Qəlbinə nur
hopmuş insan
Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin bir qərinədən
artıq davam edən ölkəyə rəhbərliyi, millətə
liderliyi dövründə təhsilə, elmə, mədəniyyətə,
bütövlükdə xalqın intellektual səviyyəsinin
yüksəldilməsinə qayğısı hər zaman
üstün yer tutmuş, aparıcı istiqamətlərdən
biri olmuşdur. Əslində xalqımızın
son 40 illik milli intibahı mahiyyət etibarilə xalqın təhsillənmə
səviyyəsinin yüksəlişi, fundamental elmin
yaranması, milli mədəniyyətin tərəqqisi ilə
sıx bağlı olmuşdur ki, bunların hamısı təhsil
sisteminin və ondan səmərəli istifadə edilməsinin
nəticəsində mümkün olmuşdur.
Bu mənada təhsilin milli tərəqqidəki
rolundan danışarkən Heydər Əliyev deyirdi: «... təhsil
sisteminin nə qədər dəyərli olduğunu ondan
görmək olar ki, Azərbaycanda yüksək savada, biliyə,
ixtisasa, yüksək elmə malik insanlar var və onlar cəmiyyətin
çox hissəsini təşkil edir. Əgər
bunlar olmasaydı, Azərbaycanın iqtisadiyyatı belə
güclü inkişaf edə bilməzdi. Bunlar
olmasaydı, biz indi Azərbaycanı müstəqil dövlət
kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək
lazımdır və on illərlə əldə etdiyimiz
nailiyyəti heç vaxt unutmamalıyıq...» Bəşəriyyət
müasir intellektual inkişaf səviyyəsinə görə
öncə müəllimlərə borcludur. Bütün aparılan təhlillər göstərir
ki, heç bir sənət və peşə adamı cəmiyyətin
irəliyə doğru inkişafında müəllimin fəaliyyəti
qədər rol oynamır. Çünki
müəllimlər insan zəkasını nurlandıran
sönməz işıq mənbəyi olmaqla bərabər, bəşəriyyətin
mənəvi yükünü çiyinlərində
daşıyan həyat anteyləridirlər. Qəlbinə
nur hopmuş belə insanlardan biri, ömrünün yarım əsrdən
çox hissəsini təlim-tərbiyə işinə həsr
etmiş, muxtar respublikada hamının hörmət və
ehtiramla xatırladığı, mənəvi-əxlaqi keyfiyyətləri
ilə insanların rəğbətini qazanmış
Naxçıvan Dövlət Universitetinin dosenti, pedaqoji elmlər
namizədi, əməkdar müəllim Nəriman Bilal oğlu
Orucəliyev idi.1930-cu ildə Babək rayonunun Cəhri kəndində
ziyalı ailəsində anadan olmuşdu. 1945-ci
ildə Cəhri kənd orta məktəbini, 1947-ci ildə
Naxçıvan Müəllimlər İnstitutunu, 1962-ci ildə
isə Azərbaycan Pedoqoji İnstitutunu bitirmişdi. 1969-cu ildən fasiləsiz olaraq ömrünü
Naxçıvan Dövlət Universiteti ilə bağlayan Nəriman
Orucəliyev 1975-ci ildə namizədlik dissertasiyasını
müdafiə edərək pedoqoji elmlər namizədi alimlik dərəcəsi
almışdı. 1978-ci ildə isə
SSRİ Ali Attestasiya Komissiyası ona pedoqogika
kafedrasının dosenti diplomunu vermişdi. 80-ə yaxın elmi məqalənin, o cümlədən
pedoqogika elminin aktual problemlərinə həsr edilmiş 10-dan
artıq kitabın müəllifi olan Nəriman müəllim
Azərbaycan SSR-in əməkdar təbliğatçısı
və Azərbaycan Respublikasının əməkdar müəllimi
fəxri adlarına layiq görülmüşdü. Ədəb-ərkan, kamillik, təlim, bilik
anlayışlarını ehtiva edən müəllim
sözünün özü əlahiddə bir dünyadır.
Bu sirli, sehrli aləmin öz səması,
günəşi, ayı, sayrışan ulduzları, barı-bəhrəsi,
inkişaf qanunauyğunluqları mövcuddur. Lakin gec meyvə verən qollu-budaqlı, möhtəşəm
ağac da olsa pedaqoq-müəllim həm də məbəddir
desək, yanılmarıq. Bu məbəddə
gələcək vətəndaş, ictimai xadim yetişir.
Bəlkə ona görədir ki, müəllimlik
dünyada ən şərəfli peşə sayılır.
Nahaq deyildir ki, Şərq dünyasının böyük
filosofu və əxlaq nəzəriyyəçisi Nəsirəddin
Tusi demişdir: « Müəllim cismani ağa, ruhani atadır. Müəllim nəfsin tərbiyəsilə məşğul
olan mütəxəssis və dünya mövcudatının ən
şəfalısıdır».
Yaxşı deyiblər: Təmasda olduğu adamları nəcibləşdirmək
istedadı allah vergisidir. Bir
var fərd özü nəcib yarana və bununla kifayətlənə,
bir də var fərdin nəcibliyi başqalarına sirayət
edə. Nəriman müəllim ünsiyyətdən
isinmək üçün Yaradanın insanlara ehsan etdiyi şəxsiyyətlərdən
idi. O, böyük insan olduğu qədər də pak
idi. Onu yaxından tanıyanlar bilirdilər ki, o,
əxlaqi cəhətdən qüsursuzdur. Ona
görə də onun bir pedaqoq kimi təbliğ etdiyi mənəvi
keyfiyyətləri (halallığı, düzlüyü,
doğruçuluğu, əməksevərliyi, insanpərvərliyi,
obyektivliyi və s.) öz davranışında və fəaliyyətində
görənlərin müəllimə rəğbəti birə-beş
artır, tələbələri həmişə onun şəxsiyyətini
ucadan-uca tuturdular.Universitetdə hansı vəzifədə
çalışmışdısa o sahədə
dönüş, inkişaf yaratmışdı. Uzun illər universitetin Tarix-filologiya və Pedaqoji
fakultələrində dekan, «Pedaqogika və psixologiya»
kafedrasında müdir vəzifələrində işləmiş,
öz bacarığı və təşkilatçılığı
ilə seçilmişdi. Nəriman müəllim həmişə
deyirdi ki, xalq üçün çörəkdən və sudan
sonra ən vacibi məktəbdir. Hər bir insan
təhsil prosesində, məktəbdə tərbiyə olunur.
Buna görə də təhsil tam, aydın və
sabit olmalıdır. Alim pedaqoq tez-tez fransız
yazıçısı A.Barbusun aşağıdakı
sözlərini xatırladırdı: «Məktəb yetişməkdə
olan nəslin formalaşdığı emalatxanadır. Əgər sən gələcəyi əldən
vermək istəmirsənsə, onu əldə möhkəm
saxlamaq lazımdır».Onun müəllimliyində tələbkarlıqla
qayğı üzvü bağlılıq təşkil edirdi.
Dərsdə çox ciddi, tələbkar görünən Nəriman
müəllim tələbələri ilə dostluq etməyi
bacarır, onlara dəyərli məsləhətlər verir,
elm və həyat yollarında onların əsl
qayğıkeşi, yolgöstərəni olurdu.Nəriman
müəllimin ən maraqlı xüsusiyyətlərindən
biri, deyəcəyi hər sözün, atacağı hər
bir addımın verə biləcəyi nəticəni əvvəlcədən
götür-qoy etməsi idi. O bilirdi ki, deyilən söz yaydan
atılan oxa bənzəyir. Atılan oxu geri
qaytarmaq, peşmançılıqdan yaxa qurtarmaq isə
mümkün olmur. Nəriman müəllimin
tədris etdiyi biliklər, aşıladığı mənəvi
keyfiyyətlər milli və bəşəri xarakter daşıyır,
fəaliyyəti isə həmişə
planlılığı, məqsədyönlülüyü və
mütəşəkkilliliyi ilə fərqlənirdi. Peşəsinin qəlbən vurğunu olan Nəriman
müəllim öz müəllimliliyini Vətəninə,
xalqına xidmət etmək vasitəsinə
çevirmişdi. Onun dediyi söz,
atdığı addımlar, apardığı dərslər
bir pedaqoq kimi cəmiyyət üçün faydalı məqsədlər
güdür, mənəvi keyfiyyətləri isə
xalqımızın tarix boyu qazandığı dəyərlər
olduğundan cəmiyyətin sonrakı inkişafı
üçün əhəmiyyət kəsb edirdi. Ömrünün 60 ilə yaxınını müəllim
kimi müqəddəs peşəyə bağlamış Nəriman
Orucəliyevin həm həyatı, həm də elmi-pedoqoji fəaliyyəti
bir ziyalılıq örnəyi olmuşdur. Həyatın mənasını insanlara xidmətdə
görən Nəriman müəllim təvazökar, xeyirxah və
alicənab insan idi. Onun dost kimi sədaqətinə insan
kimi kamilliyinə, ziyalı kimi alicənablığına,
ağsaqqal kimi nüfuzuna, vətəndaş kimi xalqına,
torpağına bağlılığına hamımız
şahid idik. Nəriman müəllim olduqca sadə,
zövqlə geyinən bütöv bir şəxsiyyət idi.
Onun insanlara rəftarında, cəmiyyət hadisələrinə
münasibətində son dərəcə səmimi bir
ziyalı mövqeyi formalaşmış, rəftarında,
oturuşunda, duruşunda, ədəb-ərkanında gözəl
bir müəllim qüruru cəmləşmişdi.
Doğru deyirlər ki, müəllim nümunə örnək
olmalıdır, istək hərəkətində
, istərsə də biliyində. O, Azərbaycan müəllimlərinin
XI və XII qurultaylarının iştirakçısı
olmuş, ikinci çağırış Naxçıvan
Muxtar Respublikası Ali Məclisinə deputat
seçilmişdi. Nəriman müəllim
doğma yurda, el-obaya, boya-başa çatdığı
Naxçıvan torpağına bağlı şəxsiyyət
idi. O evi, ocağı qədər sevib əzizlədiyi,
həvəslə çalışdığı
Naxçıvan Dövlət Universitetini özünün əbədi
iş yeri sayır, bununla da demək istəyirdi ki, Vətəni,
doğma torpağı sevmək hər kəsin borcudur. Nəriman
Orucəliyevin ən böyük keyfiyyətlərindən biri
də çoxlarına nümunə ola biləcək
ailə xoşbəxtliyi idi. Nəriman müəllimin
özü həmişə etiraf edirdi ki, həyatda
qazandığı uğurlarında sədaqətli
ömür-gün yoldaşı Tamella xanımın
böyük payı vardır. Hər kəsə
bir ömür verilib deyiblər. Hərə
də bir cür yaşayıb bu ömrü. Elə buna görə də dilimizdə ömür,
şərəfli ömür ifadələri yaranıb. Faydalı, xeyirxah, gənc nəslin inkişafına
təkan verən, xalqına və millətinə xidmətdə
keçən ömrə dəyərli ömür deyiblər.
Cəsarətli, sözübütöv, sədaqətli,
şərəfli ömür sahibinə çevrilib bu cür
şəxsiyyətlər. Nəriman Bilal
oğlu Orucəliyev də belə mənalı və şərəfli
ömür sahiblərindən biri idi. Ömrünü gələcəyimiz
olan gənclərin təlim-tərbiyəsinə həsr
etmiş Nəriman müəllim yaşasa idi, indi onun 80 yaşı
olacaqdı. O bu gün bizimlə bir sırada dayanmasada
hamımız onu yaxşı xatırlayır və unutmuruq. Bacarıqlı
pedaqoq Özünün məntiqi mülahizələri,
analitik təfəkkür qabiliyyətinə malik olan fikirləri,
prinsipial və xeyirxah mövqeyi, sərrast düşüncə
tərzi ilə bir çox alimlərdən seçilən, təmənnasız
insan kimi ümumxalq məhəbbəti qazanan və belə bir
işdən məmnunluq hissi keçirən, bacarıqlı təhsil
təşkilatçısı idi.Nəriman müəllim
etibarlı dost, yüksək əxlaqi keyfiyyətlərə
malik olan bir insan, qayğıkeş ailə
başçısı, vətənini, xalqını, dövlətini
sevən bir vətəndaş, öz fikrini həssaslıqla tərəf
müqabilinə çatdırmağı bacaran, mehriban, səmimi
bir dost idi. O hər hansı bir şəxslə ünsiyyətdə
olarkən onun qəlbini ələ alan,
yüksək səviyyədə dinləmək qabiliyyətinə
malik olduğunu göstərən, nəyi isə öyrənmək
istəyən, bildiklərini həmkarına və tələbələrinə
axıra qədər aydınlaşdırmağı bacaran,
kövrək qəlbli bir alim idi. Nəriman
müəllimin elmi-pedaqoji fəaliyyətindən, onun insani
keyfiyyətlərindən günlərlə danışmaq
olar. Onun haqqında pedaqoq, alim, ziyalı,
kamil şəxsiyyət kimi düşünəndə fəxr
edirsən ki, belə bir insanla birgə çalışmısan,
onunla oturub durmusan. Çünki cəmiyyətin tərəqqisinə,
onun təhsilinin inkişafına, gənc nəslin tərbiyəsinə
sərf edilmiş ömür şərəfli
ömürdür. Belə bir ömür
yaşamış Nəriman Orucəliyevi isə onu
tanıyanlar, tələbələri və dostları həmişə
böyük məhəbbətlə xatırlayırlar.
Məmməd
Rzayev,
Naxçıvan
Dövlət Universitetinin
tərbiyə
işləri üzrə prorektoru,
Əməkdar
müəllim
Palitra.- 2011.-
18 yanvar.- S. 11.