ekspert kimi Qəbul Komissiyasına dəvət olunuram. Artıq abituriyentlər
gələrkən ilk
olaraq onlar öz əl işlərini bizə göstərirlər. Əgər
onların işləri zəifdirsə, keçmirlər. Qanuna əsasən, adıçəkilən ali tədris ocaqlarına qəbul olmaq üçün 5 rəsm, 5 rəngkarlıq,
5 kompozisiya təqdim
etməlidirlər. Əgər bu, abituriyentdə yoxdursa, onun sənədi qəbul olunmur. Elə abituriyent olur ki, daha
çox iş gətirir və biz onlardan seçməli oluruq və o, gedib uğurla
imtahan verir. Elə abituriyentlər var ki, gələrkən adi bir A4 vərəqində
həmin ali məktəblərə
daxil olmaq üçün şəkil
gətirirlər. S.Vurğun, M.Füzuli, yaxud N.Gəncəvinin
rəsmlərini “qara kağız”, yaxud pəncərə vasitəsilə köçürüb gətirirlər. Hətta valideynləri də etiraz
edirlər ki, niyə onun sənədi qəbul olunmur və onları rəssam hesab edirlər. Əgər zamanında ona yol göstərən
olsaydı, o uşaq normal yetişərdi. İndi
də 16-17 yaşında ali
məktəbə daxil
olmağa gəlib, amma
rəssamlıq nə olduğunu bilmir. Hansısa bir rəsmi müxtəlif
vasitələrlə çəkmək o demək deyil ki, sən bu
ali təhsil ocaqlarına qəbul oluna
bilərsən. Normal vəziyyətdə əl
işləri olduqdan sonra
onların sənədi qəbul olunur. Hətta valideynlərə də əsərləri
göstəririk.
- Bəzən
belə fikirlər də səslənir ki,
qabiliyyət imtahanı
olan sahələrdə
ali məktəbə daxil
olmaq daha asandır.
Sizcə, bu, nə dərəcə doğrudur?
- Bu, qətiyyən belə deyil, nəinki incəsənət,
idman sahəsində də abituriyentlər qiymət aldıqdan sonra testlə imtahan verirlər. Hər abituriyent ixtisasına uyğun olan balı yığmasa,
heç cür mümkün deyil. Bir faktı da qeyd edim
ki, sənəd olan sahələrdə gəncləri çox sıxışdırmağa
da ehtiyac yoxdur. Bu, bütün
sənətkarların fikridir.
Bəzən elə abituriyentlər olur ki, çox
istedadlıdır, gələcəyin dahi
bir rəssamı
yetişə bilər, amma test
imtahanından keçmir.
Doğrudur, digər fənləri də
bilmək lazımdır. Ancaq bəzən qabiliyyəti
zəif olan abituriyent testdən keçir, əksinə,
qabiliyyəti güclü olan
testdən çətinlik çəkir,
keçə bilmir. Mənim
fikrimcə, diqqət yetirmək lazımdır ki,
sənətkarlar yetişsinlər. Niyə
digər sahələrlə bağlı müxtəlif fənlərdən
imtahan verilir, amma incəsənət tarixindən yox? Hətta bir çox ali təhsil ocaqlarında
tələbələr arasında incəsənətimizi bilən
yoxdur. Hər hansı rəssamın, heykəltəraşın
adını bilən yoxdur. Ya imtahanlara incəsənət tarixini
salsınlar, ya da qabiliyyət imtahanı tələb
olunan ixtisaslarda bir qədər yumşaltma
olmalıdır. İstedadı olan uşaqlar diqqətini daha çox sənətə yönəltdiyindən digər
fənlərə daha çox
vaxt ayıra bilmir və onlara testdən
keçmək çətin olur. Eyni zamanda digər ali məktəblərdə
dərslər daha çox yüklənir, sənətlə
bağlı saatlar azdır. Bir pedaqoq kimi
deyirəm ki, əgər bu, sənətçi
kimi yetişirsə, onun
saatı çox olmalıdır. Məsələn,
rəsm fənni 4 saatdır və bu çox azdır.
Eləcə də digər ali təhsil ocaqlarında da incəsənət tarixi tədris olunmalıdır.
Nigar
Palitra.- 2011.-
18 yanvar.- S. 8.