“Bu il “Kaspi” təqaüdçüsü, gələn il Prezident təqaüdçüsü”

 

Kaspi Təhsil Mərkəzi özəl təhsil qurumu olaraq Azərbaycanda müxtəlif istiqamətlər üzrə təhsil fəaliyyətində yeni texnologiyalar və innovasiyalar tətbiq etməkdədir. Təsadüfi deyil ki, mərkəz yarandığı vaxtdan az bir müddət keçməsinə baxmayaraq, cəmiyyətdə, təhsil ictimaiyyətində müsbət rezonans doğurub. Bu gün xarici dilə mükəmməl şəkildə yiyələnmək istəyən, universitetə qəbul olunmaqda, xaricdə təhsil almaqda uğur qazanmaq istəyən gənclər Kaspi Təhsil Mərkəzini seçirlər. Kaspi Təhsil Mərkəzinin direktoru Elnur Əliyev mərkəzin fəaliyyəti və təhsil məsələləri barədə bizə fikirlərini bildirdi: - Kaspi Təhsil Mərkəzi Kaspi Şirkətlər Qrupunun bir bölməsidir. Bu yaxınlarda artıq fəaliyyətimizin dörd ili tamam olacaq. Əvvəlcə biz çox kiçik bir məkandan fəaliyyətə başlamışıq. Üçotaqlı bir yerdə ingilis dili və kompyuter kurslarının tədrisinə başlamışıq. İndi artıq dörd şöbəmiz və dörd filialımız fəaliyyət göstərir. Dörd yaşımıza dörd şöbə və dörd filialla daxil oluruq. Bu dörd şöbəmizdən Kaspi poliqlot şöbəsi hazırda xarici dillərin tədrisi ilə bağlı fəaliyyət göstərir. Bunu qeyd etməliyəm ki, biz həqiqətən də Azərbaycanda xarici dilin tədrisi ilə məşğul olan ən iri mərkəzik. Bu mərkəzin ölkədə öz sahəsi üzrə ən böyük olmasının da əsas səbəbi kursa müraciət edən insanların məmnunluğudur. İl ərzində təxminən 3 minə yaxın adama ingilis dilini tədris edirik. Bu rəqəm Bakı üçün çox böyük bir göstəricidir. Növbəti şöbəmiz isə Abituriyent şöbəsidir. Bu şöbə Azərbaycanda həqiqətən də bu sahədə mövcud olan ehtiyacdan yaranıb. Azərbaycan bazarında abituriyent hazırlığı ilə bağlı indiyə qədər ən məşhur və tanınmış qurum “Araz” hazırlıq kursu idi. Bunun da kökü yerli şirkətə bağlı deyildi. Biz belə qərar verdik ki, yerli şirkət olaraq bu boşluğu yüksək səviyyədə dolduraq. Məqsəd qoyduq ki, bu sahədə rəqabətədavamlı və lider olmaqla sırf Azərbaycan şirkəti formalaşsın. Abituriyent şöbəsi bizdə iki ildir ki, fəaliyyət göstərir. Hər il təxminən 100 tələbəmiz imtahanlara girirlər. Özümüz hələki çox abituriyent kontingenti ilə məşğul olmağa diqqət ayırmırıq. Çünki çalışırıq ki, hazırda daha yaxşı nəticə əldə olunsun və bununla bağlı sistemimizi möhkəmləndirək. Yəqin ki, gələn ildən bu rəqəmi artıq 300-400-ə çatdırmaq olar. Son illər qəbul imtahanlarına göndərdiymiz tələbələrin ümumi qəbul nəticələri 80-90 faiz təşkil edir. Hər il abituriyentlərimizin əksəriyyəti universitetlərə qəbul olunur. “Kaspi”nin belə bir lozunqu var: “Bu il “Kaspi” təqaüdçüsü, gələn il Prezident təqaüdçüsü”. Bunun əsas kökü oradan qaynaqlanır ki, Kaspi Təhsil Mərkəzi Azərbaycanda yeni bir şirkətdir ki, tələbələrə təqaüd verir. Bizə qədər belə bir hal olmayıb. İmkanı olmayan, yaxud istedadlı abituriyentlər var ki, onların ailə vəziyyəti hazırlaşmağa imkan vermir. Bu cür abituriyentləri biz burada ödənişsiz hazırlaşdırırıq. Onların burada ali məktəbə ciddi hazırlaşması üçün biz motivasiya xarakterli xüsusi hədəflər qoyuruq ki, o hədəflərə çatmaq üçün çalışsınlar. Bu cür tələbələr, məsələn, aylıq təqaüdlər də alırlar. Bundan əlavə, cib xərcliyi də bizim tərəfimizdən ödənilir ki, onların yol və dəftər-kitab vəsaitlərinin alınması ehtiyacları da qarşılansın. İndiyə qədər bizdə - ölkədə bu sahədə belə bir hal yox idi. Yəni dövlətdən başqa, ilk dəfə özəl şirkətin abituriyenti öz hesabına oxutması təcrübəsi bizim tərəfimizdən tətbiq edilməkdədir. Biz müəyyən qrup abituriyentlərə cib xərcliyi də ödəyirik. Bizim həmin abituriyentlərə verdiyimiz təqaüd universitetdə tələbələrin aldığı təqaüdə bərabərdir. Burada əsas məqsəd təqaüdün məbləğini qeyd etmək yox, abituriyentlərin indidən tələbə həyatına öyrəşdirilməsidir. Bu abituriyentlər ciddi hiss edirlər ki, onların səylə oxumasına ciddi motivasiya, dəstək var. Bu, bizim universitetlərə tələbə hazırlığı ilə bağlı ilk ciddi layihəmiz sayılır. Abituriyent şöbəsində növbəti fərqli yanaşmamız universitetə hazırlıqda reytinq sisteminin düzəldilməsi oldu. Bununla biz tələbələrin reytinq cədvəlini tərtib etdik. Bu, bir formada Bolonya prosesində imtahanların kredit sisteminə bənzəyir. Biz tələbələri reytinqlərə ayırırıq və ilk onluğa, iyirmiliyə düşən tələbələr elan olunur. Bunun üçün müxtəlif kriteriyalar əsas götürülür. Məsələn, tələbələrin aylıq imtahanlarda yığdığı bal, tələbələrin gündəlik dərslərdə göstərdiyi nəticələr, aylıq davamiyyət və sair. Bu sistem bunlara əsasən əmsallaşdırılır, proqram halına gətirilir. Proses çox şəffaf şəkildə həyata keçirilir və tələbələr özləri də bunu görürlər. Onlar çalışırlar ki, adları ilk onluğa düşsün. Biz bu əmsal və kriteriyaları daim təkmilləşdiririk. Bizim daha bir layihəmiz yeni texnologiyaların tətbiqi ilə bağlıdır. Təhsildə üç vacib tərəf var - şagird-valideyn-müəllim. Bu tərəflər üçbucağı universitetə hazırlıqda özünü xüsusilə daha qabarıq göstərir. Uğurlu nəticə bu üçbucağın tərəflərinin bir-birilə lazımi səviyyədə əlaqələndirilməsindədir. Üç tərəfin koordinasiyası yaxşıdırsa, əlaqə pozulmursa, doğrudan da təhsildə uğurlu nəticəni əldə etmək mümkün olur. Yoxsa, məktəb valideyn və şagirdlə maraqlanmırsa, burada problem ola bilər. Yaxud valideyn maraqlanmır, qalan iki tərəf maraqlanır. Yaxud şagirddən başqa, qalan iki tərəf təhsildə maraqlı olur. Belə çatışmaz hallarda təhsildə uğur əldə edilməsi çətinləşir. Biz bu əlaqəni daha da sıxlaşdırmaq üçün on-line nəzarət sistemini işə salacağıq. Bu sistem bizə imkan verəcək ki, valideynlər öz övladlarının buradakı hazırlıqda göstərdikləri nəticələri, reytinq cədvəlimizə əsasən qeyd olunan nəticələri on-line vasitəsilə görsünlər. Bunun üçün valideynlər hər həftə övladlarının kodları vasitəsilə sistemə daxil olaraq nəticələri izləyə biləcəklər. Ola bilsin ki, növbəti gələcək planlarda bəzi dərsləri on-line formada qurmağı da həyata keçirək. Bunun mənfi və müsbət tərəfləri də var. Məncə, tələbələri tam nəzarətdə saxlamaq da hələlik bir qədər düz olmazdı. Amma gələcəkdə düşünürük ki, bəzən valideynlərə sınaq dərs kimi onların övladlarının dərsini göstərə bilərik. Bu, bizim məqsədlərimizdən biridir.

- Magistraturaya hazırlıqla bağlı sizin mərkəz hansı işlər görür?

- Abituriyent şöbəsinin bir fəaliyyət istiqaməti də magistratura hazırlığı ilə bağlıdır. Magistratura imtahanlarının birinci - test mərhələsinə hazırlıq aparırıq. Biz son iki ildə magistraturaya hazırlıqda 100 faizlik inanılmaz nəticə göstərmişik. Bu sahədə hər il təxminən 30-40 tələbə qəbul edirik. Qeyd etdiyim kimi, son iki ildə onların hamısı qəbul olunub. Çalışırıq ki, növbəti dəfə üçün magistratura imtahanlarına 100 nəfər hazırlayaq.

- Kaspi Təhsil Mərkəzinin xaricdə təhsil sahəsində nailiyyətləri barədə nələri demək olar?

- Bizim bu sahə ilə bağlı cəmiyyətdə çox səs salmış Xaricdə təhsil şöbəsi fəaliyyət göstərir. Deyərdim ki, mərkəzimiz qısa müddət ərzində xaricdə təhsil sahəsində həqiqətən də inanılmaz işləri yerinə yetirməyə müyəssər olub. Enerjimizin böyük hissəsini buna sərf etmişik. Təsəvvür edin ki, 2008-ci ilin sentyabrından bu sahədə işə başlamışıq. Artıq 2009-cu ildə “Kaspi” 15 xarici universitetlə əlaqə yaratmışdı. Hazırda isə 60 universitet, kollec və məktəblə bizim partnyorluq əlaqəmiz var. Bu əməkdaşlığı qurmaq isə kifayət qədər əziyyət və zəhmət tələb edir. Partnyorluq əlaqələrini qurmaq üçün bizim əməkdaşlarımız həmin universitetlərə gedib görüşlər keçirir. Yaxud həmin universitetləri Bakıya dəvət edirik, onların nümayəndələri bizə gəlib görüşlər keçirir. Bu partnyorluq əlaqələrində məqsədimiz daim Azərbaycanı təmsil etməkdir. İstəyirik ki, bacarıqlı vətəndaşlarımız bu universitetlərdə öz təhsillərini davam etdirə bilsinlər. Bu baxımdan 60 universitetlə əlaqə qurmaq çox əziyyət tələb edir.

- Bu universitetlər hansı ölkələrə aiddir?

- Avropa, ABŞ, Kanada, İspaniya kimi Qərb ölkələrinin universitetlərini bunlara misal çəkmək olar. Bundan başqa Malayziya, Çin və digər Asiya ölkələrinin universitetlərini qeyd etmək olar. Böyük Britaniyanın ən yaxşı 20 universitetindən 8-i bizim partnyorumuzdur. ABŞ-da ilk 100-lüyə daxil olmuş 3 partnyorumuz var. Kanadada da ilk 100-lüyə daxil olan 2-3 partnyorumuz var. Turizm sahəsində dünyanın ən yaxşı 5 universiteti ilə partnyoruq. Bunların hamısının əldə olunmasında Xarici təhsil şöbəsinin ciddi əməyi olub. Bundan başqa biz Azərbaycanda birinci özəl mərkəzik ki, öz daxili vəsaitlərimiz hesabına üç təhsil sərgisi keçirmişik. Hər sərgiyə təxminən 1000-1500 qonaq qatılıb. Burada həm dövlət rəsmiləri, həm də digər qurumların, xarici təşkilatların və universitetlərin nümayəndələri iştirak ediblər. Bu tədbirlərə dövlət qurumları da böyük dəstək göstəriblər. Amma deyim ki, tədbirlərin təşkilində kənardan heç bir dəstək olmayıb. Bütün təşkilati məsələləri Kaspi Təhsil Mərkəzi yalnız öz gücü hesabına uğurla reallaşdıra bilib. 

 

 

İlkin Ağayev

 

Palitra.- 2011.- 25 yanvar.- S. 6.