Nailə Rəsulova:
“Bağçamız yeni pedaqoji texnologiya olan
“addım-addım” texnologiyası ilə işləyir”
Təhsildə baş verən proseslər
və aparılan islahatlarla bağlı növbəti
yazımız məktəbəqədər təhsilin problemləri
və bu sahədə aparılan islahatlarla əlaqədardır.
Bununla bağlı müsahibimiz Xətai rayonu, 257 saylı
“Körpələr evi” uşaq bağçasının
direktoru, qabaqcıl təhsil işçisi Nailə Rəsulovadır.
- Məktəbəqədər təhsil
sahəsində aparılan islahatlar və mövcud vəziyyət
barəsində ne deyə bilərsiniz?
- Təhsilin hər bir sahəsində
olduğu kimi, məktəbəqədər təhsildə də
son illər çox böyük islahatlar aparılır. Bir
çox dövlət proqramları qəbul olunub. Bunlardan ən
vacibi Prezident İlham Əliyev tərəfindən
imzalanmış 2007-2010-cu illərdə məktəbəqədər
təhsilin yeniləşdirilməsi proqramıdır. Burada da
bir neçə istiqamət nəzərdə tutulur. Həm
yeni bağçaların tikilməsi, həm əsaslı təmir,
həm özəlləşdirməyə açıq elan
olunan müəssisələr, bundan başqa müəllimlərin
təkmilləşdirilməsi sahəsində yeni metodik vəsaitlərin
hazırlanması, müasir texnologiyaların tətbiqi və
s. Bu istiqamətdə də bizim bağça 2007-ci ildə
özəlləşdirilməyə açıq elan olunub.
Lakin bu günə qədər bu proses baş tutmayıb.
Baxmayaraq ki, bizim bağça özəlləşdirməyə
açıq elan olunub, bağçada kontingent çox
yuxarıdır və buna görə də bu il dekabr
ayında iki əlavə qrup açılıb. Uşaq
kontingenti 210 uşaq təşkil edir. Bağçamız
1998-ci ildən yeni pedaqoji texnologiya olan “addım-addım”
texnologiyası ilə işləyir. 2005-ci ildən də
inklüziv təhsil tətbiq olunur. Bu da xüsusi qayğıya
ehtiyacı olanlar üçün proqramın tətbiqi deməkdir.
Bundan başqa 130 addan yuxarı metodik vəsait
hazırlanıb və uşaq bağçalarına
paylanılıb. Bunlar tərbiyəçilərə kömək
üçün xüsusi vəsaitlər, uşaqların
istifadə etməsi üçün işçi dəftərlər,
uşaqların müşahidəsi üçün
müşahidə gündəlikləri və s.-dir.
Bütün bu yeniliklər uşaq bağçasında tətbiq
olunur və digər tədbirlər də başqa
bağçalarda olduğu kimi, bizdə də tətbiq olunur.
- İndi uşaq bağçalarına
olan münasibət necədir? Əvvəlki dövrlərə
nisbətən dəyişibmi?
- Bu gün bu istiqamətdə çox
böyük müsbət fərq var. Əgər son 15 ildə
bir dənə də olsun bağça tikilməmişdisə,
ötən illərdə onlarla bağça tikilib. Bakı
şəhərinin hər bir rayonunda bir yeni bağça
tikilib. Hər rayonda təxminən 20-dən çox
bağça əsaslı təmir olunub və müasir
avadanlıqlarla təchiz olunub. Düzdür, özəlləşdirilməyə
açıq elan olunan bağça kimi bizdə bu
avadanlıqlar yoxdur, çətinliklərimiz çoxdur və
bu gün də bizim problemimiz ondan ibarətdir ki, özəlləşdirilməyə
açıq elan olunmuş bağçalar özünü
doğrultmur. Bu artıq görünür. Yüzdən
artıq bağça Bakı şəhəri üzrə
özəlləşdirilməyə açıq elan olunub və
bunların da 40-a yaxını özəlləşdirilib.
Onlardan da ya ikisi, ya da üçü müasir avadanlıqlar
və uşaq mebelləri ilə təchiz olunub. Özəlləşdirmə
ona görə effekt vermir ki, o bağçalar ki bu prosesə
açıq elan olunurlar, onların təchizatı dayanır.
Özəlləşdirməyə də o bağçalar
açıq elan olunub ki, onların təmiri
qeyri-mümkündür. Bizdə o vaxt özəlləşdirməyə
açıq elan olunan zaman kanalizasiya sistemi, işıq sistemi
pis vəziyyətdə idi. Görünür, bu səbəbdən
də bağçamız özəlləşdirilməyə
açıq elan olunmuşdu. Amma indi vəziyyət fərqlidir.
Bir çox bağçalara yardımlar, vəsait
ayrılır. Məsələn, mən qeyd edim ki, bizim
bağçanın 1500 kv. metr tikinti sahəsi var. 1 hektar isə
ümumi sahəsi var. Bunu biz öz gücümüzlə
saxlaya bilmərik. İndiki zamanda bağçamızda istilik
sistemi yoxdur. Heç bir instansiya da bununla məşğul
olmur, çünki vəsait ayrılımır.
Görünür, hansısa imkanlı adamlar
bağçanı almalıdır və təmir etməlidir,
bağça kimi işlətməlidir. Bu cür insanlar da
yoxdur. Digər tərəfdən də bunu elə insanlar edir
ki, sonradan bağçadan bağça kimi istifadə edilmir.
Məsələn, bina tikilir, qadın gözəllik salonu
açılır, ya da qapılarına qıfıl vurularaq
gözləmə mövqeyində dayanılır. Bu gün
artıq qeyd etdiyim kimi, bizim bağçada 210 uşaq var. Bu
da az sayda uşaq deyil. Biz heç nəyə baxmayaraq öz fəaliyyətimizi
dayandırmırıq, uşaqlar üçün
bütün şəraitin təmin edilməsinə
çalışırıq. Tədbirlər, konfranslar
keçiririk, divar qəzeti nəşr edirik, müxtəlif tədbirlərlə
bağlı müsabiqələr həyata keçiririk. Son
illər bağçamızda uşağı
sıxlığı var. Biz hər il çoxlu sayda uşaq
geri qaytarırıq. Çünki bağçaya qəbul edən
zaman onları təmin etmək lazımdır.
- Ümumiyyətlə, Avropa və
ABŞ-da məktəbəqədər təhsil müəssisələri
təkcə dövlət deyil, həm də şirkətlərin,
korporasiyaların, qeyri-hökumət təşkilatlarının
diqqətindədir, onlara maliyyə yardımı
ayrılır və nəzarət olunur. Sizcə, ölkəmizdə
bunun tətbiqi necə olar?
- Bəli, bu doğrudan da belədir. Mən
ötən il Təhsil Nazirliyinin təqdimatı və ABŞ
səfirliyinin vasitəsilə üç digər
bağça müdiri ilə birgə ABŞ-da məktəbəqədər
təhsil mövzusunda 21 günlük ezamiyyətdə olduq.
Biz 6 ştatda, Nyu York, Vaşinqton, Solt Leyk Siti, Çikaqo kimi
şəhərlərdə, Luiziana ştatında olduq. Bizə
orada ABŞ-da məktəbəqədər təhsil sahəsini
ətraflı izah etdilər. Bu prosesdə dövlət
orqanlarından tutmuş valideyn köməkləri,
qeyri-hökumət təşkilatları, ailədə tətbiq
və s. bütün formaları bizə izah etdilər. Orada
özəl bağça açmağa sadəcə olaraq 3-4
saat vaxt lazımdır. Ştat, yəni federal hökumət hər
bir şeydə köməklik göstərir. Çünki
orada məqsəd birdir. Uşaqların gələcəyini təmin
etmək, onları tələblərə uyğun məktəbə
hazırlamaq. Odur ki, əgər sən orada özəl
bağça açmaq istəyirsənsə, federal hökumət
sənə şərait yaradır, sənə yer də verir
və hesab da açır. Federal hökumət öz büdcəsindən
də müəyyən vəsait ayırır və eyni
zamanda filantroplar, bildiyimiz kimi, imkanlı ailələr,
valideynlərin hesabına açılır. Proqram əlbəttə
ki, dövlət proqramıdır. Orada proqramlar da rəngarəngdir.
Orada bizə məktəbəqədər təhsil sahəsində
proqramların kataloqunu göstərdilər. O kataloqdan da
valideyn seçim edir. Biz oradan təqdimat da hazırladıq və
gətirdik. Burada da belə imkanlar var. İmkanlı valideynlər
çoxdur. Amma bizdə məhdudiyyətlər var. Bizə də
dövlət imkan versin və özü bu prosesə nəzarət
etsin, hesab açılsın, valideyn assosiasiyası
yaransın. Biz bağçada bir çox işləri
valideynlərin köməyilə edirik. Çox sağ olsunlar
ki, onlar da bizə köməklik göstərirlər.
- Bağçanızın bank hesabı
varmı?
- Xeyr, bank hesabımız yoxdur. Belə
bir şey olsa, artıq qeyd etdiyim valideyn assosiasiyası yaransa,
yaxşı olar. Bağçada 11 qrupumuz var. Hər qrupda
valideyn komitəsinin sədri o valideyn assosiasiyasının
üzvü olar. Bank hesabı açılar. Bu gün mənim
valideynlərim gəlir və bildirir ki, gəlin biz pul
yığaq və bağçaya istilik sistemi çəkdirək.
Onlar bildirirlər ki, burada təhsil üçün
bütün şərait var və gəlin istilik sistemini
çəkdirək. Məsələn, onu deyim ki, valideynlər
özləri araşdırdılar və məlum oldu ki, bir
istilik sisteminin çəkilməsi üçün 30-40 min
manata yaxın vəsait lazımdır.
- “Addım-addım” texnologiyasında
hansı standartlar tətbiq olunur?
- Bizdə məktəbəqədər
təhsilin standartları qəbul olunub. Məktəbə
hazırlıq qrupları açılıb. Bizim
bağçada bu il 4 belə qrup açılıb. Bizim rayon
- Xətai rayonu pilot rayon kimi seçilib. Burada səkkiz
uşaq bağçasında gəzən qruplar
açılıb. Son zamanlar bizdə metodik cəhətdən
çox böyük işlər görülüb. Bizim
metodistlərimiz seminarlarda olurlar. İşi yüngülləşdirmək
üçün sxematik nəzarət formaları keçilir.
Qeyd edim ki, burada bal sistemi keçilir ki, burada da əsas məsələlər
uşaqların biliklərinin bal sistemi ilə necə qiymətləndirilməsi,
necə müşahidə olunması, hansı yazıların
verilməsidir. Bu sahədə indi keçmişə baxanda
çox işlər görülüb. Təhsil Nazirliyi tərəfindən
bütün materiallar çap olunub. Bizim
bağçamızda hər həftənin birinci günü
yaradıcı gün keçirilir. Həmin gün tərbiyəçilərin
təqdimatları olur. Bir həftə ərzində
gördükləri iş müzakirə olunur. Artıq qeyd
etdiyim kimi, biz “addım addım” texnologiyası ilə işləyirik.
Burada da standartlar var. Burada vacib olaraq bir neçə məsələ
əsas götürülür. Uşaqların fərdi keyfiyyətləri,
ailə mədəniyyəti, xarakteri, intellekt səviyyəsi.
İkinci olaraq mühitin yaradılması
bu istiqamətdə inkişafetdirici mühit əsas
götürülür. Mühit deyən zaman da hər bir
mühiti mühit saymaq olmaz. Biz bütün qruplarda səkkizə
yaxın mərkəz yaratmışıq. Burada savad təlimi
mərkəzi, riyazi anlayışlar mərkəzi, tikinti,
evdarlıq, səhnələşdirilmiş oyunlar mərkəzi,
elm mərkəzi kimi mərkəzlər var və biz
inkişafetdirici mühit yaratmışıq.
Üçüncüsü, valideynlərin proqrama cəlbidir.
Çünki uşağın tərbiyəsi ilk olaraq
valideyndən, ailədən gəlir. Odur ki, biz
bağça-ailə münasibətlərini bir-biri ilə
sıx əlaqələndirmək üçün valideynlərdən
hər istiqamətdə daha geniş istifadə edirik.
Bayramlarda, məşğələlərdə, ekskursiyalarda,
bütün işlərdə valideynlər bizin ən
yaxın köməkçilərimizdir.
Dördüncüsü, işin
planlaşdırılmasıdır. Biz də yazılardan
uzaqlaşıb bütün tapşırıqların
hamısını qrafik şəkildə
planlaşdırırıq ki, həftəlik olaraq mövzular
hansılardır, nədən ibarətdir və necədir. Burada qısamüddətli
müşahidələr və uzunmüddətli
planlaşdırma, tərbiyəçinin
yaradıcılığı, təkmilləşdirilməsi və
özünüqiymətləndirməsi məsələləri
var. Bu cür standartlar əsasında da biz öz işmizi
qururuq. Bizdə hər bir müəllimənin portfoliosu var.
Eyni zamanda hər bir uşağın da portfoliosu var. Orada da
uşağın bütün fəaliyyəti,
yaradıcılığı olur. Bildiyimiz kimi, bu həm
özünüqiymətləndirmədir, həm təkmilləşmədir,
həm də bir mühitdir.
- Uşaqların intellektual
inkişafında da yəqin ki, bağçada əvvəlkinə
nisbətən ciddi dəyişikliklər olub.
- Mən qeyd etmək istəyirəm ki,
haqqında danışdığımız proqramlar və
texnologiyaların çox böyük köməyi var.
Müxtəlif təqdimatlar var ki, burada da uşağın
hansı sahədə inkişafının getdiyi onun
portfoliosunda qeyd olunur. Bunu valideyn də izləyir, tərbiyəçi
də. Bundan başqa ingilis dilinin öyrədilməsi də
var. Bu hələki ictimai əsaslarla həyata keçirilir.
Müəllimə ingilis dilini bilir və bu dili də
keçir. Yəni bu, könüllü istiqamətdədir.
Biz hər fəsildə müsabiqələr keçiririk.
Bizim uşaqlar da bu müsabiqələrdə xüsusi fəallıq
göstərirlər.
Əlimərdan
Sultanov
Palitra.- 2011.-
25 yanvar.- S. 12.