Diana Cəfərova:
“Dövlət İqtisad Universitetində tədris prosesi tamamilə
interaktivdir”
Layihə çərçivəsində
növbəti müsahibimiz Dövlət İqtisad
Universitetinin (DİU) Beynəlxalq münasibətlər
kafedrasının dosenti Diana Cəfərovadır:
- Son illər ölkədə təhsilin
inkişafı istiqamətində mühüm addımlar
atılır. Şagirdlərin, tələbələrin daha
yaxşı təhsil alması üçün hər bir
şərait yaradılır. Belə ki, yeni-yeni orta məktəb
binaları tikilib istifadəyə verilir, ali təhsil müəssisələri
yenidən təmir olunur. Eyni zamanda təhsil prosesində
yeniliklər, Bolonya sisteminə keçid də təhsilin
inkişafı istiqamətində həyata keçirilən
mühüm tədbirlərdəndir. Azərbaycan təhsil
sistemi bu gün demək olar ki, Bolonya sisteminə daxil olub. DİU-da
I və II kurslarda indi imtahan sessiyası gedir və tələbələr
kompyuter vasitəsilə imtahan verirlər. Müəllimin
heç bir müdaxiləsi olmadan onlar imtahan verir və həmin
anda da nəticə olaraq neçə bal
topladıqlarını bilirlər. Onlar semestr ərzində
bal toplayırlar və burada ən yuxarı bal 50 ola bilər. Buraya
dərsə davamiyyət, sərbəst işlər və
kollokviumda yığdığı ballar da daxildir. Bizdə I
və II kurslarda kollokviumlar keçilir və hətta bu
kollokvium da test üsulu ilə aparılır. Beləliklə,
bu balları topladıqdan sonra tələbə tez bir zamanda
ümumi nəticəni və qiyməti ilə yanaşı
hansı nöqsanları olduğunu da bilir. Bu, ilk dəfə
bizim universitetdə fəaliyyət göstərən
“Xüsusi istedadlar qrupu”nda tətbiq olunmuşdu, sonra da
bütün universitetə yayıldı. Mən tələbələrə
deyirəm ki, siz çox gözəl zamanda yaşayırsınız,
çünki sizin seçiminiz var. 1980-90-cı illərdə
belə bir seçim imkanı yox idi. İndi gənclər
xarici universitetlərin magistraturasına qəbul olunurlar və
bu üsulla imtahan verdikləri üçün onların
diplomları qəbul olunur.
- “Xüsusi istedadlar qrupu”nun fəaliyyət
istiqamətləri ilə bağlı nə deyərdiniz?
- DİU-nun Beynəlxalq iqtisadi münasibətlər
fakültəsinə həm Beynəlxalq münasibətlər
kafedrası aiddir, həm də burada “Xüsusi istedadlar qrupu”
var. Bu qruplarda tələbələri biz həm beynəlxalq
iqtisadi münasibətlər, həm də maliyyə
ixtisası üzrə hazırlaşdırırıq. Burada tədris
prosesi Harvard sistemi ilə, ingilis dilində və xaricdən dəvət
olunan müəllimlərin iştirakı ilə
aparılır. Həmçinin ingilis dilində və tədris
səviyyəsi yüksək olan yerli müəllimlər də
burada dərs deyə bilərlər. Burada həm bakalavriat, həm
də magistratura səviyyəsində tədris
aparılır. Həmin qrupda təhsil alan gənclər
öz qiymətlərini göndərərək müxtəlif
xarici ölkələrin Oksford, Harvard kimi universitetlərinə
qəbul olunurlar. Yəni bizim gənclər ən yüksək
onluğa daxil olan ali təhsil ocaqlarında təhsil
alırlar, orada müdafiə edirlər, sonra yenidən ölkəmizə
qayıdırlar. Hətta bu gün bizdə keçmiş məzunlarımız
gəlib tədrislə məşğul olurlar. Beləliklə,
gənclərimizin xaricə gedib sonra yenə də ölkəmizə
qayıtması nəticəsində onlar Avropa, Amerikada qəbul
olunmuş tədris üsullarını burada tətbiq edirlər.
Digər tələbələr də onlardan öyrənir və
beləliklə, həmin üsul dövr edir və bu çox
gözəldir, proqres deməkdir.
Bizim tələbələrlə bir neçə mərhələdən
ibarət seçim aparılır. İngilis dili, daxil
olduqları keçid balı, sessiya ərzində qiymətləri
yüksək olmalıdır və bundan sonra onlar bir neçə
fəndən həm Maliyyə, həm də Beynəlxalq
iqtisadi münasibətlər fakültəsinə imtahan verirlər,
sonra isə o ballar əsasında həmin qruplara qəbul
olunurlar. İmtiyazlara gələndə xaricdən gələn
müəllimlər dərs keçir, təqaüdlər
alırlar, şirkətlərə işə dəvət
olunurlar. Bizim bir neçə xarici universitetlə müqaviləmiz
var. Bu müqavilə əsasında xaricdə təhsil
alır, kurslar, treninqlər keçir, sertifikatlar alırlar. Biz
yaxşı ixtisaslı kadrlar yetişdiririk.
- DİU-nun tədris prosesində tətbiq
olunan yeniliklər tələbələrə hansı imkanlar
açır?
- DİU-nun rektoru, MM-in Təhsil Komitəsinin
sədri Ş.Hacıyev çox böyük işlər
aparır. Eləcə də universitetimizdə islahatlar
özünü göstərir. Bizim universitetdə tədris
prosesi tamamilə interaktivdir. Hər bir müəllimin dərsində
slayd-şou olmalıdır və bütün müəllimlər
onun vasitəsilə dərs keçməlidirlər. Hər
bir müəllimin kompyuteri, hər kafedranın proyektoru var.
Ümumiyyətlə, dərslərin bu cür
aparılmasının tələbələrə nə verməsinə
gəldikdə isə əgər müəllim bir vərəqdən
nəyisə tələbələrə oxuyursa, bu zaman
onların diqqəti başqa yerdə ola bilər. Amma nümunə
kimi slaydda göstəriləndə
bu, artıq onların diqqətini cəlb edir. Məsələn,
tələbələr özləri seminarlarda təqdimatlar
hazırlayıb nümayiş etdirirlər və ona görə
də qiymət artır. Ümumiyyətlə, elmin öyrənilməsinə
həvəs olmalıdır. Nəinki tələbələri,
müəllimləri də həvəsləndirmək
lazımdır. Məsələn, İsraildə müəllim
hansısa bir rəqs və yaxud hansısa bir kursa gedib
arayış gətirirsə, onun əməkhaqqını
artırırlar. Yəni sonradan bunun tədris prosesində
müəllimə lazım olacağı, yaxud hansısa
istiqamətdə savadının atması məqsədilə
həyata keçirilir. Nəticədə müəllimi yeni
hansısa işlər üzərində işləmək
üçün həvəsləndirirlər və bu,
çox gözəldir. Bizdə hələki ümumi qaydada,
dərəcədən asılı olaraq əməkhaqqı
alırıq. Amma tədris məsələsində fərqlər
var. Belə ki, tələbələr fənləri, müəllimləri
seçirlər. Hansı müəllim yaxşı dərs deyir,
onun dərsinə gələcəklər, hansı fənn
maraqlıdırsa, ona yazılacaqlar. Bir müəllimin dərsinə
nə qədər çox tələbə yazılırsa o,
bir o qədər çox maaş alır. Bu, çox gözəl
bir yanaşmadır. Yəni nə qədər yaxşı dərs
desən, tələbələrin onu qavrayıb imtahanda yüksək
ballar alması müəllimin əməkhaqqına öz təsirini
göstərir.
- Siz eyni zamanda gender problemləri fənnini
tədris edirsiniz. Bu gün tələbələr tərəfindən
bu mövzu necə qarşılanır?
- Mənim tədris etdiyim gender problemləri
mövzusu hazırda cəmiyyətdə çox aktualdır. Mən 2004-cü ildən tədqiqatçı
kimi gender problemləri ilə məşğulam və
hazırda Gender Araşdırmaları Mərkəzinin rəhbəriyəm.
Bizim universitetdə bu fənn tədris olunur. Gender
demokratiyanın indiqatoru deməkdir. Bütün ali təhsil
ocaqlarında gender problemləri tədris olunmur və dövlət
ali təhsil müəssisələrindən yalnız BDU və
DİU-da bu fənn tədris olunur. Mən
sadaladığım məqamlar da göstərir ki, DİU ən
qabaqcıl ali təhsil müəssisələrindən
biridir. Bu universitetdə tətbiq olunan tədris
üsulları demək olar ki, heç bir ali təhsil
ocağında yoxdur. Hazırda Gender Araşdırmaları Mərkəzi
Qərb Universitetinin nəzdindədir. 2000-ci ildə
yarandığında belə bir məqsəd vardı ki, bu mərkəz
hər bir universitetin nəzdində olmalıdır. Mən istərdim ki, məhz
DİU-da da belə bir mərkəz olsun. Ümumiyyətlə,
tələbələr bu problemə böyük maraq göstərirlər,
ciddi, həssas yanaşırlar. İndi bizdə magistrantlar
gender problemləri üzrə mövzu götürüb
müdafiə də edə bilərlər. Azərbaycanda gender
haqqında qanun qəbul olunub və ölkəmiz Şərqdə
bu qanunun qəbul olunduğu ilk ölkədir. AQUPDK tərəfindən
böyük işlər aparılır. Bizim mərkəz
yaradılanda gender anlayışı da yox idi. Gender - sosial
cins deməkdir. Bizim mərkəzdə gender aspektləri ilə
bağlı bütün fənlər üzrə proqramlar,
mühazirələr, metodik vəsaitlər çap olunub,
yay-qış məktəbləri keçilib. Burada məqsədimiz
ilk növbədə cəmiyyəti maarifləndirməkdir.
Ümumiyyətlə, hazırda bu istiqamətdə ölkədə
çox böyük işlər aparılır. Ötən
il zorakılıqla və onun mexanizmləri ilə
bağlı qanun qəbul olundu. İndi bizim məqsədimiz
odur ki, yenə də bütün təbəqələrdə
maarifləndirmə işini aparaq. Hazırda həmin mexanizmlər
üzərində işləyirik və
çalışırıq elə mexanizmlər tapaq ki, bu
qanunlar yerlərdə işləsin. Buraya erkən nikahlar,
qızların dərsə davamiyyəti, yerlərdə
qızların dərsdən yayınması, hansı regiondan
qızların ali məktəblərə daxil olmaması və
digər problemlər daxildir. Bu problemlər üzərində
işləyəcəyik və fəaliyyətimizi davam etdirəcəyik.
- Bir sıra ali təhsil ocaqlarında
mövcud problemlərdən biri dərs vəsaitləri ilə
bağlıdır. DİU-da
bu istiqamətdə hansı addımlar atılır?
- Bizim universitetdə dərs vəsaitləri
ilə bağlı problemlər demək olar ki, aradan
qaldırılır. Bu məqsədlə
universitetdə müəllimlər birillik iş planı
götürür və kimisi metodik, kimisi dərs vasaitləri
yazır, kimisi də tərcümə edir. Müəllimləri
bu prosesə cəlb etmək üçün maliyyə vəsaiti
ayrılıb. Məsələn, mən bir dərs vəsaiti
götürüb onu tərcümə edirəm və ona
görə də universitet mənə qonorar verir. Ya da mən
özüm həmin dərs vəsaitini yazıram və o,
bütün şuralardan keçib ekspertlərin rəyini
aldıqdan sonra dərs vəsaiti kimi qəbul olunur. Bir
neçə il öncə dərs vəsaitləri ilə
bağlı problem vardı və biz rus, ingilis dilində olan
kitablardan istifadə edirdik ki, bu da çətinliklər
yaradırdı. İndi biz onları tərcümə edirik,
özümüz yazırıq, demək olar ki, bu problemlər
aradan qaldırılır. Universitetin özünün çox
yaxşı poliqrafiyası var, burada kitablar çap olunur. Bizim
təhsil ocağı iqtisadiyyatla
bağlı olduğu üçün sovet
dövrünün kitablarından istifadə edə bilmərik.
Artıq bazar iqtisadiyyatıdır, ona görə də həmin
dövrün kitablarından istifadə mümkün deyil. Universitetin
yaxşı kitabxanası var və tələbələr
internetlə təmin olunur. Yəni tədrislə bağlı
həm müəllimlər, həm tələbələr
üçün hər bir şərait yaradılıb. Beləliklə,
həm dərs vəsaitləri, həm elektron formada təchizat
var və tələbələr nə zaman istəsə, gəlib
istifadə edə bilərlər. Hər bir şərait
yaradılıb, sadəcə oxumaq lazımdır.
- Abituriyentlərin daha çox seçdikləri
ali təhsil ocaqlarından biri DİU-dur. Sizcə, bu nə ilə
bağlıdır?
- Bu, əsasən dövrlə
bağlıdır və yəqin ki, onlar da iqtisadi biliklərin
bu gün önəmli olduğunu anlayırlar. Bizim universitetdə
ixtisaslaşma çox genişdir və hər bir sahəni əhatə
edir. DİU-nu bitirən bütün tələbələr
XİN-dən başlayaraq özəl firmalara qədər hər
bir sahədə çalışa bilərlər. Hər il
bizdə iş yarmarkası keçirilir və burada yüzlərlə
tələbə iş əldə edir. Bu baxımdan DİU-da
imkanlar daha genişdir. Ona görə də gənclər daha
çox bizim ali təhsil ocağını seçirlər. Təhsillə
bağlı istərdim ki, tədrisə, elmə yanaşma
daha yüksək olsun. Bizim ali təhsil ocaqları Qərbin
universitetləri səviyyəsinə çatsın.
Nigar
Palitra.- 2011.-
25 yanvar.- S. 7.